11 Avqust 2026

Çərşənbə axşamı, 23:32

AYDIN ƏFSANƏNİ MƏĞLUB ETDİ

Honkonqda sensasiya və iki qızıl medal

Müəllif:

01.07.2026

Yayın ilk ayında iki əlamətdar hadisə yaşanıb. Azərbaycan şahmat komandasının Honkonqda keçirilən rapid və blits üzrə komandalar arasında dünya çempionatında çıxışı, həqiqətən də, sensasiyalı idi.

Dünya çempionatında ölkəmizi təmsil edən “Odlar Yurdu” gənc şahmatçılardan formalaşmasına baxmayaraq, yarışda səs-küy yaratmağı bacarıb. Komandanın təcrübəli üzvü Aydın Süleymanlı dünya reytinqinin lideri Maqnus Karlsenə qalib gələrək diqqətə səbəb oldu. Aydının uğuru “Odlar Yurdu” komandasının turnirin əsas favoritlərindən biri sayılan “WR Chess” üzərində qələbəsində mühüm rol oynayıb. Görüş Azərbaycan kollektivinin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatdı.

Yekun nəticəyə əsasən Azərbaycanı yarışda təmsil edən “Odlar Yurdu” komandası rapid turnirində 7-12-ci yerləri bölüşüb. Komanda blits yarışında isə 1/8 final mərhələsində mübarizəni dayandırıb. Buna baxmayaraq, “Odlar Yurdu”nun üzvü Vüqar Manafov fərdi nəticəsi ilə fərqlənib. Şahmatçı altıncı lövhədə ən yüksək göstəriciyə imza ataraq qızıl medala layiq görülüb.

 

Arzular çin olanda

“Odlar Yurdu” ilk onluqda yer almasa da, Aydın Süleymanlının qələbəsi barədə xüsusi danışmağa ehtiyac var. İdmanda bəzən bir qələbə, bütün turnirin nəticəsindən daha çox müzakirə edilir və tarixə düşür. Aydın Süleymanlının dünya şahmatının canlı əfsanəsi, dəfələrlə dünya çempionu Maqnus Karlsen üzərində qələbəsi elə uğurlardan biridir. Uşaq yaşlarında Maqnusun fenomenal oyununu izləyən Aydının arzularından biri əfsanəvi şahmatçıya qarşı mübarizə aparmaq olub. Və nəhayət, həmin arzu Honqkonqda həyata keçib.

Turnirdə ardıcıl 3 partiyada məğlub olan Maqnus dördüncü məğlubiyyətini Aydınla mübarizədə rəsmiləşdirib. Maraqlıdır ki, Süleymanlı çempionatdan öncə kapitan Rauf Məmmədova məhz ən güclülərin çıxış etdiyi birinci lövhədə oynamaq istəyini çatdırıb. “Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə, hər bir şahmatçının arzusu Karlsenə qarşı oynamaqdır. Mən arzuma çatdım, hətta qalib də gəldim”, - A.Süleymanlı bildirib.  

Gənc qrossmeysterin sözlərinə görə, artıq növbəti rəqiblərə tamam fərqli psixologiya ilə yanaşır. Karlsen üzərində qələbə qazanan hər şahmatçı bu oyunu karyerasının xüsusi qələbəsi kimi yadda saxlayır. Aydın Süleymanlı da həmin oyunu unutmayacağını deyir: “Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdır. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacağam.  Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90 faiz insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindir. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm”.

 

Qələbəyə doğru şanlı yol

İstedadlı qrossmeyster şahmata erkən yaşlarından maraq göstərib və uğurları üçün çox gözləmək lazım gəlməyib. 6 yaşından etibarən beynəlxalq yarışlara qatılan Aydın 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinciliyə yiyələnib. O, həmin ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. Süleymanlı 2014-cü ilin noyabrında blits və rapid növü üzrə Avropa çempionatında bütün rəqiblərini üstələyib, həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.

 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunan Avropa çempionatında 9 oyundan 7,5 xal yığan Aydın 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb. Süleymanlı 2019-cu ildə 2 titula yiyələnib. Belə ki, o, Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu tituluna sahib çıxıb. Həmçinin 2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərindəki 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.

2023-cü ildə beynəlxalq qrossmeyster adını qazanan Süleymanlı artıq Azərbaycan milli komandasının üzvüdür. Həm fərdi yarışlarda, həm də milli komandanın heyətində stabil uğurlu nəticələri ilə diqqət çəkən Süleymanlının Karlsen üzərində qələbəsi onun daha böyük uğurlara nail olmağa əlavə güc verəcək.

 

Montesilvanoda qızıl

Ölkə şahmatı adına daha bir qələbə xəbəri İtaliyanın Montesilvano şəhərindən gəlib. Burada 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında şahmat üzrə dünya çempionatında Azərbaycan 2 qızıl medal qazanıb.

14 yaşadək qızlar arasında yarışda lider mövqeyini qoruyan Zəhra Allahverdi 11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayaraq xalını 9-a çatdırıb və dünya birinciliyinin qızıl medalına layiq görülüb.

Azərbaycan şahmatçılarından növbəti qızıl medalı 16 yaşadək kateqoriyasında çıxış edən gənc istedad Xaqan Əhməd əldə edib. Dünya çempionatı ərzində inamlı mübarizə sərgiləyən 14 yaşlılar arasında Avropa çempionu 11-ci turda FIDE təmsilçisi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra aktivində 9,5 xalı olan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və onların şərəfinə Azərbaycan himni səsləndirilib.

Hər iki yeniyetmənin çempionluğu müstəqil Azərbaycan tarixində ilkdir. Zəhra və Xaqanın qələbəsi 14 yaşlı qızlar və 16 yaşlı oğlanlar arasında dünya çempionatında Azərbaycanın ilk qızıl medalıdır.



MƏSLƏHƏT GÖR:

36