YENƏ ZİRVƏDƏ
Azərbaycan gimnastları yenidən dünyanın ən yaxşıları sırasında
Müəllif: Nadir XOSROVOĞLU
İyulun 4-5-də Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib. Yarış Azərbaycan gimnastları üçün yüksək nəticələrlə əlamətdar olub.
İki yarışın nəticələrinə görə
Yarışda ölkəmizi batut gimnastikası üzrə təmsil edən Maqsud Mahsudov 60.760 xalla 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Finalda Maqsud Mahsudov 61.440 xal toplayaraq yarışı 7-ci pillədə tamamlayıb.
Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov gərgin mübarizəyə baxmayaraq bürünc medalın sahibi olub.
Tamblinq üzrə yarışda Mixail Malkin 59.400 xalla 2-ci, Tofiq Əliyev isə 58.100 xalla 3-cü yeri tutaraq finala yüksəliblər. Tamblinq üzrə dünya və Avropa çempionu Mixail Malkin həlledici mübarizədə zirvəyə yüksəlməyi bacarıb. Titullu tamblinqçimiz 32.300 xalla bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb. Milli komandanın digər təcrübəli idmançısı Tofiq Əliyev isə 29.300 xalla üçüncü yeri tutaraq bürünc medal qazanıb. Gümüş medala Portuqaliya təmsilçisi Vasco Peso layiq görülüb.
Eyni gündə keçirilən Coimbra GymFest beynəlxalq turnirində də Azərbaycan gimnastları uğurlu çıxışları ilə yadda qalıblar. Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb. Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev qızıl medala layiq görülüblər.
Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə bürünc medal əldə edib. Bundan əlavə, Sənan Rzazadə qızıl, Əsnad Niftiyeva və Xədicə Məmmədzadə də gümüş medalla turniri başa vurublar.
Portuqaliyadakı yarışdan sonra Dünya Kubokunun cari mövsüm keçirilən yarışlar üzrə qalibi müəyyənləşib. Tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin Dünya kuboku seriyasının qalibi adını qazanıb. İdmançı mövsüm ərzində keçirilən Dünya kuboku yarışlarında nümayiş etdirdiyi yüksək və stabil nəticələr sayəsində bu möhtəşəm uğura imza atıb.
Tamblinq tarixində ilk dəfə
Karyerasında dördüncü dəfə Dünya kuboku seriyasının qalibi olan Mixail Malkin “Region plus”a açıqlamasında nümayiş etdirdiyi elementin çətinliyindən danışıb. Onun sözlərinə görə tamblinqdə bu hərəkətləri ilk dəfə o yerinə yetirib: “Portuqaliyadakı qələbə son illərin ən çətin və gərgin yarışlarından biri oldu. Finalda çıxış edən hər bir idmançımız çempionluğa layiq idi. Mən daha çətin hərəkət göstərərək zirvəyə yüksəldim. Çox sevinirəm ki, finalda birgə çıxış etdiyim komanda yoldaşım Tofiq Əliyev də fəxri kürsüdə yer aldı.
Həlledici çıxışımız çox həyəcanlı alındı. Təsəvvür edin ki, finalda bir neçə gimnastın çıxışı 30.000 dən çox xalla qiymətləndirildi. Bu rəqəmlər güclü rəqabəti göstərir. Məşqçim Adil Hüseynzadə mənə inanılmaz güc verdi. O hər dəfə söyləyirdi ki, sən bacaracaqsan. Onun məsləhətləri çox kömək oldu. Finaldakı çətin elementi yüksək səviyyədə icra etməyim növbəti yarışlarda da əlavə stimul olacaq”.
Nankindəki nəticələr
Aerobika gimnastikası üzrə Dünya kuboku isə Çində təşkil olunub. Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku da təmsilçilərimiz üçün uğurlu alınıb. Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar. Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.
Bakı Konqresə ev sahibliyi edəcək
Avropa Gimnastikası bir daha Azərbaycana böyük etimad göstərib. 2027-ci ildə Bakıda təşkilatın 50 milli federasiyanın nümayəndələrinin iştirakı ilə 32-ci Konqresi keçiriləcək. Konqresdə Avropa Gimnastikasının gələcəyi, idmanın əsas inkişaf sahələri və əsas təşkilati məsələlər müzakirə olunacaq. 2027-ci il dekabrın 10-11-də Azərbaycan paytaxtı təşkilatın ali idarəetmə orqanı olan Baş Assambleyaya ev sahibliyi edəcək.
MƏSLƏHƏT GÖR:




34

