31 Oktyabr 2026

Şənbə, 16:09

“TƏMİZ İDMAN” UĞRUNDA

Ən azı beş Azərbaycan idmançısının dopinq testi müsbət çıxıb

Müəllif:

15.09.2026

2026-cı ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən ölkə ərazisində keçirilən bir sıra nüfuzlu beynəlxalq idman yarışlarında dopinq nəzarəti prosesi həyata keçirilib. Bu yarışlar sırasında “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri, dağ xizəyi alpinizmi üzrə Avropa çempionatı, batut gimnastikası, idman gimnastikası və bədii gimnastika üzrə dünya kuboku yarışları, “AGF Trophy” turniri, “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı, güləş üzrə U-17 dünya çempionatı və “Ganja Cup” beynəlxalq üzgüçülük yarışı yer alır.

 

Beş “fərqlənən”

Məlumdur ki, AMADA-nın testetmə fəaliyyəti riskəsaslı yanaşma üzərində qurulur. Bu yanaşma çərçivəsində testlər bütün idman növləri və idmançılar arasında eyni nisbətdə bölüşdürülmür. İlk növbədə, mümkün dopinq riskləri qiymətləndirilir, daha sonra testetmənin hansı idman növlərində, hansı idmançı kateqoriyalarında və hansı dövrlərdə daha intensiv aparılmasının məqsədəuyğun olduğu müəyyən edilir.

Risklərin qiymətləndirilməsi zamanı idman növünün xüsusiyyətləri, dopinqdən əldə edilə biləcək üstünlüyün səviyyəsi, əvvəlki antidopinq qayda pozuntuları, yarışların səviyyəsi, mövcud məlumatlar və digər aidiyyəti amillər nəzərə alınır. Bu qiymətləndirmənin nəticələrinə əsasən Test Bölüşdürülməsi Planı (TDP) hazırlanır və mövcud resurslar daha yüksək risk daşıyan istiqamətlərə yönəldilir.

Burada mühüm məqam ondan ibarətdir ki, hər hansı idman növünün testetmə baxımından prioritet hesab edilməsi həmin idman növündə dopinq hallarının mövcudluğu anlamına gəlmir. Riskəsaslı yanaşmanın əsas məqsədi mövcud testetmə resurslarından mümkün qədər səmərəli istifadə etməklə dopinqin qarşısının alınması, qayda pozuntularının aşkarlanması və təmiz idmanın qorunmasıdır.

2026-cı ilin sentyabr ayınadək AMADA tərəfindən 5 idmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq edildiyi barədə məlumat açıqlanıb. Belə ki, kikboksçu Baba Abbaszadəyə 24 ay, karateçi Lalə Babayeva, ağırlıqqaldıran Fazilə İmanova, atıcı Rəna Ələsgərovaya 36 ay, güləşçi Sabir Cəfərova isə 48 aylıq sanksiya verilib. Həmin işlər üzrə idmançıların nümunələrində furosemid, metribolon, trimetazidin və boldenon kimi qadağan edilmiş maddələr aşkar edilib. Yaxın günlərdə daha bir neçə idmançı barəsində sanksiya tətbiq edilməsi ilə bağlı məlumatın ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Bununla əlaqədar müvafiq apellyasiya müddətlərinin başa çatması gözlənilir.

Məlum olduğu kimi, qaydalara uyğun olaraq idmançıdan A və B olaraq iki nümunədə test götürülür. A nümunəsi müsbət çıxdığı zaman, idmançı B nümunəsinin yoxlanışını tələb etmək hüququna malikdir. 2026-cı il ərzində AMADA tərəfindən götürülən nümunələr üzrə heç bir idmançı B nümunəsinin açılmasını tələb etməyib. Bu isə A nümunəsində əldə edilmiş analitik nəticələr üzrə B nümunəsinin təkrar analizinə ehtiyac yaranmadığını göstərir.

 

Yeni qaydalar gəlir

Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat katibi Səxavət Quliyev “Region plus” jurnalına açıqlamasında bildirib ki, cari il ərzində əcnəbi idmançılara münasibətdə antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq edilməyib. AMADA rəsmisi idmançılara müxtəlif pozuntulara görə fərqli cəza verildiyini də qeyd edib: “İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq edilərkən yalnız nümunədə qadağan edilmiş maddənin aşkar edilməsi deyil, pozuntunun xarakteri və konkret işin bütün halları kompleks şəkildə qiymətləndirilir. Bu zaman pozuntunun növü, idmançının yaşı, pozuntunun yarış zamanı və ya yarışdan kənar müddətdə törədilməsi, pozuntunun qəsdən törədilib-törədilməməsi, qadağan edilmiş maddənin növü və miqdarı, habelə əvvəlki antidopinq qayda pozuntularının olub-olmaması və digər hüquqi əhəmiyyətli hallar nəzərə alınır”.

Onun sözlərinə görə, AMADA-nın fəaliyyətində əsas prinsip yalnız pozuntuları aşkar etmək deyil, həm də idmançıların antidopinq qaydaları barədə məlumatlılığını artırmaq, qabaqlayıcı tədbirlər həyata keçirmək və beynəlxalq standartlara uyğun effektiv antidopinq sisteminin fəaliyyətini təmin etməkdir: “Təmiz idmanın qorunması bu prosesin bütün mərhələlərində əsas prioritet olaraq qalır”.

AMADA-dan bildirilib ki, 2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda qüvvəyə minəcək yeni Milli Antidopinq Qaydaları Ümumdünya Antidopinq Agentliyinin (WADA) yeni Ümumdünya Antidopinq Məcəlləsinə tam uyğunlaşdırılıb. Azərbaycan (İrlandiya ilə birlikdə) Avropada bu qabaqcıl qaydaları hazırlayan və WADA ilə razılaşdıran ilk ölkələrdən biri olub.

Yeni qaydalarla təmin edilən əsas dəyişikliklər və yeniliklər bunlardır:

- Sanksiya və diskvalifikasiya müddətlərində cəzaların azaldılması imkanı. Əgər idmançı qadağan olunmuş maddənin orqanizminə necə daxil olduğunu sübut edə bilsə və bu maddənin onun idman nəticələrini artırmaq məqsədi daşımadığını əsaslandırsa, əvvəlki qaydalara nisbətən daha aşağı həddə sanksiya tətbiq olunacaq. Törətdiyi antidopinq qayda pozuntusunu dərhal qəbul edən idmançıların diskvalifikasiya müddətinin 25%-dək azaldılması mümkün olacaq.

- İstintaqla əməkdaşlıq edən şəxslər üçün güzəşt. Antidopinq pozuntularının və ya idmandakı cinayət əməllərinin açılmasında AMADA ilə səmərəli əməkdaşlıq edən şəxslərin cəzaları 4/3 hissəsinədək (75%) azaldıla bilər.

- Maliyyə cərimələrinin tətbiqi. Qaydalara edilən ən böyük struktur dəyişikliklərindən biri budur ki, dopinq qaydalarını pozan şəxslərə qarşı artıq yalnız idmandan uzaqlaşdırma (diskvalifikasiya) deyil, eyni zamanda maliyyə xarakterli sanksiyalar (cərimələr) də tətbiq ediləcək.

- İdman federasiyalarının öhdəliklərinin sərtləşdirilməsi. Milli idman federasiyalarının dopinqlə mübarizə sahəsindəki məsuliyyəti artırılıb. Antidopinq qaydalarına və nəzarət mexanizmlərinə əməl etməyən, AMADA ilə sıx əməkdaşlıq qurmayan yerli federasiyalara qarşı müxtəlif növ sanksiyalar nəzərdə tutulur.

- Terapevtik istifadə üçün yeni standartlar. WADA-nın beynəlxalq standartına (ISTUE) uyğun olaraq, sağlamlıq problemləri səbəbindən müəyyən dərmanları qəbul etməli olan idmançılar üçün meyarlar daha konkretləşdirilib.

Xatırladaq ki, dopinq — idmançıların fiziki və ya psixi performansını süni şəkildə artırmaq məqsədilə qadağan olunmuş maddələrdən və ya tibbi üsullardan istifadə etməsidir.


MƏSLƏHƏT GÖR:

53