12 İyun 2026

Cümə, 14:21

MARAQLAR İTTİFAQI

Azərbaycan-Çexiya iqtisadi münasibətləri: neftdən yeni növ strateji tərəfdaşlığa doğru

Müəllif:

01.05.2026

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri və Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumu Avropa və Cənubi Qafqazın işgüzar dairələri üçün diqqətəlayiq siqnal olub. Enerji marşrutlarının yenidən qurulması, logistika zəncirlərinin böhranı və yeni sənaye rəqabəti fonunda Bakı və Praqa faktiki olaraq ənənəvi ticarət modelindən strateji iqtisadi ittifaqın müzakirəsinə keçib. Üstəlik, söhbət artıq təkcə uzun illər ikitərəfli əlaqələrin təməlini təşkil edən neftdən deyil, həm də təbii qaz, nəqliyyat, sənaye kooperasiyası, investisiyalar və yeni texnologiyalardan gedir.

A.Babişin ilk xarici səfərini məhz Azərbaycana etməsi, şübhəsiz, rəmzi məna daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var... Bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”.

 

Alternativsiz energetika

Danışıqların ən əsaslı mövzusu yenə energetika olub. Bu da qanunauyğundur: Avropa bazarı etibarlı təchizatçıların axtarışı dövrünü yaşayır, Azərbaycan isə sabit xammal və qaz ixracatçısı statusunu möhkəmləndirir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. “O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”, - Azərbaycan lideri qeyd edib.

Çexiya üçün Azərbaycanla iqtisadi əlaqələrdə energetika istiqamətinin əhəmiyyəti xüsusilə böyükdür. “Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur”, - A.Babiş açıq şəkildə bəyan edib. Mahiyyətcə söhbət Avropanın sənaye mərkəzlərindən birinin Xəzər regionundan təchizatın sabitliyindən real asılılığından gedir ki, bu sahədə indiyədək heç bir problem yaranmayıb. Hər iki liderin vurğuladığı kimi, neft ölkələr arasındakı ticarət dövriyyəsində böyük paya malikdir və bu göstərici 2025-ci ilin yekunlarına görə 1,75 milyard avro təşkil edib.

Səfər zamanı mühüm vurğu, həmçinin qaz üzərinə edilib ki, bu da dünya “mavi yanacaq” bazarına birbaşa təsir edən indiki geosiyasi vəziyyət şəraitində təəccüblü deyil.

“Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da “ETS1”, “ETS2” ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır”, - A.Babiş qeyd edib.

O bildirib ki, ölkəsinin yarımdövlət şirkəti - ÇES qaz təchizatı müqaviləsi imzalamaq niyyəti ilə Bakıya gəlib. Beləliklə, neftdən əlavə, Azərbaycan de-fakto bu sahədə də Çexiyanın strateji tərəfdaşına çevrilə bilər.

Avropa qaz bazarının dəyişkənliyi şəraitində belə, maraq praqmatik addım kimi görünür. Bu, Azərbaycan üçün isə Mərkəzi Avropa bazarlarında iştirakın genişləndirilməsi və ixrac coğrafiyasının gücləndirilməsi deməkdir.

Başqa bir vacib məqam da var: Bakı tərəfdaşlara artıq kompleks energetika gündəliyi təklif edir. İlham Əliyevin sözlərinə görə, strateji əməkdaşlıq neft, qaz, neft məhsulları, neft-kimya, gübrələr, elektrik enerjisi, süni intellekt, məlumat mərkəzlərini əhatə edə bilər. Bu, Azərbaycanın xammal təchizatçısı rolundan sənaye və texnoloji həllər platforması roluna keçidini nümayiş etdirir.

 

İnvestisiyalar və sənaye dönüşü

Əgər energetika münasibətlərin təməli olaraq qalırsa, yeni gündəlik investisiyalar və birgə istehsal ətrafında qurulur. Azərbaycan Prezidenti ölkəyə yatırımların lehinə makroiqtisadi arqumentləri ətraflı şəkildə göstərib. Bu, ilk növbədə, milli valyutanın sabitliyidir ki, bu da hər bir investor üçün proqnozlaşdırıla bilənlik və valyuta risklərinin azaldılması göstəricisidir.

Bundan əlavə, cəlb edilmiş kapitalın miqyası: son 20 il ərzində Azərbaycana 350 milyard dollar investisiya qoyulub və bu investisiyaların, demək olar ki, yarısı xarici tərəfdaşların payına düşüb. Belə statistika təkcə retrospektiv kimi deyil, həm də bazarın yeni iştirakçıları üçün siqnal kimi vacibdir.

Əlavə etibar amili ölkənin beynəlxalq qiymətləndirilməsinin yaxşılaşması oldu. Azərbaycan dövlət başçısı xatırladıb ki, “Moody's” beynəlxalq reytinq agentliyi ölkənin kredit reytinqini müsbət proqnozla investisiya səviyyəsinə yüksəldib.

Bu arada, Çexiyanın Azərbaycana iqtisadi marağı tamamilə praktik xarakter daşıyır. Bu ölkədən Bakıya maşınqayırma, energetika, nəqliyyat, müdafiə sənayesi, geologiya, maliyyə və infrastruktur həlləri sahəsini təmsil edən 50 şirkətdən ibarət nümayəndə heyəti gəlib. A.Babiş açıq şəkildə bildirib ki, maraq o qədər yüksəkdir ki, Çexiya Azərbaycana 100 şirkətlə də gələ bilərdi. Bu, siyasi səfər üçün bu qədər geniş biznes dəstəyinin nadir nümunəsidir.

Həmçinin qeyd olunub ki, ölkələr arasında əməkdaşlığın daha bir mühüm sahəsi müdafiə sənayesidir. Məlum olduğu kimi, Azərbaycan Çexiyadan çoxlu hərbi təyinatlı məhsul alır. Səfər zamanı Prezident İlham Əliyevin sözlərindən məlum olub ki, hazırkı mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzrə danışıqlar aparılır. “Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir”, - dövlət başçısı əlavə edib.

Azərbaycan üçün istehsalın lokallaşdırılmasına maraq xüsusilə vacibdir və İlham Əliyevin “sənaye inkişafı, birgə istehsal”ın prioritetliyi barədə sözlərini gələcək əməkdaşlığın açar formulu hesab etmək olar.

 

Logistika və nəqliyyat

Tədricən ön plana çıxan üçüncü istiqamət nəqliyyat bağlantısıdır. Ənənəvi təchizat zəncirlərinin geosiyasi proseslər və münaqişələrlə mütəmadi olaraq pozulduğu dövrdə tranzit dövlətlərinin əhəmiyyəti kəskin şəkildə artır. Hazırda Azərbaycan məhz buna “stavka qoyur”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırır və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var.

“Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq”, - dövlət başçısı əlavə edib.

Avropa bazarının mərkəzində yerləşən Çexiya üçün belə infrastruktura qoşulmaq Asiya və Qafqazdan yeni ticarət axınlarına çıxış imkanı açır. Məhz buna görə də Çexiya nəqliyyat şirkətlərinin marağı bu qədər nəzərə çarpır.

Çexiya Baş naziri “Škoda Transportation” və dəmir yolu texnologiyaları, hərəkət tərkibi və intellektual infrastruktur sahəsində fəaliyyət göstərən digər müəssisələrin imkanlarını ayrıca təqdim edib. O, Çexiya şirkətlərinin “Bakı Metropoliteni” QSC-nin layihələrində uğur qazanacağına ümid etdiyini bildirib.

Yük daşımalarından tutmuş Azərbaycan paytaxtı ilə Karlovı Varı hava limanının genişləndirilməsinə qədər aviasiya əməkdaşlığının müzakirəsi də simvolik idi. A.Babişin sözlərinə görə, bu, ölkələr arasında turizmə və inkişafa töhfə verə bilər.

Beləliklə, Qəbələ görüşü göstərib ki, Azərbaycan-Çexiya münasibətləri yeni səviyyəyə çıxır və əgər elan edilmiş planlar praktik davamını taparsa, Bakı və Praqa Aİ ilə Xəzər regionu arasında ən praqmatik tərəfdaşlıq modellərindən birini formalaşdıra biləcək.


MƏSLƏHƏT GÖR:

92