26 Aprel 2024

Cümə, 18:48

META-MÜASİR MUSİQİ

Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı başa çatdı

Müəllif:

23.04.2013

Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı başa çatdı. İlk dəfə keçirilən festivaldan bizi düz 27 il ayırır - 1986-cı il və 2013-cü il. 

Bunun sayca cəmi 5-ci tədbir olmasına rəğmən, festivalın qədim tarixi var. Festival azərbaycanlı bəstəkar və pedaqoq, professor, postsovet məkanının ən görkəmli bəstəkarlarından biri, Qara Qarayevin oğlu Fərəc Qarayev tərəfindən dirijor Rauf Abdullayevin fəal iştirakı ilə təşkil olunub. O zaman proqrama SSRİ-də nadir hallarda eşidilən əsərlər daxil edilmişdi. Nadir olan hər şeyin total xarakter aldığı, hətta bugünümüzdə də Qarayev festivalı təyinatını doğruldur - nadir olanı qiymətləndirmək və anlamaq hər kəsin işi deyil. Bu nadirlik elə ona məxsus olaraq qalır.

27 il ərzində biz bir sıra hadisələri və kəşfləri yaşadıq, dərk etdik. O vaxtlar kompyuter və faks haqqında yalnız eşidə bilərdik, belə texnikaya ancaq və ancaq "seçilmişlər" malik idi. Bu gün isə hər kəsin qlobal interaktiv şəbəkələrə və internetə qoşulmaq imkanı var. İndi internet bəşəriyyət üçün altıncı hiss orqanına çevrilib. 

O dövrlərdə Qara Qarayev və onun avanqard musiqisi-əməlli-başlı qəhrəmanlıq sayılırdı.

Bu gün - müasir musiqinin və kreativliyin bütün mümkün çərçivələri aradan götürüləndən sonra, dü-şünürsən ki, görəsən, əsl incəsənət nədir, axı? 

O zaman musiqi dünyasının pikində dünyanın qəbul etdiyi lider bəstəkarlar yer alırdı - Con Keyc, Karlhayns Ştokhauzen, Lyuçano Berio, Dyord Liqeti, Vitold Lyutoslavski. İndi isə avanqard musiqi ilə kimi təəccübləndirəsən? 

Elə isə, bu gün müasir klassik musiqi nədir və Qarayev festivalı kimi tədbirlər hansı zərurətdən doğur?

Musiqişünas Cahangir Səlimxanov bildirir ki, müasir musiqi festivalı bu gün postmüasirlik və ya müxtəlif mədəniyyət nəzəriyyəçilərinin adlandırdığı kimi, meta-müasirlik şəraitində keçirilən tədbirdir. 1980-ci illərdə başa düşülən və hiss olunan müasirlik bu gün yoxdur: "Amma onu da qeyd etmək lazımdır ki, Bakı festivalı layihəsi yeni, hələ tam formalaşmamış və demək olar ki, heç kəsin hələlik görmədiyi bədii istiqamətləri aşkarlamaq missiyası da daşımır".

Musiqi eksperti bildirir ki, Qarayev festivalı öz məqsədinə sadiqdir: yerli dinləyicini prinsipcə artıq aydın olan, özünəməxsus klassik musiqiyə çevrilmiş musiqilə tanış etmək. "Yeri gəlmişkən, festivalın Qara Qarayevə həsr olunması heç də memorial xarakteri daşımır - bu, heç də dahi bəstəkar kimi, Qara Qarayevin musiqilərinə həsr olunmayıb. Bu, onun maarifləndirici missiyasının davamıdır: dinləyicilərin bilik dairəsini genişləndirmək və XX əsrin yeni musiqisini izah etmək. Bu vəzifə hazırkı dövrümüzdə də aktual olaraq qalır. Çünki uzun illər ərzində Bakıda ötən əsrin musiqisilə, ümumiyyətlə, tanış olmayan nəsil yetişib. Bu "yeni klassika"nın bir çox nümunələrini bizdə nə o zaman səsləndiriblər, nə də indi onları eşitmək olur. Bəs, ifaçılar bu musiqi ilə dinləyiciyə nəyi çatdırmaq istəyirlər? Bax, bu, tamam başqa söhbətdir. Bu baxımdan, əlbəttə ki, fikirlər haçalanacaq və bunu müzakirə etməyin özü maraqlıdır. XX əsrin "müasir musiqisi"ndə biz çoxəsrlik musiqi mədəniyyətinin dərinliklərindən baxaraq, onun gələcəyini də görmək, ona toxunmaq imkanı əldə edirik. Çünki musiqi dilinin çoxdan unudulmuş, artıq bayağı görünən ən müxtəlif elementləri yenidən yaradıla, yeni əsər içində tamam başqa cür dərk edilə bilər. Beləliklə, dinləyicinin qarşısında çətin, eyni zamanda olduqca maraqlı vəzifə durur: musiqi ilə birgə keçmişə səyahət etmək", - deyə ekspert bildirir.

Festivalın keçirildiyi həftə ərzində Bakıda bir çox müasir musiqi interpretasiyası səsləndirildi. Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalında Hollandiya, Rusiya, Avstriya və şübhəsiz ki, müasir musiqi ifasının çoxdan qədim və möhkəm ənənəyə çevrildiyi Azərbaycan kollektivlərinin çıxışları oldu. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Rauf Abdullayevin rəhbərliyi ilə keçirilən iki konserti - XX əsrin musiqi dünyası idi. Orkestrin açılış mərasimindəki çıxış proqramı Qara Qarayevə köklənmişdi: dahi müəllim Dmitri Şostakoviç, onun sevimli tələbələrindən biri, Azərbaycanın bəstəkar məktəbinin bu gününü layiqincə təmsil edən Xəyyam Mirzəzadə və Q.Qarayevin ən sevimli əsərlərindən olan Ottorino Respinqin PINI DI ROMAsı. 

Festivalın bağlanışında isə müasir bəstəkarlara ciddi təsir göstərmiş, XX əsrin bəstəkar yaradıcılığında musiqi təfəkküründə yeni inkişaf yolları açmış Şenberq, Liqeti və Berionun əsərləri səsləndirildi.

Musiqişünaslar Berionun simfoniyası haqda xüsusi həvəslə danışırlar - bu əsər postmodernizmin özünəməxsus manifestidir.  Yad musiqinin müəllif materialı ilə birləşməsi yeni musiqi miksti yaradıb və bu mikst bütöv bir nəsil üçün XX əsrin ikinci yarısının musiqi zövqünü formalaşdıran başlanğıc platforması rolunu oynayıb.

Əsərin təqdimatı 1968-ci ildə ABŞ-da olub. Çikaqo Simfonik Orkestrinin dirijoru Leonard Bernstayn idi. İfada dünyaca məşhur Swingle singers ansamblı da iştirak edirdi. Orkestr və vokal çətinlikləri səbəbindən bu simfoniya nadir hallarda ifa olunur. 2011-ci ildə Avropada 3 ifa olmuşdu (Paris, Münhen və Lissabon). 2012-ci ildə o, London, Oslo və Hollandiyada - Amsterdam, Rotterdam,  Haaqa və Qroningendə, hazırkı 2013-cü ildə isə Milan, Paris və Portoda ifa olunub. Əsərin Bakıda səsləndirilməsini maraqlı edən bir cəhət də ondan ibarət idi ki, bu, onun nəinki postsovet məkanında, bütünlükdə Şərqi Avropada ilk ifası idi.

Festival konsertlərində Avropanın yeni musiqi ifaçılığında qəbul edilmiş liderlərindən olan Asko Schönberg və Strasburqun məşhur Accroche Note ansamblı iştirak edib. Onların hər ikisi Hollandiya və Fransadan olan bəstəkarların əsərlərindən ibarət proqramla çıxış ediblər. Daha bir sürpriz isə GTT-in səhnəsində xəyalpərəst, ən qeyri-adi bəstəkarlardan olan Maurisio Kaqelin mahnısına səhnələşdirilmiş  "Varyete" tamaşasının nümayişi idi. İfaçı dirijor Vladimir Runçakın rəhbərliyi altında Bakının Con tempo ansamblının müşayiəti ilə yunan-ispan AVA Dance Company idi.

I, II və III Fortepiano konsertlərinin proqramına gəlincə, orada məşhur azərbaycanlı ifaçı Gülşən Ənnağıyeva, moskvalı pianoçular dueti - Aleksey Lyubimov və İvan Sokolov, həmçinin hollandiyalı Marsel Vorms iştirak ediblər. Marianna Vısotskaya festivalda "Orqan+" proqramı ilə çıxış edib.

Ukraynalı dirijor və bəstəkar, Maurisio Kaqelin qeyri-adi  "Varyete" tamaşasında iştirak edən Vladimir Runçak "avanqard nədir" sualına cavabında bildirib ki,  bu gün bu söz əvvəlki anlamda işlədilmir: "Biz avanqardın başlanğıcını yeni Vyana məktəbindən hesablamağa öyrəşmişik. O zaman bu söz son dərəcə dəqiq təsəvvür yaradırdı, dərhal yada konkret adlar və bəstələr düşürdü. XX əsrin ikinci yarısında isə postmodernizmin peyda olması ilə avanqardın məcrasında çoxlu sayda müxtəlif istiqamətlər yaranmağa başladı. Bununla da, ümumiyyətlə, təsnifat aparmaq çətinləşdi. İndi avanqard nədir? Bütün bunları üslub çərçivəsinə salmaq çətindir. Odur ki, "avanqard" anlayışının özü mənasını itirib. İndi yalnız musiqinin keyfiyyəti haqqında danışmaq olar".

Sovet reallıqları üçün Qara Qarayevin yaradıcılığı, həqiqətən də, avanqard idi. Bəstəkarın irsi, demək olar ki, musiqi sənətinin bütün janrlarını əhatə edirdi. Onun üslubu emosionallığı, dramatiklik və zərif lirikanın qarışığı ilə fərqlənir. 1940-cı illərin sonları, 1950-ci illərin əvvəllərinə aid bəzi əsərlərdə görkəmli Azərbaycan şairi Nizaminin təsiri hiss olunur - "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" simfonik süitası və nəhayət, bəstəkarın yaradıcılığının zirvəsi - "Yeddi gözəl" baleti.

Qarayevin ekspressiv, romantik-emosional, parlaq üslubu xalq musiqisi prinsiplərilə sıx bağlıdır. Onun bəstəkarın yaradıcılığının sonrakı dövrünə də təsiri hiss olunmaqdadır. Söhbət Qarayevin əsərlərdə daha rasional texnikaya müraciət etdiyi, dodekafoniya ilə eksperimentlərə əl atdığı (Üçüncü simfoniya, Skripka konserti) vaxtlardan gedir.



MƏSLƏHƏT GÖR:

748