6 May 2024

Bazar ertəsi, 17:46

YENİ DÜNYA NİZAMSIZLIĞI

Beynəlxalq sistem niyə anarxiyaya qərq edilir?

Müəllif:

15.04.2014

Qeyri-sabitlik kabusu Yer üzünü gəzir. Əsasını 2001-ci ilin sentyabrından götürmüş proseslər öz apogeyinə ça-tıb. Gözləntilərin əksinə olaraq, siyasi mübahisələrin "dinc və sivil yolla nizamlanması" metodu tam diametral istiqamətə yönəlib - zorakılığın miqyası getdikcə artmaqdadır.  

"Uoll Striti zəbt et" aksiyasından tutmuş, Yaxın Şərqdə ərəb dünyasında post-müstəmləkə siyasi sisteminin sonu sayıla biləcək küçə iğtişaşlarına qədər hər şey isterik təcavüzkarlıq və qeyri-sabitlikdən xəbər verir. Hadisələr bir-biri ilə bağlılığı olmayan ölkələrdə baş qaldırır və bu prosesin müvəqqəti xarakter daşıdığını düşünmək sadəlövhlük olardı. Üstəlik, siyasi sunamiyə məruz qalmış Liviya və ya Suriya kimi ölkələrdə daha dərin yaralar açılıb və bu, sonda faciəvi dağıntılarla nəticələnə bilər. Sanki kompüter virusu getdikcə güclənir və bütün şəbəkələrə yayılır...  

Biz Braziliya və Türkiyədə sosial sarsıntıların şahidi olduq, Balkanlar, Cənub-Şərqi Asiya, Latın Amerikası və Mərkəzi Afrika alovlanır.  Hələ Misirdəki vəziyyəti, İraq və Livanda artıq gündəlik hadisələrə çevrilən partlayışları demirik... 

Zahirən bir-birinə bənzəsə də, əslində, bu proseslərin hər biri unikaldır. Amma bizim keçmiş sovet düşərgəsindəki iki qonşumuzun ətrafında cərəyan edən hadisələr artıq heç bir məcraya sığmır.

Ukraynadakı son hadisələr haqda çox şey deyilib, deyilir və hələ uzun müddət də deyiləcək. Bu məqalənin kontekstində isə qısa olaraq qeyd etmək lazımdır ki, ölkənin yalnız bir hissəsini təmsil edən şəxslərdən ibarət kütlə Qərb qüvvələrinə və yerli oliqarxların puluna arxalanaraq ölkənin fəaliyyətdə olan prezidentini devirib. Amma, bir məşhur satirikin sözlərilə desək, "slavyanlarda heç nə adi qaydada bitmir". Uzun illərboyu iki xalqın qardaşlığı və vəhdətindən danışan qonşu dövlət, ölkədəki xaosdan yararlanaraq, soydaşlarının həyatına təhlükə yarandığını əsas götürərək, özünün hərbi bazasının resurslarına söykənərək Ukraynanın bir hissəsini nəzarətə götürüb.

Təbii ki, Qərb dövlətləri hədə-qorxu dolu bəyanatlar yayırlar, hansısa sanksiyalarla hədələyirlər, Rusiya isə "axmaq özünsən" formasında cavablar verir. Bu zaman Moskva Qərbə elə özləri tərəfindən yaradılan presidentləri - neftlə zəngin olan İraqa iki dəfə edilən hərbi təcavüzü, Əfqanıstanda illərdir davam edən müharibəni və amerikalıların intervensiyasından sonra bu ölkədə tiryək istehsalının rekord həddə çatmasını, "naməlum" terrorçulara qarşı dronlardan istifadəni, Serbiyanın bombardman edilməsini və bunun nəticəsində dünya xəritəsində Kosovo adlı dövlətin yaradılmasını, üstəlik, ABŞ-ın məcburən yüzdən çox ölkəni bu yeni dövləti tanımağa məcbur etməsini, Liviyadakı çevrilişi və bundan sonra həmin ölkənin bir dövlət kimi yer üzündən silinmək təhlükəsilə üzləşməsini və s. və i. xatırladır. 

Əlbəttə, dünyanın XX əsrin sonlarında mövcud olan birqütblü sistemə qayıtdığını iddia etmək olardı. Amma burada bir ciddi fərq var: ötən əsrdə dünyada iki fövqəldövlət var idi, digər ölkələr isə bu və ya digər formatda ya SSRİ-nin yaratdığı sosialist düşərgəyə qoşulurdu, ya da ABŞ-ın rəhbərlik etdiyi kapitalist düşərgəyə. İndisə rusiyalı ura-patriotların "Krımın alınması"ndan sonrakı bayram əhval-ruhiyyəsinə rəğmən, Rusiya hələ fövqəldövlət səviyyəsində deyil. Digər tərəfdən, ABŞ da getdikcə dünya fövqəldövləti kimi mövqelərini itirməkdədir. Yəni, analitiklərin fikrincə, burada söhbət artıq XX əsrin sonundakı birqütblü dünyaya qayıdışdan yox, çoxqütblü dünyaya qədəm qoyulmasından gedir. Belə çıxır ki, məsələn, Fransanın Maliyə müdaxiləsi, Səudiyyə Ərəbistanının xüsusi təyinatlı qüvvələrinin Bəhreyndə "nizam-intizam yaratması" və s. kimi regional ölkələr üçün presidentlər hazırlanır. 

Beləliklə, XXI əsrin əvvəlində vəziyyət belədir: a) planetin ən müxtəlif yerlərində sosial-iqtisadi və siyasi qeyri-sabitlik, b) ayrı-ayrı ölkələrin hərəkətlərində özbaşınalıq.  

Demək  olarmı ki, dünya zorakılıq, qeyri-müəyyənlik və anarxiya dövrünə qədəm qoyur? Əgər belədirsə, onda bütün bunlar bəşəriyyətə nə vəd edir? 

Qlobal idarəçilik sistemi effektivliyini itirir. Müxtəlif regionlarda artan qeyri-sabitlik və dövlətlərin özbaşına addımlarının əsas səbəblərindən biri ənənəvi dünya idarəçiliyi sisteminin öz effektivliyini itirməsi və onun legitimliyinə çoxlarının artıq şübhə ilə yanaşmasıdır. Dünya  birliyində bu və ya digər məsələ ilə bağlı yekdil və konkret rəy yoxdur. Fövqəldövlətlər və təşkilatlar üçün ikili standartlar siyasəti artıq adi hala çevrilib. 

Çox vaxt kimin terrorçu, kiminsə azadlıq mücahidi olduğunu, dövləti işğal etməklə ona "demokratiya gətirmək" arasındakı fərqi, ölkədə qayda-qanun yaratmaqla "legitimliyin itirilməsi" arasındakı ziddiyyətləri və s. anlamaq olmur. Artıq məfhumlar əvvəlcədən daşıdıqları mənanı daşımırlar və onu kimin necə interpretasiya etməsindən asılı olaraq, məna da dəyişir.

Etnik və regional münaqişələrlə bağlı vəziyyət də eynilə belədir. Elə götürək dünya dövlətlərinin və strukturlarının Ermənistanla Azərbaycan arasıda davam edən və artıq 25 ildir həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinə qərəzli yanaşmasını. Beynəlxalq vasitəçilər xorla bəyan edirlər ki, beynəlxalq  hüququn iki əsas prinsipi - ərazi toxunulmazlığı və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri əsas götürülməlidir. Amma bu zaman aydın olmur ki, münaqişəyə başlamış tərəf artıq öz müqəddəratını təyin edərək, "Ermənistan" adlı dövlət yaradıbsa, onda münaqişə bu prinsip əsasında necə nizamlana bilər? Bu, sözügedən prinsipin paradokslu "traktovka"sı demək deyilmi?

Nüvə silahı. Bu məsələdə də tragikomik vəziyyət yaranıb. Bəzi dövlətlər artıq bu silahı əldə ediblər və başqa dövlətlərin nüvə ilə bağlı istənilən addımlarını narahatlıqla izləyirlər. Özü də bu zaman əsas diqqət "dünyada təhlükəsizliyin təmin olunması"na yönəlir. Elə isə, sual yaranır: nüvə silahı pisdirsə, niyə  müəyyən dövlətlər ondan istifadə etmək səlahiyyətinə yiyələniblər? Yox, əgər bu, pis deyilsə, niyə başqa dövlətlər də onu əldə etmək hüququndan məhrum edilirlər? 

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılan zaman əsas məqsəd kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi göstərilirdi. Amma heç 20 il keçməmiş, bu təşkilat öz əsas funksiyalarını BMT Təhlükəsizlik Şurasına güzəştə getdi - burada cəmi 15 ölkə təmsil olunur, özü də onlardan 5-i daimi üzvdür və istənilən qərara veto qoymaq hüququna malikdir. BMT-nin özü isə bir növ, beynəlxalq folklor-mədəniyyət mərkəzinə çevrilib. 1965-ci ildən bütün dünyanın taleyini 5 ölkə həll edir. Amma həll edirmi? Son 20 ilin hadisələri göstərir ki, TŞ üzvlərinin özləri dəfələrlə bütün sərhədləri keçməkdən çəkinmirlər. Qlobal siyasi sistemin qeyri-effektivliyinə parlaq sübut Suriyadakı durumdur: bu ölkədə ölənlərin sayı yüz minlərlə ölçüldüyü halda, BMT TŞ üzvləri bir-irilə dil tapa bilmədiyindən, bütün beynəlxalq konfranslar iflasa uğrayır. 

Digər tərəfdənsə, 2008-ci ildən başlayan beynəlxalq maliyyə böhranı ABŞ-ı və Avropa ölkələrini zəiflədib. "Böyük iyirmilik" kimi qurumlar isə inkişaf etməkdə olan ölkələrin maraqlarını ümumiyyətlə nəzərə almır. Odur ki, yeni yanaşmalar və yeni dəstələr peyda olur. Ölkələri liberal bazar iqtisadiyyatından dartıb çıxaran böhran, "soyuq müharibə"dən sonra həddindən artıq "şişirdilmiş" bazar kapitalizmi modelinə etimadı öldürür. 

Qeyri-müəyyənlik və böhran şəraitində siyasi liberalizm öz əhəmiyyətini tamamilə itirir. Artıq həm Qərbin, həm də inkişaf etməkdə olan ölkələrin elitaları siyasi liberalizmə o qədər də maraq göstərmirlər.  

Qlobal dəyişikliklər və müxtəlif münaqişələrin törədə biləcəyi regional nəticələr və gərginlik beynəlxalq sülh və təhlükəsizlik üçün böyük təhdid ola bilər. BMT və digər beynəlxalq strukturların qeyri-effektivliyi fonunda regional oyunçular arasında rəqabət və açıq konfrantasiya ehtimalı artır. Realistlər belə hesab edirlər ki, beynəlxalq sistem sürətlə anarxiyaya qərq olur. Normalara artıq riayət edilmir, hakimiyyət uğrunda mübarizə isə daha sərt və mənəviyyatsız forma alır. 

Xaos gəlir. Və ortaya təbii sual çıxır: bu anarxiyada maraqlı olan kimlərdir? Beynəlxalq xaos kimə lazımdır? Axı aydındır ki, dünya tarixində heç nə boş yerə baş vermir, xüsusilə də, son 100 ildə. Aydındır ki, dünya xaosa kortəbii şəkildə getmir, bu, kimlərinsə "bacarıqlı əlləri"lə edilir. Yəni, nə qədər təzadlı səslənsə də, xaosun özü də, ona doğru hərəkət də kənardan idarə edilən prosesi xatırladır. 

 

Qui prodest?

Məlum olduğu kimi, istənilən müharibə - lokal da olsa, qlobal da olsa, çox əlverişli biznes növüdür. İraqa hərbi müdaxilənin bəhrəsini qlobal neft şirkətləri gördülər və bu gün də görməkdədirlər. Onlar öz obyektlərini mühafizə etmək üçün özəl ordulardan istifadə edərək bu  kasıb ölkədə neft çıxararaq, milyonlar qazanırlar. Eyni sözləri Liviyanın karbohidrogen yataqları haqda da söyləmək olar. Bununla paralel olaraq, silah alveri çiçəklənir. Başqa sözlə desək, müharibə və münaqişələrdə udan tərəf transmilli şirkətlərdir. 

Amma bu, məsələnin yalnız iqtisadi tərəfidir. Bunun olduqca vacib olan siyasi tərəfi də var. Adətən, qarışıqlıq və özbaşınalıq zamanı həyatları təhlükə qarşısında qalan insanlar təhlükəsizlikləri naminə azadlıqdan məhrum olmağa razılaşır, ümid müqabilində sərt əl və qəddar iqtidara meyillənir. Sübut lazımdırmı?  Götürək elə 2001-ci ilin 11 Sentyabr hadisələrindən sonra, Amerika cəmiyyətində qorxu və xaosun hökm sürdüyü dövrdə ABŞ-da qəbul olunmuş və "Vətənpərvərlik aktı" adı ilə tanınan federal qanunu. Faktiki oaraq, bu qanun hökumətə və polisə öz vətəndaşlarına nəzarət etmək üçün geniş səlahiyyətlər verdi. Bunun Konstitusiyanın əsas prinsiplərinə zidd olmasına baxmayaraq, öz təhlükəsizliyinin təmin olunmasını daha vacib sayan əhali bu qanunun qəbuluna normal, bəzi hallarda isə hətta heyranlıqla yanaşdı. Amma məsələ bununla bitmədi. 11 Sentyabr hadisələrindən sonra insan bədəninə mikroçiplərin yeridilməsi praktikasına başlanıldı. Amerika vətəndaşları özlərinin və uşaqlarının təhlükəsizliyindən narahat olmağa başladılar və bu gün ABŞ-da artıq minlərlə insanın bədəninə bu cür çiplər yeridilib. Və bu "yenilik"i istəyənlər növbəyə düzülüblər. Bu, həm insanın başına nəsə gəlsə, dərhal həkimlərə və xilasedicilərə məlumat ötürmək üçün lazımdır, həm də bütün lazımi sənədləri (pasport, kredit kartı və s.) əvəz edir. Dövlət məmurları əmindirlər ki, ölkə vətəndaşlarının təhlükəsizliyi hər şeydən vacibdir. Odur ki, bu layihəyə istənilən qədər vəsait ayrılır. Yəni, belə çıxır ki, əvvəlcə sizi qorxudurlar, sonra isə siz vahimə içində öz bədəninizə mikroçip yeridilməsinə razılıq verirsiniz. Sonradan isə artıq xüsusi orqanlar bu çiplər vasitəsilə sizi daim nəzarətdə saxlayır. 

Bəs, dünya xaos terroru və müharibə meydanına çevrilsə nə olacaq? İnsanlar vahid hökumətə, mərkəzləşdirilmiş, sərt idarəçilik sisteminə meyillənməyəcəklərmi? 

Bu hökumət kim olacaq? Getdikcə öz suverenliyini itirən milli dövlətlər? Son illər idman və ya şou-biznesdən siyasətə atılan "xarizmatik" siyasətçilər? Bəlkə məxfi orqanlar tərəfindən yaradılan və idarə olunan dini sektalar? Yox. Bu, son yüz ildə dünya tarixinin ən qüdrətli və hərəkətverici qüvvəsinə çevrilmiş qlobal oriqarxiya olacaq. Söhbət, dünyanı tam idarə etməyə çox yaxın olan transmilli şirkətlərdən gedir. Belə çıxır ki, beynəlxalq siyasi və iqtisadi sistemin iflası, xaos, müharibə və münaqişələr yalnız onlara əl verir. Bəşəriyyət isə onlar üçün istənilən vaxt söndürə biləcəkləri çip və batareyadır...



MƏSLƏHƏT GÖR:

653