8 May 2024

Çərşənbə, 17:53

NOVRUZ FƏLSƏFƏSİ

Bayramin hİkmətİ həm də onun qərİbə, həyatverİcİ atrİbutlarindadir

Müəllif:

08.04.2014

Novruza xas əsrarəngizlik və adət-ənənələrlə dolu bir gün. Bayramı qarşılamağa hər şey hazırdır. Xüsusi zövqlə təmizlənmiş ev parıldayır, bayram bişmişləri isə xoş ətir saçır. Bahar Azərbaycana martın 20-də təxminən saat 15:02-də gələcək. Martın 19-da Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Günəş bu nöqtədə olduqda gecə ilə gündüz bərabərləşir və Şimal yarımkürəsində astronomik yaz başlayır. O, iyunun 21-dək davam edir.

Bu il bayram axşamı ilaxır çərşənbə - Novruz bayramından əvvəlki ikinci çərşənbə axşamı ilə eyni günə təsadüf edib. Bu, həm bayram axşamında, həm də ilaxır çərşənbədə əməl olunan bəzi adətlərin, ayinlərin, falabaxmaların birləşməsilə, günə sanki əlavə dolğunluq gətirir. Novruzla əlaqəli adətlər haqda düşün-dükdə bu bahar bayramının incə və müdrik fəlsəfəsini başa düşməyə başlayırsan. Gecə ilə gündüzün bərabərliyi bayramı. Sanki bu gün hər şey bərabərləşir. Biz kökümüzə qayıdır, ruhumuzu səxavətlilik və bolluqla təmizləyirik. Çoxumuz üçün Novruz insansevərliyin və mənəvi birliyin, əsl xoşbəxtliyin simvoludur. 

Novruz,  sutkanın işıqlı və qaranlıq vaxtının bərabərləşdiyi günlə gəlir, sanki yer üzündə sülh hökm sürməyə başlayır. Beyinlərdə, ürəklərdə bayram canlanması baş verir. Olanları nəzərdən keçirərək, nəticəyə gəlmək vaxtıdır. Hamı borclarını ödəməyə tələsir, kiçik incikliklərə, mübahisələrə görə üzr istəyir, hədiyyələr və xoş sürprizlər hazırlayır. Qədimdən bayramda qohumlara, yaxınlara, yaşlılara baş çəkmək, qonaqları xüsusi hörmətlə qarşılamaq, mərhumları xoş sözlərlə yada salmaq, məzarları ziyarət etmək, onların ruhuna dualar oxumaq adətləri var. Bu günlərdə qonşulara və yaxınlara kömək etmək, tənhalara, yaşlılara əl tutmaq, onlara hədiyyələr, bayram xonçasının şirniyyatlarından vermək qəbul olunmuş adətlərdir.

 

Sağlam Novruz

Novruzun hikməti həm də onun qəribə, həyatverici mətbəxindədir. O, istənilən yaz avitaminozunu geridə qoya bilər. Novruzun bayram tədarükü, həmçinin onları müşayiət edən quru meyvələr və qoz-fındıq hər bir zəifləmiş orqanizm üçün vitamin kefidir. Tarix göstərir ki, qədim atəşpərəstlər tərəvəzləri, göyərtini, yağı, qoz-fındığı, südü və müxtəlif şirniyyatları ən xeyirli ərzaq hesab ediblər. Novruz və digər milli bayramlar zamanı bayram süfrəsi məhz onların vasitəsilə bəzədilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixçiləri Cəmiyyətinin üzvü, biologiya elmləri namizədi və tarix elmləri doktoru Fərid Ələkbərli "R+" jurnalına açıqlamasında bildirib ki, keçmiş dövrlərlə müqayisədə azərbaycanlıların rasionu o qədər də dəyişməyib. Şəkərbura, paxlava, halva və qoz-fındıq, balla hazırlanan digər şirniyyatlar əvvəlkitək populyardır. Süfrə plov və digər qaynar yeməklərlə açılır, mütləq şərbətin müşayiətilə şirniyyatlarla başa vurulurdu. Çay və kofe xeyli sonralar populyarlıq qazanıb. O zaman hesab olunurdu ki, bütün bu qidalar nəinki xeyirlidir, həm də bir çox xəstəliklərin dərmanıdır.

Qədim Azərbaycanda ac qalmaqla müalicə və pəhrizlər populyar olmayıb. Zərdüştilik dini nümunəvi atəşpərəsti "lazımi dərəcədə kök, alyanaq, sağlam və şən olmağa çağırırdı". Asketizm, az və düzgün olmayan qidalanma, qidaya məhdu-diyyətlə və ya digər formada orqanizmə zərər vurmaq böyük günah sayılırdı.

Zərdüştilikdə həyat konsepsiyasının nə qədər düzgün olduğuna dair mübahisə etmək olar. "Ancaq etiraf edilməlidir ki, qədim yunan mənbələrinə əsasən, qədim Azərbaycanın sakinləri qibtə olunacaq sağlamlıqları və uzunömürlülüklərilə fərqlənirdilər", - deyə alim bildirir.

 

Plov və şirniyyat

Fərid Ələkbərli deyir ki, orta əsrlərə aid tanınmış həkimlər Novruz günlərində süfrəyə verilən yeməklərin müalicəvi xüsusiyyətlərini təsdiqləyirlər. Plovun uzunömürlülüyün sirri olmasından orta əsrlərə aid Azərbaycan tibbi əlyazmalarında da qeyd olunur. Müasir elm isə düyünün xeyirli, dietik, zülal və karbohidratla zəngin ərzaq oluğunu təsdiqləyir. Qədimdə şəkərbura "müalicəvi" şirniyyatlardan biri sayılırdı. "Hələ bizim eradan əvvəl IV əsrdə şəkər tozu və fındıqdan hazırlanan, şəkərburanı xatırladan qida Atropatena (qədim Azərbaycan) çarlarının sevimli qidası olub. Bu insanlar arıqlamaqdan və xəstə görkəmi almaqdan çox qorxurdular. Atəşpərəstlər hesab edirdilər ki, xəstələnən şəxs şər Allahı olan Əhrimanın hökmünə tabe olur və bədbəxt insana çevrilir. Bu üzdən qədim hökmdarlar "lazımi həddə kök" qalmağa çalışırdılar, şəkərbura isə bu işdə onlara kömək edirdi.

Paxlavanın şəfaverici xüsusiyyətlərindən isə hətta Yusif ibn İsmayıl Xoyi 1311-ci ildə yazırdı. Orta əsrlərə məxsus tibbə əsasən, o, cinsi bacarığı gücləndirir və beyinə xeyirdir. Bu üzdən də paxlava xüsusilə zehni əməklə məşğul olan şəxslərə - alimlərə, yazıçılara, şairlərə və dövlət məmurlarına məsləhət görülürdü. Hesab olunurdu ki, səhər acqarına yeyilən bir tikə paxlava həzmi yaxşılaşdırır, bağırsaqları şlaklardan təmizləyir, onların işləməsinə kömək edir, qəbizliyin dərmanıdır, həmçinin xroniki xolesistit zamanı öd ifrazını gücləndirir. Şəkərbura kimi, paxlavanı da az miqdarda maye ilə yemək məsləhət görülürdü.

 

Qoz-fındıq və quru meyvələr

Şəkərbura, paxlava və digər şirniyyatların tərkibinə qatılan fındıq haqqında orta əsrlər Azərbaycanının həkimi Məhəmməd Mumin yazırdı: "Fındıq cinsi qabiliyyəti artırır, bağırsağa xeyirdir, lakin pis həzm olunur. Fındıq yemək döşə, ağciyərlərə, xüsusilə də ürəyə xeyirdir...". Fındığın, qozun, badamın, şəkərbura və paxlavanın xeyrindən danışan orta əsrlərə aid müəlliflər onları normasında yeməyi məsləhət görür. Əks təqdirdə, bu, qarında ağırlıq, həzmdə problemlər yarada bilər.

Xonçada masaya verilən ərik qurusu, kişmiş və innab ürək üçün xeyirli qidalar sayılıb. Qara gavalı, qurudulmuş əncir və albuxara isə bağırsaqları açmaq xüsusiyyətinə malikdir. Ləbləbi, xüsusi hazırlanmış noxud bərkidici xüsusiyyətə malikdir və zülalla zəngindir. Lakin onların normadan artıq qəbulu köp verir və həzmsizlik yaradır. Püstə, xüsusilə onun içərisindəki yaşıl qabıq taxikardiyaya qarşı dərman kimi məşhur olub. Amma bu, yalnız uzun müddət və müntəzəm şəkildə yeyildikdə belədir. O dövrlərdə şirniyyat bal qatılmaqla hazırlanırdı və bu, onların doydurucu xüsusiyyətini və sağlamlığa xeyrini daha da artırırdı.

 

Səməni

Novruzun rəmzi, buğdanın cücərdilməsilə hazırlanan səməninin faydalı cəhətlərindən danışmamaq günah olardı. Bacarıqlı azərbaycanlılar ondan "İsfahan halvası" hazırlayırlar. Məlumdur ki, cücərdilmiş buğda dənələri hansısa konkret xəstəliyi sağaltmır, orqanizmi ümumilikdə müalicə edir. O, asanlıqla həzm olunur və orqanizmə pis ekoloji faktorlarla mübarizədə köməklik göstərir, zədələnmiş hüceyrələri və orqanizm sistemlərini bərpa edir. Üstəlik cücərdilmiş buğda çoxlu sayda faydalı mikroelementlər və vitaminlərlə zəngindir. Onlar insan orqanizmini nəinki qidalandırır, həm də təmizləyir. 12 gün ərzində qida olaraq cücərdilmiş buğda qəbul olunarsa, orqanizmdə müsbət dəyişikliklər özünü göstərəcək. Bu qidanın faydalı xüsusiyyətlərindən danışan Azərbaycan mənbələri də qeyd olunanları təsdiqləyir.

Alim bildirir ki, milli bayramlar və ənənəvi mətbəx Azərbaycan xalqının milli mədəniyyətinin xəzinəsidir. Orta əsrlərə aid şəfavericilərin məsləhətləri isə bu gün də - xüsusilə Novruz günləri üçün əhəmiyyətini itirməyib. Bütün bunlar göstərir ki, biz əcdadlarımızdan hələ də çox şeylər öyrənə bilərik.



MƏSLƏHƏT GÖR:

766