27 Aprel 2024

Şənbə, 11:18

ŞƏRQ MUSİQİSİNİN İNCİSİ

Dahi xanəndə Seyid Şuşinski bu gün də lent yazılarında əbədiləşən ifası ilə yaşayır

Müəllif:

15.04.2014

Şöhrətin şirinliyini dadıb, yüksək fəxri adlara layiq görülən çağlarındaydı xanəndə İslam Rzayev. Ancaq müsahibəsində mənə bütün bunlardan əvvəl böyük fərəhlə, fəxrlə ilk uğurundan danışmışdı: "Səsimi Seyid Şusinski bəyəndi". Elə bu rəy də Azərbaycana İslam Rzayev kimi bir xanəndə bəxş etdi. Şeyid Şuşinskinin balaca İslamın səsini bəyənməsi onu ömürlük xanəndəlik sənətinə bağladı. Çünki o, sənətin Ağası idi. Onun müsbət rəyi ən böyük dəyər, ilk uğur, ən unudulmaz fəxri ad, titul idi. Musiqimiz də elə o zamanlar daha gözəl idi: onda ki sənətdə qiyməti Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şusinski, Rəşid Behbudov verirdi.

Təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də tanınan, sevilən, dövrünün ən dəbdə olan xanəndəsi, Xalq artisti, "Şərəf nişanı" ordenli, əməkdar müəllim Seyid Şuşinski özü də şöhrətli vaxtlarında böyük qürurla sənətdə görüb-götürdüyü ustad xanəndələri anır, Cabbar Qaryağdıoğlunun tələbəsi olması ilə fəxr edirdi.

...Seyid şəcərəsi olan Seyid Şuşinskinin əsl adı Mir Möhsün Ağa idi. 1889-cu ilin 12 aprelində Şuşa qəzasının Horadiz kəndində dünyaya göz açmışdı. Elə Seyid olduğundan da musiqiçilər hörmətlə ona "Ağa" deyə müraciət edirdilər.

O, uşaq yaşlarında atası Seyid İbrahimi itirib, xalasının himayəsində böyüyüb. Ümid yeri olan xalası - savadlı, gözəl səsli Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edib.  

Seyid ilk təhsilini Horadizdə, mədrəsədə alıb. Ərəb və fars dillərini öyrənib. Mədrəsədə təhsilini başa vurduqdan sonra dərzilik sənəti ilə məşğul olub. Arabir dini mərasimlərdə, el şənliklərində çıxış edib.

 

"İlahi, şükür yaratdığına!"

Seyid xalasıyla toy məclislərinə getməyə başlayıb. 1907-ci ildə toyların birində səsini eşidib bəyənən məşhur xanəndə Keçəçioğlu Məhəmməd onun əmisinə məsləhət görüb ki, uşağın musiqi təhsili ilə ciddi məşğul olsun. Şuşada Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşyan Məşədi Seyidəli qardaşı oğlunu öz evinə aparıb.

Seyidin muğamları öyrənməsi üçün əmisi çox çalışıb. Onun musiqi təhsili ilə məşğul olub, Sədinin, Hafizin, Füzulinin, Zakirin şeirlərini əzbərlədib, muğam üstündə oxudub, Nəvvabın musiqi məclislərinə aparıb. Cabbar əminin səsini də yalnız qrammofon vallarından deyil, həm də canlı eşidib. Xanəndə kimi yetişməsində də Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. 

...1908-ci ildə "Yay klubu"nda keçirilən konserti şuşalılar üçün unudulmaz oldu. Seyid Şuşinski ömrünün sonunadək həmin axşamı böyük məhəbbətlə yada saldı. O konsertdə Qarabağın bütün məşhur xanəndələri iştirak edirdilər. Axşam saat 9 idi. Şuşalılar səslərinə heyran olduqları xanəndələri - Cabbarı, Qasımı, Məşədi Məmmədi, Həmidi, Keçəçioğlunu dinləyirdilər. Məşhur xanəndə İslam Abdullayev o günü belə xatırlayırdı: "Seyid "Bayatı-Şiraz"ın "Xavərən" şöbəsindən "Qatar"a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki "Xavərən"dən "Qatar"a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edir. Gənc Seyidin ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü". Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, Xan sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri - Xanlıq Muxtar iki dəfə göyə güllə atdıqdan sonra tamaşaçılar sakit oldular. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb dedi: "İlahi, şükür yaratdığına!..".  

Konsertdən sonra Cabbar Qaryağdıoğlu səhnəyə qalxıb Seyidi bağrına basaraq, gözləri yaşarmış halda dedi: "Camaat! İndi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır". Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumasından təsirlənərək qavalını ona bağışlayıb. "Seyid Şərq musiqisinin incisidir...". Bu da böyük sənətkarın - Cabbar Qaryağdıoğlunun Seyid Şuşinski sənətinə verdiyi qiymət idi. 

O gündən Seyidin şöhrəti dillərə düşüb. Məşədi Seyidəli qardaşı oğlunun toylarda oxumasına icazə verməyib: "O, hələ uşaqdır, xanəndəlik etməzdən əvvəl, musiqi aləminin sirlərini öyrənməlidir", - deyib. Klassik Şərq muğamlarını və xalq musiqisini dərindən öyrənməsi üçün Seyidi Nəvvabın yanına aparıb. İki ildən artıq Nəvvabın hücrəsində musiqi təhsili alıb. 1910-cu ildə Nəvvab ona şənliklərdə, musiqi məclislərində oxumasını məsləhət görüb.

Şuşada yaşayan Seyid bu şəhərin musiqi sərrafı olan tələbkar dinləyicilərinin sevimli xanəndələrindən birinə çevrilib. Toy məclislərinin birində Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirovla tanış olub. İfasını bəyənən Məşədi Cəmil onu özüylə Gəncəyə aparıb. Şəhərin "Tehran" otelində yaşayıb. Seyidin səsi gəncəliləri də məftun edib. Xanəndə o qədər məşhurlaşıb ki, onu Tiflisə dəvət eləyiblər. 1911-ci ildə həmin şəhərə köçüb, 1919-cu ilədək orada yaşayıb.

Tiflis şəhərinin ədəbi mühiti 22 yaşlı xanəndəyə böyük təsir göstərib. Bu şəhərdə ilk çıxışı "Obşestvennoye sobraniye" klubunda olub. Teatrlara gedib, tamaşalararası fasilələrdə konsertlər verib.  Tiflis musiqisevərləri də Seyid Şuşinskinin sənətini çox sevməyə başlayıblar. Onu tez-tez musiqi məclislərinə dəvət ediblər.

 

Xeyriyyəçinin auditoriyası

Seyid Tiflisdə yalnız ecazkar səsli xanəndə kimi deyil, həm də xeyriyyəçi kimi ad qazanıb. 1912-ci ildə "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində - Şeytanbazarda "Auditoriya" adlı yeni klub açılıb. Klubun açılışı günü Seyid Şuşinski tarzən Məşədi Zeynalın müşayiəti ilə "Mahur" oxuyub. Konsertdən əldə edilən pulun hamısını Seyid kluba verib. Klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da yardım göstərib. İbn-Salam, Əsgər, Sərvər rollarını oynayan sənətkar yoxsul sənətçilərin xeyrinə bu rollara görə pul almaqdan imtina edib.

Millətinin tərəqqisini, gələcəyini düşünən Seyid Şuşinski həmişə Azərbaycan teatrına və artistlərinə maddi yardım göstərib. Bakı aktyorları da pulsuzlaşanda Tiflisə gediblər. Səxavətli adam kimi ad qazanan Ağa onlara pul, hədiyyələr verib. 

Ağanın səxavətindən çoxları ağızdolusu danışıb. Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasova deyib: "Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi və "Molla Nəsrəddin"in pulunu verdi... Dübarə, mənə 200 manat da qızıl pul göndərdi". 

O illərin ən dəbdə olan xanəndəsi - Seyid Şuşinski varlı adam olub. İstedadlı tarzənlərlə birgə çıxış edən ustad xanəndə nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də məşhur idi. Məclislərdə xanəndənin başına pullar, daş-qaş yağdırıblar. Qurban Pirimov Seyid haqqında xatirələrində yazır: "Seyidlə Şuşanın Mirzələr kəndində toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra üstündə rus çarının şəkli olan bir neçə palazqulaq beşyüzlükdən ona şlyapa düzəldib, papağın əvəzinə başına qoyub dedilər: 

- Ağa, hava istidir. Bu kağız şlyapanı qoy ki sərin olsun"... 

Mirzə Cəlil, Əblürrəhimbəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. Hüseyn Ərəblinski ilə Tiflisdə tanış olub. O vaxtlar Bakının teatr truppaları Tiflisə qastrola gedirmişlər. Bu səfərlərin birində başlayıb tanışlıqları. Sonra ömürlük dost olublar. Birlikdə Tiflisdə "Şərq konsertləri" təşkil ediblər. Hüseyn Ərəblinski Seyidi ilk dəfə tar və kamançasız, fortepianonun müşayiətilə ayaq üstündə "Bayatı-İsfahan" oxumağa həvəsləndirib. 

Azərbaycan musiqisinin və xalq mahnılarınn təbliği sahəsində böyük xidmətlər göstərən Seyid Şuşinski "Şərq musiqi ansamblı" ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində konsertlər verib.

 

Nadir istedad

Muğamların incəliklərinə dərindən bələd olan, gözəl səsi, şaqraq zəngulələriylə dinləyiciləri valeh edən Seyid Şuşinskini bəstəkar Üzeyir Hacıbəyli nadir və istedadlı xanəndə adlandırıb.

Seyid Şuşinski muğamların bir çoxuna yeni guşələr, xallar, nəfəslər, hissələr əlavə edib. Bəstəkar Fikrət Əmirov yazırdı: "Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski çırpınan ürəyi olub. Mən fəxrlə deyə bilərəm ki, "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını yazarkən Seyid Şuşinskinin mənə yaxından köməyi olub. Seyid Şərq musiqisinə bələd olmaqla həm də qayğıkeş müəllim və gözəl insan idi". Niyazinin "Rast" simfonik muğamlarının yaranmasında da Seyidin əməyi az olmayıb. 

O, 1919-cu ildən Bakıda yaşayıb. Ömrünün 46 ili bu şəhərdə keçib. Bakının musiqi həyatında da böyük rol oynayıb. 1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət olunub. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmmədlə birlikdə yeni açılmış xanəndəlik sinfində dərs deyib.

1933-cü ilədək Konservatoriyada çalışan Seyid Şuşinski pedaqoq kimi də Azərbaycan musiqi sənətinə böyük xidmətlər göstərib. Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli, Həqiqət Rzayeva, Nəriman Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və başqa tanınmış  xanəndələr onun yetirmələriydilər.

Sovet hakimiyyətinin ən təhlükəli vaxtlarında da hər kəs onu Ağa kimi görüb. Firidun Şuşinski yazır: "Əynində İndiqodan tikilmiş paltar, qara ipək köynək, başında gümüşü papaq ("heyvaçiçəyi"), əlində ağ əlcək və fil sümüyündən hazırlanmış əsa olub" . Dəhşətli repressiya illərində - 1933-38-ci illərdə Füzuli rayon Dövlət Dram Teatrının bədii rəhbəri işləyib.

1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub. Ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.

Yaşlı vaxtlarında da Seyid Şuşinskinin səsi öz təravətini itirməyib. Həyatının son illərində "Heyratı"nı, "Arazbarı"nı, "Mənsuriyyə"ni zil səslə, böyük şövqlə ifa edib.  

Seyid Şuşinski 1965-ci ilin 1 oktyabrında, 76 yaşında dünyasını dəyişib. Onu Fəxri Xiyabanda dəfn ediblər. Ömrünün 60 ilini Azərbaycan musiqisinin inkişafına həsr edən qocaman xanəndə bu gün lent yazılarında əbədiləşən ifası və bir də ağayanalığı barədə danışılan, yazılan xatirələrdə yaşayır... 



MƏSLƏHƏT GÖR:

687