13 Oktyabr 2026

Çərşənbə axşamı, 20:30

EVDƏ QIZILSIZ

Niyə Azərbaycan komandaları Bakıda keçirilən 17 yaşadək güləşçilərin dünya çempionatında bir finalı belə qazana bilməyiblər?

Müəllif:

01.09.2026

Azərbaycan paytaxtı Bakı daha bir nüfuzlu idman turnirinə – güləş üzrə yeniyetmələrin (U-17) dünya çempionatına uğurla ev sahibliyi edib. İyulun 27-dən etibarən Bakıda keçirilən və yeddi gün davam edən mundial son illərin rekord sayda iştirakçı ölkəsini Milli Gimnastika Arenasına toplayıb.

 

Möhtəşəm təşkilatçılıq və təvazökar nəticələr

Azərbaycanın 14 ildən sonra ikinci dəfə ev sahibliyi etdiyi U-17 dünya çempionatı təşkilatçılıq baxımından ancaq xoş sözlərə layiqdir. Güləşin zəngin ənənələrə malik olduğu və böyük populyarlıq qazandığı ölkəmizdə tamaşaçıların yüksək marağı da deyilənləri bir daha sübut edir.

Üstəlik, turnir zamanı Ermənistan yığmasının baş məşqçisi, həmçinin idmançıların özləri yerli mətbuata verdikləri müsahibələrdə Azərbaycanın göstərdiyi qonaqpərvərlik və yüksək təşkilatçılıq barədə müsbət fikirlər səsləndiriblər.

Təşkilatçılıqdan fərqli olaraq Azərbaycan güləşçilərinin çıxışı barədə fərqli fikirlər söyləmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan komandası güləşin heç bir növündə qızıl medal qazana bilməyib. Yunan-Roma, sərbəst güləşçilərlə müqayisədə qadın komandası, ümumiyyətlə, ümidləri puç edib. Tanınmış güləşçi Mariya Stadnikin rəhbərlik etdiyi 17 yaşlılardan ibarət Azərbaycan qızları Bakıdakı yarışda, ümumiyyətlə, mükafatsız qalıb. Xanım güləşçilərdən heç biri fəxri kürsüdə yer almayıb. Sözsüz ki, belə nəticəsizliyin yekunu olaraq komandanın inkişafda olmadığını deməyə əsas verir.

Son Avropa birinciliyində üç qızıl medal qazanan sərbəst güləş üzrə yığmadan gözlənti böyük idi. Lakin Azərbaycan güləşinin əfsanəsi – Hacı Əliyevin rəhbərlik etdiyi kollektiv proqnozları doğrultmadı. Təsəvvür edin, komandanın 10 üzvündən yeddisi elə ilk görüşlərdə məğlub oldu. Onların arasında son Avropa çempionlarından biri olan Hüseyn Rzazadə (48 kq) də var idi. Doğrudur, sonradan rəqibinin finala yüksəlməsi sayəsində o, bürünc medal uğrunda mübarizə aparmaq şansı qazandı, lakin yalnız ilk təsəlliverici görüşdə qalib gələ bilib. Yeddi güləşçinin ilk mərhələdə uduzması komandanın vəziyyəti barədə sərt qərarları qəbul etməyə məcbur edir.

Sərbəst güləş komandasını fiaskodan Avropa çempionu – İbrahim Həsənov (51 kq) xilas etdi. Gəncə güləş məktəbinin yetirməsi olan Həsənovun final qarşılaşması komandanın heyətində medal uğrunda yeganə döyüş oldu. Həlledici görüşdə fizik cəhətdən çatdırmayan İbrahim Həsənov yarışı ikinci pillədə başa vurdu. Yekunda cəmi 28 xal toplayan sərbəst güləş yığması komanda hesabında yalnız 13-cü (!) yeri tutub.

 

Yunan-Roma güləşçiləri zəif təsəlli kimi

Sərbəst güləş komandasının zəif çıxışını yeni təyin olunan baş məşqçi Hacı Əliyevin işi ilə əlaqələndirmək düzgün olmaz. Bakıdakı yarış dəfələrlə dünya və Avropa çempionu olan Hacı Əliyevin məşqçi kimi ilk sınağı idi. 3 ay öncə təyin olunan təcrübəli güləşçiyə bir qədər vaxt verilməsi vacibdir.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi isə dünya birinciliyini 3 gümüş və 3 bürünc medalla başa vurub. Əli Cavadlı (45 kq), Əbdürrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb. Beləliklə, yığma komanda 107 xal toplayaraq komanda hesabında ikinci yeri tutmaqla yalnız Rusiya güləşçilərini irəli buraxıb.

Komanda hesabındakı ikinci yeri və qazanılan medalların sayını yığmanın yeni baş məşqçisi – Tokio-2020 Olimpiadasının bürünc mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovun rəhbərliyi altında müəyyən dərəcədə qənaətbəxş nəticə hesab etmək olar. Lakin doğma divarlar arasında qızıl medalın olmaması yekun nəticəni uğurlu adlandırmağa imkan vermir.

Maraqlıdır ki, yunan-Roma güləşçiləri 2023 və 2024-cü illərdə  iki, ötən il isə bir qızıl medal qazanıb. Bu il isə Bakıda qızıl medala həsrət qalıb. Azərbaycan yığmasının qızıl medal üçün əsas ümidi son Avropa çempionu Əli Cavadlı finala qədər səhvsiz çıxış edib. Finalda idmançımız amerikalı güləşçi Raylen Vaksla həlledici qarşılaşmada da yunan-Roma güləşi üçün kifayət qədər ciddi üstünlük – 5:0 hesabı ilə önə keçməyi bacarıb. Lakin ikinci parteri rəqibinə verən Azərbaycan təmsilçisi onun qarşısında heç nə edə bilməyib və 5:13 hesabı ilə məğlub olub. Üstün olduğun həlledici görüşdə rəqibə belə hesabla uduzmaq ciddi təhlil olunmalı, səhvlər güləşçilərə izah edilməlidir.

 

Həmişə qalib gəlmək mümkün deyil

Yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov dünya çempionatındakı çıxışından razı qaldığını bildirib: “Komandamla fəxr edirəm və hər bir idmançıdan razıyam. Onların medal qazanıb-qazanmamasından asılı olmayaraq, son 6 ay ərzində göstərdikləri əzmə, zəhmətə və fədakarlığa şəxsən şahid olmuşam. Medal qazanmayan idmançıların ruhdan düşməsini istəməzdim. İdmanda hər zaman qalib gəlmək olmur. Bəzən məğlubiyyət idmançını daha güclü edir və növbəti yarışlara yaxşı hazırlaşmağa motivasiya verir. Qızıl medal qazana bilməsək də, ümumilikdə komandamın çıxışından razıyam. Fikrimcə, bu uşaqlar gələcəkdə əsas komandada ölkəmizə medallar qazandıracaq gücdədir”.



MƏSLƏHƏT GÖR:

47