“QIZIL”SIZ AVROPA
Ən yüksək əyar olmadan dörd medal
Müəllif: Sənan NADİROĞLU
Qitənin ən güclü cüdoçuları yeni Avropa çempionlarını müəyyənləşdirmək üçün Gürcüstana toplaşdılar. 16-19 aprel tarixlərində Tbilisi şəhərində cüdo üzrə qitə çempionatı baş tutdu. Qitə çempionatına 15 idmançı ilə yollanan Azərbaycan komandası Vətənə 4 medalla qayıtdı.
Ümid və məyusluqlar
Uğurlu nəticədən sonra Azərbaycan idmanında yeni tendensiyalar özünü göstərməkdə davam edir. Ənənəvi uğur qazandığımız idman növlərində nəticədən danışarkən, ilk növbədə, qızıl medal soruşulur. Təəssüflə qeyd edək ki, Azərbaycan cüdoçuları ardıcıl ikinci dəfə qitə çempionatında qızıl medalsız qaldılar. 2026-cı ildə “Böyük dəbilqə” və digər beynəlxalq turnirlərdə uğurlu çıxış edən Azərbaycan cüdoçuları qitə çempionatında da favoritlər sırasında idilər. Bu və digər səbəblərdən qızıl medal proqnozları doğrulmadı.
Azərbaycan millisinin heyətində ən böyük ümid olimpiya çempionları - Hidayət Heydərovla Zelim Kotsoyevə yönəlmişdi. 73 kq-da çıxış edən Hidayət Heydərov finalda uduzduğuna görə yarışı ikinci pillədə başa vurdu. 100 kq-da bütün titulları qazanan Zelim Kotsoyev isə əsas rəqiblərin erkən mərhələdə uduzmasından istifadə edə bilmədi. 27 yaşlı Kotsoyev yarımfinalda niderlandlı Simeon Katarinə uduzaraq finaldan kənarda qaldı. Bu görüşdə qadağan olunan fənd istifadə edən Zelim bürünc medal uğrunda görüşə də buraxılmadı.
Tbilisidə keçirilən Avropa çempionatı həlledici döyüşlərdə mübahisəli hakim qərarları ilə də yadda qalacaq. Məsələn, 60 kq-da çıxış edən Balabəy Ağayev yarımfinalda hakimin son saniyələrdə qəbul etdiyi mübahisəli qərara görə məğlub elan edildi. Hakimin qərarı Hidayət Heydərovun Gürcüstan cüdosunun əfsanəsi sayılan Laşa Şavdatuaşviliylə mübarizəsində də təsirsiz ötüşmədi. Son anda “şido” cərimə xalıyla cəzalandırılan Heydərov çempionluğun bir addımlığında dayandırıldı.
Gürcüstan yarışında məşqçi heyətini Turan Bayramovun əzmkarlığı və mübarizəsi sevindirdi. 66 kq-da Ruslan Paşayevin zədələnməsinə görə son anda heyətə cəlb edilən Turan Bayramov ümidləri doğrultdu. 24 yaşlı cüdoçu ilk dəfə Avropa çempionatında bürünc medala sahib çıxdı. Tbilisi yarışında digər medalları bürünc medal qazanan Əhməd Yusifovla Zelim Tçkayev qazandı. Hər iki cüdoçu ötənilki Avropa çempionatında əldə etdikləri nəticəni təkrarladı.
1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisinin nəticəsini qənaətbəxş hesab etmək olar. Bununla belə bəzi idmançıların zəif çıxışını qeyd etmək lazımdır. Olimpiya çempionu Zelim Kotsoyev eləcə də böyük gələcək vəd edən Ömər Rəcəbli və Murad Fətiyevin çempionatı medalsız başa vurması ciddi təhlil olunmalıdır.
Qadın cüdoçulardan ibarət komanda Avropa çempionatında sürpriz edə bilmədi. Fransız məşqçi Amina Abdelatifin rəhbərlik etdiyi komandada yalnız Şəfəq Həmidovanın yarımfinala vəsiqə qazanmasını qeyd etmək olar. Erkən mərhələdə kifayət qədər güclü rəqibləri məğlub edən Şəfəq Həmidova yarımfinalda məğlubiyyət acısı yaşadı.
Daha ciddi hazırlaşmaq lazımdır
Avropa çempionatının bürünc medalçısı Zelim Tçkayev növbəti yarışda qızıl medal qazanmaq istədiyini bildirib:“Etiraf edim ki, yarımfinal görüşümdə müəyyən qədər eniş var idi. Ümumilikdə öz çıxışımdan razıyam. Bürünc medalı pis nəticə hesab etmirəm. Qarşıdakı yarışlara daha ciddi hazırlaşacağıq. Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaq olacaq. Gürcüstanlı Tato Qriqalaşviliyə 6-cı dəfə məğlub olmağıma gəlincə məşqçimlə müzakirə edəcəyik. Görünür, bu dəfə də belə alındı. Səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq".
Üçüncü yeri tutan Turan Bayramov da hisslərini bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Medalı özüm üçün uğurlu nəticə hesab edirəm. Əslində, milliyə son anda dəvət aldım. Komanda yoldaşım Ruslan Paşayev zədələndiyi üçün heyətə dəvət aldım. Gürcüstan hər dəfə mənim üçün düşərli olur. Ötən dəfə burada "Böyük dəbilqə" turnirində bürünc medal qazanmışdım. Əslində, bu dəfə birinci yeri tuta bilərdim. Amma səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim".
Avropa çempionatında medalsız qalan olimpiya çempionu Zelim Kotsoyev Bakıdakı dünya çempionatına ciddi hazırlaşacağını söyləyib: “Tbilisidə turnirdən kənarlaşdırılmağım çox məyusedici oldu. Karyeramda ilk belə hal yaşadım. Fikrimcə, həmin görüşdə qadağan olunan fənd yox idi. İstənilən halda çıxışım təhlil olunacaq və sonra hazırlığa başlanılacaq. Məqsəd Bakıdakı dünya çempionatına 100% hazır olmaqdır”.
Bakıdakı çempionatı gözləyərkən
Gürcüstanda keçirilən Avropa çempionatının nəticələrini qiymətləndirərkən, bəzi cüdoçuların ən yaxşı formada olmadığını demək lazımdır. İl ərzində beynəlxalq turnirlərdə qazanılan nəticələr dünya və Avropa çempionatında təkrarlanmadığı halda əhəmiyyətini itirir.
Buna görə komandanın azarkeşləri sevindirmək üçün əla imkanı var. Oktyabrda Bakı cüdo aləminin nüfuzlu dünya çempionatına ev sahibliyi edəcək. Bu yarışda Yaponiya, Çin, Braziliya kimi cüdo ölkələri iştirak edəcək. Azərbaycan komandası dünya çempionatında azarkeşləri qızıl medalla sevindirməlidir. Əks halda istənilən yekun nəticə qənaətbəxş sayılmayacaq.
MƏSLƏHƏT GÖR:




45

