23 İyun 2026

Çərşənbə axşamı, 19:09

VALDAS DAMBRAUSKAS: “BU UĞURA LAYİQ İDİK”

“Sabah”ın litvalı məşqçisi komandasının Azərbaycandakı uğurunun sirlərini bölüşür

Müəllif:

01.06.2026

2026-cı il Azərbaycan futboluna yeni bir ad qazandırıb. Son illərin daimi çempionu olan “Qarabağ” 2025/2026 mövsümündə titulsuz qaldığı halda, paytaxtın “Sabah” komandası həm Azərbaycan çempionluğunu, həm də Azərbaycan kubokunu qazanıb. Beləliklə, “Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “qızıl dubl” edən ilk əcnəbi məşqçi kimi tarixə düşüb.

Çətin mövsümün sonunda litvalı məşqçi ilə görüşdük. Söhbətimizdə Dambrauskas Azərbaycan futbolu, nailiyyətləri və gələcək hədəfləri barədə danışıb.

 

- İlk növbədə, sizi təbrik edirik. Azərbaycan çempionatında və ölkə kubokunda qələbə qazanaraq “qızıl dubl” etdiniz. Maraqlıdır “Sabah”ın uğurunun sirri nədədir?

- Birinci dəfə çempion olmaq çox çətindir. Məlum olduğu kimi, “Sabah” tarixində ilk dəfə çempionatda qələbə qazanıb. Eyni mövsümdə həm də kuboku götürdüyümüzə görə özümüzü xoşbəxt saya bilərik. Uğurun sirri isə futbolçularla məşqçi heyətinin bir-birini yaxşı başa düşməsinin nəticəsidir. Rəhbərlik bizə lazımi şəraiti yaradıb. Komanda olaraq çalışdıq ki, mövsümü birinci pillədə başa vuraq. Hər oyunda yalnız qələbə barədə düşünərək uzun marafonda qalib gəldik. Taktiki yanaşma, oyunlara hazırlaşmaq, rəqibin təhlili də uğurumuzda rol oynayıb. “Sabah”ın gözəl bazası var. Həmin bazada işləyən sıravi əməkdaşdan ən yüksək rəhbərə qədər – hamının çempionluqda əməyi danılmazdır. Və ən əsası komandam qazandığı uğurlara tam layiqdir.

- Nə vaxt hiss etdiniz ki, artıq Azərbaycan çempionusunuz?

- Aprelin 30-da “Neftçi”-“Qarabağ” matçından sonra arxayınlaşdım. Riyazi cəhətdən “Qarabağ”ın bizə çatması mümkünsüz görünürdü. Məhz həmin oyundan sonra çempionluğu hiss etməyə başladıq.

- Azərbaycan futbolunda hansı rəqiblərə qarşı oynamaq çətin idi?

- Azərbaycan futbolunun özünəməxsus cəhəti var. Lakin premyer liqada qalib gəlmək heç də asan deyil. İddialı komandalarınız var və həmin kollektivlərdə kifayət qədər təcrübəli məşqçilər işləyir. Son illərin dəyişməz çempionu “Qarabağ”ı qeyd etməliyəm. Qurban Qurbanov ölkə futbolu üçün böyük işlər görməkdə davam edir. Çempionlar Liqasında əsas mərhələdə çıxış etmək və 1/16 finala vəsiqə qazanmaq böyük uğurdur. Əlbəttə, “Qarabağ”a qarşı oynamaq heç vaxt asan olmayıb. “Neftçi”də işləyən hörmət etdiyim Yuri Vernidub barədə ancaq xoş sözlər söyləyə bilərəm. Qısa müddətdə komandanı dəyişib və oyun səviyyəsini artırıb. Eyni zamanda “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin zəngin təcrübəyə malik olduğunu bilirsiniz. Mənim komandam Qurbanov, Berdıyev və Vernidub kimi məşqçilərin işlədiyi çempionatda birinci olub. Ona görə qələbəmizi çox yüksək dəyərləndirirəm.

- Azərbaycan azarkeşi avrokuboklarda “Sabah”dan böyük nəticələr gözləyir. İlk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcəksiniz. Komandanızın əsas hədəfi nədən ibarət olacaq?

- Qələbə hər zaman böyük məsuliyyət yaradır. İndi biz fərqli ölkələrin çempionları ilə mübarizə aparmalıyıq. Çempionlar Liqası tam fərqli və nüfuzlu yarışdır. Hansı mərhələyədək çıxış edəcəyimizi proqnozlaşdırmaq istəmirəm. Biz püşkü gözləməliyik və addım-addım irəliləməliyik. Rəqibi düzgün təhlil etməklə yanaşı üzərimizdə daha çox işləməliyik.

- Azərbaycan çempionatı barədə nə düşünürsünüz?

- Sizin çempionat barədə xoş fikirdəyəm. Rəqiblərə və onların məşqçilərinə təşəkkür edirəm. Çünki onlara qarşı mübarizə aparmaqla inkişaf etdim. Bacarığımı və təcrübəmi artırdım. Hər tur rəqiblərə qarşı ciddi hazırlaşmağa məcbur olduq. Buna görə maraqlı oyunlar izlədik. Çempionatınız mənə daha güclü olmağa kömək edib.

- Azərbaycanın bölgələrinə səfər etmisiniz. Ölkə haqqında hansı təəssüratlarınız yaranıb?

- Azərbaycan karyeramda işlədiyim 9-cu ölkə olub. Çempionatda fasilə yarananda ailəmlə birgə regionları görmək imkanından yararlandım. Fərqli ölkələri və mədəniyyətləri görmək, təbiəti kəşf etmək, yerli insanlarla tanış olmaq imkanı mənim üçün böyük təcrübədir. Futbol sahəsində işləməyin ən gözəl tərəflərindən biri də budur. Bu iş insana həftəsonu qazanılan qələbədən daha çoxunu verir. Bir dəfə millinin oyunları ilə bağlı fasilədə Şahdağa səfər etdim. Laza və Xınalıq kəndlərinə getdim. Landşaftı çox düz olan Litvadan gəldiyim üçün dağlara və yüksəkliklərə xüsusi marağım var. Şahdağda onların kifayət qədər çox olduğunu gördüm. Bu, unudulmaz səyahət idi. Ötən il Siyəzəndəkı dağlara və Qobustan Milli Parkına da getmişdim. Bu səfərlər də məndə çox gözəl təəssüratlar yaradıb. Azərbaycan çox gözəldir. İnsanları qonaqlara qarşı çox diqqətlidirlər.

- Gərgin oyunlardan sonra necə dincəlməyi xoşlayırsınız?

- Səyahət etməkdən gözəl istirahət tanımıram. Baş məşqçi işi həm çox çətin, həm də tələbkardır. Hər gün 30–40 nəfərin qarşısına çıxmalı, onlarla danışmalı, istiqamət verməli, ruhlandırmalı, liderlik etməlisən. Bunu bir-iki gün etmək çətin deyil, amma aylarla, bütün mövsüm ərzində etmək çox çətindir. Bunun üçün hər gün özünü bir az da inkişaf etdirməlisən ki, boşluq buraxmayasan. Mən müxtəlif mənbələrdən ilham alıram. Məsələn, kitablardan, insanlardan, filmlərdən, teatr və musiqidən və sair. Səyahət də bunlardan biridir. Yerli mədəniyyəti, tarixi və ənənələri anlamaqla yerli futbolçularla daha yaxşı bağ qura bilirəm və onları daha yaxşı başa düşürəm.

- Sonda azarkeşlərə nə demək istərdiniz?

- “Sabah” azarkeşlərinə çox təşəkkür edirəm. Ümumiyyətlə, bütün fanatlara minnətdaram. Çempionatdakı matçları daha rəngarəng edən məhz azarkeşlərdir. Bizim komandanın azarkeşlərinə çox sağ ol deyirəm. “Sabah”a dəstək olmağa davam etsinlər. Biz yenə də onları sevindirməyə çalışacağıq.



MƏSLƏHƏT GÖR:

27