13 Oktyabr 2026

Çərşənbə axşamı, 20:37

BAKI TATAMİYƏ ÇIXIR

Cüdo üzrə dünya çempionatı ən güclü idmançıları bir araya gətirəcək və Los-Anceles 2028 üçün olimpiya yarışına start verəcək

Müəllif:

01.09.2026

Azərbaycan 4–11 oktyabr 2026-cı il tarixlərində keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatına həm infrastruktur, həm də idmançıların taktiki-fiziki hazırlığı baxımından yüksək səviyyədə hazırlaşır. Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində ən nüfuzlu yarışlardan biri olan bu turnir, eyni zamanda Los-Anceles 2028 Olimpiya Oyunlarına aparan reytinq xallarının qazanılacağı ilk rəsmi dünya çempionatı statusunu daşıyır.

 

Yeni qaydalarla yeni yarış

Bakıda keçiriləcək mundial kütləviliyi ilə seçiləcək. Yarışda 100-dən çox ölkədən 600-dən çox cüdoçu həm fərdi, həm də qarışıq komanda mübarizəsində qüvvəsini sınayacaq. Azərbaycan paytaxtı ilk dəfə 2018-ci ildə bu mötəbər turnirə uğurla ev sahibliyi etdikdən sonra indi daha böyük idman kütləsini və ən güclü cüdo ulduzlarını qarşılamaq üçün genişmiqyaslı işlər həyata keçirir.

Təşkilati tərəfdən turnirin rəsmi loqosunun vaxtında təqdim edilməsi, bilet satışı strategiyasının düzgün qurulması və Milli Gimnastika Arenasının funksional hazırlığı Bakının növbəti dəfə yüksək standart nümayiş etdirəcəyini göstərir. İdman nöqteyi-nəzərindən isə Yaponiya və Fransa kimi qlobal cüdo nəhənglərinin Bakıya ən güclü heyətlə gəlməsi, yerli cüdoçularımız üçün həm böyük sınaq, həm də ev sahibi statusunun verdiyi psixoloji üstünlük olacaq.

Cüdo üzrə dünya çempionatı təkcə fiziki gücün deyil, həm də Beynəlxalq Cüdo Federasiyasının (IJF) yeni tətbiq etdiyi qayda dəyişikliklərinə ən sürətli uyğunlaşan idmançıların qələbə çalacağı bir mübarizə olacaq. Los-Anceles 2028 Olimpiadasına lisenziya xalları verən ilk rəsmi dünya çempionatı olduğu üçün bütün komandalar Bakı tatamisinə yeni taktika ilə gəlir.

Sirr deyil ki, Paris 2024 Olimpiadasından sonra dəyişən qaydalar cüdoçular üçün yeni sınaq rolu oynayacaq. Yenidən cüdo terminologiyasına qayıdan “yuko” balı xal qazanma arealını genişləndirib. Artıq idmançının böyrüüstə (90 dərəcə bucaq altında), hətta bir sağı (sağ və ya sol bud nahiyəsi) üzərində yerə dəyməsi, dirsək və ya əl üzərində dayansa belə qarşı tərəfə “yuko” xalının verilməsi ilə nəticələnir. Bu qayda passiv müdafiə olunan idmançıları çətin vəziyyətə salır.

 

Elit heyətləri olan komandalar

Yarışın iddialı komandalarından sayılan Yaponiya və Fransa milliləri Bakı-2026 dünya çempionatı üçün heyətlərini açıqlayıb. Cüdonun vətəni olan Yaponiya fərdi yarışlarda 18 cüdoçu (9 kişi, 9 qadın) ilə bütün çəki dərəcələrində təmsil olunacaq. Komandanın heyətində ikiqat Olimpiya çempionu və dördqat dünya çempionu Hifumi Abe (-66 kq), Olimpiya çempionu və beşqat dünya çempionu Uta Abe (-52 kq), Olimpiya çempionu Akira Sone (+78 kq), dünya çempionları Ryucu Naqayama (-60 kq), Takeşi Takeoka (-66 kq), Sanşiro Murao (-90 kq), Haruka Kaju (-63 kq) və Şiho Tanaka (-70 kq) yer alıb.

Fransa isə Bakıya 17 cüdoçu (8 kişi, 9 qadın) ilə yollanacaq. Komanda kişilərdə 5, qadınlarda 6 çəki dərəcəsində mübarizə aparacaq. Heyətin ən tanınmış siması cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Rinerdir (+100 kq). Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan ağırçəkili cüdoçu Bakıda növbəti dəfə titul uğrunda tatamiyə çıxacaq.

Azərbaycan yığmasının heyətini artıq təxmin etmək mümkündür. Əgər zədə problemləri və ya digər gözlənilməz hallar baş verməsə, bir sıra idmançıların iştirakı, demək olar ki, şübhə doğurmur. Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi – 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tskayev (81 kq), Murad Fatiyev (90 kq) və Zelim Kotsoyevin (100 kq) Bakı tatamisində mübarizə aparacağı gözlənilir. Maksimal sifariş vərəqəsinin doqquz idmançıdan ibarət olduğunu nəzərə alsaq, qalan iki yeri kimin tutacağı sualı xüsusi maraq doğurur. Bu yerlərə Turan Bayramov (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Elcan Hacıyev (90 kq) iddia edirlər. Ən ağır çəkidə məşqçi heyəti üç cüdoçu arasında seçim etməlidir – Kənan Nəsibov, Uşanqi Kokauri və Camal Qamətxanovdan yalnız biri yarışa sifariş ediləcək.

 

Heyət Budapeştdən sonra müəyyənləşəcək

Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman yekun heyətin 11-13 sentyabr tarixlərində keçiriləcək Budapeştdəki (Macarıstan) “Böyük Dəbilqə”dən sonra elan olunacağını bildirib: “Qeyd etdiyim kimi, zədədən sonra sıraya dönən idmançılarımız var və onlar üçün yarışlarda çıxış etmək son dərəcə vacibdir. Dünya çempionatında milli komandanın heyətində cəmi 9 yer nəzərdə tutulub, bu səbəbdən də rəqabət çox yüksəkdir. İdmançılar yalnız öz çəki dərəcələrində liderlik uğrunda deyil, həm də komandanın yekun heyətinə düşmək hüququ qazanmaq üçün mübarizə aparırlar. Nəticədə, dünya çempionatında Azərbaycanı həmin an üçün ən yaxşı formada olan doqquz cüdoçu təmsil edəcək. Yekun qərarı vermək üçün Budapeştdəki "Böyük Dəbilqə" turnirinin nəticələrini gözləməliyik. Bu, xüsusilə 66, 81 və 90 kq çəki dərəcələrinə aiddir. Bir sözlə, Macarıstandakı turnir başa çatdıqdan sonra dünya çempionatı üçün millinin heyəti tam dəqiqləşəcək”.

Cüdo üzrə dünya çempionatı əksər hallarda hətta Olimpiya Oyunlarından da daha çətin turnir hesab olunur. Bu, onunla izah olunur ki, əgər Olimpiadada hər bir ölkə hər çəki dərəcəsində yalnız bir idmançı ilə təmsil oluna bilərsə, mundialda bəzi çəkilərdə eyni anda iki cüdoçu sifariş etməyə icazə verilir.

Nəticədə, dünyanın aparıcı milli komandaları eyni çəkidə iki ən güclü idmançısını təqdim etmək imkanı qazanırlar ki, bu da şübhəsiz ki, medallara və qələbəyə gedən yolu əhəmiyyətli dərəcədə çətinləşdirir.

Hazırda Azərbaycan cüdosunda 3 idmançı dünya çempionu tituluna sahibdir. Elxan Məmmədovdan sonra Zelim Kotsoyev və Hidayət Heydərov bu zirvəni fəth edib. Ümid edək ki, Bakı Hidayət və Zelimin növbəti qələbəsi ilə yanaşı, yeni çempionların parlaq çıxışına şahidlik edəcək.



MƏSLƏHƏT GÖR:

43