19 Avqust 2026

Çərşənbə, 04:53

“QARABAĞ”: YENİ DÖVR

Tarixindəki ən böyük satışlardan sonra klub yeni komanda qurur

Müəllif:

15.07.2026

2025/2026 mövsümündə “Qarabağ” klubu Çempionlar Liqasında ilk dəfə 1/16 final mərhələsinə qədər irəlilədi. Avrokuboklarda tarixə nəticəyə baxmayaraq, Qurban Qurbanovun komandası ölkə çempionu titulunu qoruya bilmədi. Bundan sonra Azərbaycan Premyer Liqasında ikinci yeri tutan “köhlən atlar” heyətdə köklü islahatlara başladı.

 

Klub fəlsəfəsi və transfer siyasəti

"Qarabağ" FK-nın 2026/2027-ci illər futbol mövsümünün startı ərəfəsində həyata keçirdiyi dəyişiklikləri klub fəlsəfəsinin və transfer siyasətinin dəyişməsindən xəbər verir. Uzun illərdir Azərbaycan Premyer Liqasında hegemonluq edən və Avropa arenalarında sabit çıxış edən Ağdam təmsilçisi baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında strateji gəncləşdirmə və "maliyyə balansı" mərhələsinə qədəm qoyub.

"Qarabağ"ın bu mövsümkü fəaliyyəti sistemli yenilənmə zərurətindən doğub. Klub rəhbərliyi və məşqçilər heyəti komandanın ortalama yaşını optimallaşdırmaq və avrokubokların təqviminə dözə biləcək dinamik bir heyət formalaşdırmaq istəyir. Son statistikaya əsasən, komandanın ümumi heyəti 27 oyunçudan ibarətdir və heyətin yaş ortalaması 27,1 olaraq sabitləşib. Klubda əcnəbi oyunçuların (legionerlərin) nisbəti 70,4% (19 futbolçu) təşkil edir ki, bu da beynəlxalq təcrübənin qorunması baxımından önəmlidir.

Komandanın onurğa sütununu təşkil edən bir neçə aparıcı simanın ayrılması həm taktiki boşluqlara yol açıb, həm də kluba ciddi maliyyə dividendi qazandırıb.

Leandro Andrade (3 milyon avro - "Polissya" Ukrayna): 26 yaşlı sağ cinah vingerinin Ukrayna təmsilçisinə transferi cari pəncərənin ən mühüm gəlir mənbəyi olub. Andradenin yüksək fərdi sürəti və hücumları yaradıcı şəkildə tamamlamaq bacarığı "Qarabağ"ın hücum rəngarəngliyinin əsası idi. Onun gedişi həm də oyunçunun şəxsi karyerasında yeni maliyyə şərtləri axtarışı ilə bağlı reallaşıb.

Kamilo Duran ("Seltik" Şotlandiya): kolumbiyalı hücumçunun Şotlandiya nəhənginə keçidi Azərbaycan futbolu üçün tarixi rekord transferlərdən biri hesab olunur. Ötən mövsüm bütövlükdə 48 rəsmi matçda 15 qol vurub, 10 məhsuldar ötürmə ilə yaddaqalan, xüsusilə UEFA Çempionlar Liqasında 10 oyuna 5 qol vuran 24 yaşlı hücumçunun gedişi hücum xəttində böyük bir boşluq yaradıb. Klub bu transferdən təxminən 5,5 milyon funt-sterlinq (12 milyon manat) səviyyəsində böyük bir kapital formalaşdırıb.

Kevin Medina ("Johor DT" Malayziya): 2020-ci ildən bəri müdafiənin mərkəzində dayaq rolunu oynayan 33 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi, klub tərəfindən qarşılıqlı razılıq əsasında təzminatsız olaraq sərbəst buraxılıb. Onun Asiya klubuna azad agent kimi qoşulması müdafiə xəttində təcrübəli idarəçi itkisi deməkdir.

Eyni zamanda Tural Bayramovun Türkiyənin "Bursaspor" klubuna keçməsi, qapıçı Fabiyan Buntiçin Portuqaliyanın "Farense" klubuna yollanması və gənc qapıçı Amin Ramazanovun azad agent kimi "Sabah" FK-ya qoşulması rotasiya imkanlarını daraltsa da, yeni qan dəyişikliyinə şərait yaradıb.

"Qarabağ" itkilərin yerini doldurmaq üçün seleksiya işlərini sürətləndirib və yay transfer pəncərəsində ard-arda 8 yeni futbolçu ilə rəsmi müqavilə imzalayaraq heyəti möhkəmləndirib. Yeni gələn oyunçuların yaş ortalamasının 25 olması klubun gələcək vəd edən dinamik heyət qurmaq hədəfini dəqiq şəkildə təsdiqləyir.

 

Yeni transferlər arasında

Bruno Lanqa (1 milyon avro / "Almeriya" - İspaniya): Mozambik millisinin 28 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına qədər 3 illik müqavilə imzalanıb. Son olaraq İspaniyanın "Almeriya" və Portuqaliyanın "Eştrela" klublarında oynayan futbolçu, Elvin Cəfərquliyevin yerini doldurmaq və sol cinahı etibarlı qorumaq missiyasını daşıyır. Lanqa UEFA Avropa Liqasının ilk rəsmi matçında start heyətdə debüt edərək özünü doğrultmağa başlayıb.

Cebrail Makreçkis (1 milyon avro / "Ferentsvaroş" - Macarıstan): Almaniyada doğulan və Leverkuzen "Bayer"inin yetirməsi olan 26 yaşlı sağ cinah müdafiəçisi komandanın 8-ci və son rəsmi transferi olub. Müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulan latviyalı müdafiəçi, "Qarabağ"ın müdafiə bərpasında həlledici rol oynayacaq keyfiyyətlərə (Dortmund "Borussiya"sı və Macarıstan çempionatı təcrübəsi) malikdir.

Bence Varkonyi (1 milyon avro / "Zalaegerszeg" - Macarıstan): Kevin Medinanın gedişindən sonra mərkəz müdafiəsini gücləndirmək üçün alınan 24 yaşlı macar stoper fərdi keyfiyyətləri ilə müdafiə ikilisini sığortalamağa qadirdir.

Renaldo Sefas (880 min avro / "Pari NN" - Rusiya): Yamayka millisinin 26 yaşlı hər iki cinah vingeri və mərkəz hücumçusu ilə 3 illik müqavilə bağlanıb. Şimali Makedoniya ("Şkupi") və Türkiyə ("Ankaragücü") liqalarındakı çıxışı ilə tanınan Sefas, hücum xəttində daxili dinamikanı artıracaq əsas fiqurdur.

Martin Zlomisliç (500 min avro / "Riyeka" - Xorvatiya): Bosniya və Herseqovina millisinin 27 yaşlı qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb. Komandanın qapı xəttini qorumaq üçün gətirilən Zlomisliç əsas qapıçı Mateuş Koxalskiyə əvəzedici kimi dəvət olunub.

Zakaria Savo (500 min avro / "Yurqorden" - İsveç): 26 yaşlı hücumçu ön xətdə fərqli taktiki gedişlər və fiziki mübarizə üçün Qurban Qurbanovun əlində önəmli bir "silah" rolunu oynayacaq.

Samuel Lobato (150 min avro / "Portimonense" - Portuqaliya) və Jali Muaddib (30 Min Avro / "Omoniya Aradippou" - Kipr): Orta sahə və sol cinahın rotasiyasını zənginləşdirmək məqsədilə transfer edilən bu gənc oyunçular komandanın texniki oyununa dəstək vermək üçün nəzərdə tutulublar.

 

Məqsədlər və tapşırıqlar

Heyətdəki bu kəskin dəyişiklik Qurban Qurbanovun illərdir tətbiq etdiyi 4-2-3-1 dominant oyun fəlsəfəsinin bəzi elementlərinin yenilənməsini məcburi edir. Andrade və Duranın gedişi komandanı daha çox top saxlamaqla hücum quracağını proqnozlaşdırmağa imkan verir. Bununla belə, Renaldo Sefasın həm cinahlarda, həm də mərkəzdə oynaya bilməsi "Qarabağ"a rəqib müdafiəni fərdi reydlərlə yarmaq şansı tanıyır. Sefas və Muaddib cinahları rəqib üçün daha təhlükəli edəcək. Kevin Medinanın gedişi ilə müdafiənin mərkəzində sabitlik itə bilərdi. Lakin Bence Varkonyi və sağ cinahda Makreçkis kimi bundesliqa görmüş oyunçunun yer alması komandanın pressinq zamanı müdafiə xəttini daha irəlidə qurmasına kömək edəcək. Bruno Lanqanın sol cinahda Elvin Cəfərquliyevi əvəzləməsi və ya onunla rəqabətə girməsi sol cinah hücumlarını daha kəsərli edir.

Baş məşqçi Qurban Qurbanovun da qeyd etdiyi kimi, rəsmi matçlar öncəsi bəzi yeni futbolçuların komandanın taktiki intizamına və oyun fəlsəfəsinə uyğunlaşma dövrü bir qədər ağır və çətin keçir. Avstriya toplanışında komandanın "Ferentsvaroş"a 0:1 hesabı ilə uduzması və "Metallist"ə 2:6  hesabı ilə məğlub olması müdafiə və yarımmüdafiə keçidlərində hələ də tam həllin tapılmadığını təsdiqləyir.

Hiss olunur ki, "Qarabağ" klubu 2026/2027 mövsümünə transfer balansını ağıllı şəkildə idarə edərək, gələcək vəd edən oyunçulara daha çox etibar edəcək. Toplamda 5 milyon avrodan çox xərc çəkilərək gətirilən 8 yeni oyunçu, klubun həm daxili çempionatı maneəsiz tamamlamaq, həm də UEFA Avropa Liqasında qrup və pley-off mərhələlərində iddialı olmaq məqsədindən dönmədiyini göstərir. Komandanın əsas hədəfi yeni və gənc heyəti ən qısa zamanda vahid güclü komanda kimi formalaşdıraraq Avropa Liqasında tarixə imza atmaqdır.



MƏSLƏHƏT GÖR:

38