12 İyun 2026

Cümə, 14:23

FANTASTİK NƏTİCƏ

Azərbaycan liderliyini qoruyub saxlayır, amma həyəcan siqnalı var

Müəllif:

01.05.2026

Albaniyanın paytaxtı Tiranadakı güləş üzrə Avropa çempionatı Azərbaycan komandasının möhtəşəm nəticəsi ilə yadda qaldı. 20-26 aprel tarixlərində baş tutan qitə çempionatında həm yunan-Roma, həm də sərbəst güləşçilərdən ibarət komandalar zirvəyə yüksəldi.

 

Yunan-Roma güləşçilərinin uğuru

Çempionat yunan-Roma güləşi ilə başladı. Azərbaycan komandası ardıcıl ikinci dəfə komanda hesabında Avropa çempionu oldu. 2 qızıl və 3 bürünc medal qazanan güləşçilər 133 xalla Türkiyə və Gürcüstanı arxada qoydu. Azərbaycan komandasında Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala layiq görüldülər.

Həsrət Cəfərovun çempionluğu xüsusilə qeyd olunmalıdır. Karyerasında 4-cü dəfə qitə çempionu olan 23 yaşlı pəhləvan bu qələbələri ardıcıl qazanmaqla yeni rekord müəyyənləşdirdi. Ötən il qitə çempionu olan Qurban Qurbanovun bu il də eyni nəticəni təkrarlaması məşqçiləri sevindirməyə bilməz. Qeyd edək ki, zədə səbəbindən ikiqat dünya çempionu Ülvi Qənizadə və dördqat dünya çempionu Eldəniz Əzizli heyətdə yer almadı.

Gənc idmançılar layiqli çıxış edərək qitə çempionatında titullu güləşçilərin yoxluğunu hiss etdirmədi. Bürünc medalçılar Nihat Məmmədli və Rəşad Məmmədovun mükafatları təsəlli xarakteri daşımalıdır. Hər iki güləşçi səviyyəsindən aşağı çıxış etdiyinə görə daha yüksək əyarlı medalı qazana bilmədi. Gənclər arasında son dünya çempionu Ziya Babaşov, Avropa çempionu Sənan Süleymanov və dünya çempionatının bürünc medalçısı Murad Əhmədiyev ümidləri doğrultmadı.

 

Altıncı dəfə lider

Sərbəst güləş komandası da nüfuzlu titulunu uğurla müdafiə etdi. Komandada üç güləşçi İslam Bazarqanov (57 kq), Əli Çokayev (92 kq) və Georgi Meşvildişvili (125 kq) çempionluq sevinci yaşadılar. Turan Bayramovla (74 kq) Arseniy Djioev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal əldə etdi. Yekunda 152 xal toplayan milli komanda hesabında altıncı dəfə birinci yeri tutdu.

İslam Bazarqanov və Əli Çokayev karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalını qazandı. 22 yaşlı Çokayevin çempionluğu yaxşı mənada sürpriz oldu. Gənclər komandasından əsas milliyə dəvət olunan idmançı böyüklər arasında ilk yarışında çempion olmaqla ilkə imza atdı. 34 yaşlı Georgi Meşvildişvilinin çempionluğu onun növbəti olimpiadaya getmək şanslarının yüksək olduğunu göstərdi.

Gənclər arasında dünya və Avropa çempionu Turan Bayramov növbəti dəfə qızıl medalın bir addımlığında dayandı. 25 yaşlı idmançıya çempionluq yolunda yenə də Taymuraz Salkazanov mane oldu. Slovakiya təmsilçisi son illər həlledici görüşlərdə bir qayda olaraq Bayramova qalib gələrək həmyerlimizə qızıl medal qazanmağa imkan vermir.

Təəssüflə qeyd edək ki, sərbəst güləş komandasında yüksək əyarlı mükafatları daha çox milliləşdirilən güləşçilər qazanıb. Yerli idmançılar Albaniyada zəif təsir bağışladı. İllər öncə perspektivli güləşçi hesab olunan Nurəddin Novruzov, Kənan Heybətov və Rəşid Babazadə mükafatçılar sırasında yer almadılar.

 

Qadın yığmasının problemləri

Qadın güləşçilərə gəlincə, səfərə 5 idmançı ilə yollanan baş məşqçi Toğrul Əsgərovun yetirmələri vətənə 2 bürünc medalla qayıdıb. Tiranada bürünc medalı Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) qazanıb. Onlardan yalnız biri olimpiya çəkisinə aiddir - Jalə Əliyeva. Qeyri-olimpiya çəkisində təmsil olunan Günay Qurbanovanın yaxın vaxtlarda 62 kq-a keçidi ehtimal edilir. Bu çəkidə isə Ruzanna Məmmədova ilə ciddi rəqabət yarana bilər. Qeyd edək ki, böyük gələcək vəd edən Ruzanna Məmmədovanın qitə çempionatında zəif çıxışı böyük təəssüf doğurur. Eyni zamanda Jalə Əliyeva və Birgül Soltanovanın da Avropa çempionatında medal qazana bilmədiyini qeyd etməliyik. Ümumilikdə qadın güləşi hazırkı vəziyyətdə dünya çempionatında və olimpiadada böyük nəticələr uğrunda yarışacaq gücdə deyil.

Qadın güləşi üzrə millinin baş məşqçisi Toğrul Əsgərov komandanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını deyib: “Avropa çempionatında çıxış edən beş güləşçidən üçü hələ də gənclər kateqoriyasında çıxış edir. Bununla belə, Tiranada dörd güləşçi medallar uğrunda mübarizə apardı. Elnurə Məmmədova dizindən zədə alaraq yarışdan kənarda qaldı, digər idmançılar isə sona qədər mübarizə apararaq maksimum güc sərf ediblər. Biz 57 kq və 59 kq çəki dərəcələrində qızıl medallar qazana bilərdik. Sadə bir uğursuzluq bir anda bizi bundan uzaqlaşdırdı. İki bürünc medal iki qızıl ola bilərdi. Səhvlər üzərində daha çox işləməyə çalışacağıq, komandamız gəncdir, qarşıda uzun yol var”.

 

Xetaq Qazyumov: “Qızıl medal sayımızı artırdıq”

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov isə qazanılan nəticəni gərgin əməyin bəhrəsi adlandırıb: “Avropa çempionatında komanda hesabında qazandığımız qələbə həm ölkə, həm də idmançıların özləri üçün böyük əhəmiyyət kəsb edir. Üç qızıl medal komandanın və federasiyanın stabil işinin göstəricisidir. Burada yeni və qeyri-adi heç nə yoxdur. Biz sadəcə qızıl medallar üzrə göstəricini yaxşılaşdırdıq və bu, bizim üçün çox vacibdir. Bu uşaqlardan nümunə götürürlər. İlk növbədə, biz olimpiya çəki dərəcələrinə üstünlük veririk. Ali Çokayevi olimpiya çəkisinə keçirəcəyik. Olimpiada ərəfəsində rəqabəti artırmağa çalışmalıyıq”.

Albaniyada keçirilən Avropa çempionatının nəticələri ümumilikdə qənaətbəxş hesab oluna bilər. Azərbaycan güləşçilərinin qazandığı 13 medalın 8-i olimpiya çəkilərinə, 5-i isə qeyri-olimpiya çəkilərinə təsadüf edib. Hər güləş növündə 6 olimpiya çəkisinin olduğunu nəzərə alaraq gələcəyə nikbin baxmaq imkanı var.

Xatırladaq ki, yarışda ən çox mükafatı Rusiya güləşçiləri əldə edib. 5 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən rus pəhləvanlarının xalları komanda hesabında nəzərə alınmayıb. Onlar Dünya Güləş Birliyinin təmsilçisi kimi təqdim olunublar.



MƏSLƏHƏT GÖR:

48