2 May 2024

Cümə axşamı, 04:55

SƏHNƏ ÇÖZÜMÜ

Ölkədə Milli Teatr Gününün martın 10-da qeyd olunduğuna görə hansı tarixə borcluyuq?

Müəllif:

18.03.2014

Azərbaycanın teatr tarixi nədən ibarətdir? Digər mədəniyyətlərdə olduğu kimi, Azərbaycanda da teatr rəqslərin, oyunların, dini və bayram mərasimlərinin əsasında yaranıb. XIX əsrdə artıq "kəpənək" və "bənövşə" oyun mahnıları mövcud idi. Azərbaycan teatrının inkişafına milli ənənələr də təkan verib: toy, nişan mərasimləri, o cümlədən Novruz Bayramı ilə əlaqədar ayinlər. Azərbaycan teatrının formalaşmasında daha bir əhəmiyyətli amil kimi "Yallı" kişi rəqsini göstərmək olar.

XIX əsrin əvvəllərində artıq bir sıra tematik tamaşalar var idi: "Kosa-Kosa", "Qaravəlli", "Şah Səlim", "Keçəl pəhləvan", "Ceyran xanım", "Maral oyunu", "Kaftarkosa", "Xan-Xan", "Tapdıq çoban", "Tənbəl qardaş". Türk dünyasında yayılmış daha qədim və ənənəvi teatr növü kimi isə "Kilim arası"nı göstərmək olar. Bunlar aktyorların xalçanın arxasında gizlənərək bazarlarda nümayiş etdirdikləri kukla tamaşaları idi. Yalnız Azərbaycanda deyil, həm də Avropada yayılmış bu tamaşaların əsas xüsusiyyəti onların aktuallığı və maraqlılığı idi. Tamaşalar zamanı xalçanın arxasında dayanan aktyorlar görünmürdü, qanun təmsilçilərinin bazara gəldikləri vaxt isə asanlıqla yoxa çıxmaq olurdu.

Bununla yanaşı, "prototeatr"ın dini növləri də var idi. Bu, daha çox Məhərrəm ayında nümayiş etdirilən "Şəbih" ayini kimi tanınan misteriya idi. Onunla yanaşı, qədim "yuğ" faciə janrı da mövcud idi. Bütün sadalananları müasir teatrın yaranmasının əsası və ya özünəməxsus mədəni şəraiti saymaq olardı.

Bütün bunlarla yanaşı, milli teatrın başqa mənbələri də var idi. 1832-ci ildə Gəncədə gənc molla oğlu Mirzə Fətəli Axundov mədrəsəyə qəbul olunmuşdu. Bundan 1 il əvvəl isə elə həmin mədrəsədə Mirzə Şəfi Vazeh dərs deməyə başlamışdı. Bu iki şəxs orada rastlaşmasaydılar, milli teatrın əsasının nə vaxt qoyulacağını bilmək olmazdı. Sonralar Axundov müəlliminin onu necə "yoxladığını" xatırlayırdı. Bu gənc dinə və onun ehkamlarına son dərəcə tənqidi yanaşır, yeni, "alternativ" biliklər qazanmaq istəyirdi. Müəllimi də onu başa düşdüyündən gənc, lakin perspektivli şagirdinə Avropa ədəbiyyatı və dramaturgiyasından bəhs edən çoxlu sayda kitablar verirdi. O zaman Vazehin artıq Avropa ziyalıları ilə ünsiyyətdə böyük təcrübəsi var idi. O, bir neçə dil bilirdi. Məhz Vazeh Axundovu atasının yolu ilə getməkdən çəkindirərək, ədəbiyyat sahəsinə istiqamətləndirib.

 

Məhz tarix haqda... 

Moskva Universitetinin sabiq tələbəsi, Bakı Real Gimnaziyasının müəllimi Həsən bəy Zərdabi və elə həmin məktəbin tələbəsi, həvəskar aktyor Nəcəf bəy Vəzirov günlərin birində ilk dəfə Azərbaycan pyesini peşəkar səviyyədə səhnələşdirmək qərarına gəldilər. 

Bu, 1873-cü il martın 10-u idi. Rolları Real Gimnaziyanın tələbələri oynayırdılar. Səhnələşdirilən Axundovun məşhur "Lənkəran xanının vəziri" pyesi idi. 

Bunun üzərindən 1 ay keçməmiş, eyni səhnədə bu dəfə Axundovun digər əsəri - "Hacı Qara" nümayiş olundu.

Azərbaycan  teatrının inkişafında Zərdabinin böyük rolunu qeyd etməmək olmaz. İxtisasca riyaziyyatçı olan bu şəxs faktiki olaraq, yalnız milli mətbuatın deyil, həm də milli teatrın banisidir. Odur ki, Zərdabinin digər sahədə fəaliyyətə keçməsi (o, "Əkinçi" qəzetinin təsisçisidir), gələcək dramaturq Vəzirovun isə təhsil dalınca Rusiyaya yollanması ilə yeni doğulmuş milli teatrın zəifləməyə başlaması heç də təəccüblü deyil.

Bir sıra sahələrdə olduğu kimi, teatr sahəsində də dirçəliş Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada olub. 1881-ci ildə şəhərdə real məktəb açıldı. 1882-ci ildən yay tətili zamanı müəllimlər və tələbələr tərəfindən həvəskar tamaşalar səhnələşdirilməyə başlandı. Onlar Şekspirin, Avropa klassiklərinin və əlbəttə ki, Axundovun əsərlərini səhnələşdirirdilər. 1890-cı illərdə teatrın populyarlaşması milli dramaturgiyada yeni adların ortaya çıxmasına səbəb oldu. Onlardan biri elə həmin məktəbin müəllimi Haşim bəy Vəzirov idi. 1892-ci ildə ilk dəfə olaraq, Axundovla yanaşı, onun da pyesi səhnələşdirildi. Bu, "Evlənmək su içmək deyil" tamaşası idi.

Teatrın populyarlığının artması mühafizəkar dairələrin xoşuna gəlmirdi. Dini düşüncəli gənclər tamaşalardan biri zamanı zala girərək teatrın gedişini pozmuş, aktyorlar binanı arxa qapıdan tərk etmək məcburiyyətində qalmışdılar. Dövrün əksər din adamları ədəbiyyat və teatrı inanclılara layiq olmayan məşğuliyyət sayırdılar.

XIX əsrin sonlarında Bakıda və Şuşada artıq bir neçə tamaşa qoyulurdu. Bu zaman, əsasən, Avropa dramaturqlarının və ya yerli müəl-liflərin komediyalarına üstünlük verilirdi. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" dramının səhnələşdirilməsi əsl hadisəyə çevrilmişdi.

Milli teatrın çiçəklənməsi faktiki olaraq, XX əsrin əvvəllərinə təsadüf edib və 1930-cu illərin əvvəllərinədək davam edib. Bir çox yeni adlar da məhz həmin dövrdə üzə çıxdı: Hüseyn Ərəblinski, Süleyman Axundov, Cəlil Məmmədquluzadə, Müslüm Maqomayev (böyük), Üzeyir Hacıbəyov.

 

Dəmir sədd arxasında oynanılan teatr

Ölkədə öz hakimiyyətini quran Sovet İttifaqı yalnız yeni imperiyanın siyasəti və iqtisadiyyatnın tətbiqi ilə kifayətlənmədi. Yeni dövlət vətəndaşların beyinlərinə də tamamilə sahib çıxmağı qarşısına vəzifə olaraq qoymuşdu.

1919-cu ildə Azərbaycan Dövlət Teatrı yaradıldı, 20-ci illərin əvvəllərində isə respublikanın teatrları milliləşdirildi. Növbəti addım tamaşalara sərt senzuranın tətbiqi, aktyorların sıralarında "təmizləmə" işlərinin aparılması idi. Qeyri-loyallar işdən kənarlaşdırılır, ən loyal münasibət göstərən rejissorlar və aktyorlar partiya, rəhbər vəzifələrinə təyin olunurdular. 1920-ci ildə rus satir-aqitteatrı yaradıldı. Sonladan onun adı dəyişdirilərək Bakı İşçi Teatrı oldu. 1 il sonra bolşeviklər Azərbaycan satir-aqitteatrı yaratdılar və sonradan onun da adı dəyişdirilərək, Bakı Azərbaycan fəhlə-kəndli teatrı oldu. Əslində, teatrların adı özü-özlüyündə hər şeyi göstərirdi. Amma ən qorxulu hadisələr daha sonra başladı.

1934-cü ildə o dövrdə SSRİ xalq daxili işlər komissarı vəzifəsini daşıyan Henrik Yaqodanın təşəbbüsü ilə ilk baxışdan yaxşı təsir bağışlayan bəhanə ilə - mədəniyyətin durumunun yaxşılaşdırılması üçün çoxsaylı yaradıcı ittifaqlar yaradıldı. Onların arasında Yazıçılar İttifaqı, sonradan isə Teatr Xadimləri İttifaqı da var idi. Amma bu qurumun yaradılması ilə bütün həvəskar və müstəqil teatrların fəaliyyəti qadağan olundu. Ayrı-ayrı müəssisələrin özfəaliyyət teatrlarını müstəqil adlandırmaq mümkün deyildi. Çünki belə teatrlar himayəsində fəaliyyət göstərdikləri qurumlardan asılı vəziyyətdə idilər və onların fəaliyyətlərinə ciddi nəzarət var idi.

30-cü illərin əvvəllərindən 50-ci illərin sonlarınadək olan dövrü bütünlükdə sovet mədəniyyəti üçün "dalan dövrü" saymaq olar. Bu, Azərbaycana da aiddir. Repressiyaların başlaması ilə milli ziyalıların əksəriyyəti dünyasını dəyişdi, sağ qalanlar xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək üçün mühacirət etmək məcburiyyətində qaldılar. Alman faşizminə qarşı müharibədə əsir düşmüş bir çox həmvətənimiz vətənə qayıtmaq imkanından məhrum edildilər və xarici ölkələrdə yaşamalı oldular.

Bütün Sovet İttifaqında olduğu kimi, Azərbaycanda da vəziyyət yalnız 60-cı illərin mülayimləşməsindən sonra dəyişdi.

SSRİ adlı böyük dövlətin digər yerlərində olduğu kimi, Azərbaycanda da qorxu içərisində keçən onilliklərdən sonrakı qısa azadlıq dövrü mədəniyyətdə "altmışıncılar" anlayışının peyda olmasına yol açdı. Həmin illərdə Azərbaycan teatrında saysız-hesabsız tamaşalar səhnələşdirildi. 1950-ci illərin sonlarından Mehdi Hüseynin "Cavanşir" və "Alov", S.Rəhmanın "Əliqulu evlənir" və "Yalan", C.Məcnunbəyovun "İliç buxtası", H.Seyidbəylinin "Bağlı qapılar" və hazırda şedevr hesab olunan digər tamaşalar səhnələşdirilirdi. Həmin dövrdə teatr sahəsində bir çox yeni adlar da ortaya çıxmışdı.

Həmin illərdə C.Cabbarlı adına Gəncə Teatrı da sürətlə inkişaf edirdi. Artıq orada milli dramaturgiyanın klassikləri olan M.F.Axundovun, N.Vəzirovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, C.Cabbarlının, S.Vurğunun, M.İbrahimovun, S.Rüstəmin, İ.Əfəndiyevin pyesləri səhnələşdirilirdi. Amma bu tamaşalarda bir çox fikirlər mütləq dəyişdirilir, onlara bədii yenilik gətirilirdi. Bu, 1930-50-ci illərin teatrına xas hal deyildi.

Gəncədə gənc dramaturqlar C.Məcnunbəyovun, İ.Səfərlinin, B.Vahabzadənin pyesləri də qoyulurdu. Bundan başqa, artıq teatrda müstəqil şəkildə başqa dillərdə olan pyeslərin tərcümə edilərək səhnələşdirilməsinə də başlanılmışdı (bu, o dövr üçün görünməmiş hal idi): Q.Fiqeredonun "Ezop", Əziz Nesinin "Bura gəlin", Lope de Veqanın "Hiyləgər aşiq", A.Şirvanzadənin "Qəddar ruh" və s.

Naxçıvan Teatrı 1960-cı illərdə Azərbaycan klassikasının oxunmasına və müasir dramaturgiyanın ifadəsinə daha çox diqqət ayırırdı. Lənkəranda N.Vəzirov adına Teatr, Sumqayıtda H.Ərəblinski adına Teatr, Şəkidə S.Rəhman adına teatr və digərləri də kifayət qədər uğurlu fəaliyyət göstərirdi.

1970 və 80-ci illərdə teatr həyatı H.Cavidin "Xəyyam", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesləri ilə yadda qalıb. O dövrdə gənc rejissorlar da meydana çıxırdılar. Məhz onlar R.Stoyanovun "Ustalar" (rejissor F.Sultanov), M.Dyarfoşun "Oyan və oxu" (F.Hacıyev), Sebastianın "Adsız ulduz" (H.Əbluc), N.Dumbadzenin "Darıxma, ana" (A.Kazımov) səhnələşdirmişdilər. Yaşlı nəslin nümayəndəsi olan rejissorlar isə klassikanın və müasir dramaturgiyanın parlaq təsfirçisinə çevrilirdilər. B.Nuşiçin "Nazirin xanımı", Molyerin "Don Juan", Şekspirin "Fırtına" (rejissor T.Kazımov), Şillerin "Məkr və məhəbbət", A.Saqarelinin "Xanım", N.Hikmətin "Məhəbbət əfsanəsi" (rejissor A.Şərifov) və s. teatrın gənc aktyorlarının tərbiyəsində böyük rol oynayıb. Teatr afişalarında gənc dramaturqların adlarının peyda olması dövrün sevindirici məqamı idi.

 

Bu gün

Bu gün Bakıda 15, ümumilikdə Azərbaycanda isə 30-dan artıq teatr fəaliyyət göstərir. Hər il ölkədə teatr mövsümü ənənəvi olaraq, sentyabrın 15-də açılır və mayda başa çatır. Bundan başqa, bir çox həvəskar teatr qrupları var. Bəzi hallarda isə öz rejissorları, aktyorları, konsepsiyası və tamaşaları olan bir neçə teatr fəaliyyət göstərir.

Azərbaycan teatrları Norveçə, Almaniyaya, Rusiyaya, Böyük Britaniyaya, hətta okeanın o tayına qastrol səfərləri edirlər. Bundan başqa, bu gün təcrübə mübadiləsi və işləmək üçün Bakı teatrlarına xarici mütəxəssislər də gəlir - kino rejissorlarından tutmuş, işıqçılaradək.

Bu gün, təxminən, əsr yarımdan sonra Azərbaycan teatrının əsas xüsusiyyətindən danışmaq mümkündür. Əgər vaxtilə Azərbaycanın yaradıcı təfəkkürünün inkişafı məsələsində Şərqlə Qərb arasında körpü kimi qoca müəllim Vazeh göstərilirdisə, indi bu körpü Azərbaycan teatrıdır.



MƏSLƏHƏT GÖR:

658