4 İyun 2026

Cümə axşamı, 17:57

BİOLOJİ BARYER

Hantavirus Azərbaycan üçün təhlükə yaratmır

Müəllif:

15.05.2026

Qlobal iqlim qeyri-sabitliyi fonunda müxtəlif infeksiya daşıyıcılarının coğrafiyasının dəyişməsi müşahidə edilir. Bu mənada hantavirusla yoluxma hallarının artması haqda məlumatlar ekspertlər və geniş cəmiyyət arasında təbii narahatlıq doğurur. Dünyanın hələ bir müddət əvvəl baş vermiş pandemiyaların nəticələrini tam aradan qaldıra bilmədiyi şəraitdə zoonoz patogenezlər haqqında hər hansı xəbər potensial qlobal təhlükə prizmasından qiymətləndirilir. Lakin Azərbaycanın epidemioloji vəziyyətinin Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatları əsasında aparılan ətraflı təhlili təşvişə ehtiyacın olmadığını göstərir, obyektiv mənzərə formalaşdırmağa imkan verir. Azərbaycan hantavirus və ölkə ərazisində yaşayan gəmiricilər baxımından endemik zonalara aid edilmir.

 

Epidemioloji status və təbii ocaqlar

Hantaviruslar insanlarda iki əsas xəstəlik qrupuna səbəb olan virus ailəsidir: böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma və hantavirus mənşəli kardiopulmonal sindrom. Bu patogenlərin yayılmasında əsas amil təbii ocaqların mövcudluğudur. Virus vakuum şəraitində mövcud olmur. O, vəhşi təbiətdə rezervuar rolunu oynayan konkret gəmirici növləri ilə sıx bağlıdır.

Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, ölkə ərazisi hantavirus üzrə endemik zonalara aid deyil. Ölkənin müxtəlif iqlim qurşaqlarında (quraq Kür-Araz ovalığından Böyük və Kiçik Qafqazın subalp çəmənliklərinə qədər) yaşayan gəmirici populyasiyaları üzərində uzun illər aparılmış monitorinq və tədqiqatlar zamanı bu virus aşkar edilməyib. Bu isə infeksiyanın bioloji mənbəyinin olmadığı anlamına gəlir. Əgər qonşu regionlarda və ya oxşar iqlimə malik ölkələrdə lokal ocaqlar mövcud ola bilərsə, Azərbaycanda “gəmirici-virus” ekosistem zənciri formalaşmayıb. Bu səbəbdən də hantavirus infeksiyası hazırda ənənəvi laborator müayinələrin standart panellərinə daxil edilməyib. Çünki hər hansı testin məcburi protokola daxil edilməsi epidemioloji əsaslandırma tələb edir. Virusun yerli daşıyıcılar arasında dövriyyəsinin olmadığı şəraitdə kütləvi testləşdirmə elmi əsası olmayan əlavə işdən başqa bir şey deyil.

 

Texnoloji suverenlik və sistemin hazırlığı

Lakin bütün qeyd olunanlara baxmayaraq, Azərbaycan Səhiyyə Nazirliyi yüksək hazırlıq və nəzarət səviyyəsini qoruyub saxlayır. Milli səhiyyə sisteminin müasir strukturu elə qurulub ki, “ənənəvi təcrübədə olmaması” “mümkünsüz olduğu” anlamına gəlmir. Ölkədə həm insan sağlamlığı, həm də baytarlıq profilli laboratoriyalar fəaliyyət göstərir və onlar hantavirusların aşkarlanması üçün zəruri avadanlıqlarla təchiz olunub.

Nazirliyin strategiyası preventiv monitorinq və ünvanlı reaksiya prinsiplərinə əsaslanır. ÜST-nin tövsiyələrinə uyğun olaraq əsas diqqət endemik regionlardan gələn şəxslərə (Şərqi Avropanın, Asiyanın və ya Şimali Amerikanın müəyyən bölgələrindən gələnlərə) yönəldilir. Xüsusi klinik simptomlar – hərarətin qəfil yüksək həddə artması, bel nahiyəsində ağrılar, hemorragik əlamətlər və ya kəskin tənəffüs çatışmazlığı müşahidə olunduqda təsdiqlənmiş klinik protokollara uyğun şəkildə dərhal müayinələr təşkil edilir. Demək, müşahidə rejimindən fəal diaqnostika rejiminə ani keçid etməyə qadir olan çevik sistem var.

 

Pandemiya riskləri və reallıq

Hantavirusun səbəb ola biləcəyi yeni qlobal epidemiyanın dünyanı təhdid edib-etməyini dəqiqləşdirmək üçün virusologiya və yoluxma mexanizmləri ilə bağlı dərin biliklərə sahib olmaq lazımdır. Yüksək pandemiya potensialına malik viruslardan fərqli olaraq, hantaviruslarda ciddi bioloji məhdudiyyətlər var. İnsanların yoluxmasının əsas yolu aerogen (gəmiricilərin qurumuş ifrazatlarını ehtiva edən tozun tənəffüs yoluna düşməsi) və ya təmasdır. Virusun pandemiyaya səbəb olması üçün isə onun insandan insana “effektiv” şəkildə ötürülməsi vacibdir. Hantaviruslarla bağlı belə ötürülmə son dərəcə nadir hadisə hesab olunur. Yeganə məlum istisna Cənubi Amerikada yayılmış “Andes” virusudur ki, orada yaxın ailə təması şəraitində insanlararası yoluxmanın tək-tək halları qeydə alınıb. Lakin hətta bu ştam belə, populyasiya daxilində sürətli və kütləvi yayılma qabiliyyəti nümayiş etdirmir. Odur ki, elmi baxımdan hantaviruslar gəmiricilərin sayının anomal artması və ya insanların aqrotexniki fəaliyyətindəki dəyişikliklərlə əlaqəli lokal ocaqlara səbəb ola bilər, lakin onların qlobal pandemiyaya çevrilməsi ehtimalı son dərəcə aşağı olaraq qalır.

Ümumiyyətlə, Azərbaycan Səhiyyə Nazirliyi beynəlxalq tibbi-sanitar qaydalar çərçivəsində beynəlxalq ictimaiyyətlə fəaliyyətini aktiv şəkildə koordinasiya edir. Bu, epidemiyalar barədə məlumatların operativ mübadiləsini, miqrasiya marşrutlarının monitorinqini və sərhədlərdə sanitariya normalarına riayət olunmasına nəzarəti əhatə edir.

 

Önləyici tədbirlər və gigiyena

Azərbaycanda yerli gəmiricilərdə virusun aşkarlanmaması səbəbilə yoluxma riski, demək olar ki, sıfıra bərabər sayılsa da, ümumi tibbi-sanitar savadlılıq baxımından profilaktika qaydalarını bilmək vacibdir. Bu, xüsusilə xarici ölkələrə səfərlər edən və ya spesifik şəraitdə çalışan insanlara aiddir.

Müdafiənin əsas prinsipi gəmiricilər və onların istifadə etdikləri məhsullarla təmasdan yayınmaqdır. Virus xarici mühitə qarşı son dərəcə həssasdır. O, günəş işığının, yüksək hərarətin və adi dezinfeksiya vasitələrin təsiri altında sürətlə məhv olur. Odur ki, ən təhlükəli məkanlar siçanabənzər gəmiricilərin məskunlaşa biləcəyi qapalı, kölgəli və tozlu yerlərdir (anbarlar, zirzəmilər, qış mövsümündən sonra istifadə olunan bağ evləri və s.).

Risklərin minimuma endirilməsi üçün bir sıra qaydalara əməl etmək tövsiyə olunur:

- gəmiricilərin ola biləcəyi məkanların təmizlənməsi zamanı quru təmizləmə üsullarından (süpürgə, tozsoran və s.) istifadə qəti qadağandır. Çünki bu, yoluxmuş tozun havaya qalxmasına səbəb olur. Bu işlər zamanı yalnız xlor tərkibli və ya digər dezinfeksiya məhlullardan istifadə ilə nəm təmizləmə aparılmalıdır;

- potensial təhlükəli yerlərdə işləyərkən respirator və əlcəklərdən istifadə edilməlidir;

- qida məhsulları zərərvericilərin daxil ola bilməyəcəyi hermetik qablarda saxlanmalıdır;

- yaşayış və təsərrüfat tikililərində gəmiricilərin məhv edilməsinə yönəlmiş tədbirlər kompleksi - deratizasiya mütəmadi şəkildə aparılmalıdır.

 

Nəticə

Mövcud vəziyyətin təhlili birmənalı nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda hantavirusla bağlı epidemioloji vəziyyət sabit və tam nəzarət altındadır. Yerli fauna arasında infeksiyanın təbii ocaqlarının olmaması ölkənin təhlükəsizliyini təmin edən əsas amildir. ÜST-nin təsdiqlənmiş məlumatlarına əsaslanan Səhiyyə Nazirliyinin açıqlamaları da əhali üçün narahatlığa əsas olmadığını təsdiqləyir.

Dünya ictimaiyyətinin də bu tip pandemiya ilə üzləşməsi ehtimalı çox aşağıdır. Lakin lokal risklər daimi elmi nəzarət tələb edir. Azərbaycan vətəndaşları üçün əsas arxayınlıq mənbəyi rəsmi məlumatlara etibar və elementar gigiyena qaydalarına riayət olmalıdır. Dövlət isə beynəlxalq səhiyyə standartlarına tam uyğun şəkildə fəaliyyət göstərərək, istənilən bioloji çağırışa qarşı milli sərhədləri qorumaq üçün zəruri elmi-texniki potensialını qoruyub saxlayır.


MƏSLƏHƏT GÖR:

37