8 İyul 2026

Çərşənbə, 21:35

AVROPADA NÖMRƏ BİR

Azərbaycan milli komandası qitəni yenidən fəth edərək Avropa futzalının lideri statusunu təsdiqləyib

Müəllif:

15.06.2026

Minifutbol üzrə Azərbaycan millisi ikinci dəfə Avropanın ən güclüsü olduğunu sübut edib. Slovakiyada keçirilən Avropa Çempionatında milli komanda bütün rəqiblərini məğlub edərək tarixində ikinci dəfə çempionluq titulunu qazanıb.

 

Qələbəyə gedən çətin yol

Bratislavada təşkil olunan Avropa çempionatında Azərbaycan millisi F qrupunda mübarizə aparıb. Azərbaycan komandası qrup mərhələsini maksimum nəticə – 9 xalla başa vurub. Avstriya ilə ilk qarşılaşmada minimal hesablı qələbə (1:0) qeydə alınıb. Ardınca İtaliya yığması üzərində inamlı 3:0 hesablı qələbə qazanılıb. Üçüncü turda keçirilən Fransa ilə gərgin və prinsipial oyun 3:2 hesabı ilə Elşad Quliyevin komandasının xeyrinə başa çatıb. Bu nəticələr Azərbaycan seçməsinə nəinki qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazandırıb, həm də komandanın turnir favoritlərindən biri olduğunu təsdiqləyib.

Pley-off mərhələsi komandamız üçün daha böyük psixoloji və fiziki dözümlülük tələb edib. 1/8 finalda Qazaxıstan millisi ilə oyunda komandamız 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb. 1/4 finalda isə Çexiya seçməsi üzərində 5:2 hesablı parlaq qələbə əldə olunub.

Yarımfinalda Serbiya ilə matç əsl dramatik idman mübarizəsi ilə yadda qalıb. Əsas vaxtı 1:1 hesabı ilə bitən gərgin qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib. Minifutbol üzrə Azərbaycan komandası 3:1 hesabı ilə rəqibi üstələyərək finala vəsiqə qazanıb.

İyunun 4-də “Tipos Arena”da baş tutan həlledici final matçında yığmamızın rəqibi Ukrayna millisi olub. Taktiki və texniki üstünlüyü əldən verməyən Azərbaycan kollektivi rəqibi 2:0 hesabı ilə məğlub etməyi bacarıb. Mirmehdi Rzayev və İsa Atayevin vurduğu qollar Azərbaycan millisinə qızıl medalları və növbəti qitə çempionluğunu gətirib.

Beləliklə, Slovakiyada keçirilən Avropa çempionatında Ukrayna üzərində 2:0 hesablı qələbə qazanan Azərbaycan minifutbol millisi qitənin ən güclüsü adını qazanaraq ikiqat Avropa çempionu olub. Baş məşqçi Elşad Quliyevin rəhbərliyi ilə komanda əvvəlcə 2022-ci ildə bu titula sahib çıxıb, 2025-ci ildə isə dünya çempionu olub. İndi isə ikinci dəfə Avropa çempionluğunun sevinci yaşandı.

 

“Nəticəni təkrarlaya bilərik”

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev “Region Plus”a açıqlamasında əldə olunan uğurlu nəticəni şərh edib: “Etiraf edək ki, üzərimizdə müəyyən təzyiq var idi. Lakin mən və məşqçi heyəti hazırlıq prosesinin ilk günündən etibarən futbolçulara bu məsuliyyətin öhdəsindən gələ biləcəyimizi aşılayırdıq. Onlara daim bildirirdik ki, bu uğuru yenidən qazanmaq gücündəyik. Düşünürəm ki, məhz bu inam və özgüvən sayəsində qarşıya qoyduğumuz məqsədə çatdıq və növbəti dəfə Avropa çempionu olduq.

Bu uğurlarda Azərbaycan Minifutbol Federasiyasının da böyük rolu var. Fürsətdən istifadə edərək Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm. Məqsədimiz Azərbaycanda bütün yaş qrupları üzrə minifutbol komandalarının formalaşdırılmasıdır. İstəyirik ki, yeni futbolçular yetişsin, bu sahədə davamlılıq təmin olunsun və qazandığımız uğurların ardı gəlsin. Bu gün dünya reytinqində birinci yerdə olmaq, əlbəttə ki, qürurvericidir. Lakin yalnız bugünkü nəticələrlə kifayətlənsək, sabahı itirə bilərik. Ona görə də əsas məqsəd əldə etdiyimiz mövqeyi qorumaqdır. Bunun üçün yeni nəsil futbolçular yetişdirməli, minifutbolun inkişafı istiqamətində sistemli işi davam etdirməliyik”.

Qeyd etmək lazımdır ki, Azərbaycan Minifutbol Federasiyası (AMF) qısa müddətdə minifutbolun ölkədə ayrıca idman növü kimi tanınmasına və dövlət səviyyəsində dəstəklənməsinə nail olub. Bu, komandanın maddi və mənəvi cəhətdən tam təminatlı olmasını şərtləndirib.

 

Sona qədər mübarizə aparanda

Elşad Quliyevin rəhbərliyi altında komanda yalnız hücum potensialı ilə deyil, həm də müdafiədə nizamlı oyunu ilə seçilib. Bütün rəqiblərin oyun üslubunun detallı təhlili və matç ərzində taktiki dəyişikliklərin düzgün edilməsi qələbəni təmin edib.

Bir çox oyunlarda, xüsusilə Serbiya və Fransa ilə qarşılaşmalarda komandanın sona qədər mübarizə aparıb və çətin vəziyyətlərdən qalib çıxmağı bacarıb. Mirmehdi Rzayev, İsa Atayev kimi liderlərin həlledici məqamlarda məsuliyyəti öz üzərinə götürməsi komandaya böyük kömək olub. 2022-ci ildə Avropa, 2025-ci ildə dünya çempionu olan “qızıl nəsil” artıq böyük turnirlərin təzyiqinə və gərginliyinə öyrəşib. Bu təcrübə həlledici finallarda sakit və soyuqqanlı qərarlar verməyə imkan verib.

Slovakiyadakı qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olan Azərbaycan minifutbol millisini təbrik edib. Dövlət başçısı sosial şəbəkələrdəki paylaşımında komandanın 2022-ci ildə Avropa, 2025-ci ildə dünya və nəhayət, yenidən Avropa çempionu olmasını ölkəmizin idman tarixinə yazılmış parlaq səhifə kimi qiymətləndirib. Birinci vitse-prezident Mehriban Əliyeva da milli komandaya təbriklərini çatdırıb və yeni uğurlar arzulayıb.

Çempionların Bakıda böyük coşqu ilə, azarkeşlərin müşayiəti ilə təşkil olunan zəfər turu ölkədə bu idman növünə olan marağın və qazanılan uğurun xalq tərəfindən necə böyük qürurla qarşılandığının bariz nümunəsidir.

Minifutbol üzrə Azərbaycan millisinin qazandığı bu tarixi zəfər idmanımızın dünyadakı mövqeyini daha da möhkəmləndirib. İkiqat Avropa və dünya çempionu statusu rəqiblərin komandamıza olan yanaşmasını dəyişdirəcək. Gələcəkdə bu idman növünün kütləviləşməsi, uşaq və gənclər arasında əhatə dairəsinin artırılması Azərbaycanın minifutbol məktəbinin uzunmüddətli hökmranlığını təmin edə bilər.



MƏSLƏHƏT GÖR:

30