30 Aprel 2024

Çərşənbə axşamı, 09:49

QƏLƏBƏDƏN DAHA ARTIQ

Türkiyənin hakim partiyası növbəti kəskin mübarizədən də qalib ayrıldı

Müəllif:

08.04.2014

Kompromatlar müharibəsi, qarşılıqlı ittihamlar, tərəfdarlar arasında toqquşmalar... Son bir neçə onillikdə Türkiyə heç zaman yerli özünüidarəetmə orqanlarına martın 30-da keçirilən seçki ərəfəsindəki qədər qütbləşməmişdi. Siyasi təşkilatların liderləri və təmsilçiləri, yəqin ki, opponentlərinə qarşı heç zaman indiki qədər dözümsüz olmamışdılar.

Bələdiyyə seçkisi lokal xarakter daşısa da, bir sıra amillər ona dövlət əhəmiyyəti qazandırmışdı. Bu, ilk növbədə, bu  yay ölkədə prezident, 2015-ci ilin iyununda isə parlament seçkisinin keçiriləcəyilə bağlı idi. Bu səbəbdən, mart seçkisi hələ səsvermədən xeyli əvvəldən həyati əhəmiyyətli seçki adlandırılırdı.

  

Seçkiqabağı  durum

Hələ ötən ilin yayında Gəzi parkında ağacların kəsilməsilə baş qaldırmış etiraz dalğası hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) və onun dəyişməz lideri Rəcəb Tayyib Ərdoğan üçün 12 illik rəhbərliyin sınağına çevrilmişdi. Analitiklər hesab edirdilər ki, bu etirazların yatırılması, o cümlədən həm Türkiyə daxilindən, həm də beynəlxalq birlikdən gələn tənqid selinə sinə gərilməsi vasitələri ölkə rəhbərliyində ilk çatları yaradacaq. Artıq Türkiyə rəhbərliyinin Qərbin o anadək ƏİP-ə daim dəstək verən isteblişmenti ilə də münasibətləri  korlanmışdı. Amma hakim partiya üçün əsas zərbə onun köhnə müttəfiqi, "Hizmət" beynəlxalq şəbəkə hərəkatının lideri Fətullah Gülən ilə münasibətlərin korlanması idi.

Yüksək rütbəli məmurların yaxınlarının, nüfuzlu biznesmenlərin həbsilə nəticələnən "Böyük rüşvət" əməliyyatı Gülənin Türkiyə hüquq mühafizə orqanlarındakı adamları tərəfindən ƏİP rəhbərliyinə qarşı yönəlmiş addım sayılır. Təsadüfi deyil ki, əməliyyatdan dərhal sonra Ərdoğan Gülən hərəkatını dövlət  çevrilişinə cəhddə və paralel dövlət strukturu yaratmaqda ittiham etdi.

İnternetdə kompromat xarakterli çox sayda materialın yayılması ilə qarşıdurma daha da qızışdı. Söhbət hökumət aparatı daxilində qəliz korrupsiya sistemini, KİV-in işinə müdaxiləni və s. ifşa edən telefon danışıqlarından  gedir. Bu kompromatlar qarşısında "Hizmət" hərəkatının nümayəndələrini vətəndaşların şəxsi həyatına müdaxilədə günahlandıran hökumət, eyni zamanda məlumatları heç də təkzib etmədi.

Bununla eyni vaxtda müxalifət partiyaları arasında yaxınlaşma müşahidə olunmağa başladı.  Analitiklərin fikrincə, baş verənlərdən sonra Solçuların Cümhuriyyət Xalq Partiyası (CXP) və Millətçi Hərəkat Partiyası (MHP) müəyyən mənada "Hizmət" hərəkatı ətrafında birləşdilər.

Seçkiyə lap az qalmış Türkiyə ictimaiyyətinə növbəti kompromat "sızdırıldı". İnternetdə xarici işlər naziri Əhməd Davudoğlunun, məsləhətçisi Firudin Sinirlioğlunun, Türkiyə kəşfiyyatının başçısı Hakan Fidanın və Silahlı Qüvvələr Baş Qərargah rəisinin müavini Yaşar Gülərin iştirakı ilə keçirilmiş gizli toplantının audioyazısı peyda oldu. Ərdoğanın  opponentlərinin iddiasına görə, bu dəfə hökumətin Suriyaya hərbi müdaxilə planı ifşa olunmuşdu. Davudoğlu ilə Ərdoğan isə müxalifətin bu əməlini "əxlaqsızlıq və rəzalət" kimi qiymətləndirdilər. Bundan sonra hökumət "Twitter" və "Youtube" sosial şəbəkələrinin qapadılması kimi qeyri-populyar addımı atmaqdan belə, çəkinmədi.

Düşünmək olardı ki, səs-küylü ifşa materiallarından sonra hakim partiyanın seçici itirməsi qaçılmazdır. Amma kompromatçıların səylərinə baxmayaraq, ƏİP bu seçkidə də inamlı qələbə qazandı. Üstəlik, əgər 2009-cu ilin bələdiyyə seçkisində ƏİP 38% səs yığmışdısa, bu dəfə onun topladığı səs faizi 45-dən bir qədər artıqdır. Bunu partiyadan daha çox şəxsən Ərdoğanın qələbəsi saymaq olar. 

 

Döyüş meydanında təkbaşına

Ərdoğanın partiyasının ölkəyə 12 illik fasiləsiz rəhbərlik etməsindən sonra əldə etdiyi nəticəni istənilən dövlətdə inamlı qələbə saymaq mümkündür. Üstəlik, hökumətin ittiham olunduğu saxtakarlıq halları təsdiqini tapsa belə, onlar ümumi nəticəyə təsir göstərmək gücündə deyil.

Bununla yanaşı, Ərdoğanın son anadək tam fərqli nəticə gözləyən opponentlərinin gözləntilərinə ciddi zərbə dəydi. Nəzərə almaq lazımdır ki, "Böyük rüşvət" prosesinin başlanması ilə Ərdoğanın siyasi silahdaşlarının əksəriyyəti onu təkbaşına qoymuşdular. Bununla da, o, mübarizəni yalnız kəşfiyyatın rəhbəri Fidan və daxili işlər naziri Ala ilə birgə aparmalı olmuşdu.

Maraqlıdır, Ərdoğan hansı sehrli çubuğa malikdir ki, bu qədər ifşaedici materiallar onun belə kəskin mübarizədən qalib çıxmasına mane olmadı?

Hələ 90-cı illərin ortalarında - siyasi karyerasının başlanğıcında Rəcəb Tayyib Ərdoğan Türkiyə ictimaiyyətinin bəzi reallıqlarını dərk edirdi. O zaman Türkiyə əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayırdı. Bir-birini əvəzləyən siyasi böhranlar üzündən ölkə iqtisadiyyatı tez-tez burulğana düşürdü. Bu isə, öz növbəsində, əhalinin aztəminatlı təbəqəsinə ciddi zərbə vururdu. Yoxsulluqla yanaşı, onların, bir qayda olaraq, elementar ilkin təhsili belə, yox idi. Belə insanların əksəriyyəti Anadolunun dərinliklərində, daha çox kənar rayonlarda və ya böyük şəhərlərin ətraf qəsəbələrində yaşayırdılar. Qəpik-quruşla yaşayan bu sadəlövh  insanlar Turqut Özalın liberal iqtisadi islahatlarından sonra ölkədə onlardan fərqli, yüksək rifah halında yaşayan azsaylı təbəqənin də olduğunu müşahidə edirdilər. Siyasətçilər onların çağırışlarına məhəl qoymur, ümumiyyətlə, onlarla başa düşmədikləri dildə danışır, belə seçiciləri yalnız növbəti seçki ərəfəsində yada salırdılar. Nəticədə, həmin təbəqə özünü "yad" sayırdı. Təqibə məruz qalan istənilən şəxs isə avtomatik olaraq aztəminatlı  vətəndaşın rəğbətini qazanır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə əhalinin böyük bir hissəsi müsəlmandır. Ola bilər ki, onlar islam fundamentalizmini yaymır, digər ölkələrdəki müsəlmanlar qədər radikal deyillər, amma kifayət qədər ağırlığı olan gücdürlər. Onlar üçün müsəlman qardaşlığı, din qardaşlarına zülm olunması boş sözlər deyil.

Əhalinin təhsilli təbəqəsi arasında da mühafizəkar baxışlara malik olanlar az deyil. Onlar Osmanlı İmperiyasının birdən-birə 3 qitədə böyük bir əraziyə sahiblik etdiyi dövrün xiffətini çəkirlər. Ərdoğanın başgicəlləndirici siyasi karyerasına təkanı da bu sosial sifariş simbiozu verib. Hələ İstanbulun meri olarkən o, adıçəkilən təbəqələr arasında populyarlıq qazanmışdı. Çünki zəngin ailədən çıxmayan Ərdoğan özünü sıxıntılar içərisində yaşamış şəxs kimi göstərirdi. İnsanlar üçün təpədən dırnağadək "özümüzünkü" sayılan Ərdoğan siyasi islamın qaydalarına sadiqliklə yanaşı, "böyük Osmanlı əcdadlarına" sevgisini də gizlətmirdi. Vətənpərvərlik haqda şeirlərə həddindən artıq məhəbbət bəslədiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilməsi isə Ərdoğanı şöhrətinin pikinə daşıyan məqam  oldu.

Ərdoğan siyasi olimpə yüksəldikdən sonra da öz elektoratını, onların nələrə üstünlük verdiklərini unutmadı. Onun İsrailin siyasətini tənqid etməsi, fələstinlilərin taleyinə görə açıq ahu-zar etməsi, cəmiyyətin dünyəvi hissəsinin marginallaşması, generalların həbsi, Mustafa Kamalın dünyəvi düzəninin ənənəvi müdafiəçiləri olan ordu və elm elitasına ittihamları, tarixi yaddaşa hörmət çağırışları, "Yeni Türkiyə"nin Osmanlı İmperiyasının varisi olduğuna dair dəfələrlə səsləndirdiyi birmənalı bəyanatları Ərdoğana cəmiyyətin yuxarıda qeyd olunan təbəqələrini öz ətrafında birləşdirmək imkanı verdi.

Bütün  bunlarla yanaşı, Ərdoğan və silahdaşlarının artıq xeyli müddətdir hakimiyyətdə olmalarına rəğmən, onlar hələ də müxalifətçi ritorikasından və Şərlə müharibə prinsipindən istifadə edirlər.

Son seçki göstərdi ki, baş nazirin tərəfdarlarının onun ətrafında birliyi də zəifləmir. Onların əsas arqumenti korrupsiya qalmaqallarına rəğmən, hakim partiyanın xalqın qayğısına qalması, onun ehtiyaclarını, arzularını ödəməsidir. Bu yerdə, əlbəttə ki, bir məqamı da yada salmaq lazımdır: ƏİP-in 12 illik hakimiyyəti dövründə Türkiyə xüsusilə iqtisadi sahədə irəliləyişlərə nail olub. Bu dövrdə ölkədə nəhəng iqtisadi və infrastruktur layihələri həyata keçirilib. Bunlar hakim partiyanın dəstəklənməsinə öz təsirini göstərməyə bilməzdi.

Analitiklərin fikrincə, ƏİP-in qələbəsini təmin edən amillər arasında müəyyən mənada müxalifətin zəifliyi də var. Müxalifət sıralarında xarizmatik liderə ciddi ehtiyac duyulur. CHP və MHP bu dəfə də məhsuldar seçkiqabağı kampaniya təşkil edə bilmədilər. Korrupsiya qalmaqalı ilə əlaqədar hakimiyyətin tənqid atəşinə tutulmasına "ilişib qalan" müxalifət xalqa heç bir effektiv fəaliyyət planı təqdim etməyib.

MHP ötən seçki ilə müqayisədə nəticəsini bir qədər yaxşılaşdırsa da, ümumilikdə onun ritorikasını dəyişməsinə ehtiyac var. Çünki partiyanın siyasi kursunda dəyişiklik etməməsi, müasir dəyişiklikləri və çağırışları nəzərə almaması ona, heç olmasa, 20% səs yığmaq imkanı vermir.

CHP isə hətta elektoratının bir hissəsini itirib. Onlar partiyanı  Gülən hərəkatı ilə separat birlikdə günahlandırırlar.

Seçkinin ən böyük sürprizi isə şübhəsiz ki, Gülən hərəkatının, daha dəqiqi onun özünün məğlubiyyəti oldu. Əlbəttə ki, hərəkat seçkidə açıq və rəsmi şəkildə iştirak etmirdi. Amma Gülən tərəfdarlarının hökumət əleyhinə əməlləri hakimiyyət əleyhdarlarının bunun seçkinin nəticəsinə ciddi təsir göstərəcəyinə olan ümidlərini xeyli artırırdı. Amma nəticələr göstərdi ki, Gülən hərəkatının gücü olduğundan çox şişirdilibmiş. Şübhəsiz ki, burada Ərdoğanın əsas tənqid hədəfinin, məhz, "Hizmət" olması da öz rolunu oynadı. Üstəlik, ABŞ və İsrailin hərəkata açıq dəstək verməsi də ƏİP-in xeyrinə işləyib. 

 

Bu, yalnız başlanğıcdır

Bələdiyyə seçkisi arxada qalıb. Artıq Türkiyə növbəti seçkiyə - bu ilin avqustuna təyin olunmuş prezident seçkisinə hazırlaşır. Son səsvermənin nəticələri Ərdoğana güc və üstünlük verir. ƏİP-in partiya nizamnaməsi isə bir şəxsin ardıcıl 3 dəfə deputatlıq uğrunda mübarizə aparmasına icazə vermir. Odur ki, hazırkı baş nazirin qarşısında 2 variant var: ya prezidentlik uğrunda yarışmaq, ya da partiyanın nizamnaməsini dəyişdirməklə, 2015-ci ildə keçiriləcək parlament seçkisindən sonra növbəti 5 il müddətinə baş nazir postunu tutmaq. 

Bəs, hər şey təsəvvür edildiyi qədər asan alınacaqmı? Bu suala cavab vermək isə elə də sadə deyil.



MƏSLƏHƏT GÖR:

429