19 May 2024

Bazar, 06:44

FORPOSTUN PROTEKTORATA ÇEVRİLMƏSİ

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə sözardı

Müəllif:

10.12.2013

Rusiya prezidenti Vladimir Putinin Ermənistana dəfələrlə təxirə salınmış səfəri, nəhayət, dekabrın ilk günlərində baş tutdu. Onun rəsmən elan edildiyi kimi, "dövlət səfəri" adlandırılmasına nə səfərin üslubu, nə də səfər çərçivəsində keçirilmiş tədbirlərin məzmunu imkan verirdi. Səfər Ermənistanın müxalifət mətbuatının və Azərbaycan KİV-nin ironiya ilə qeyd etdikləri kimi, "hərbi yoxlama"ya və ya Rusiya liderinin ölkəsinin muxtar respublikasına baş çəkməsinə daha çox oxşayırdı. Putin vədlər verir, güzəştlər haqda danışır, məsləhətlər verir, həm özünün, həm də yaltaqcasına onun gözlərinə baxan Serj Sarqsyanın adından danışırdı.

Vladimir Putin Ermənistana səfərə Gümrüdəki Rusiya hərbi bazasına baş çəkməklə başlayıb. Sonra o, Serj Sarqsyanla birlikdə Razdan İES-in 5-ci blokunun (obyekt ermənilərin borcunun əvəzinə kompensasiya kimi alınıb və onun inşası "Qazprom" tərəfindən başa çatdırılıb) istismara verilməsi prosesinə qatılıb, Spitak zəlzələsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyub, III Rusiya-Ermənistan regionlararası forumunu açıb. Səfərin sonunda Putin qısa müddətə İrəvana da baş çəkib və orada həm dar çərçivədə, həm də geniş tərkibdə rəsmi danışıqlar aparılıb.

Putin Ermənistan səfəri zamanı bir neçə vacib mesaj da səsləndirib. O, Avrasiya İqtisadi Məkanı ilə bağlı sənədlərin razılaşdırılması prosesinin intensiv getdiyini, Rusiyanın Ermənistanın Gömrük İttifaqına üzvlüyünün maksimum effektiv şəkildə həyata keçirilməsi üçün əlindən gələni etdiyini söyləyib. Rusiyanın regionu tərk etmək niyyətində olmadığını vurğulayan Vladimir Putin bildirib ki, onun ölkəsi əksinə, burada öz mövqelərini genişləndirməyi və möhkəmləndirməyi düşünür. Onun fikrincə, Ermənistan ərazisində Rusiya hərbçilərinin mövcudluğu Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə xidmət edir. Prezident Rusiyanın Ermənistan və Azərbaycan rəhbərliyi arasında birbaşa əlaqələrin bərpasını alqışladığını da qeyd edib. "ATƏT-in Minsk Qrupu çərçivəsində bu prosesə bütün mümkün dəstəyi verəcəyik. Regiondakı problemin silahlar vasitəsilə deyil, diplomatiya, bütün tərəfləri qane edən razılaşma əsasında çözülməsini çox istərdik", - deyə V.Putin bildirib. Bununla yanaşı, o, erməni jurnalistlərin suallarını cavablandırarkən hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, Rusiyanın atacağı addımlar haqda fərziyyəyə əsasən belə, danışmaqdan imtina edib.

İrəvan danışıqlarının yekununda tərəflər arasında 12 sənəd imzalanıb. Onlar Ermənistanı Rusiyaya daha sıx bağlayır. İmzalanmış sənədlər arasında iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün məsləhətləşmə planı, hökumətlər arasında nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi, Rusiya-Ermənistan Prezidentlər Şurasının yaradılması haqda razılaşma və sair var. Bundan sonra Ermənistan prezidenti Serj Sarqsyan ölkəsinə aid vacib qərarları Rusiya ilə məsləhətləşmədən, ondan "məsləhət" almadan qəbul etməyəcək. Əslində, bu, əvvəllər də belə idi. Sadəcə indi "patron-vassal" münasibətlərinin konfiqurasiyası institutlaşdırılır.

İqtisadi və maliyyə məsələlərinə gəlincə, Rusiya ilə Ermənistan arasında Ermənistana nəql olunan qaz, neft məhsulları və xammal şəklində olan almaza görə ixrac rüsumunun ləğvinə dair hökumətlərarası razılaşma imzalanıb. "Qazprom" 2014-2018-ci illərdə Ermənistana 189 dollardan ildə 2,5 milyard kubmetr qaz ixrac edəcək. Həmin razılaşmaya əsasən, Ermənistan yığılıb qalmış borcunun əvəzinə "ArmQazprom"un bunadək Ermənistan hökumətinin nəzarətində olan 20%-lik səhmlərini də "Qazprom"a verib. İndi "Qazprom" yerli qaz bazarında 100%-lik monopolistə çevrilib. Nəticədə, Ermənistan hökumətinin nümayəndəsi "ArmQazprom"un İdarə Heyətində vacib qərarların qəbulu zamanı yalnız məşvərətçi səslə iştirak edə bilər.

Ermənistana ixrac olunan neft məhsullarına görə 35%-lik ixrac rüsumunun aradan qaldırılması isə "Rosneft" və Ermənistanın xüsusi yaradılmış "Oyl Texno" QSC arasında razılaşma ilə müşayiət olunub. Bu razılaşmaya əsasən, ölkədə bazalar və yanacaqdoldurma stansiyaları şəbəkəsi yaradılacaq. Ermənistana ixrac olunan neft məhsullarının reallaşdırılması, məhz, bu şəbəkə vasitəsilə həyata keçiriləcək. Bu, Ermənistanın tədarük olunan benzin və dizel yanacağının ucuz qiymətinin qarşılığında monopolist mövqelərin "Rosneft"ə verilməsidir. Rusiya almazının Ermənistana rüsumsuz ixracı isə demək olar ki, Serj Sarqsyanın şəxsi biznesinə verilən birbaşa dəstəkdir (benzin tədarükü kimi). Bütün bu güzəştlər və endirimlər, güman ki, onun klanı üçün lazım idi. Sıravi erməni istehlakçılar üçün isə çətin ki, nəsə də- yişsin.

Vladimir Putinin Ermənistana Avropa İttifaqının Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" sammitindən dərhal sonra baş tutan, Ermənistana qarşı səxavətin nümayiş etdirildiyi səfərini dolayısı ilə Ukraynaya ünvanlanmış mesaj da saymaq olar. Hazırda orada Avropa İttifaqı ilə dərhal Assosiativ Sazişin imzalanmasını vacib sayan müxalifətlə bu məsələdə Kremlin təzyiqi ilə pauza götürmüş Viktor Yanukoviç hakimiyyəti arasında qızğın mübarizə gedir. Hökumət Moskvanın Ukraynaya satdığı qazın, neftin qiymətini artıracağından, Ukrayna məhsullarının Rusiya bazarlarına çıxarılmasına məhdudiyyət qoyacağından çəkinərək geri addım atmalı olub. İndi Moskva sözəbaxan Ermənistanın timsalında ucuz enerji daşıyıcılarına yolun Gömrük İttifaqına üzvlükdən keçdiyini göstərməyə çalışır. Amma bunun ardınca üzv ölkələr qaz və neft infrastrukturuna nəzarəti də ona verməlidirlər.

Ermənistanın müxalifət mətbuatı Putinin səfərinin təşkili formasının alçaldıcı olduğunu gizlətmir. Misal kimi, Putini müşayiət edən rusiyalı jurnalistlərin sözləri də göstərilir. Onlardan biri Ermənistanın tamamilə təslim olduğunu deyir, digəri (Vadim Dubnov) isə Ermənistanı Rusi-yanın ən yaltaq tərəfdaşı adlandırır. Azərbaycanlılara və türklərə patoloji nifrətilə tanınan, hazırda isə Serj Sarqsyanın Rusiyapərəst siyasətini kəskin şəkildə tənqid edən politoloq İqor Muradyan isə Lragir.am saytında dərc olunmuş "Kompromis mümkündürmü?" məqaləsində yazır: "Beynəlxalq arenada Ermənistan, sadəcə, yoxdur. Bu, şişirtmə və mübaliğə deyil. Bu, göz önündəki reallıqdır".

Rəsmilər Rusiya prezidentinin Ermənistana səfərindən sevinc içərisində olduqlarına dair fon yaratmağa çalışsalar da, İrəvanda Ermənistanın "vassallaşmasına" etiraz edənlər də tapılır. Onların Putinin İrəvana səfəri günü təşkil etdikləri, yüzlərlə insanın qatıldığı yürüş aksiya iştirakçılarının çoxluğu ilə olmasa da, şüarları ilə diqqət çəkib: "Serjik satqındır!", "Rədd ol öz Putininin yanına!", "Putinsiz Ermənistan!", "Stop, Russia!" və sair. Polis yürüşün qarşısını alıb və tərəflər arasındakı qarşıdurma zamanı bir neçə nəfər həbs edilib.

İnsanların bu etirazı tamamilə anlaşılandır. Çünki baş verənlər yalnız Ermənistanın dövlət suverenliyinin ciddi şəkildə eroziyaya uğradığını göstərmir. O, faktiki olaraq ölkənin "forpost"dan birbaşa Rusiyanın protektoratına çevrildiyini ortaya qoyur. Ermənistan hakimiyyəti qonşularına qarşı ərazi iddiaları, düşmənçilik siyasətilə özünü elə çətin geosiyasi və iqtisadi duruma salıb ki, indi Rusiyanın dəstəyi olmadan bu vəziyyətdə qalmaq mümkünsüzdür. Bəs, bundan Rusiya nə qazanır? Doğrudur, Ermənistana xərclənən pullar o qədər də çox deyil. Amma o, Rusi-yaya bir dövlət olaraq heç nə vermir. Onun nə belə forposta, nə də protektorata ehtiyacı var.

Çünki hərbi mənada forpost - rəqibin ərazilərinə doğru irəli çəkilmiş möhkəmləndirilmiş mövqe deməkdir və hücuma keçən tərəf, məhz, ona arxalanaraq nəzarət etdiyi əraziləri genişləndirir. Artıq illərdir davam edən demoqrafik geriləməni, iqtisadi çətinlikləri, maliyyə və hərbi resursların məhdudluğunu nəzərə alsaq, hazırkı Rusiya üçün əraziləri genişləndirmək məsələsi aktual deyil. Müvafiq olaraq, forpostlara yox, həmsərhəd ölkələrlə mehriban münasibətlərə ehtiyac var. Qafqazda bu rolu isə Rusiya ilə ümumi sərhədi olmayan Ermənistan yox, Gürcüstan və Azərbaycan oynaya bilər.



MƏSLƏHƏT GÖR:

616