15 May 2024

Çərşənbə, 14:19

NƏSİLLƏRİN MUSİQİSİ

Azərbaycanın görkəmli bəstəkarları - ata və oğul Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert axşamı keçirilib

Müəllif:

15.04.2014

Musiqi... O, öldürə də bilir, dirildə də. O, insana xəyali uçuş hissi də yaşadır,  onu ehtirasın girdabına da salır. 

Bakı Filarmoniyasında Azərbaycanın istedadlı bəstəkarlar ailəsinin nümayəndələri Soltan İsmayıl oğlu və İsmayıl Soltan oğlu Hacıbəyovların xatirəsinə həsr olunmuş axşam keçirilib. Ata və oğul. Onların yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə daxil olub, xalqın varına, iftixarına çevrilib. Yaşasaydılar, bu il Soltan Hacıbəyovun 95, İsmayıl Hacıbəyovun isə 65 yaşı tamam olacaqdı. Hacıbəyovlar nəslinin əslən Şuşadan olduğu hər bir azərbaycanlıya bəllidir. Azərbaycanda deyirlər ki, istənilən şuşalı genetik olaraq musiqiçi istedadına malikdir. Qarabağın təbiəti bunun qayğısına qalıb. Musiqinin orbitinə düşən insan artıq özü-özünü idarə etmir. Bu anda təkrar-təkrar yaratmaq zərurəti qanunu qüvvəyə minir. Bütün ömürboyu. İnsan həyatının bütün fəaliyyət sahələri kimi, musiqi də ilk növbədə müəllifi dəyişir, onu bir şəxsiyyət kimi formalaşdırır. Bəzən nəsildən-nəsilə: atadan-oğula, oğuldan-nəvəyə. Doğrudur, nəslin ən kiçiyi olan Məhəmməd bəstəkar yox, dirijor olmaq fikrindədir. Amma nə bilmək olar? Onun babası Soltan da ilk olaraq truba sinfinə gedirdi. Amma bu onun həm konsertlər, həm kino, həm teatr üçün mahnılar yazan əla bəstəkar olmasına mane olmadı: Soltan Hacıbəyov istər musiqili teatra, istər opera və dram teatrına mahnı yazırdı; balet üçün, vokal ifa üçün də bəstələri var. Soltan Hacıbəyovun Vikipediyada da qeyd olunan çoxsaylı hökumət təltifləri, mükafatları və adları yalnız onun istedadının deyil, həm də bəstəkarın yaradıcılığının mədəni və mənəvi dəyərlərin ölçü vahidi kimi qəbul edildiyinin təsdiqidir.

 

Soltan İsmayıl oğlu Hacıbəyov

Konsertin ilk hissəsi onun yaradıcılığına həsr edilib və "Karvan" simfonik əsəri ilə açılıb. Təəssüf ki, bu ifanın möhtəşəmliyini sözlə ifadə etmək mümkün deyil! Əsər dəyişən məkanın qarışıq şəklini - mənzərələr, düşüncələr, emosiyalar, hisslər - o qədər dəqiqliklə ifadə edir ki, insan bir şeyə əmin olur: bu şəxs bu simfoniyadan başqa heç nə yazmasaydı belə, dünya musiqisi tarixinə dahi kimi düşəcəkdi!

Filarmoniyanın Rauf Abdullayevin başçılıq etdiyi simfonik orkestri müəllifin digər əsərlərini də virtouz şəkildə ifa edərək, artıq uzaq keçmişdə qalmış, lakin bizim emosional yaddaşımızda bu gün haqda xatirə kimi yaşayan həyatı təsvir edir! Hisslərin və duyğuların harmoniyası! Sabaha böyük inam! Musiqidə böyük sevgi və nur! Onu insana dərman əvəzinə yazmaq olar. O, sanki darıxdırıcılıq, sıxıntı üçün panaseyadır.

 

İsmayıl Hacıbəyov

O da atası kimi, bəstəkar oldu. Amma İsmayılın dünyası fərqli idi. O, sanki 80-ci illərin sonlarında insanların şüurunda, əhvalında baş verəcək dəyişiklikləri əvvəlcədən duymuşdu. Onun musiqisində başqa aləmlərə, başqa hisslərə, üfüqün o tayına can atan ucsuz-bucaqsız səhra yoxdur. Aşıb-daşan hisslərdən yaranan ehtiraslı, çılğın səslər göylərə can atır və sanki qəfəsdən uçmaq istəyən quş kimi sinəndən çıxmağa yol axtarır. Bu, "Cəngi"dir. Orkestrlə fortepiano üçün rapsodiya. Fortepianonun arxasında Ülviyyə Hacıbəyovadır. Konservatoriyanın professoru. Mərhum həyat yoldaşının müəllif musiqilərinin əla təsvirçisi.

Bu əsər 70-ci illərdə yaranıb. O zaman onları çox az adam başa düşürdü. Çoxlu tənqid var idi. Musiqi dünyasındakı həmkarları belə, onu anlamırdılar. Niyazi də anlamırdı. Yalnız Qara Qarayev rapsodiyanı tələbəsinin yazdığını söləyərək, qürurlanırdı. Moskvada isə "Cəngi" heyranlıqla qarşılanmışdı. Sonra... qəflətən rapsodiyanın partiturası itdi. Yalnız 22 il sonra İsmayılın tələbəsi olmuş Rauf Xəlilovun sayəsində partitura bərpa olundu.

O, 2006-cı ildə dünyasını dəyişdi. Cəmi 56 yaşında! İsmayıl Hacıbəyovun boya ilə çəkdiyi rəsmləri və musiqisi qaldı: süitalar, rapsodiyalar, orkestrlə birlikdə skripka və violonçel üçün konsertlər, orkestrlə fortepiano üçün konsertlər... Onun yaratdığı son rəsm əsəri xanımının portretidir. Olduqca harmonik, öz saflığı və dərinliyi ilə adamı valeh edən əsərdir. O, sanki burada da üfüqdən sonranı görür, daha dərinə baxa bilirdi:  həyat yoldaşı olan qadının, sirli qadının, etibarlı və sevimli dostunun - Ülviyyə Hacıbəyovanın qəlbinin dərinliklərini görürdü.

 

Ülviyyə

O, sanki birdən-birə yox oldu. Xanımı buna nə onda hazır idi, nə də indi. Bu üzdən də həyat yoldaşı haqqında danışanda elə danışır ki, sanki o, harasa gedib və bir azdan qayıdacaq. Tələbələrini necə sevməsindən, onların daim ac olduqlarını düşünərək, xanımının hazırladığı xörəkləri yedizdirməyə çalışmasından. Layiq olduğu şöhrətə yüksəlmək üçün dirsəklərilə özünə yol aça bilməməsindən, həmişə ikinci planda qalmasından, heç zaman Heydər Əliyevlə şəxsən tanış olması ilə loğvalanmamasından, onun haqqında daim böyük hörmətlə, ehtiramla danışmasından. İsmayıl Hacıbəyov şagirdi Vasif Allahverdiyevin simfoniya yazmasından və onu hələ Naxçıvanda yaşadığı dövrdə Heydər Əliyevə həsr etməsindən qürur duyurdu.

İsmayıl Soltanoviç xarizmatik şəxsiyyət idi. O, insanları kübar adamlara xas cəhəti ilə - daxili alicənablığı ilə cəlb edirdi. Ona görə də, həyat yoldaşını itirdikdən sonra hər yer Ülviyyə xanım üçün qorxulu, vahiməli gəlir. O, 6 kitabın və 15 diskin yazılması ideyasından saman çöpündən yapışan kimi yapışıb. O qədər yüklənib ki, bəzən hətta bir fincan çay içməyi belə unudur... Qayınatası və həyat yoldaşının xatirəsinə həsr olunmuş konsert sadəcə ənənə xatirinə təşkil edilmir. Bu, onun üçün ideal kişi təcəssümü olan bir insan, şəxsiyyət, ər, oğlunun atası ilə dialoq zərurətinin dərkidir. Bu layihələr üzərində iş onun fikirlərini cəmləyir, nizama salır və faciəyə qapılıb laməkan olmağa imkan vermir. Yaxşı ki, oğlu onun yanında idi. O, anasının qayğısına qaldı, hər əməli ilə anasına oğlunun yanında olduğunu göstərdi. Amma onda Məhəmmədin 18 yaşı yenicə tamam olmuşdu. Yaşamaq, dolanmaq lazım idi. İsmayılsız. Amma onun musiqisi, ürəyinin bir hissəsi hər zaman ailəsinin yanında idi. Bu, dialoqun uzanması imkanı idi.

 

Postskriptum 

Ülviyyə Hacıbəyova çox qədim nəslə - Vəkilovlar nəslinə mənsubdur. Onların ailəsində qadının güclü olması ənənədir. O da özünü belə aparır: işləyir, yaradıcılıqla məşğul olur, oğlunun hələ formalaşmamış həyatının narahatlığını yaşayır və tezliklə opera teatrının səhnəsində həyat yoldaşının yazdığı operanın səslənəcəyinə ümid edir. Operanın çox gözəl adı var: "Firuzə". Təki onun səhnə tarixi də bu qədər gözəl olsun. Ülviyyə ilə İsmayılın gözəl münasibətlərinin gözəl davamı.


MƏSLƏHƏT GÖR:

683