27 Aprel 2024

Şənbə, 23:45

XİFFƏTƏ ÇEVRİLƏN MƏHƏBBƏT

Azərbaycanın xalq yazıçısı Nigar Rəfibəylini bu hisslər bütün ömrü boyu tərk etməyib

Müəllif:

16.07.2013

Onu bu həyatda görməyənlərə şeirləri tanıdır. Bütöv bir ömrün yaşantılarını, ürək çırpıntılarını, vüsal sevincini, hicran yarasını, kədərini, səmimi duyğularla öz poeziyasına sığdıra bilib şairə. Şeirlərindən incə ruhlu, zərif bir qadın boylanır. Çox sevdiyi çiçəklərə sevgidolu misralar bağışlayır. Hərdən bu məhəbbət xiffətə də çevrilir.

Məhəbbətdolu, bəzən kədər qarışıq şeirlərində şairə Nigar Rəfibəylinin özü var. Hər misrası sanki: "Bu, mənəm", - deyir oxucularına. Sevgi onun üçün həyatın mənası, var olmanın özüdür. Odur ki: "Bircə gün sevilməsəm, bir anda məhv olaram", - deyir. Bəzənsə sanki dalğın baxışları yol çəkir.

O, dənizin vurğunuydu. Bir də dəniz gözlü bir şairi sevirdi. Həmin şairlə - Rəsul Rza ilə qarşılaşması, bəlkə də, həyatının ən böyük səadətiydi.

 

Qol-qanad verən məhəbbət

Yaddaşlarda qalan, heç zaman solmayan, köhnəlməyən xatirələri yaşadır Nigar Rəfibəylini. Gəlini, musiqişünas, professor Zemfira Səfərova Nigar xanım haqqında heyranlıqla danışır. Onu gördüyü ilk gün illərin uzaqlığından belə çox aydın, yaxın görünür Zemfira xanıma. Təbəssümlə yada salır: "1945-ci ilin 15 sentyabrı idi. Biz Konservatoriyanın (indiki Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) 1-ci sinfində oxuyurduq. Dərsimiz başlamışdı. Qapı açıldı, sinfə ucaboylu, yaraşıqlı bir qadın daxil oldu. Oğlu əlindən bərk-bərk yapışmışdı. Bizim sevimli müəlliməmiz Mələk Namazova çox nəzakətlə oğlana: "Balam, sən keç əyləş, anan getsin", - dedi. Amma oğlan anasının əlini buraxmadı və o da dərsin sonunadək qalmalı oldu. O kiçik partaya güclə yerləşib, oğlunun yanında əyləşdi. Dərsimiz bitdi və o, getdi. Nigar Rəfibəyli ilə birinci görüşümüz belə oldu. Sonra dəfələrlə görüşdük. Çünki onun oğlu Anarın sinif yoldaşları idik. Mən ona Nigar xala deyirdim. Evlərimiz də bir-birinə yaxın idi. Orta məktəbi bitirəndə Ni-gar xala evlərində bizə - oğlunun sinif yoldaşlarına qonaqlıq verdi. Sonra Anar universitetə, mən isə konservatoriyaya daxil oldum...".

Amma ayrılmadılar. Anarla Zemfira xanımın arasındakı məhəbbət onların həyat yollarını birləşdirdi və gün gəldi Rəsul Rza ilə Nigar Rəfibəylinin ocağında toy səsi eşidildi. Nigar xanımın həmin günə həsr etdiyi "Toy" adlı şeirində oğluna gəlin gətirən bir ananın keçirdiyi hisslər böyük səmimiyyətlə qələmə alınıb.  Yenə xatirələr yada düşür və Zemfira xanım təbəssümlə deyir: "Ancaq mən heç zaman ondan qayınanalıq görmədim. Nigar xanımın çox mülayim xasiyyəti var idi".

...Gün gəldi, ilk nəvəsi Tural anadan oldu. Nəvə sevincinə büründü Nigar xanımın qəlbi. Həyat yoldaşı Rəsul Rza ilə özlərini dünyanın ən bəxtəvər insanı saydılar. Sonralar qızları Fidanın övladı Aysel, Anarın qızı Günel oldu. Günelin dünyaya gəldiyi gündən danışanda, bir əhvalatı xatırlayıb, gülərdilər.

...Azərbaycan Yazıçılar İttifaqında toplantı keçirilirdi. Rəsul Rzanı möhkəm tənqid edirdilər. Arabir Anar da tənqidə tuş gəlirdi. Birdən Anar içəri girdi, Rəsul Rzaya: "Nəvən oldu, təbrik eləyirəm", - dedi. Sevinclə qucaqlaşdılar. Toplantıda hələ də tənqidi fikirlər səslənməkdəydi. Rəsul Rza ilə Anar isə gülürdülər. Hamı təəccüb içərisindəydi ki, bunlara nə oldu? Həmişə bu əhvalatı xatırlayanda Nigar Rəfibəyli zarafat edirdi: "Günelin adını gərək Tənqidə qoyaydılar".

"Məhəbbətim bölünmədi" şeirinin sonunda şairə deyir ki, məhəbbət paylandıqca azalmır, əksinə, ürəklərə işıq saçır, ömürlərə yaz gətirir, qanadlanır, nəğmə olur", - Zemfira xanım deyir: "Doğrudan da, belədir. Məhəbbət paylandıqca artır, çoxalır".

O, istedadlı şairə idi. Tanınırdı, sevilirdi. Amma bunların hamısından öncə bir ailənin xanımı, anasıydı. Gəlini Zemfira xanım danışır: "Rəsul əminin də bəlli bir şeir yazma saatı yox idi. O da təbi gələndə şeir yazırdı. Nigar xanımı isə mən heç zaman şeir yazan görmədim. Ailəsinin qayğısına qalmaqla da işi bitmirdi, evləri qonaq-qaralıydı. Sabit Rəhman, Abbas Zamanov, Cəfər Cəfərov, Bəxtiyar Vahabzadə, Mirzə İbraimov, Tofiq Quliyev, Qara Qarayev, Niyazi və daha kimlər gəlmirdi onlara. Nigar xanımı daim ev, mətbəx işləri ilə məşğul görərdik. Onun mətbəx şeirləri var. Həmin şeirlərdə bir qadın, bir ana obrazı var və o, bütün qəlbiylə, ruhuyla həm də şairdir.

Zemfira xanım Nigar Rəfibəyli - Rəsul Rza məhəbbətindən söz açır: "Bir-birlərini çox sevirdilər. Həmişə yarızarafat, yarıciddi danışırdılar".   "Günəşdən gənclik istədim" adlı şeirində xoşbəxtliyindən söz açırdı Nigar Rəfibəyli. Həyat yoldaşı Rəsul Rza ilə birlikdə üç övlad böyüdüb, yerbəyer etmişdi. Artıq Anarın da, Təranənin də, Fidanın da öz ailələri var idi. Yeganə oğlu Anar elə ilk hekayələrindən istedadlı yazıçı kimi özünü təsdiq etməyə başlamışdı. Həyat üzünü güldürürdü Nigar Rəfibəylinin. Amma onun çox ağır sınaqlarından keçdiyini, yaşadığı ağır günləri, mənəvi iztirabları da unutmurdu. Zemfira xanım deyir: "İstəyirdi uşaqlarının həyatı daha şən keçsin. Ona görə də ürəyində saxlayırdı dərd yükünü, onlara söyləmirdi. Soruşanda da deyirdi ki, eh, onlar çoxdanın söhbətidir...".

 

Kəşməkəşli həyat hekayəsi

1913-cü ilin iyununda Gəncədə dünyaya göz açmışdı Nigar Rəfibəyli. Gəncədə nüfuzlu Rəfibəylilər nəslinin övladıydı. Babası Ələkbər bəy Rəfi- bəyli tanınmış maarifçi, "Difai" partiyasının yaradıcılarından biriydi. Atası Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi. Xarkov Tibb Universitetini bitirdikdən sonra, 1907-ci ildə təcrübəli həkim kimi Gəncəyə qayıtmışdı. Gəncədə həkimlərin az olduğu bir vaxtda ona müraciət edənlərin ardı-arası kəsilmirdi. Xudadat bəy əlindən gələn köməyi əsirgəmir, yoxsullara pulsuz tibbi yardım göstərirdi.

Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, adı ilə çağırmağa ürək eləmirdilər. Bir gün Türkiyə şairəsi Nigar xanımın "Əfsus" adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istədi: "Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq". Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olundu... 

 Xudadat bəy də atası Ələkbər bəy kimi xalqının azadlığı yolunda mübarizə aparan siyasi və ictimai xadim idi. 1918-ci ildə o, Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri oldu, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edildi. 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vəzifəsindən istefa verdi. Həmin ilin 12 mayında həbs olundu. Xalqının təəssübkeş, ləyaqətli övladı olan Xudadat bəyi yalnız Gəncə üsyanının təşkilində deyil, bir neçə maddə üzrə ittiham etdilər. Ermənilər onun mühakimə olunması, ağır cəza alması üçün böyük canfəşanlıq göstərdilər və məqsədlərinə çatdılar. 43 yaşlı Xudadat bəy məhkəmənin hökmü ilə güllələndi. Oğlanları Kamilin 11, Rəşidin 9, qızı Nigar xanımın 7 yaşı vardı. Başçısız qalmış ailəni qarşıda həyatın ağır sınaqları gözləyirdi...

Xudadat bəydən sonra ailəsi çox acılar çəkdi. Uşaqları ata yurdlarından pərən-pərən oldular. Kamil bəy Türkiyəyə, Rəşid bəy Rusiyaya oxumağa getdi. Bu gediş onların həyatını xilas etdi. Rəşid bəy sonralar Bakıya köçsə də, Kamil bəy həyatının sonunadək Türkiyənin İstanbul şəhərində yaşadı.

Çox illər sonra Maestro Niyazi gətirdi bu şad xəbəri Nigar xanıma: "Qohumlarınızla görüşdük", - dedi. Əvvəlcə oğlu və gəlini getdi qardaşının ailəsinin görüşünə. Zemfira xanım o günü xatırlayır: "Türkiyədə bizi Kamil dayının oğlu Aydın qarşılamalıydı. Anar həyəcan keçirirdi. Gördüm ucaboylu, yaraşıqlı, cavan bir kişi gözləyənlərin arasında dayanıb. Dedim ki, o, olacaq. Gəmidən endik. Cəld onun əlindən yapışdım ki, bizi soruşmasın. Çünki Türkiyə türkcəsində danışırdı. Çətin vaxtlar idi. "KQB"-nin əməkdaşları hər addımı izləyirdilər və belə məsələlərə çox sərt yanaşırdılar... Yavaşca dilləndim: "Aydın?!". Cavab verdi: "Əvət, Zemfira?!". Görüşdük. İcazə aldıq, Aydıngilə getdik. Sonralar Nigar xala da qardaşı və  ailəsi ilə görüşdü".

 

Təzyiq və acılar

...Nigar xanım Bakıya 1927-ci ildə gəlmişdi. Kinostudiyada tərcüməçi işlədi. 1930-cu ildə Rəsul Rza ilə Maarif Evində görüb, tanıdı. Sonra müxtəlif ədəbiyyat məclislərində qarşılaşmağa başladılar. 1932-ci ildə Nigar Rəfibəyli Moskvaya Ədəbiyyat İnstitutuna təhsil almağa getdi. Tale elə gətirdi ki, Rəsul Rza da təhsilini bitirmək üçün həmin şəhərə yollandı. 1937-ci ildə Bakıya döndülər. Ailə qurdular. 

O, bəy qızıydı, həm də atası Xudadat bəy Azərbaycanın azadlıq mücahidlərindən biriydi. Bu cür tərcümeyi-halı olan birini, nə qədər istedadlı olsa belə, Sovet hakimiyyəti rahat buraxmazdı. Nigar Rəfibəyli də tənqidlərə məruz qalırdı. Zemfira xanım danışır: "Şair Mikayıl Rzaquluzadə şeirlərinin birində yazmışdı ki, Şərqdən günəş doğur. Buna görə də Nigar Rəfibəylini tənqid edərək: "Madmazel Nigar xanım Şərqdən gözləyir günəşi", - dedilər. Susdu. Bir müddət keçəndən sonra Mikayıl Rzaquluzadə həmin şeirin müəllifi olduğunu söylədi. Amma Nigar xanım o şeirə görə çox tənqid olunmuşdu. Beləcə, haqlı-haqsız tənqid edilirdi. Rəsul əmi olmasaydı, yəqin ki, o, sürgün olunacaqdı, çünki adını hətta Bağırova verilən siyahıda da yazmışdılar".

Böyük Vətən müharibəsi illərində Rəsul Rza cəbhəyə yollandı. Nigar Rəfibəyli Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğunun yanına getdi: "Mən də cəbhəyə getmək istəyirəm", - dedi. Səməd Vurğun zarafatla cavab verdi: "Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?"

 

Ayrılıq

...Rəsul Rzanın cəbhədən gəlişi ilə Nigar xanımın ayrılıq əzablarına son qoyuldu. Sonralar birlikdə keçən uzun və unudulmaz illərdə qısamüddətli səfərlər onları ayıranda belə bir-birləri üçün çox darıxır, qüssələnirdilər. Bəzən bu həsrət gözəl, səmimi  şeirlərə çevrilirdi. Nigar Rəfibəylinin "Neyləyim" şeiri də belə yarandı. Sonralar bəstəkar Emin Sabitoğlu ona musiqi bəstələdi. Amma bu gözəl mahnının yaranması tarixçəsi kədərli oldu...

1981-ci ilin əvvəllərində Rəsul Rzanın vəziyyəti ağırlaşdı. Onu yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Həmişə sağlam olan Nigar xanım da illərin yorğunluğundan, dərd-sərindən neçə-neçə xəstəlik yığmışdı canına. Ona da "Leçkomissiya"da ağır diaqnoz qoydular: xərçəng. Xəstəlik artıq irəliləmişdi. Həkimlər müalicə üçün Moskvaya aparmağı məsləhət gördülər. Aprelin 1-də oğlu Anar və qızı Fidanın həyat yoldaşı Rauf bu xəbəri Rəsul Rzaya demək üçün Mərdəkana getdilər. Xəbəri eşidən Rəsul Rza Nigar xanımı Moskvaya yola salmaq üşün yığışmağa başladı və... Onun yüksələn təzyiqini endirməyə bu dəfə həkimlərin gücü çatmadı...

Rəsul Rzanın vəfat etdiyini Nigar xanıma söyləmədilər. Zemfira xanım xatırlayır: "Əvvəl belə fikrimiz yox idi. Amma sonra vəziyyəti elə pisləşdi ki, ona bu ağır xəbəri deməmək qərarına gəldik. Qorxurduq ki, birdən kimsə deyər. Ona görə də gecə-gündüz xəstəxanada növbələşirdik".

"Neyləyim" mahnısını da həmin günlərdə bəstələdi Emin Sabitoğlu. Nigar xanımın mahnı çox xoşuna gəldi. Dinləməkdən yorulmurdu. Rəsul Rzanın yoxluğundan xəbərsiz, onların əbədi ayrılığına həsr olunmuş mahnıya qulaq asırdı. Təəccüblənirdi ki, Rəsul kimi hövsələsiz adam zəng vurmur ona. Deyirdilər, təzyiqi olduğuna görə həkimlər telefonu palatasından çıxarıblar ki, danışmasın. İyunun 29-da Nigar xanımın ad günü idi. Anar ona böyük bir yasəmən dəstəsi alıb, apardı: "Rəsul Mərdəkandan sənə göndərib", - dedi...

Artıq həkimlər anlatmışdılar ki, xəstəxanada qalmağının mənası yoxdur. Evə gətirdilər onu. Qızlarına: "Mənim qara paltarımı gətirin", - dedi. Təəccüblə soruşdular: "Neyləyirsən qara paltarı?". Dedi: "Gətirin". Gətirdilər. Qara paltarını geyindi. Evdə yasa aid heç nə qalmasa da, sanki Rəsulunun yoxluğunu hiss etmişdi və beləcə, ona yas saxlayırdı. Bir həftə sonra isə o, əbədi olaraq, vəfalı həyat yoldaşının dünyasına köçdü...

2013-cü ildə Nigar Xudadat qızı Rəfibəylinin anadan olmasından 100 il keçir. Xalq yazıçımızın 100 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Prezidentinin sərəncamında deyilir: "Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana Vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil etmişdir".



MƏSLƏHƏT GÖR:

567