“SABAH” – YENİ ÇEMPİON!
Azərbaycanda futbol mövsümünün əsas hadisəsi
Müəllif: Sənan NADİROĞLU
Azərbaycan futbolunda yeni çempion var. Son illərin dəyişməz lideri “Qarabağ” cari mövsüm həm çempionat, həm də kubok yarışında birinci ola bilməyib. Ardıcıl 4 dəfə Azərbaycan çempionu olan Ağdam klubunun titulunu paytaxtın “Sabah” komandası ələ keçirib.
“Bayquşlar”ın yüksəlişi
2017-ci ildə yaradılan və 2018/19 mövsümündən yüksək liqada çıxış edən Bakının “Sabah” klubu 2025/2026 mövsümünün başa çatmasına 4 tur qalmış tarixində ilk dəfə Azərbaycan çempionu titulunu rəsmiləşdirib. Ev oyunlarını Masazırda keçirən “Sabah” "Qarabağ"ın hegemonluğuna son qoyaraq ölkə çempionluğunu qazanan 9-cu klub olub.
Etiraf etmək lazımdır ki, “Sabah” komandasının Azərbaycan çempionu olması təsadüf deyil. Müəyyən matçlarda hakim səhvlərinin olmasına baxmayaraq, paytaxt klubunun stabil və inamlı oyun nümayiş etdirdiyini qeyd etmək lazımdır. Komanda mövsüm ərzində 28 oyunluq məğlubiyyətsizlik seriyasına nail olaraq etibarlı müdafiə və güvənli hücum xəttini yaratmağı bacarıb.
“Bayquşlar” (“Sabah” klubu loqosundakı şəkilə görə belə adlandırılır) həm hücumda, həm də müdafiədə yüksək performans göstərərək çempionluğa layiq olduqlarını sübut ediblər. Komanda uğurlu çıxış etdiyi halda baş məşqçidən danışmamaq mümkün deyil. “Sabah”ın litvalı çalışdırıcısı Valdas Dambrauskas komandanı taktiki cəhətdən çox çevik və intizamlı edib. Komandanın oyun üslubunda stabillik və psixoloji dözümlülük ön plana çıxıb. Komandanın liderləri, xüsusilə hücum xəttindəki oyunçular və yarımmüdafiəçilər vacib matçlarda – əsas rəqib “Qarabağ”a qarşı səfərdə qazanılan qələbədə (1:0) böyük rol oynayıblar. “Sabah”ın uğuru “Qarabağ”ın 4 illik ardıcıl çempionluq seriyasına son qoyub. Bu, milli çempionatda rəqabətin artdığını və digər klubların (“Zirə”, “Turan Tovuz” və s.) daha iddialı olduğunu göstərir.
“Sabah”ın əsas hədəfi
Çempionluq “Sabah”a növbəti mövsüm UEFA Çempionlar Liqasında ölkəmizi təmsil etmək hüququ qazandırır. Komandanın əsas hədəfi indi Avropa arenalarında da uğurlu çıxış etməkdir. “Bayquşlar” Azərbaycan futboluna yeni bir rəng və motivasiya gətirib. Amma yenilik təkcə ölkə çempionatında qazanılan uğurla bitməli deyil. Azərbaycan azarkeşləri son illər “Qarabağ”ın sayəsində avrokuboklarda inanılmaz nəticələrə şahidlik edib. Valdas Dambrauskasın komandası yeni mövsüm azı UEFA turnirlərində əsas mərhələyə vəsiqə qazanmağı bacarmalıdır. İlk mövsümdə Çempionlar Liqasında uğurlu çıxış etməklə çətin olsa da, qitənin üçüncü klub turniri Konfrans Liqasına vəsiqə qazanmaq real görünür.
Yeni çempion “Sabah”ın daha çox legionerlərə şans verməsini unutmaq olmaz. Azərbaycan futbolunda legioner limiti ləğv olunandan sonra heyəti bahalı əcnəbi oyunçularla gücləndirən paytaxt klubu fürsətdən maksimum istifadə edib. Növbəti illərdə istedadlı yerli futbolçulara da şans verilməsi pis olmazdı. Çünki legioner limitinin ləğvi klublara şərait yaratsa da, milli komandaya ağır zərbə vurur.
Hegemonluğun sonu və “Qarabağ”ın prioriteti
“Qarabağ”ın 2025/2026 mövsümündə Azərbaycan çempionluğunu qazana bilməməsi son illərin ən böyük idman sürprizlərindən biri kimi təqdim olunur. İllərdir daxili çempionatda hegemonluq edən Ağdam təmsilçisi bu mövsüm “Sabah”dan geri qalaraq çempionluq seriyasına son qoyub. Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” ikinci dəfə Çempionlar Liqasında iştirak edib, ilk dəfə əsas mərhələdə uğur qazanaraq 1/16 finala yüksəlib. Avrokubokda əla nəticə göstərən “Qarabağ”ın uğurlu Avropa yürüşü daxili çempionata mənfi təsir göstərib. Komanda ÇL-in yeni formatında yüksək səviyyəli rəqiblərlə (“Benfika”, “Ayaks”, “Napoli”, “Liverpul”) mübarizə aparıb. Bu, fiziki və psixoloji gərginliyin əhatəsində eyni zamanda Azərbaycan çempionatı və kuboka lazımi diqqət və güc yönəltmək mümkün olmayıb. Eyni zamanda heyətin geniş olmaması və legioner limitinin ləğvi “Qarabağ”ın əleyhinə işləyib. Legioner limiti olduğu vaxt ən yaxşı yerli futbolçular Ağdam klubunda cəmləşib. Limit ləğv olunduqdan sonra isə əsas rəqiblər pul xərcləyərək daha yaxşı legionerlərə dəvət göndərib. Bu rəqabətə isə “Qarabağ” tam hazır deyildi. Sıx təqvimdə üç gündən bir oyun keçirmək, əsas heyət oyunçularının yorulmasına və zədələnməsinə səbəb olub. Baş məşqçi Qurban Qurbanov da etiraf edib ki, Çempionlar Liqası komandanı çox yorub və diqqət daha çox bu turnirə yönəlib.
Digər önəmli məqam “Qarabağ”ın birbaşa əsas rəqibi “Sabah”a qarşı oyunlarda uğursuzluq yaşamasıdır. Ağdam klubu həmçinin “Kəpəz”, “Zirə” və “Şamaxı” kimi komandalarla matçlarda gözlənilməz xallar itirməklə liderliyini zəiflədib. “Qarabağ” üçün bu mövsüm çempionluqdan daha çox Avropada uğur qazanmaq prioritet olub. “Sabah”ın stabilliyi və komandanın intensiv oyun qrafiki Ağdam təmsilçisinin uzun illərdən sonra çempionluqdan kənarda qalmasına gətirib çıxarıb. Qurban Qurbanovun komandası bu uğursuzluqdan dərs çıxararaq, növbəti mövsümə daha güclü hazırlaşmağı hədəfləyir.
Valdas Dambrauskas: “Avrokuboklarda uğur qazanmaq istəyirik”
Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas çempionluğu böyük uğur kimi qiymətləndirib. Litvalı mütəxəssis mediaya açıqlamasında avrokubokda da yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: “Bizim üçün Premyer Liqanın qalibi olmaq böyük mükafat idi. Uzun illər “Qarabağ” çempion olurdu. Mövsümün əvvəlindən hədəfə doğru irəliləyirdik. Gərgin matçlar və önəmli qələbələr uğurda böyük rol oynayıb. Hər zaman çempion olmaq gözəl hissdir. Lakin bununla işimiz bitmir. Yayda Çempionlar Liqasında iştirak edəcəyik. Avrokuboklarda da uğur qazanmaq istəyirik”.
Qeyd edək ki, yeni avrokubok mövsümündə Azərbaycanda 4 komanda iştirak edəcək. Mövsümün püşkü iyunda atılacaq.
MƏSLƏHƏT GÖR:







63

