MƏKTƏB MARAFONU
Dərsdən kənar yüklənmələr və süni intellektin sürətli inkişafı şəraitində uşağın sağlamlığını və uşaqlıq çağını necə qorumaq olar?
Müəllif: Kamilla BABAZADƏ
Sentyabr hər zaman adət olunmuş təlaşla gəlir: məşğələlər, dərslər, məktəb formasının alınması və s. Amma bu mənzərənin arxasında bir çox ailələrin dərin həyəcanı gizlənir. 2026/2027-ci tədris ilində Azərbaycan məktəblərinin kandarından 2,2 milyona yaxın şagird adlayıb ki, onların da 124 mindən çoxu parta arxasına ilk dəfə keçir. Yeri gəlmişkən, statistika birinci sinif şagirdlərinin sayının davamlı olaraq azaldığını, doğum göstəricisinin aşağı düşməsi meylini ortaya qoyur ki, bu barədə də ekspertlər və tədqiqatçıları kifayət qədər açıq danışırlar. Bu, bir sıra kompleks səbəblərlə bağlıdır: müasir insanların dəyişən həyat tərzi, urbanizasiya, həyat səviyyəsi ilə bağlı artan tələblər, iqtisadi dəyişikliklər, övladları üçün layiqli gələcəyi təmin etməyə çalışan gənc ailələr üzərindəki böyük psixoloji yük və s.
Maliyyə yelləncəyi
Bu reallığın ən ağrılı tərəflərindən biri uşaqların keyfiyyətli inkişafının maliyyə və təşkilati çətinlikləridir. Bu gün uşağın hərtərəfli tərbiyəsi böyük sərmayə tələb edir. Çünki məktəbdənkənar təhsil bazarı, demək olar ki, tam kommersiyalaşıb. Ölkədə maraqlar üzrə, həqiqətən, əlçatan dövlət və büdcə dərnəkləri son dərəcə azdır, yaradıcılıq evləri və ya məktəblərin yanında fəaliyyətini davam etdirən həmin azsaylı bölmələr isə xroniki olaraq həddindən artıq doludur. Böyük növbələr səbəbindən oraya düşmək əsl uğura çevrilir və valideynlərin əksəriyyəti üçün yeganə yol baha başa gələn özəl dərnəklərə müraciət etməkdir. Nəticədə, uşağın ahəngdar inkişafı haqqında qayğı ailə büdcəsi üçün ağır yükə çevrilir, xərclərin öhdəsindən gələ bilməmək qorxusu fonunda bir çoxları ikinci və ya üçüncü uşağın doğulmasını şüurlu şəkildə təxirə salmağa məcbur qalır.
Bununla paralel olaraq çətinliklər mürəkkəbləşdirilmiş proqramlar və həddindən artıq yüksək tələblər səbəbindən repetitorluğa böyük tələbat yaradan ümumi təhsil sisteminin özünü də əhatə edir. Məktəb proqramı bir çox hallarda imtahanların real tələblərilə uzlaşmır, nəticədə, uşaqlar və valideynlər məktəbdənkənar məşğələlər sisteminin girovuna çevrilir. Repetitorları, demək olar ki, ibtidai sinifdən tutmaq lazım gəlir, çünki əks halda uşaq sadəcə proqramın “arxasınca qaça və ona çata” bilmir. Yekunda məktəblinin günləri onu əldən salan marafona çevrilir: səhər məktəb, günortadan sonra özəl müəllimlər, axşam isə xarici dil kursları və ya imtahanlara hazırlıq. Uşaq bir müəllimindən digərinə qaçır, nəinki idmandan və sərbəst vaxtdan, hətta uşaqlıq, istirahət və psixoloji gərginliyi azaltmaq hüququnun özündən belə, məhrum olur.
Tükənmişliyin elmi üzü
Yaş psixologiyası və neyrobiologiya sahəsindəki miqyaslı tədqiqatlar göstərir ki, uşaqlarda xroniki akademik tükənmə sadəcə müvəqqəti yorğunluq deyil, inkişaf etməkdə olan beynin koqnitiv və emosional strukturlarını dağıdan təhlükəli vəziyyətdir. Elmi tədqiqatlar sübut edir ki, yeniyetməlik mərhələsində hədsiz tədris təzyiqi depressiv pozuntuların kəskin artması, emosional tənzimləmənin zəifləməsi ilə birbaşa bağlıdır və onun fəsadları erkən yetkinlik yaşına qədər izlənən özünə xətər yetirmə davranışı riskini dəfələrlə artırır. Stres hormonu olan kortizolun daimi səviyyəsi yaddaşa və yeni informasiyanın mənimsənilməsinə cavabdeh olan hippokampın işini bloklayır, nəticədə, uşağın nailiyyət göstəricisi aşağı düşür. Halbuki, o, istirahətdən məhz nailiyyət uğrunda məhrum olunmuşdu.
Təhsil yarışması problemi qlobal xarakter daşıyır. Lakin müxtəlif ölkələrdə onun həllinə yanaşmalar köklü şəkildə fərqlənir. Məsələn, Cənubi Koreyada intensiv özəl kurslar kultu çox sayda yeniyetmə depressiyalarına aparıb çıxardığından, hökumət tədris müəssisələrinin iş vaxtını məhdudlaşdırıb, sərbəst yaradıcılıq semestrlərini tətbiqinə başlayıb. Finlandiyada təhsil sistemi ev tapşırıqlarının minimal həcmi, özəl repetitorluğun olmaması, məktəbdənkənar dərnəklərin, idmanın dövlət tərəfindən tam maliyyələşdirməsi, bir sözlə, psixoloji rifahın mütləq üstünlüyü üzərində qurulub. Fransa və Almaniyada məktəb yükünün azaldılması, uşaqların şəxsi vaxtının qorunması fəal şəkildə tətbiq olunur. Burada istedadların bələdiyyələr tərəfindən pulsuz inkişafı üzrə təşəbbüslər də həyata keçirilir.
Sakit xoşbəxtlik
"Yorucu təhsil yarışından can qurtarmaq və uşağın həyat sevincini geri qaytarmaq yalnız valideynlərin psixoloji rifah naminə qiymət kultundan (qiymət mərəzindən) şüurlu şəkildə imtina etməsi ilə mümkündür. Məktəblinin xoşbəxtliyi əslində çox sadə şeylərdə gizlənir: yuxusunu almaq imkanı, dəqiq cədvələ əsaslanmayan gəzinti, sevimli yaradıcılıqla və ya idmanla “lazımdı deyə” yox, müstəsna olaraq zövq xatirinə məşğul olmaq və s. Evdə uşağın şəxsiyyətinə onun göstəricilərindən asılı olmayaraq dəyər vermək, onun qeyd-şərtsiz qəbul olunması atmosferi yaratmaq vacibdir. Böyüklər öz təşvişlərini uşaqlara ötürməyi dayandıranda və onların çiyinlərindən daşıya bilməyəcəkləri mükəmməllik yükünü götürəndə, məktəblilərdə ən vacib şey yaranır — daxili güc, özünəinam və uşaqları, həqiqətən, xoşbəxt edən o əsl uşaqlıq qayğısızlığı. Bu daxili azadlıq və ahəngdarlıq hətta gələcək uğur üçün bünövrəyə belə, çevrilir. Çünki süni intellektin saniyələr ərzində standart testləri həll etdiyi, kod yazdığı və rutin analitik tapşırıqları yerinə yetirdiyi dünyada klassik əzbərçilik və akademik faktların sonsuz toplanması strategiyası bütün mənasını itirir. Əzbərçiliyin və məktəbdənkənar məşğələlərin məngənəsində qapanıb qalmış uşaq süni intellektin asanlıqla əvəz edəcəyi icraçı canlı kompüter kimi böyümək riski ilə üzləşir.
İndi gələcəkdə əminliklə qazanmaq və tələb olunan mütəxəssis kimi yetişmək üçün inkişafın diqqət mərkəzi əzbərlənmiş informasiyanın həcmindən unikal insani bacarıqlara yönəlməlidir. Metabilikləri – peşədən asılı olmayaraq insanın necə düşündüyünü, uyğunlaşdığını və dünya ilə qarşılıqlı əlaqədə olduğunu müəyyən edən universal “bacarıqüstü bacarıqları” inkişaf etdirmək lazımdır. Həmçinin kreativliyi inkişaf etdirmək vacibdir. Çünki süni intellekt məlumatları emal etsə də, empatiyaya, bədii zövqə, konteksti hiss etmək və qeyri-standart düşünmək qabiliyyətinə malik deyil. Yaradıcılıq, musiqi ifaçılığı, rəsm çəkmək və teatr çevik təfəkkürün ən yaxşı məşqi kimi çıxış edir. Bu gün tənqidi təfəkkürün formalaşması, informasiya axınlarını təhlil etmək, süni intellekt qarşısında tapşırıqlar qoymaq bacarığı, həmçinin emosional intellektin və komanda işi vərdişlərinin inkişafı çox vacib rola malikdir. Yeni texnoloji reallıqda qalıb məşğələlərlə əldən salınmış və qırmızı attestat xatirinə uşaqlıqdan məhrum edilmişlər deyil, dünyaya marağını, psixi sağlamlığını, dəyişikliklərə uyğunlaşmaq bacarığını və davamlı özünüinkişafa həvəsi qoruyub saxlamış uşaqlar olacaq.
MƏSLƏHƏT GÖR:

55

