12 İyun 2026

Cümə, 14:20

UŞAQ MƏKTƏBƏ GETDİ

Valideyn rahatlığını necə geri qaytarmalı və təhsil müəssisələrində uşaqların real təhlükəsizliyini necə təmin etməli?

Müəllif:

01.05.2026

2026-cı ilin apreli regionun təhsil sistemi üçün dərin sarsıntılar dövrü olub. Türkiyədə baş verən faciəvi hadisələr və Azərbaycanda qeydə alınan bir sıra narahatedici insidentlər – yandırma yolu ilə zorakılıq, intiharlar, kibertəhdidlər, müəllimlərin təhqir olunması – bəzi hadisələri sadəcə müzakirə çərçivəsindən çıxmağı, sistemli təhlilə başlamağı zəruri edir.

 

Hədd aşılanda

Məktəblərdə təhlükəsizlikdən danışarkən çox zaman sürətli həll yolu axtarışı tələsinə düşürük: mühafizənin gücləndirilməsi, metal detektorların tətbiqi, polis yoxlamaları və s. Halbuki beynəlxalq təcrübə və pedaqoji psixologiya sahəsində elmi əsaslandırılmış araşdırmalar fiziki mühafizənin yalnız aysberqin görünən tərəfi olduğunu təsdiqləyir. «Məktəb iqlimi» konsepsiyasına görə, təhsil mühitində həqiqi təhlükəsizlik nəzarətə deyil, insanlararası münasibətlərin keyfiyyətinə və prosesin bütün iştirakçılarının psixoloji təhlükəsizlik hissinə əsaslanır.

Vəziyyəti təhlil edərkən valideynlərin xüsusilə bu gün daha aydın eşidilən narahatlıq səsinə etinasız yanaşmaq olmaz. İctimai müzakirələr zamanı bir çoxlarının verdiyi sual eynidir: əvvəllər uşaqları yaradıcı inkişaf orbitində saxlayan xətti niyə itirmişik? Geniş yayılmış fikrə görə, əvvəllər sistem daha incə işləyirdi: məşqçilər və mütəxəssislər özləri məktəblərə gedir, istedadları aşkarlayır və yeniyetmələri idmana cəlb edirdilər ki, bu da anormal davranışların qarşısının alınması üçün güclü profilaktik vasitə sayılırdı.

Bugünkü reallıq isə fərqlidir. Yalnız imtahan nəticələrinə yönəlmiş həddindən artıq akademik yük uşaqların sərbəst inkişaf imkanlarını minimuma endirir. Uşağın özünü idmanda və ya incəsənətdə reallaşdırmaq imkanı yoxdursa, yəni dərnəklər biznes xidməti kimi deyil, əsas sosial təminat kimi əlçatan deyilsə, onun enerjisi destruktiv istiqamət ala bilər. Valideynlər haqlı olaraq bildirirlər ki, yanaşma dəyişməli, məsuliyyət və şüurluluq mədəniyyətini formalaşdıran, sadəcə, formal intizam tədbirləri ilə məhdudlaşmayan, psixoloji inkişaf və sosial uyğunlaşma üzrə elmi əsaslı layihələrə qrantlar ayrılmalıdır.

 

Elm və «məktəb iqlimi»

Məktəb daxilində sosial bərabərsizlik ən ağrılı mövzulardan biri olaraq qalır. Görürük ki, inkişaf xüsusiyyətləri olan uşaqlar çox zaman ailənin maliyyə imkanlarının girovuna çevrilir, çünki neyrofərqli şagirdlərə tam dəstək göstərilməsi resurslar tələb edir, amma bu resurslar bu gün dövlət tərəfindən norma kimi təmin edilmir. Bu isə sosial ədalət məsələsidir. İnklüzivlik ailənin maddi rifahından asılı olmamalıdır.

Demək, sosial siyasətin yenidən qurulmasına ehtiyac var. Tütor və ya profil üzrə mütəxəssisin işi büdcə hesabına maliyyələşdirilən standart təcrübəyə çevrilməlidir ki, inklüzivlik də deklarasiyadan real yardıma çevrilə bilsin. Belə sistemdə tütor autizm spektri uşağın yanında sadəcə təyin olunmuş şəxs yox, psixoloq, loqoped və s. kimi çalışan ixtisaslı mütəxəssisə çevriləcək. Bunlar pedaqogikanın sübutlara əsaslanan standartlarıdır və həmin standartlar göstərir ki, profilaktikanın ən effektiv vasitəsi sosial-emosional təhsil proqramlarıdır.

Elmi məlumatlar «yardımın mərhələli şəkildə azaldılması» strategiyasının effektivliyini təsdiqləyir. Tütorun məqsədi sosial mühiti əvəzləmək yox, uşağa addım-addım müstəqilliyini öyrətməkdir. Araşdırmalar göstərir ki, düzgün dəstək olduqda inklüziv siniflər hamı üçün faydalıdır: belə şəraitdə neyrotipik uşaqlar daha yüksək empatiya səviyyəsi, inkişaf etmiş əməkdaşlıq bacarıqları və sosial rahatlıq nümayiş etdirirlər. Bu, elmi cəhətdən sübuta yetirilmiş faktdır: inkişaf xüsusiyyətləri olan uşaqların ümumi mühitə inteqrasiyası cəmiyyətdə tolerantlıq və empatiya formalaşdırır, bu gün müşahdə olunan aqressiyanın qarşısını alır.

Məktəblilərin üzərinə düşən yük də yenidən nəzərdən keçirilməlidir. Tədris proqramlarının həddindən artıq ağır olması, qəbul imtahanlarının sərtliyi daimi stres mühiti yaradır ki, nəticədə, yeniyetmələrin sosial davranışı getdikcə daha gözlənilməz şəkil alır.

Mənəvi-əxlaqi kontekst də kritik əhəmiyyət daşıyır. Media və internet resursları vasitəsilə kriminal subkulturaların romantikləşdirildiyi və ya destruktiv estetikanın təbliğ olunduğu cəmiyyətdə sağlam nəsil yetişdirmək son dərəcə çətin işə çevrilir.

 

Keçmişə aparan paradoksal körpü

Maraqlıdır ki, «məktəb iqlimi» və «aidiyyət hissi» ilə bağlı müasir elmi konsepsiyalar Sovet pedaqoqu Anton Makarenkonun pedaqoji irsi ilə təəccüblü şəkildə səsləşir. Onun üsulları çox zaman dövrünün məhsulu kimi qəbul edilsə də, onların əsasında neyropsixologiyanın bu gün də qəbul etdiyi universal prinsiplər dayanır. Makarenko intuitiv şəkildə bu gün «koqnitiv dayaq ehtiyacı», «sosial tələb olunma hissi» kimi anlayışları tapıbmış. Onun «kollektiv» ideyası bərabərləşdirmə deyil, hər bir uşağın özünü ümumi işin vacib hissəsi kimi hiss etdiyi mühitin yaradılması idi. Yeniyetmələrin tez-tez mənasızlıq hissindən əziyyət çəkdiyi müasir məktəblərdə Makarenkonun «sabahın spevinci» haqqında ideyaları, yəni uşağın jurnal qiymətindən kənara çıxan məqsədlərinin (layihə, yaradıcılıq, ilman) olması yeni məna qazanır. Makarenko hesab edirdi ki, yeniyetmə real və ictimai faydalı işlə məşğul olduqda onun destruktiv çağırışlara və ya aqressiyaya nə vaxtı, nə də psixoloji ehtiyacı qalır. Makarenko deyirdi: «İnsan arzusun, «sabahın sevinci» olmadan yaşaya bilməz». Müasir məktəbli isə «daimi imtahan» şəraitində yaşayır. Onun üçün sabah sadəcə növbəti yoxlama işinin qorxusundan ibarətdir. Makarenko uşağın plan qurma üfüqünün yalnız testlərlə məhdudlaşdığı sistemi qəti şəkildə rədd edirdi. O, məktəb həyatını hadisələrlə doldurmağı vacib sayırdı: mürəkkəb mühəndislik layihələrinin hazırlanması, yaradıcılıq festivalları, səyahətlər, tamhüquqlu məhsulların yaradılması (istər dizayn studiyası, tikiş emalatxanası, istərsə də IT laboratoriyası). Uşaq bu gününü qurmaq üçün öz əməyində məna görməlidir. Onun bir layihəni həyata keçirmək və ya çıxış hazırlamaq kimi məqsədi olduqda, nə «boş şeylər»ə, nə də internetdə destruktiv davranışlara vaxtı qalacaq. Bu isə məhz valideynlərin fikirləri ilə üst-üstə düşür. Onlar bildirirlər ki, uşaqların özlərini ifadə edə biləcəkləri pulsuz idman bölmələrinə, dizayn studiyalarına və emalatxanalara ehtiyac var. Bu, «əlavə yük» yox, Makarenkonun məsuliyyətli vətəndaş formalaşdırmaq üçün zəruri saydığı «ümumi iş» anlayışının müasir ekvivalentidir.

 

Dəyişiklik yolu

Bu kontekstdə məktəb iyerarxiyası məsələsi də yenidən düşünülməlidir. Müəllim elə fiqurdur ki, onun statusu sarsılmaz qalmalıdır. Pedaqoqa hörmət sadəcə bir göstəriş yox, təhsil mədəniyyətinin əsasını təşkil edən danılmaz faktdır. Lakin Anton Makarenkonun da qeyd etdiyi kimi, müəllimlik nüfuzu «yuxarıdan verilmir». O, peşəkarlıq və etik davranışlarla qazanılır. Empatiya və insanlıq nümayiş etdirən müəllim mütləq şəkildə özünə qarşı hörmət formalaşdırır. Bəli, məktəb məhz qarşılıqlı ləyaqət məkanı olmalıdır. Burada münaqişələr güc vasitəsi ilə yox, konstruktiv dialoqla çözülməlidir.

Qəbul etməliyik ki, məktəb cəmiyyətin güczgüsüdür və əgər ictimai diskursda bayağılıq və ya aqressiyanın təbliği üstünlük təşkil edirsə, məktəbin bu təsirləri öz üzərində hiss etməsi qaçılmazdır.

Bu sisemdə əlbəttə ki, ilkin və əsas olanı ailənin roludur. Lakin o, yeni keyfiyyət tələb edir. Bu gün valideynlər sadəcə müşahidəçi və ya tənqidçi deyil, dialoqun fəal iştirakçıları olmalıdırlar. Söhbət «rəqəmsal gigiyenadan», uşağın qəbul etdiyi kontentin izlənilməsindən və ən əsası, daimi dəyərlərin – mərhəmət, dürüstlük və məsuliyyəti – ötürülməsindən gedir. Ailədə əsas etik kateqoriyalar müzakirə olunmursa, uşaq «küçə ideologiyası» və ya rəqəmsal ideologiyanın qarşısında müdafiəsiz qalır.

Eyni zamanda məktəb «xidmət zonası» olmaqdan çıxaraq uşağın şəxsiyyətinin hesabat və reytinqlərdən üstün tutulduğu bir icmaya çevrilməlidir. Qadağalar modelindən dəstək modelinə keçid sadəcə arzu deyil, cəmiyyətin yaşaması üçün şərtdir. Məktəb öz ilkin missyasına – gələcəyin formalaşdığı məkan olmağa yalnız dövlətin asudə vaxt üçün əlçatan mühit yaratması, pedaqoqların peşəkar nüfuz formalaşdırması, valideynlərin isə dəyərlər sistemilə bağlı tərbiyə səylərini birləşdirməsi ilə qayıda bilər.

Mövcud böhrandan çıxış sistemli modelə keçid tələb edir. Bu modeldə uşağın rifaşhı formal hesabatlardan üstün olmalıdır. Belə dəyişikliyin əsasında inkişaf xüsusiyyətlərinə malik uşaqlar üçün dövlət tərəfindən təmin edilən tyutor müşayiəti dayanmalıdır. İnklüzivliyin formal yox, real olması üçün bu, vacibdir. Paralel olaraq, məktəbi «imtahan stresi zonası»ndan yaradıcı mühitə çevirəcək pulsuz dərnəklər, idman bölmələri şəbəkələri də inkişaf etdirilməlidir. Nəhayət, bu strukturu məktəb mühitinin real psixologiyalaşdırılması tamamlamalıdır. Uşaqlarda məsuliyyət və özünənəzarət bacarıqlarını yalnız nəzəri yox, praktiki şəkildə formalaşdıran sosial-emosional təlim proqramlarının tətbiqi zəruridir. Nəticədə, bu addımların uğuru məktəbin açıq icmaya çevrilməsindən asılıdır. Burada müəllimlərlə valideynlər opponent kimi deyil, birgə çalışan tərəfdaşlar kimi çıxış etməlidirlər.

Biz uşağın inkişafına gəlir prizmasından baxmağa son qoymalıyıq. Pulsuz asudə vaxt, psixoloji sağlamlıq və təhlükəsiz, mənalı mühitin formalaşdırılmasına yatırılan investisiyalar milli təhlükəsizliyə effektiv yatırımdır. Onilliklər əvvəl irəli sürülmüş ideya – uşağın yaradıcı fəaliyyətə cəlb edilməsi və kollektiv etimad vasitəsilə tərbiyə müasir elmi yanaşmalarla birləşərək bizə aydın istiqamət verir. Məktəb döyüş meydanı olmaqdan çıxmalı, yenidən gələcəyin formalaşdığı məkana çevrilməlidir.


MƏSLƏHƏT GÖR:

50