5 May 2024

Bazar, 01:23

İNQİLAB, YOXSA ÇEVRİLİŞ?

İndi ən vacibi Ukraynada yaşananların vətəndaş müharibəsinə keçməməsidir

Müəllif:

25.02.2014

Ukraynadan son həftələr ərzində gələn xəbərlər Yaxın Şərqin bir sıra ölkələrində 2-3 il əvvəl "ərəb baharı" adı altında yaşananları, yaxud 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabını xatırladırdı.

Ukraynaya əsl "inqilabçı qış" gəldi və bütün ölkə ərazisini vətədaş qarşıdurmaları və s. bürüdü. Prezident vəzifəsindən kənarlaşdırıldı, parlamentdə çoxluğa sahib hakim Regionlar Partiyası ilə Kommunist Partiyasının fəaliyyətini qadağan edən qanun layihəsi müzakirəyə çıxarıldı.

Artıq hakimiyyət müxalifətin əlinə keçib və onlar tələsik şəkildə bir-birinin ardınca fərmanlar verməyə  başlayıblar. Hüquqşünasların fikrincə, bu qərarların bir hissəsi, hətta ölkə Konstitusiyasına uyğun deyil. Daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakov hüquq-mühafizə orqanlarındakı yüksək postlara silahlı radikal sağçı müxalifətin liderlərinin təyin olunacağını açıqlayıb, bu qrupların döyüşçülərinin milislə birlikdə ölkədə asayişi qoruyacaqlarını bildirib.

Bu məqalənin yazıldığı vaxt Ukrayna prezidentinin yeri dəqiq bilinmirdi. Bəzi məlumatlara görə, Rusiyaya uçmaq cəhdi baş tutmayan Yanukoviç ölkənin şərq əyalətinin birində gizlənir. O, xalqa ünvanladığı videomüraciətdə baş verənləri silahlı çevriliş adlandırıb və istefa verməyi düşünmədiyini bildirib. 

Ali Rada isə "Batkişşina" partiyasının liderlərindən biri, Yuliya Timoşenkonun yaxın silahdaşı Aleksandr Turçinovu spiker seçib. Artıq o, müvəqqəti olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb. Turçinovun bu səlahiyyətləri mayın 25-nə təyin olunmuş prezident seçkisinədək həyata keçirəcəyi  güman olunur.

Maraqlıdır ki, Rada milli azlıqların dillərindən, o cümlədən rus dilindən istifadənin genişləndirilməsinə dair qanunu da ləğv edib. Parlament xüsusi qanunla sabiq baş nazir, "Batkişşina" partiyasının lideri Y.Timoşenkonu həbsxanadan azad edib. Timoşenko azadlığa çıxdıqdan bir müddət sonra əlil arabasında Maydana yollanıb və nümayişçilər qarşısında alovlu çıxış edərək, onları dağılışmamağa çağırıb. O, növbədənkənar prezident seçkisində iştirak etmək niyyətində  olduğunu da bəyan edib və bu, heç də təəccüblü deyil.

Bu gün Ukraynada baş verənləri anlamaq üçün yaşananlara nəzər salaq. Ukrayna hökuməti ilə müxalifət arasında qarşıdurma Kiyevin Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtinasından sonra başladı. Ötən ilin noyabrında Qərb liderləri tərəfindən açıq şəkildə dəstəklənən müxalifət tərəfdarları ölkənin əsas meydanına axışaraq, assosiasiya haqda razılaşmadan imtina haqda qərara yenidən baxılması tələbini irəli sürdü. Sonradan nümayişçilərin şüarları artmağa başladı və onlar əvvəlcə prezidentin səlahiyyətlərinin azaldılması, sonra isə hakimiyyətin istefası və digər radikal tələblər irəli sürməyə başladılar. Hətta sistemli müxalifətin nəzarətindən kənarda olan radikalların və millətçilərin hərbi addımları vəziyyəti daha da ağırlaşdırdı. Zaman keçdikcə bu, silahlı qarşıdurmaya keçdi.

Qəti addımlar fevralın 18-də atıldı: hüquq-mühafizə orqanlarının hökumət məhəlləsini nümayişçilərdən təmizləməsindən, Maydanı mühasirəyə almasından sonra ölkədə faktiki olaraq, fövqəladə vəziyyət elan olundu. İlk atəş səsləri eşidilməyə başlandıqdan bir neçə saat sonra nümayişçilərin müqavimətinin qırılacağını düşünmək olardı. Amma bu məqamda Qərb isteblişmentinin nümayəndələri birağızdan Ukrayna hökumətini səlahiyyətlərini aşmaqda günahlandırmağa başladı. Bəziləri isə hətta bir qədər də irəli gedərək, son illərin populyar fikrini işlədirdilər: "Prezident legitimliyini itirib".

Bu bəyanatların ardınca ölkədə nümayişlərin dağıdılmasına aidiyyəti olan şəxslərə qarşı maliyyə və viza sanksiyalarının tətbiq olunacağına dair hədələri simptomatik saymaq olar. Amma söhbətin konkret kimlərdən getdiyi açıqlanmırdı. Analitkilər bildirirlər ki, Viktor Yanukoviç üçün dönüş nöqtəsi məhz həmin an oldu. Çünki oliqarxlar və funksionerlər Qərb banklarındakı hesablarının dondurulması, persona non-qrata elan olunmaq təhlükəsi ilə qarşı-qarşıya qaldıqlarından prezidentə təzyiq göstərməyə başladılar və hökumət qüvvələrinin nümayişçilərə  hücumu dayandırıldı.

Nəticədə fevralın 21-də Fransa, Almaniya və Polşanın XİN başçılarının, o cümlədən Rusiya nümayəndəsi V.Lukinin iştirakı ilə Ukraynada  siyasi böhranın nizamlanmasına dair razılaşmanın paraflanması haqda qərar qəbul olundu. Razılaşma prezident V.Yanukoviç, müxalifət liderləri A.Yaseyuk, O.Tyaqnibok və V.Kliçko tərəfindən imzalandı. Sənədi V.Lukin istisna olmaqla, vasitəçilər də imzaladılar. V.Yanukoviç ölkədə milli etimad hökumətinin yaradılması prosesinə başlanılmasına çağırış etsə də, Ali Rada 2004-cü il Konstitusiyasının bərpasına səs verdi. Bu, prezident səlahiyyətlərinin məhdudlaşdırılması demək idi. Bütün bu addımlar Brüssel və Vaşinqton tərəfindən qəti şəkildə dəstəkləndi. Amma müxalifət, xüsusilə də onun radikal hissəsi imzalanmış sənədə məhəl qoymayaraq, mübarizənin son qələbəyədək davam etdiriləcəyini  bəyan etdi.

Hökumətin blokadanı aradan qaldırmasından, milisi geri çəkməsindən və faktiki olaraq parlamentin binasına aparan yolu açmasından istifadə edən nümayişçilər Ali Radanı mühasirəyə aldılar. Onların basqısı ilə parlamentdə spiker V.Rıbakın istefası haqda qərar qəbul olundu. Onun yerini A.Turçinov tutdu. Ali Rada daxili işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxsi təyin etdi, Təhlükəsizlik Şurası, müdafiə naziri və prokuroru da müəyyənləşdirdi.

Artıq bir çoxları sanki nəfəs almadan, Ukraynanın qərbi ilə şərqi arasında vətəndaş müharibəsinin başlayacağını gözləyirdi. Lakin Ukraynanın cənub-şərqində - Krım Muxtar Respublikası və Sevastopolda yerli şuralarda ölkədə yaranmış vəziyyəti müzakirə edən deputatların qurultayları, o cümlədən Krım Nazirlər Sovetinin bəyanatı göstərdi ki, hələlik yarımadada və ölkənin cənub-şərqində separatçı qüvvələr qərbdəki qədər güclü deyillər: qərblilər "Berkut"un Maydana ilkin hücumlarından sonra Ukraynanın tərkibindən ayrılmağa hazır olduqlarını bəyan etmişdilər. 

Beləliklə, indi artıq nikbinliklə Ukraynada vətəndaş müharibəsinin real olmadığını söyləmək mümkündür. Amma əlbəttə ki, onu birmənalı şəkildə istisna etmək də olmaz.

Ukraynada baş verənlərə xarici amillərin daxili amillərdən daha çox təsir etdiyi haqda çox yazılıb, çox danışılıb. Öz geosiyasi maraqları olan ABŞ, Aİ və Rusiya nəinki Ukraynada baş verənləri diqqətlə izləyirlər, həm də son hadisələrin göstərdiyi kimi, onlara təsir də edə bilirlər.

Məşhur amerikalı politoloq Zbiqnev Bjezinskinin özünün "Böyük şahmat taxtası" adlı kitabında qeyd etdiyi kimi, Ukraynanın itirilməsi (hələ SSRİ-nin dağılması zamanı - red.) geosiyasi önəm daşıyan məqamdır. Çünki bu, Rusiyanın geostrateji seçimini ciddi şəkildə azaldır. Rusiya, hətta Baltikyanı respublikalar və Polşa olmadan belə, Ukrayna üzərində nəzarəti əlində saxlamaqla, Avrasiya imperiyasındakı liderliyini qoruyub-saxlamağa cəhd göstərə bilərdi. Bu konteksdə və Kiyevin Aİ ilə Assosiativ Sazişi imzalamaqdan imtina etməsi fonunda Qərbin Ukraynadakı maraqları daha da aydın şəkildə üzə çıxır. Ukraynada yaşanan son hadisələri birmənalı olaraq, Qərbin Rusiya üzərindəki qələbəsi kimi qiymətləndirmək olar. Amma bu qələbə taktiki, yoxsa strateji xarakterli qələbədir? Sual açıq qalır. Rusiya Ukraynaya nəzarət uğrunda geosiyasi mübarizədə geri çəkilmək fikrində deyil.

Maddi-iqtisadi, həmçinin enerji rçaqlarına malik Moskvanın artıq geosiyasi əks-həmlələr haqda düşünməyə başladığı istisna deyil. Bu mübarizədə Aİ-nin, xüsusilə Almaniyanın öz maraqları var. Halbuki, Rusiya ilə geosiyasi mübarizədə Vaşinqtonla Brüssel birlikdədirlər. Amma ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Amerikanın Ukraynadakı səfiri C. Payetto ilə telefon danışığı zamanı işlətdiyi sərt sözlər Qərb ölkələrinin Ukraynaya baxışları arasında fərqin olduğunu göstərir.

Sözügedən telefon danışığında amerikalı məmurlar V.Kliçkonun hökumətdə yer almalı olmadığını bildirir, Vaşinqton üçün son hadisələrdə ən uyğun şəxsin A.Yasenyuk olduğuna işarə edirlər. Amma Timoşenkonun Ukraynanın siyasi arenasına qayıdışı bu yanaşmada dəyişikliyin olacağını düşünməyə əsas verir. Timoşenko Qərbin gözündə Ukraynanın artıq keçmiş müxalifətinin vahid lideri imicinə malikdir. Güman ki, Qərb qarşıdan gələn seçkidə məhz onu vahid namizəd kimi görmək istəyəcək. Nə qədər qəribə və absurd səslənsə də, Kreml də hadisələrin bu cür inkişafına qarşı deyil. Çünki Rusiya ilə vaxtilə Ukrayna xalqı üçün son dərəcə ağır fəsadlar vermiş qaz razılaşmasını Kiyev tərəfindən məhz Y. Timoşenko imzalamış və buna görə də həbs olunmuşdu. Timoşenkonun bütün fövqəldövlətləri qane edən yumşaq siyasəti, əlbəttə ki, onun prezidentlik şanslarını  artırır. Amma Ukrayna xalqı onun fövqəldövlətləri qane etmək üçün öz xalqının maraqlarına qarşı gedə biləcəyini də anlayır.

Maydandakı və sosial şəbəkələrdəki əhval bunun sübutudur. İndi fəallar həyatlarını riskə ataraq inqilabı "qaz şahzadəsi"nin yenidən taxt-taca yiyələnməsi üçün etmədiklərini bildirirlər.

Müxalifət liderləri və oliqarxlar arasında da Timoşenkonun tərəfdarları çox deyil. Artıq indi vəziyyəti təhlil edərkən, liderlər və fəallar arasında parçalanmanın olduğunu söyləmək mümkündür. Necə deyərlər, həmişə olduğu kimi, inqilab öz övladlarını udur. Amma Ukraynada baş verənlər inqilab idimi?

Bu gün Ukraynada vəziyyətə nəzarəti Qərbin fəal dəstəyi ilə radikal azlıq ələ alıb. Təəssüf ki, müasir dünyada bu hal beynəlxalq münasibətlər sistemində xoşagəlməz siyasi brendə çevrilir.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmaların başladığı gündən indiyədək 82 nəfər həlak olub, 620-dən artıq insan yaralanıb. Çoxları ölənlərin sayının 100-dən çox olduğunu söyləyir. Beləliklə, son yaşananların Ukrayna xalqı üçün bu günə olan qiyməti bu cürdür. Artıq "dünya birliyi"nin əlində xırda pula çevrilmiş demokratiya ideyasına da zərbə dəyib. Kimin bəyənib-bəyənməməsindən asılı olmayaraq, fakt faktlığında qalır: xalq səsverməsi yolu ilə seçilmiş prezident postundan səsvermə yolu ilə uzaqlaşdırılmadı. O, hakimiyyətdə sivil dünyada populyar olmayan üsullarla kənarlaşdırıldı. 



MƏSLƏHƏT GÖR:

798