27 Aprel 2024

Şənbə, 03:42

GƏNCƏDƏN BEŞ NƏFƏR

"Xalq Bank"ın "Xalq Əmanəti" mədəniyyət layihəsi çərçivəsində incəsənətə həsr olunmuş doqquzuncu nəşri çapdan çıxıb

Müəllif:

01.10.2013

Budəfəki nəşr Gəncə şəhərinin yetirmələri olan beş rəssama - Rza Məmmədov, Xalidə Səfərova, Gennadi Brijatyuk, Fazil Əliyev və Qorxmaz Sücəddinova həsr edilib. Bu günlərdə "Xalq Bank"ın Gəngə ofisində təşkil edilmiş kitabın təqdimatına həsr olunmuş sərgidə bu müəlliflərin əl işləri nümayiş etdirilir. Sərgiyə qatılanların hər birinə yeni nəşr hədiyyə olunur.

"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsi 2010-cu ildən həyata keçirilir. Onun məqsədi Azərbaycanın məşhur rəssamlarının həyat və yaradıcılığına həsr olunmuş albomların, məşhur ədiblərin kitablarının, milli mədəniyyətin vacib sahələrinə aid elmi əsərlərin yüksək poliqrafik səviyyədə nəşridir.

"Xalq Əmanəti" layihəsi Azərbaycan xalqının mədəni irsinin, mənəvi dəyərlərinin qorunub - saxlanılması, gələcək nəsillərə ötürülməsi, həmçinin onların ümumdünya mədəniyyət məkanına retranslyasiyasıdır. Layihə çərçivəsində üç dildə - Azərbaycan, ingilis və rus - nəşr olunan kitablar Azərbaycanın ali və orta təhsil ocaqlarına, uşaq evlərinə və kitabxanalara, fondlara, dövlət qurumlarına, ölkədəki xarici nümayəndəliklərə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqlarına verilir, Azərbaycan mədəniyyətini qiymətləndirən şəxslərə pulsuz paylanılır.

Gəncə torpağı həmişə öz istedadları ilə zəngin olub və onların arasında təsviri incəsənət ustalarına da rast gəlinir. Lakin layihə müəllifləri yeni albom üçün ən tanınmış 5 rəssamın si-yahısını müəyyənləşdirən zaman, yəqin ki, bu və ya digər rəssamın çərçivədən nə dərəcədə kənara çıxa bildiyinə əsaslanıblar. Burada söhbət heç də yalnız şəhər daxilində (bəzən isə hətta ölkə səviyyəsində) məşhurluq çərçivəsindən yox, həm də incəsənətdəki ənənəvi doqmalar çərçivəsindən  kənara çıxmaqdan gedir. Seçim zamanı müəllifin ömürlük seçdiyi peşəyə nə dərəcədə sadiq qalması, ömrünün sonunadək bu yolu dəyişməməsi amili də nəzərə alınıb. Bu baxımdan, Gəncə torpağında doğulmuş bu 5 rəssamın həyat yolları həmişə kəsişməsə də, onları komanda adlandırmaq olar.

Xalidə Səfərova - lirik rəssamdır. Özünü bu və ya digər formada incəsənətdə göstərə bilmiş, demək olar ki, bütün gəncəlilər kimi, o da dahi həmyerlisi - Nizami Gəncəvinin yaradıcılığına xüsusi diqqət yetirib. O, tələbə illərindən başlayaraq, yaradıcılığının son mərhələsinədək hər zaman dahi ədibin qəhrəmanlarına müraciət edib. Xalidə Səfərovanın digər sevgisi Fransa idi: bu ölkəyə səfər etmək imkanı qazanmış rəssam dahi impressionistlərin marşrutu ilə hərəkət etmiş və sonradan onu öz işlərində canlandırmışdı. 

Nəhayət, X. Səfərova idman mövzusunda da çox əsər yaradıb. Əlbəttə, bu onun həmcinsləri üçün o qədər də xarakterik mövzu deyil. Bu üzdən rəssamın yaradıcılığında idman mövzusuna çox müraciət etməsi incəsənətdə qadınların bərabər hüquqluluğunun simvolu kimi görünür.

Gennadi Brijatyuk - mürəkkəb yaradıcılıq və tale yaşamış rəssamdır. Onun yaradıcılığını belə xarakterizə etmək olar: işıqlı və parlaq, nikbin, amma anlaşılmaz. O, əsərləri qədər maraqlı və gözlənilməz insandır. Vaxtilə nə sosialist realizminin qayda-qanunlarına etiraz edib, nə də onlara qoşulub. Rəssam sadəcə öz yolu ilə gedib. Bu yolda o, sanki tək-tənha addımlayıb//...// Təbiət və qadın gözəlliyini tərənnüm edən, gözəl qadınların, rəngarəng qızılgüllərin və Xəzərin dalğalarının əks olunduğu saysız-hesabsız əsərlər yaratmış Brijatyuk o dövrün Azərbaycan rəngkarlığının ən üzdə olan fiqurlarından idi. 

Qorxmaz Sücəddinov - öz vətənindən uzaqlaşmaq istəməyən bir şairdir. O, daim inadkarlıqla, ciddi-cəhdlə və zəngin fantaziyası ilə ilk növbədə, öz doğma şəhərini bəzəyib. Rəssam və qrafika ustalarından fərqli olaraq, istənilən monumentalist-heykəltəraş kimi, onun üçün də işinin yerləşəcəyi məkanın şəraiti vacib idi. Axı belə işlər bir qayda olaraq, hərəkətdə olmur və uzun müddət qoyulduğu yerdə qalır. Doğma şəhərin aurası Sücəddinovun yaradıcılığına həmişə mənəvi qida verirdi: Nizami mavzoleyinin yanındakı nəhəng ansambldan tutmuş, Gəncənin əfsanəvi hökmdarı Cavad xanın portretinədək.

Sücəddinov Azərbaycan paytaxtında da öz izini qoyub. Funikulyorun yaxınlığındakı fəvvarəni bəzəyən "Bəhram Gur əjdahanı öldürür" abidəsinin həmmüəlliflərindən birinin məhz Sücəddinov olduğunu vurğulamaq, yəqin ki, kifayətdir.

Rza Məmmədov - yaradıcılığında eyni vaxtda bir neçə ilham mənbəyi olan rəssam kimi tanınır. Onların arasında Taliya və Melpomena da var. Gəncə Dram Teatrının dekorasiyaları onun yaradıcılığının əsl mahiyyətini üzə çıxarır. Məmmədov quruluşçu rəssam kimi təkcə Gəncədə deyil, digər şəhərlərdə də yüzlərlə tamaşaya quruluş verib. Bundan başqa, gözəl ornament rəssamı olan Rza Məmmədov çoxlu sayda divar naxışları yaradıb. Dəzgah rəssamlığı ilə az məşğul olan Məmmədovun ən böyük sevgisi olan teatr onu sanki tamamilə fəth etmişdi. Rza Məmmədovun dekorasiyaları, sadəcə, standart "səhnə geyimləri" deyildi. Onlar həm üslubuna, həm də mövzu seçiminə görə, dövrünün abidəsi sayıla bilərlər. Onlar həm də diqqətli və hər şeylə maraqlanan rəssamın özünün dünyaya baxışı idi.

Fazil Əliyev - Azərbaycan incəsənətində ötən əsrin faciəvi surətlərindən biridir. Dostları arasında "Kentavr" adını almış üsyankar rəssam məqsədlərinə tərəf usanmadan can atırdı. Məqsəd isə sosialist realizminin tələb etdiyi kimi deyil, ürəyinin istədiyi kimi işləmək idi. Onun bu cəhdləri Repinkadakı müəllimləri də daxil olmaqla, hər kəsə məlum idi və bu, bəzən ona başağrısı yaradırdı. Amma bütün bunlara baxmayaraq,  Fazil Əliyev həyatda çox şeyə nail olub, doğma şəhəri üçün istər rəssam, istərsə də incəsənət sahəsində məmur kimi çox işlər görüb. Fazil Əliyev uzun sürməyən ömrünü elə Kentavr kimi də çaparaq yaşayıb. Rəssamın bizim dövrümüzə bu qədər az əsərinin gəlib - çıxması son dərəcə üzücüdür. Amma bu, o əsərlərin hər birinin qiymətini daha da artırır.

Albomda bu beş rəssamın fərdi kolleksiyaları, qalereya və muzeylərdən götürülmüş işlərinin fotoları və reproduksiyasıyaları yer alır. Gəncədə təşkil olunmuş sərgidə həmin işlərlə, eyni zamanda, bu beş rəssamın digər əsərləri  ilə tanış olmaq mümkündür.



MƏSLƏHƏT GÖR:

656