23 Sentyabr 2026

Çərşənbə, 18:30

MƏZUNİYYƏT UÇURUMU

Reallığa qayıdış niyə depressiya kimi hiss olunur və bunun öhdəsindən necə gəlmək olar?

Müəllif:

01.09.2026

Budur, yay məzuniyyəti mövsümü başa çatdı. Artıq sosial şəbəkələrin xəbər lentləri dəniz mənzərələri ilə dolub-daşmır, şəhərdənkənarda rahat həyat ritmini isə sərt şəhər qrafiki əvəzləyir. Sentyabrın başlanması ilə həyat tamamilə başqa rejimə keçir: səhər saatlarında tıxaclarla dolu yollar, iş tapşırıqları axını, məktəb qayğıları forma axtarışından tutmuş çantaların yığılmasına, ilk valideyn iclaslarına qədər. Elə bilirik ki, istirahətdən sonra enerji ilə dolu olmalıyıq, amma əvəzində bir çoxları həddindən artıq yorğunluq, əsəbilik və apatiya hiss edir.

Bu, heç də şıltaqlıq və ya tənbəllik deyil, anlaşılan neyrobioloji prosesdir. Psixologiyada buna postməzuniyyət sindromu deyilir: “post-vacation syndrome”. Rahat məzuniyyətdən gündəlik işlərin burulğanına qəfil qayıdışla insan beyni əsl neyrokimyəvi yenidənqurma ilə üz-üzə qalır.

 

Orqanizmdə nə baş verir?

Məzuniyyət zamanı beyin sevinc və gözlənti hormonu olan dopaminin fasiləsiz axınına alışır. Buna təəssüratların yeniliyi, zəngli saatların olmaması və mühitin dəyişməsi yol açır. İstirahət qəfil başa çatdıqda isə dopamin axını kəsilir və nəticədə, yüngül abstinensiya sindromuna bənzər effekt yaranır.

Bununla paralel olaraq stress sistemi də reaksiya verir: görülməli işlərin yığılıb qalması barədə düşündükdə kəskin kortizol ifrazı baş verir. Bunu şəraitin qəfil dəyişməsi zamanı stress reaksiyalarına dair tədqiqatlar da təsdiqləyir. Fizioloji baxımdan bu, özünü yuxusuzluq, baş ağrıları və “başgicəllənməsi” hissi ilə göstərir. Yuxu rejiminin cəmi iki saat dəyişməsi belə, əlavə zərbəyə çevrilir, bu isə melatoninin ifrazını pozur və sutkalıq ritmləri çaşdırır.

 

Təzad effekti

Nədənsə insana elə gəlir ki, rutin həyat daha da pisləşib. Koqnitiv psixoloqlar daha bir mühüm amili – “kontrast effektini qeyd edirlər. Məzuniyyətdə insan həddindən artıq azadlıq və rahatlığa alışır. Qəfil adi həyata qayıtdıqda isə gündəlik işlər və məişət subyektiv olaraq, məzuniyyətdən əvvəl olduğundan daha ağır və darıxdırıcı görünür. Beyin mövcud rutini mücərrəd norma ilə deyil, çimərlikdə və ya səyahətdə keçirilən parlaq günlərlə müqayisə edir.

 

Sindrom, yoxsa depressiya: sərhəd haradadır?

Dəqiqlik baxımından müvəqqəti enişi klinik xəstəlikdən ayırmaq vacibdir. Niderland Həyat Keyfiyyəti İnstitutunun araşdırması ortaya maraqlı bir fakt qoyur: məzuniyyət başa çatdıqdan sonra insanın ümumi xoşbəxtlik səviyyəsi demək olar ki, artırmır. Emosional rifah səviyyəsi isə işə qayıtdıqdan sonra, demək olar ki, dərhal adi normasına dönür.

Postməzuniyyət sindromu ilə klinik depressiya arasındakı əsas fərq müddət və dərinlikdir: postməzuniyyət sindromu 3 gündən 14 günədək davam edir. İnsan adi ritmə uyğunlaşdıqca onun əlamətləri tədricən zəifləyir və insan işdən kənarda xoş xırda şeylərdən zövq almaq qabiliyyətini bərpa edir. Klinik depressiya fasiləsiz olaraq iki həftədən çox davam edir. Onun səciyyəvi xüsusiyyəti total anhedoniyadırhər hansı bir şeydən həzz almaq qabiliyyətinin tam itirilməsi, dərin günahkarlıq hissi və fiziki tükənmə.

 

Sentyabrda ikiqat zərbə

Bu problem analar xüsusilə ağır keçirir. Uşağı olmayan yetkin insan yalnız özünə cavabdehdirsə, ana yeni reallığa bütün ailəni uyğunlaşdırmağa məcburdur. Sosial psixologiyada bu fenomen “mental yük” anlayışı ilə təsvir edilir. Tədqiqatlar göstərir ki, həyatın təşkilinin görünməyən yükü daha çox məhz qadının üzərinə düşür: uşağın rejiminin bərpası, dəftərxana ləvazimatlarının alınması, tibbi müayinələr, repetitorların və dərnəklərin qrafiklərinin uyğunlaşdırılması və s.

Bundan başqa, ana “emosional konteyner” rolu da oynayır: özü dopamin çatışmazlığı vəziyyətində olduğu halda, uşağın məktəbə getməklə bağlı narahatlığını aradan qaldırmağa çalışır. Statistikaya əsasən, məişət vəzifələrinin qeyri-bərabər bölüşdürülməsi səbəbilə bayramlar zamanı və onlardan sonra qadınlar kişilərdən xeyli çox stress yaşayır. Məktəb qayğılarına qayıdış qadının bütün məzuniyyət resursunu elə ilk 48 saat ərzində tamamilə tükəndirə bilər.

 

Effektivliyi sübut olunmuş üsullar

Kortizolun səviyyəsini azaltmaq və beynin mühitə uyğunlaşmasına kömək etmək üçün psixoterapevtlər və fizioloqlar dekompressiya buferi planlaşdırmağı tövsiyə edirlər. İşə dərhal qayıtmaq lazım deyil; evə qayıdışla ilk iş günü arasında 24-48 saat saxlamaq məsləhətdir. Bu, sinir sisteminə məkana ilkin uyğunlaşma üçün lazımdır. Həmçinin “aşağı start metodu”ndan istifadə etmək tövsiyə olunur. İmkan daxilində işə çərşənbə və ya cümə axşamı günü çıxmaq məsləhətdir. İlk iş həftəsinin qısa olması sonsuz rutin qarşısındakı psixoloji qorxunu azaldır. İlk üç gündə yalnız sadə, cari işlərlə məşğul olmaq, mürəkkəb analitik işləri sonraya saxlamaq daha yaxşıdır.

Dopaminin kiçik dozaları. Kəskin neyrokimyəvi enişdən qaçmaq üçün sentyabrın birinci və ikinci həftələrinə əvvəlcədən xoş hadisələr planlaşdırmağa dəyər: kinoya getmək, dostlarla görüşmək və ya yeni marşrutla gəzintiyə çıxmaq.

Analara gəldikdə, tələblərin səviyyəsini aşağı salmaq və britaniyalı psixoanalitik Donald Vinnikot tərəfindən formalaşdırılmış “kifayət qədər yaxşı” (“good-enough”) prinsipinə keçmək lazımdır. Məktəbin ilk iki həftəsi ideal nizam, qüsursuz “biş-düş” və əla qiymətlər tələb etmir. Sentyabrda ailənin prioriteti ideal başlanğıc deyil, emosional sabitlik olmalıdır. Məktəb logistikası ilə bağlı işlərin bir hissəsini partnyora və ya uşağın özünə həvalə etmək yaxşı olardı.

 

Oxucu üçün xülasə

Məzuniyyətdən sonra özünüzü əldən düşmüş hiss edirsinizsə, siz tənbəl deyilsiniz və hər şey qaydasındadır. Bu, orqanizmin təbii uyğunlaşmasıdır və ona sadəcə vaxt lazımdır. Lakin apatiya, kövrəklik, yuxu pozuntuları və həyatdan zövq ala bilməmək üç həftədən çox davam edərsə, hər şeyi “sentyabr hüznü”nün üzərinə atmaq yox, mütəxəssisə (psixoloqa və ya həkim-psixoterapevtə) müraciət etmək lazımdır.


MƏSLƏHƏT GÖR:

45