26 May 2026

Çərşənbə axşamı, 03:08

GÜMÜŞ DUBL

13 final: Azərbaycan yığmasının nailiyyətləri

Müəllif:

15.04.2026

Aprelin 8-12-də Portuqaliyanın Portimao şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı keçirilib. Azərbaycan mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyasında ümumilikdə 23 gimnastla təmsil olunub.

 

Uğur qazananlar sırasında

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, Hüseyn Abbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramda yarımfinal və final mərhələlərinə yüksəliblər.

Komanda yarışlarında gənclər arasında Fərhad Mustafayev, Ömər Qasımlı, Muhamməd Həsənli və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev və Mehdi Əliyev uğurlu çıxışları ilə finala vəsiqə qazanıb. Final çıxışından sonra böyüklərdən ibarət komanda 4-cü pillədə qərarlaşıb.

Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıb. Bu çempionat Azərbaycan gimnastikası tarixində ilklə yadda qalıb: gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyi bacarıb.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov komanda hesabında finala vəsiqə qazanıblar. Mixail Malkin və Tofiq Əliyev fərdi proqramda da final mərhələsində yer alıb. Final çıxışında isə komanda gümüş medal qazanaraq Azərbaycan bayrağını zirvəyə bir addım daha yaxınlaşdırıb.

 

Gimnastikanın yeni səhifələri

Təsnifat mərhələlərindən uğurla keçən gimnastlar bir sıra kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı pillədə tamamlayıb.

Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət Azərbaycan təmsilçilər final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətə imza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraq yüksək nəticə göstərib. İkili-mini batut üzrə gənclərdən ibarət komanda ilk dəfə finala yüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eyni zamanda Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizə aparıb.

Tamblinq üzrə fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medal olub.

 

Rəqabət güclü olanda

Şübhəsiz ki, tamblinq komandasından Avropa çempionatında daha yüksək nəticə gözlənilirdi. Xüsusi ilə millinin lideri Mixail Malkinin azı ilk üçlükdə qərarlaşacağı proqnozlaşdırılırdı. Dünya və Avropa çempionu olan gimnast medal qazana bilməməsini belə əsaslandırıb: “Qitə çempionatına çox yaxşı hazırlaşmışdıq. Amma Avropa çempionatında hər şey istədiyim kimi alınmayıb. Finalda gümüş medal qazanmaq şanslarım var idi. Məşqçim Adil Hüseynzadə ilə birlikdə risk etmək və qızıl medal qazanmaq üçün daha mürəkkəb element yerinə yetirmək qərarına gəldik. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda çıxış edib mənə lazım olan nəticəyə nail olmağa çalışacağam”.

Qitə birinciliyinin gümüş mükafatçısı, tamblinqçi Tofiq Əliyev nəticədən razı qaldığını söyləyib. Ardıcıl iki il Avropa çempionatında ikinci yeri tutan idmançı üzərində daha çox işləməyi lazım bilir: “Yarışlar çox yüksək səviyyədə keçib. Mən yalnız final mərhələsinin sonuncu - səkkizinci iştirakçısı çıxışını bitirdikdən sonra ən yaxşı dördlüyə düşəcəyimə inandım. Final dördlüyündə hər şey yaxşı alınsa da, düşündüklərimi tam edə bilmədim. Bu, mənim Avropa çempionatlarında ardıcıl ikinci gümüş medalımdır (Tofiq 2024-cü ildə də ikinci yeri tutub – R+.). Ona görə də nəticədən razıyam”.

“2024-cü ildə hakimlər çıxışımı 25,500 xalla qiymətləndirmişdi. Bu dəfə 29,300 xalla ikinci oldum. Rəqəmlər Avropa çempionatında rəqabətin gərgin olduğunu göstərir. Daha çox işləməliyəm ki, nəticəni daha da artırım. Eyni zamanda Portuqaliyada tamblinq cığırının fərqli olduğunu demək istərdim. Bakıda məşq etdiyimiz cığır başqa şirkətin istehsalıdır. Adətən dünyanın əksər ölkələri məhz ondan istifadə edir. Portuqaliyadakı cığırın həm uzunluq, həm də yumşaqlıq cəhətdən fərqli olması çıxışımıza təsirsiz ötüşməyıb”, - T.Əliyev vurğulayıb.  

Qeyd edək ki, batut gimnastikasına kişi və qadınlar tərəfindən icra olunan batut üzərində fərdi və sinxron çıxışlar, ikili mini-batut və akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir. Bunlardan yalnız batut üzərində fərdi çıxışlar Olimpiya Oyunlarının proqramına daxildir.

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisi noyabrda Çində keçiriləcək dünya çempionatında iştirak edəcək.



MƏSLƏHƏT GÖR:

48