HƏYATI SEVMƏK
Vəfa Məmmədova-Qavrilova: “Fransuaza Saqanın sözləri mənim təxəyyülümü və yaşamaq istəyimi oyadıb. Burada və indi”
Müəllif: Valentina REZNİKOVA
Vəfa Araz qızı Məmmədova-Qavrilovanı – 2017-ci ildən Bakı Müəllif Mahnısı Klubunun vitse-prezidentini, bu gün isə uşaqlar və böyüklər üçün mədəni proqramların koordinatorunu, “Stolitsa.rt”nin direktorunu, milli və beynəlxalq müsabiqələrin laureatını, çoxsaylı melodiyaların müəllifini və müəllif mahnılarının ifaçısını – çoxları tanıyır.
Onu ünsiyyətcil, mehriban, prinsipial və etibarlı dost, yoldaş, həmkar və mədəniyyət, incəsənət və əyləncə sahəsində müxtəlif tədbirlərdə tərəfdaş kimi tanıyırlar. Vəfa xanım yaradıcı enerjisi və həyata pozitiv baxışı ilə həm həmkarlarını, həm də tamaşaçıları ruhlandırmağa qadirdir. O, istənilən layihədə (tədbirlərdə) əla tərəfdaşdır. Təəccüblü deyil ki, ətrafındakı insanlar onu hamı üçün ilham və gözəl əhvali-ruhiyyə mənbəyi kimi qəbul edilir.
- 3-4 yaşında necə idiniz? Yaxınlarınız Sizi necə xatırlayır?
- Burada heç bir sirr yoxdur. Valideynlərim mənə bəzi şeylər danışırdı, amma mən özüm də bəzilərini xatırlayıram. Mən nadinc uşaq olmuşam, valideynlərimin bir-birinə və mənə olan mütləq və ahəngdar sevgisinin atmosferində böyümüşəm.
- Erkən uşaqlıqdan ən parlaq emosional epizod yadınızda qalıbmı?
- Belə epizodlar çoxdur. Ona görə də hamısı böyük bir bədii tabloya qovuşur. Bu, anam və atamla kəklikotu yığmağa getdiyimiz səfərlərdir. Gözlərimi yumuram və təbiətin parlaq rəngləri ilə gözəl mənzərəni görürəm. Bir an sonra isə havaya yayılan otun ətrini hiss edirəm.
- Sizin təxəyyülünüz və zəkanız çox yaxşı inkişaf edib ki, bu da mədəni-kütləvi tədbirlərin təşkilatçısı və quruluşçusu peşəsində yeni bacarıqları tez öyrənməyə və mənimsəməyə kömək edir. Etibarlı qazanc gətirən bir sahədən - hüquqşünaslığı nəzərdə tuturam - maddi sabitliyin olmadığı mədəni fəaliyyət sahəsinə keçdiyinizə peşman olmusunuzmu?
- Bu sual sizdə nədən qaynaqlanır?
- Çünki mədəniyyət sahəsi öz təbiəti etibarilə prinsipcə birmənalı deyil.
- Elə isə gəlin yaradıcı fəallıq göstərək, onda hər şey dəyişəcək.
- Nikbinliyiniz mənə xoş gəlir!
- Mənə də...
- Sizin tərəfinizdən düşünülmüş və səhnə həyatına çevrilmiş bütün yaradıcılıq gecələri müxtəlif sənət növlərini əhatə edir: oxumaq, rəqs, bədii qiraət, dramatik sənət. Sadalananlardan hansı Sizə ifaçı kimi daha yaxın və maraqlıdır?
- Əgər bu sualı 2008-ci ildə versəydiniz, düşünmədən oxumaq cavabını verərdim. Bu gün isə deyirəm: hər biri!
- Demək, özünüzə və sosial sahədə məşğulluğunuza münasibətdə həyata keçirdiyiniz bütün “inqilabi dönüşlər” gitaradan və Müəllif Mahnısı Klubundan başlayıb?
- Xeyli əvvəl. Hələ 18 yaşım tamam olmamışdı. Fransuaza Saqanın “Soyuq suda bir az günəş”, “Salam, kədər!”, “Siz Bramsı sevirsinizmi?”, “Mühafizə mələyi”... əsərlərini ilk dəfə oxudum. Keçən əsrdə fransız qadının yazdığı, lakin XXI əsrdə həm mənə, həm də yaşıdlarıma bu qədər anlaşılan nəsr məni o qədər heyrətləndirdi ki... Keçmişi təhlil edərək, bu gün deyə bilərəm ki, Fransuaza Kuare (Saqan təxəllüsdür) mənim yaradıcılığımda və peşəkar taleyimdə az rol oynamayıb. O, mənə dünyanı açıb və başa salıb ki, həyatın qarşısında qorxmaq olmaz. Çünki “Soyuq suda bir az günəş” romanının qəhrəmanının dediyi kimi, “həyat dənizdəki dalğalar kimidir. Biri yuxarı aparır, digəri aşağı...”
- Həmin əsəri yenidən oxumalıyam. Bu cümlələri xatırlamıram. Siz demək istəyirsiniz ki, Saqanın yaradıcılığı həyatınızı köklü şəkildə dəyişmək qərarınıza həlledici təsir göstərib?
- Mənə Saqanın yaradıcılığı deyil, onun mənə çatan, mənim eşitdiyim Sözü təsir göstərib. Söz mənim fantaziyamı və yaşamaq istəyimi oyadıb. Burada və indi. Nə vaxtsa sonra, anlaşılmaz gələcəkdə yox. Məhz burada və məhz indi!
- Və yenə də, Vəfa xanım, səmimi deyin. BDU məzunu, məhkəmə sistemində uzunillik iş stajı və təcrübəsi olan diplomlu hüquqşünas olduğunuz halda birdən-birə həyatınızı yenidən qurdunuz. 2017-ci ildən Bakıda Müəllif Mahnısı Klubunun vitse-prezidenti, 2021-ci ildən isə “Stolitsа.rt” şirkətinin rəhbərisiniz. Sizin yaradıcılıq layihələriniz səhnədə həyata keçirilib: “Soyuq suda bir az günəş”, “Amadey”, “Albalı bağında”, “Puşkin balı”, “Mənim dostum Səməd Vurğun”, Rezo Qabriadzenin xatirə gecəsi “Ana, bilirsən mən harada idim?” və s. Bundan əlavə, Qələbə Gününə həsr olunmuş illik konsert proqramları. Sosial statusunuzu bu qədər köklü şəkildə dəyişdirdiyinizə görə heç peşman oldunuzmu?
- Xeyr. Heç vaxt. Çünki mən sevdiyim işlə məşğulam, maarifçilik funksiyasını yerinə yetirirəm. Hesab edirəm ki, bu, hətta iş və ya əmək deyil, missiyadir. Axı, maarifçilər həmişə dünyaya lazım olublar: həm Qədim Misir dövründə, həm də XXI əsrdə.
- Sizinlə tamamilə razıyam! Sirr deyilsə, hansı layihənin üzərində işlədiyiniz barədə məlumat verərdiniz?
- Tam olaraq bu gün mən yeni layihə üzərində işə başladım. Lakin bu barədə danışmaq bir növ hətta etik deyil...
MƏSLƏHƏT GÖR:



68

