22 Oktyabr 2026

Cümə axşamı, 02:06

MƏKTƏB AMİLİ

Yeni iqtisadi mexanizmlər, regional reallıqlar və standartlar: genişmiqyaslı islahatları hər bir şagirdin maraqları ilə necə uzlaşdırmalı?

Müəllif:

01.10.2026

Azərbaycanda tədris prosesi artıq üçüncü həftəsinə qədəm qoyub. Lakin geniş ictimai və ekspert müzakirələri miqyaslı dəyişiklikləri hələ də diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin dövlət ümumtəhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinə əsaslanan yeni maliyyələşdirmə mexanizminin mərhələli şəkildə tətbiqi ilə bağlı imzaladığı fərman keyfiyyətcə yeni idarəetmə modelinə keçidi nəzərdə tutur. Bununla yanaşı, vahid standartlar, daxili intizam və pedaqoqların peşəkar inkişafı ilə bağlı məsələlər də aktuallaşır. Buraya Nazirlər Kabinetinin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Məktəbli formasının təsviri”nə bu yaxınlarda qəbul etdiyi dəyişikliklər də daxildir. Bu amillər sistem qarşısında geniş perspektivlər açır. Lakin onların həyata keçirilməsi son dərəcə dəqiq, ölçülüb-biçilmiş və uzaqgörən yanaşma tələb edir.

 

İnkişafın yeni dinamikası

Adambaşına maliyyələşdirmə islahatının mahiyyəti ondan ibarətdir ki, büdcə vəsaitləri şagirdlərin sayına mütənasib şəkildə bölüşdürülür və bununla da, sistem daha şəffaf, real tələbatlara daha çox yönəlmiş olur. Bu addım dövlət resurslarından istifadənin səmərəliliyini artırmağa və təhsil müəssisələrini idarə edənləri daha çevik planlaşdırmaya sövq etməyə yönəlib. Yeni modelin şübhəsiz üstünlükləri sırasında təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi üçün sağlam stimulların yaradılmasını xüsusi qeyd etmək lazımdır. Yüksək hazırlıq səviyyəsi nümayiş etdirən və valideynlərin diqqətini cəlb edən məktəblər inkişaf üçün daha geniş imkanlar əldə edirlər. Təhsil pillələri üzrə əmsalların tətbiqi ibtidai məktəbdən yuxarı siniflərədək təhsilin müxtəlif mərhələlərindəki xərclərin xüsusiyyətlərini nəzərə almağa imkan verir. İslahatın mərhələli xarakter daşıması, yəni Elm və Təhsil Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə hər il yeni mexanizmə keçəcək müəssisələrin siyahısını müəyyən etməsi kəskin dəyişikliklərdən yayınmağa və bütün prosesləri təcrübədə diqqətlə sınaqdan keçirməyə imkan verir.

 

İnfrastruktur reallıqları

Bununla yanaşı, ekspertlərin və analitiklərin qeyd etdikləri kimi, belə genişmiqyaslı yeniliklərin təcrübədə reallaşdırılması qaçılmaz olaraq dövlət tərəfindən hədəfli dəstək tələb edən bir sıra həssas məqamları da önə çıxarır. Hesablamalar zamanı şagirdlərinin sayı obyektiv şəkildə az olan regional və azkomplektli məktəblərə xüsusi diqqət yetirmək lazımdır. Təhsilin coğrafi əlçatanlığının, kəndlərdə mədəniyyət ocaqlarının qorunub saxlanılmasının və hər bir uşağın evinin yaxınlığında məktəbin olacağına zəmanət verilməsinin strateji dövlət əhəmiyyəti daşıdığı şəraitdə sırf mexaniki formulların tətbiqi disbalans yarada bilər. Ucqar ərazilərdə yerləşən təhsil müəssisələrinin dayanıqlı inkişafı üçün çevik qoruyucu əmsalların və kompensasiya mexanizmlərinin nəzərdə tutulması son dərəcə vacibdir. Bu, siniflərin doluluğundan asılı olmayaraq sabit qalan əsas infrastruktur xərclərinə, o cümlədən binaların istilik, işıqlandırma və su təchizatı üzrə kommunal xərclərinəaiddir.

Müəllimlərin əməkhaqqı fonduna münasibətdə də analoji dəqiq ölçülüb-biçilmiş yanaşma tələb olunur. Son illərdə ölkədə pedaqoji kadrların biliklərinin diaqnostikası və attestasiyası (sertifikatlaşdırılması) sistemi uğurla inkişaf edir. Bu sistem peşəkar yüksəliş və əməkhaqqına layiqli əlavələrin olunması üçün güclü stimul rolunu oynayır. Lakin adambaşına maliyyələşdirməyə keçid zamanı regionlarda müəllimlərin dərs yükünün həcmi və ümumi gəlirləri siniflərindoluluğundan asılı olaraq dəyişə bilər. Əməkhaqqı fondları üçün dayanıqlı qoruyucu mexanizmlərin yaradılması attestasiyadan keçmiş pedaqoqlara layiq olduqları əlavələrin ödənilməsinə etibarlı zəmanət verməyə və yerlərdə məktəb kollektivlərini maliyyə risklərindən qorumağa imkan yaradacaq. Şagirdlərin ərazi prinsipi əsasında bölüşdürülməsinin uzlaşdırılması da heç də az əhəmiyyətli amil deyil. Məktəblərin ənənəvi olaraq şagirdlərin yaşayış yerinə uyğun müəyyənləşdirilməsi uşaqların biliyə bərabər çıxışını təmin edir. Buna görə də adambaşına maliyyələşdirməyə keçid prosesində dövlət strukturları məşhur şəhər gimnaziyalarının həddindən artıq yüklənməsi risklərini aradan qaldırmaqla yanaşı, istisnasız olaraq bütün təhsil müəssisələrinin tam maliyyələşdirilməsini və dəstəklənməsini təmin edən incə tarazlığı qorumalı olacaqlar.

 

Xarici təcrübə

Optimal tarazlıq axtarışında beynəlxalq təcrübə müəyyən istiqamətverici rol oynaya bilər. Adambaşına maliyyələşdirmənin tətbiqi mərhələsini keçmiş bir çox xarici ölkədə və Avropa dövlətlərində “pul şagirdin ardınca gedir” prinsipinin xalis forması kənd və  azkomplektli məktəblərə heç vaxt təcrid olunmuş şəkildə tətbiq edilmir. Orada əhalinin sıxlığı üzrə regional əmsallardan, ərazi əlçatanlığı nəzərə alınmaqla infrastrukturun saxlanılması üçün sabit baza subsidiyalarından, həmçinin müəllimlərin əməkhaqqı üzrə qorunan xərc maddələrindən uğurla istifadə olunur. Bu isə meqapolislərlə ucqar ərazilər arasındakı demoqrafik fərqləri kompensasiya etməyə imkan verir.

Məsələn, İsveçdə adambaşına maliyyələşdirmə sistemi uzun müddətdir fəaliyyət göstərir. Lakin bələdiyyələr ərazi və demoqrafik vəziyyətə uyğunlaşdırıcı əmsallar tətbiq etməyə borcludurlar. Kənd yerlərində və ya əhalinin sıxlığının aşağı olduğu ərazilərdə yerləşən məktəblər üçün hesablama formulu yenidən nəzərdən keçirilir: dövlət təhsilə coğrafiyadan asılı olmayaraq bərabər çıxışa zəmanət verdiyindən, şagird çatışmazlığı səbəbindən məktəbin bağlanmaması üçün struktur subsidiyaları və ucqarlıq üzrə əlavələr nəzərə alınır.

Almaniyada adambaşına maliyyələşdirmə normativləri kiçik kənd məktəblərinə heç vaxt təcrid olunmuş şəkildə tətbiq edilmir. Məktəbin büdcəsi minimum zəmanətli ştat cədvəli və infrastruktur üzrə sabit xərclər əsasında formalaşdırılır. Əgər sinif və ya məktəb müəyyən edilmiş normativdən kiçikdirsə, dövlət xüsusi qorunan xərc maddəsi (baza infrastrukturunun saxlanılması üzrə vəsait hesabına) təhsil müəssisəsinə əlavə maliyyə ayırır və onu demoqrafik boşluqlardan qoruyur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının analitik hesabatlarında şagirdbaşına tarifə mütləq çəki əmsallarının əlavə edildiyi qarışıq modellərdən istifadə olunması tövsiyə edilir: coğrafi əmsal (ucqarlıq), sosial-iqtisadi əmsal (ailələrin tərkibi) və infrastruktur əmsalı (bina üzrə sabit xərclər).

Təhsil sisteminin institusional möhkəmləndirilməsi kontekstində Nazirlər Kabinetinin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Məktəbli formasının təsviri”nə gəlincə, bu, 17 mart 2022-ci il tarixli qərarın inkişafı kimi, dəqiqləşdirmələrin edildiyi bir sənəddir. Onun imzalanması da mühüm addımdır. Sənəddə vahidlik standartlarını və ümumi təhsilin dünyəvi xarakterini pozan geyim və elementlərdən istifadənin yolverilməzliyi vurğulanır. Bununla yanaşı, milli geyimlərə yalnız pedaqoji şuraların qərarı ilə tematik mədəni-tarixi tədbirlər zamanı icazə verilir. Bu qərar akademik intizamın və bütün şagirdlər üçün bərabər şəraitin qorunmasına yönəlib. Lakin təcrübədə bu məsələ bəzi ailələrin dərin şəxsi inancları ilə kəsişir. Bir sıra hallarda valideynlər və yeniyetmə qızların özləri baş örtüyü taxılmasını prinsipial mövqe kimi qəbul edirlər. Beləliklə, incə hüquqi və sosial dilemma yaranır: hüquq normalarının sərt şəkildə tətbiqi halında şagirdlərin bir hissəsi təhsil müəssisələrindən kənarda qalmaz ki? Bu, yalnız onların təhsil hüququnun məhdudlaşmasına, konkret məktəblərdə şagird kontingentinin azalmasına (nəticədə isə həmin məktəblərin adambaşına maliyyələşdirmə büdcəsinin yerli səviyyədə azalmasına) deyil, həm də əlavə sosial xərclərin yaranmasına aparıb çıxara bilər.

 

Gələcəyə baxış

Aydındır ki, təhsil kimi həssas sahədə istənilən islahat kompleks idarələrarası təhlil və dünyanın ən yaxşı təcrübələrinin nəzərə alınmasını tələb edir. Şübhəsiz ki, məktəblərin yeni maliyyələşdirmə standartlarına hazırlıq prosesi hərtərəfli işlənmiş, analitik və obyektiv olacaq, eyni zamanda yanaşmaları vaxtında korrektə etməyə imkan verəcək. Fərmanın icrasına hazırlıq prosesinin özü, həmçinin onun mexanizmlərinin aidiyyəti dövlət qurumları və analitik strukturlar səviyyəsində ətraflı işlənib hazırlanması icranın ən səmərəli və optimal variantlarını müəyyənləşdirməyə imkan verəcək.

Bu məsələyə məsul dövlət təşkilatları və ekspert institutları, şübhəsiz ki, regional xüsusiyyətləri, kommunal və əməkhaqqı təminatlarını, pedaqoji attestasiyanın nəticələrini, eləcə də sosial və mədəni uyğunlaşma məsələlərini hərtərəfli nəzərə alacaqlar. Yenilikləri Azərbaycanın yetişməkdə olan nəslinin davamlı intellektual inkişafı üçün möhkəm təmələ məhz müasirləşməyə yönəlmiş qəti dövlət iradəsinin çevik sosial müdafiə mexanizmləri ilə uzlaşdırılması çevirə bilər.



MƏSLƏHƏT GÖR:

40