İNSAN ÜSTƏGƏL MAŞIN
Azərbaycan süni intellekt sistemlərinin idarəçilərinə, “məna arxitektorları”na və yeni növ həkimlərə “stavka” qoymaq şansına malikdir
Müəllif: Sabirə ƏLƏKBƏR
Tokio və Kioto universitetlərinə qəbul imtahanlarının son nəticələrində “ChatGPT 5.2 Thinking” modeli sadəcə keçid həddini aşmayıb, həm də ən yaxşı abituriyentləri geridə qoyub. Bu nəticə bütün bəşəriyyət üçün bir növ “siqnal” olub. Cəmi iki il əvvəl, 2024-cü ildə neyroşəbəkələr Yaponiya universitetlərinin hətta baza tələblərinin öhdəsindən belə gələ bilmirdilər, bu gün isə onlar akademik mühitin elitası ilə müqayisə oluna biləcək bilik səviyyəsi nümayiş etdirir.
Bəs bundan sonra nə olacaq?
Aydındır ki, bu hadisə yaxın perspektivdə insan beynindəki məlumat həcminin dəyər sayıldığı köhnə təhsil modelini dəfn edəcək. Əgər istənilən məlumatı saniyələr ərzində strukturlaşdırmaq mümkündürsə, “gəzən ensiklopediya” olmağın mənası varmı?
Doğrudur, əldə edilmiş məlumatları təhlil edən mütəxəssislər iddia edirlər ki, əslində, maşın bu sözün geniş mənasında “ağıllanmayıb”, o sadəcə məlumatların emalı və məntiqi əməliyyatlarda inanılmaz səmərəliliyə nail olub. Süni intellektin (AI) riyaziyyatdan maksimum bal alması və təbiət elmləri ilə bağlı sualların öhdəsindən əla şəkildə gəlməsi göstərir ki, əgər biliyi strukturlaşdırmaq, rəqəmsallaşdırmaq və məntiqi nəticələr zəncirinə çevirmək mümkündürsə, maşın bunu daha yaxşı, daha sürətli və insan yorğunluğuna xas olan səhvlər olmadan edir.
Bəs AI nədə uğursuz olub? Humanitar fənlərdə! Burada sistem ətraflı cavab tələb edən tapşırıqlarda xeyli aşağı nəticələr göstərib. Bu isə kritik bir boşluğu işıqlandırır. Belə ki, AI tərtibatçıları bildiriblər ki, alqoritmlər üçün yalnız insana tabe olan “mədəni kod” hələ də əlçatmazdır. Maşın dünya tarixinin faktları ilə əməliyyat apara bilər, lakin onda statistik ehtimalların çərçivəsindən kənara çıxan tarixi empatiya və səbəb-nəticə əlaqələrini anlama qabiliyyəti çatışmır.
Bu gün maşınlar yalnız intellektual işi təqlid etməklə kifayətlənməyib, həm də akademik fənlərdə insanı üstələyə bilir. Amma universitetlər hələ də müxtəlif sahələrdə mütəxəssislər yetişdirir. Lakin süni intellekt universitetin öyrətdiklərini tələbələrdən belə, yaxşı mənimsəməyə malikdir və nəticədə, insanlar üçün belə təhsilin dəyəri heçə enir. Bu zaman ədalətli sual yaranır: belə bir dövrdə insanı peşəkar mühitdə nə gözləyir?
Peşələrlə bağlı risklər
Dünya İqtisadi Forumunun hesabatına əsasən, biz “mühakimə iqtisadiyyatı” adlanan mərhələyə keçidi müşahidə edirik. Burada əsas dəyər bilik sahibi olmaqdan qeyri-müəyyənlik şəraitində onlarla əməliyyat aparmaq bacarığına doğru yer dəyişir. Başqa sözlə, məsələn, tibdə həkim sanki “arayış kitabçaları anbar”ı olmaqdan çıxaraq “müalicə arxitektoru”na çevrilir. Alqoritmlər analizlərin şifrini açmağı öz üzərinə götürür, həkimi əsas iş üçün azad edir: empatiya, xəstənin psixosomatik kontekstini anlama və hüquqi və mənəvi kontekstlərdə kompüter deyil, insan tərəfindən cavab verilən məsuliyyətli qərarların qəbulu. Memarlıqda AI çertyojları optimallaşdıracaq, qlobal layihələr yaradacaq, lakin “yerin ruhu”nu müəyyən etməyə yalnız insan qadir olacaq. Lakin artıq bu gün aydındır ki, məsələn, hüquqşünaslıqda və funksiyaları baxımından oxşar peşələrdə kiçik əməkdaşlar lazımi təcrübə qazanmağa macal tapmadan arxivlərin avtomatlaşdırılması səbəbindən iş yerlərini itirəcəklər. Müqavilələrin yoxlanılması, presedentlərin axtarılması və risklərin qiymətləndirilməsi ilə bağlı analitik iş artıq bu gün neyroşəbəkələrə həvalə edilir. Ekspertlər xəbərdarlıq edir: “səriştə boşluğu” yaranacaq.
Əgər təhsil strateji düşüncənin öyrədilməsinə, mürəkkəb sosial qarşılıqlı əlaqələrin idarə olunmasına və müxtəlif sahələrdən məlumatları yaradıcı şəkildə sintez etməyə keçməsə, bazarda alqoritmlərlə rəqabət apara bilməyən çoxlu sayda mütəxəssislər olacaq...
Sistemlərin meneceri
Alimlər iddia edirlər ki, bəşəriyyət “konturda insan” konsepsiyasına daxil olur: maşın variantlar təklif edir, insan məqsədi müəyyənləşdirir və yekun məsuliyyəti daşıyır.
Demək, gələcəyin peşəkarı qeyri-müəyyənliklə işləyən mənalar operatorudur. Biz yaradıcılıq və seçim naminə mexaniki əməkdən azad olaraq təkamül edirik. Beynəlxalq ekspertlər bu fikirdə yekdildirlər: biz insanı maşınla əvəz etməməliyik, biz insan-peşəkarın imkanlarını gücləndirib onu “sistemlərin meneceri”nə çevirməliyik.
Əsas sual yaranır: standart test təhsili ümidsiz şəkildə köhnəldiyi halda, bu baxımdan məktəb və universitetlərdə təlim meyarlarına necə yanaşmaq lazımdır? Bəs onda biliklər necə yoxlanılmalıdır? Alimlərin fikrincə, cavab “axın” qiymətləndirməsinə keçiddədir. Bu qiymətləndirmədə nəyi yadda saxlamağın deyil, necə düşünməyin vacibliyi ön plana çıxır. Bu baxımdan akademik mühitdə hesab edirlər ki, birincisi, bəşəriyyət imtahanlarda AI-nin istifadəsini leqallaşdırmalı, onları bir növ “açıq kodlu imtahanlar”a çevirməlidir. Bu, belə görünür: neyroşəbəkənin köməyi ilə həll edilməli tapşırıq verilir, lakin əsas məqsəd hazır cavab deyil, şagirdin tənqidi hesabatı olur: o, maşının məntiqi xətalarını tapmalı, faktları yoxlamalı və təkmilləşdirilmiş variant təklif etməlidir. Qiymətləndirilən nəticə deyil, insanın maşın üzərində “nəzarət”inin keyfiyyətidir.
Həmçinin müxtəlif fənlər üzrə təcrid olunmuş testlərdən uzaqlaşaraq, fənlərarası simulyasiyalara keçmək lazımdır. Tələbə real həyati məsələni həll edir - məsələn, eyni anda fizika, iqtisadiyyat və hüquq biliklərinin lazım olduğu böyük layihə. Belə yanaşmanın dəyəri ondadır ki, o, düsturu əzbərləmə qabiliyyətini deyil, real məhdudiyyətlər şəraitində məqsədə nail olmaq üçün müxtəlif sahələri əlaqələndirmə bacarığını yoxlayır.
Eyni zamanda qiymətləndirmə dinamik və adaptiv olmalıdır. Təsəvvür edin ki, imtahan mürəkkəbliyini birbaşa proses zamanı dəyişir: tələbə əminliklə cavab verirsə, sistem dayanmır, dərhal daha dərin, qeyri-standart sual təklif edərək quru bilikləri deyil, ağlın çevikliyini yoxlayır. Bununla yanaşı, biliklərin “anlıq şəkilləri”ndən bütün tədris rübü və ya universitetdə semestr ərzində toplanan iş arxivindən ibarət uzunmüddətli portfoliolara keçid edilməlidir. Bu, düşüncənin real dinamikasını, proqresini və insanın uzun müddət ərzində öz səhvlərini necə düzəltməyi öyrəndiyini görməyə imkan verir.
Nəhayət, əvəzsiz alət olaraq “viva-voçe” dissertasiya müdafiəsinə bənzər canlı müzakirə qalır. Bu, köçürməyin və ya düşüncə yükünü alqoritmə həvalə etməyin mümkün olmadığı formatdır. Belə söhbət zamanı imtahanverən dərhal görür ki, tələbə işin mahiyyətini anlayır, yoxsa sadəcə mətni əzbərləyib. Burada düşüncələrin ani ifadəsi vacibdir, çünki canlı diskussiya əldə edilmiş məlumatların dərin, şəxsi fənn anlayışına çevrilib-çevrilmədiyini yoxlamağın ən yaxşı yoludur.
Yəni təhsil birdəfəlik diplomdan tələbənin ömür boyu topladığı “səriştə portfoliosu”na keçməlidir. Bu, maşınlar dünyasında insan olaraq qalma qabiliyyətinin ömürlük məşqidir.
Gələcəyin layihəsi
Başa düşmək vacibdir: təsvir olunan yoxlama üsulları inkişaf vektoru, gələcəyin obrazıdır. Bugünkü sistem, o cümlədən Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) standartlaşdırılmış testlərə əsaslanır və bu, obyektiv zərurətdir. On minlərlə abituriyentin kütləvi qəbulu zamanı şəffaflığı və imkan bərabərliyini təmin etməyin yeganə yoludur. Bütün ölkə miqyasında testlərin portfoliolarla tam əvəz edilməsi bu gün mümkün deyil, çünki bu, nəhəng resurslar tələb edərdi. Bu cür yaradıcı yanaşmalar hazırda xaricdəki elit universitetlər üçün nəzərdə tutulub, burada ilkin seçim prosesi gələcək mütəxəssisin düşüncə dərinliyini anlamağı tələb edir.
Düşünülür ki, bu mənada DİM-in 2027-ci ilə qədər xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə bağlı qərarı zamanında görünür. DİM-in sədri Məleykə Abbaszadənin qeyd etdiyi kimi, belə yanaşma Avropa Dillər üzrə Ümumi İstinad Çərçivəsinin standartlarına uyğun “funksional və kommunikativ qiymətləndirmələr”ə keçidi əlamətdər edəcək. Başqa sözlə, əslində, bu, dövrün çağırışlarına birbaşa cavabdır.
Qrammatika üzrə ənənəvi testlər AI üçün asan hədəfdir, DİM-in can atdığı yazılı nitq bacarıqlarının və real kommunikasiyanın sistemli inkişafına vurğu isə məhz alqoritmə həvalə etməyin mümkün olmadığı şeydir. Bu, dövlət sisteminin arayış məlumatlarının deyil, fikri çatdırma, konteksti anlama və canlı dialoq qurmaq bacarığının qiymətləndirildiyi “mühakimə iqtisadiyyatı”nın qlobal tələbləri ilə sinxronlaşmağa necə başladığının ideal nümunəsidir. Lakin bu keçid dövrü qaçılmaz olaraq stres yaradır, çünki biz şagirdlərdən köhnə pedaqogikanın onları hələ hazırlamağa macal tapmadığı şeyləri tələb edirik. Amma bu yol zəruridir: DİM-in islahatı tədris mədəniyyətinin dəyişməsi üçün siqnal olmalıdır.
Əvvəlcə testlər, sonra yaradıcılıq
Alimlər gələcək təlim modelini hibrid olaraq görürlər: əvvəlcə baza bilikləri üzrə kompüter filtri, sonra isə yaradıcı və ya layihə mərhələsi. Aydındır ki, sistem köhnə formanın sabitliyini qoruyub yeni səriştə mahiyyətini əlavə etməyə çalışaraq “iki stulda oturmağa” cəhd edir. Lakin əgər məktəb müzakirələrin və məsələ həllinin norma olduğu kommunikativ metodikalara keçsə, imtahanın “yeni forması” qorxuducu hadisə deyil, sadəcə gündəlik bacarıqların nümayişi olacaq. Təlim prosesi “fəaliyyətdə imtahan”a çevrildikdə stres aradan qalxır.
Bununla yanaşı, düzgün prioritetləri müəyyən etmək vacibdir: gələcəyin məktəbi bilik yoxlamasından tamamilə imtina etməməli, lakin əzbərləməni uğurun yeganə meyarı etməyi dayandırmalıdır. Baza savadlılığı və fakt bilikləri zəruri təməl olaraq qalır - hibrid modeldəki həmin “kompüter filtri” məhz onların verifikasiyasına xidmət edir. Bu, uşağın əsasları mənimsədiyini təsdiqləyən bir növ “giriş bileti”dir. Lakin daha sonra tədris prosesinin daxilində, vurğu faktların yığılmasından layihə fəaliyyətinə və fənlərarası sintezə doğru yer dəyişməlidir.
Müəllim burada məlumat ötürücüsü olmaqdan çıxaraq fasilitator roluna keçir, o, “rəqəmsal gigiyena”nı öyrədir: AI ilə necə işləmək, onun “hallüsinasiyaları”nı görmək və şəxsi təcrübə ilə tamamlamaq. Belə sistemdə paraqrafı səhvsiz əzbərləyənlər deyil, bu bilikləri komanda işində tətbiq edə bilən, empatiya göstərən və real məsələlərin həlli üçün qeyri-standart yollar tapa bilənlər qiymətləndirilir. Məhz bu, gələcək karyeranın təməlinə çevrilir.
Bu, Azərbaycan üçün çox vacib dərsdir: köhnəlmiş standartları təqlid etməməliyik, əksinə texnoloji sıçrayış etməliyik. Kritik sintez, fənlərarası əlaqə və etikanın inkişafına investisiya qoyulmalıdır. Ölkəmiz tələbələri onilliklər boyu hazırladığı kimi yetişdirməyə davam edərsə, məzunlar məzun olmadan peşələri yox olacaq insanlar olacaq. Azərbaycan süni intellekt sistemlərinin idarəçilərinə, “məna arxitektorları”na və yeni növ həkimlərə “stavka” qoymaq şansına malikdir. Əsas nəticə: maşın rutini öz üzərinə götürür, insan isə məsuliyyəti. Fakt bilikləri ilə birlikdə məhz bu məsuliyyət insanları dəyəri yalnız artacaq peşəkarlara çevirir.
MƏSLƏHƏT GÖR:

48

