DİRÇƏLİŞ REQATASI
Sərsəng və Suqovuşanda keçirilən “Prezident Kuboku 2026” Qarabağın inkişafında yeni bir mərhələnin rəmzidir
Müəllif: Nadir ŞƏFİZADƏ
28 aprel – 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçirilib. 100-dən artıq idmançının qatıldığı yarış Qarabağın işğaldan azad edilmiş ərazilərində (Sərsəng və Suqovuşan) və Mingəçevirdə təşkil olunub.
Qarabağın dirçəlişinin simvolu kimi
Beynəlxalq turnirin əhəmiyyəti idman coğrafiyasına yeni adın əlavə edilməsi ilə bağlı olub. İlk dəfə Sərsəng su anbarı beynəlxalq yarışa ev sahibliyi edib. Sərsəng və Suqovuşanda keçirilən reqata təkcə yüksək səviyyəli idman mübarizəsi deyil, həm də Azərbaycanın su idmanı növlərində infrastrukturunun və coğrafiyasının təbliğində mühüm rol oynayıb. Turnirin startı ilk dəfə olaraq tarixi Ağdərə rayonunda – Sərsəng su anbarında baş tutub. Sərsəngdə beynəlxalq səviyyəli idman yarışının keçirilməsi regionun potensialını nümayiş etdirməklə yanaşı, həm də xarici medianın diqqətini bu əraziyə yönəltməyə yardım göstərib.
Suqovuşanda davam edən yarışlar Qarabağın dirçəlişi və bölgədə idman ənənələrinin formalaşması istiqamətində atılmış strateji addım kimi yadda qalıb. Reqatada Azərbaycan ilə yanaşı, Almaniya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Qazaxıstan, İsveç və Çexiya daxil olmaqla, 20-yə yaxın ölkənin elit gənc avarçəkənləri iştirak ediblər.
Doqquz medal
Akademik avarçəkmə, kayak və kanoe yarışları üzrə idmançılar müxtəlif məsafələrdə (200 m, 500 m, 1000 m və 1500 m) öz güclərini sınayıblar. Komanda hesabında isə həm akademik avarçəkmə, həm də kanoe üzrə kuboka Gürcüstan yığması sahib olub.
Azərbaycan idmançıları yarışı ümumilikdə 9 medalla (2 qızıl, 3 gümüş, 4 bürünc) başa vurub. Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib. Akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub. Birnəfərlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub. Niyaz Məlikov - İvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın son günü təmsilçilərimiz daha 4 medala sahib çıxıb. İkinəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb. Eyni yürüşdə Niyaz Məlikov - İvan Vorobyanski cütü ikinci yer tutub. Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər. Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Sərsəng turizm və idman məkanı kimi
Ümumilikdə, “Prezident Kuboku 2026” Sərsəng su anbarını yalnız iqtisadi və aqrar mərkəz kimi deyil, həm də beynəlxalq əhəmiyyətli turizm və idman məkanı olaraq tanıdacaq. Sərsəng su anbarında keçirilən ilk beynəlxalq su idmanları yarışı (akademik avarçəkmə, kayak, kanoe, draqon və yelkənli qayıqlar) bölgənin dirçəlişi üçün tarixi əhəmiyyət daşıyır. Bu tədbir işğaldan azad edilmiş ərazilərin beynəlxalq idman turizmi mərkəzinə çevrilməsi, təhlükəsizlik imicinin möhkəmlənməsi və yerli iqtisadiyyatın inkişafı üçün böyük bir sıçrayışdır.
Turnir ərzində iştirakçı ölkələrin idmançıları və nümayəndələri Qarabağın mədəniyyəti, milli musiqisi və adət-ənənələri ilə tanış olublar. Ənənəvi turnir yerli gənclər arasında qayıq və su idman növlərinə marağın artırılması, regionda sağlam həyat tərzinin təbliğ olunmasına təkan olacaq.
Qeyd edək ki, “Prezident Kuboku”nun növbəti illərdə də keçiriləcəyi planlaşdırılır. Gələcəkdə daha çox ölkənin iştirakını təmin etmək üçün danışıqlar aparılır.
MƏSLƏHƏT GÖR:





48

