15 May 2024

Çərşənbə, 12:56

MÜHARİBƏ ŞƏRAİTİNDƏ SEÇKİ

Əfqanıstan tarixində ilk demokratik hakimiyyət dəyişikliyi baş verdi

Müəllif:

15.04.2014

Əfqanıstan İslam Respublikasında prezident və bələdiyyə seçkiləri keçirilib. Seçkilər Əfqanıstan tarixinə ümumxalq səsverməsi yolu ilə ilk hakimiyyət dəyişikliyi kimi düşüb.

Əfqanıstan prezidenti postu uğrunda 8 namizəd mübarizə aparırdı. Seçkinin ilkin nəticələrinə görə, qələbə ölkənin maliyyə idarəsinin sabiq rəhbəri Əşrəf Qəni Əhmədzaya qismət olub. Səsverməyə qatılmış seçicilərin, təxminən, 60%-i səsini məhz eks-maliyyə nazirinə verib. Sabiq xarici işlər naziri Abdulla Abdulla 2-ci yeri tutub. Bu 2 namizəd arasında fərq böyük deyil. Bu üzdən səsvermənin yekun nəticəsinin açıqlanmasından sonra onların qüvvələrini 2-ci turda sınayacaqları istisna deyil (əlbəttə ki, prezident seçkisinin 2-ci turu elan olunarsa). Qeyd edək ki, səsvermənin yekun nəticəsi mayın 14-dən gec olmayaraq açıqlanmalıdır.

Həm Əfqanıstanda, həm də ondan kənardakı bir çox maraqlı qüvvələr rəsmi nəticələr açıqlanmadan, seçkinin özünü İslam Şərqinin ən başıbəlalı ölkələrindən olan Əfqanıstan üçün son dərəcə əhəmiyyətli hadisə adlandırırlar.

Qeyd edək ki, ölkənin hazırkı rəhbəri Həmid Kərzai Konstitusiyanın ona 3-cü dəfə prezidentlik uğrunda yarışa qatılmağa icazə vermədiyindən, seçkidə iştirak etmirdi. Bununla yanaşı, o, həmvətənlərinə seçkidə yüksək fəallıq göstərdiklərinə görə minnətdarlıq edib.

BMT-nin baş katibi Pan Gi Mun Əfqanıstanda keçirilmiş seçkiləri ölkədə ilk demokratik hakimiyyət dəyişikliyi istiqamətində ciddi addım kimi qiymətləndirib. O, qadınların səsverməyə fəal şəkildə qatıldığını xüsusi vurğulayıb və bunun zərif cins nümayəndələrinə ölkənin taleyində kişilərlə bərabər səviyyədə iştirak etmək imkanı verdiyini bildirib.

Əfqan xalqına heyranlığını ABŞ prezidenti Barak Obama da dilə gətirib. Bununla yanaşı, Obama seçkinin "Əfqanıstanın demokratik gələcəyinin təmini, bu ölkəyə beynəlxalq dəstəyin davam etməsi" baxımından "son dərəcə vacib" olduğunu da vurğulayıb.

Seçkilərlə bağlı sevincdolu fikirlər səsləndirmək üçün əsaslar həqiqətən də çoxdur. Proseslə bağlı 3 mindən artıq şikayət olsa da, hökumət və beynəlxalq müşahidəçilər onların səsvermənin nəticələrinə yenidən baxılması üçün əsas olmadığına əmindirlər. Əsas odur ki, seçki baş tutsun: seçicilərin, təxminən, 58%-i səsverməyə qatılıb. Bu fakt göstərir ki, Əfqanıstan əhalisi artıq real dəyişikliklər istəyir. Onlar müharibədən, xaricilərin işğalından, daxili qanlı münaqişələrdən beziblər və nəticədə əsasən radikal islamçıların çoxsaylı hədələrinə baxmayaraq, seçki prosesini dəstəkləmək qərarına gəliblər.

Yeri gəlmişkən, seçki ərəfəsində "Taliban" hərəkatı səsvermənin gedişini pozmaq üçün əlindən gələni edəcəyini açıqlamışdı. Həqiqətən də, seçki prosesi qurbansız ötüşmədi. Son qurbanlardan biri məşhur hərbi fotoreportyor Anya Nidrinquas oldu. Onu Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhədin yaxınlığındakı Host şəhərində güllələdilər. O, Əfqanıstanda seçkiyə hazırlıq dövründə qətlə yetirilmiş yeganə KİV təmsilçisi deyil. Martda Kabildə "France Press" agentliyinin reportyoru Sərdar Əhməd də öldürülmüşdü: o, taliblərin mehmanxanaya hücumu zamanı həlak olmuş 9 nəfərdən 1-i idi. 

Kabildə taliblərin daha bir qurbanı isveçli radiojurnalist Nils Horner olub.

Amma bütün bunlara rəğmən, "Taliban" seçkini poza bilmədi. Bununla yanaşı, onlar seçkini baştutmuş saymırlar. Hərəkat rəhbərliyi səsvermədə seçici fəallığının 10%-dən az olduğunu iddia edir. Amma artıq taliblərin birhissəsi onların hərəkatının ölkədəki vəziyyətə təsir etmək iqtidarında olmadığını da anlayır. Ekspertlər mötədil taliblərin liderləri ilə yeni hökumətarasında əməkdaşlığın qurulacağını da istisna etmir. Bunda artıq çoxmillətli hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinə başlamış NATO və ABŞ da maraqlıdır. Taliblərlə dialoq Qərbdə Əfqanıstanda tam və birdəfəlik sabitliyin qurulmasının yollarından biri sayılır. NATO və ABŞ üçün daha vacib olan məqsədə - Əfqanıstanın Qərbin müttəfiqinə çevrilməsinə nail olunması baxımdan da bu, qaçılmaz sayılır. Çünki İran və Pakistanla həmsərhəd olan Əfqanıstan Mərkəzi Asiyanın özəyidir. Odur ki, bu ölkəyə nəzarət faktiki olaraq, Avrasiyadakı dayaq nöqtələrindən birinə sahib çıxmaq deməkdir.

Bəs Əfqanıstanın qərbləşməsi ehtimalı nə qədər realdır? Qərb Əfqanıstanın yeni prezidentinin onların qaydaları ilə oturub-duracağına heç də əmin deyil. Hətta açıq-aşkar ABŞ-ın adamı olan Həmid Kərzai belə, təzyiq həddini aşdıqda Qərbə müqavimət göstərirdi. Təhlükəsizlik sahəsində Amerika-Əfqanıstan razılaşmasının imzalanmamış qalması da məhz Kərzainin güzəştə getməməsinin nəticəsidir.

Doğrudur, indi Əfqanıstan ətrafında ümumi geosiyasi fon bir qədər dəyişib. Səbəb nəqədər qəribə olsa da, uzaq Ukraynada yaşananlardır. ABŞ-Rusiya münasibətlərində Ukrayna üzündən gərginliyin artması Qərbin Əfqanıstanla bağlı əvvəlki planlarını gerçəkləşdirməsinə mane ola bilər. ABŞ indiyədək Rusiyaya Əfqanıstandakı hərbi kontingentinin oradan çıxarılması prosesində vacib tərəfdaş kimi baxırdı. İndi Vaşinqtonda tamamilə əsaslı olaraq, narahatlıq yaranıb: Rusiya Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən üzləşdiyi sanksiyalara cavab olaraq, Əfqanıstandan hərbi qüvələrini çıxarılmasında ərazilərini Qərbin üzünə qapıya bilər.

Bu mənada Pentaqon nümayəndələrinin "Christian Science Monitor" nəşrində yeralmış materialı maraqlıdır. Onların proqnozuna görə, Kreml ilə münasibətlər pisləşməkdə davam edərsə, Vaşinqton Əfqanıstandakı ağır texnikasının əhəmiyyətli bir hissəsinin oradan çıxarılması üçün başqa yollar axtarmalı olacaq, bu isə nəhəng həcmdə yanacaq xərclərinə yol açacaq.

Rusiyada isə başqa mümkün senarilə bağlı narahatlıq var. Əfqanıstanda sabitliyə nail olunması cəhdlərinin iflasa uğrayacağı, Qərb qoşunlarının ölkədən çıxarılmasında əlavə çətinliklər yaranacağı təqdirdə, ABŞ Rusiyanın postsovet Mərkəzi Asiyasındakı mövqelərini laxlatmaq məqsədilə, taliblərin hərbi enerjisini bilərəkdən şimala yönəldə bilər. Rusiya prezidenti Vladimir Putinin xarici hərbi qüvvələrin Əfqanıstandan çıxarılması ilə bağlı narahatlığını ifadə etməsi, bu ölkədə yaranacaq qeyri-sabitliyin bütünlükdə Mərkəzi Asiya regionu üçün, o cümlədən Rusiyanın ənənəvi tərəfdaşları üçün təhlükə yaratdığını söyləməsi təsadüf deyil. Maraqlıdır ki, Putin eyni zamanda sonunculara bütün mümkün dəstəyi verməyə hazır olduğunu da bəyan edib. Kremlin terror təhlükəsinə qarşı MDB, KTMT və ŞƏT çərçivəsində birgə müqavimət göstərilməsi çağırışını da bununla əlaqələndirmək olar. Demək, Əfqanıstandakı vəziyyətlə bağlı mümkün risklərin minimuma endirilməsi üçün Çin və İran kimi fövqəldövlətlərlə hərbi əməkdaşlığı gücləndirməyə hazırdır.

Bu halda, ABŞ Rusiya üçün daha bir baş ağrısı yarada bilər. Söhbət Qərbin Cənubi Qafqazda gözlənilən fəallığından gedir. ABŞ Cənubi Qafqaza Avropa və Yaxın Şərqi Mərkəzi Asiyavə Əfqanıstanla birləşdirən strateji əhəmiyyətli region kimi baxır. Güman ki, ABŞ-ın dövlət katibi Con Kerrinin Avrasiyanın kəsişməsində yerləşən əsas dövlətlərdən biri, Cənubi Qafqazın lideri olan Azərbaycana planlaşdırılan səfəri də bu ssenarinin nəzərdən keçirilməsi məqsədi güdür.



MƏSLƏHƏT GÖR:

593