30 Aprel 2024

Çərşənbə axşamı, 17:47

QABAQDANGƏLMİŞLİK

Ermənistan baş nazirinin istefası hansı siyasi proseslərdən xəbər verir?

Müəllif:

15.04.2014

Ermənistanda müzakirə olunan əsas mövzulardan biri daxili siyasətdə yaşanan növbəti qəfil dəyişiklikdir. Nazirlər Kabinetinin başçısı Tiqran Sarqsyan vəzifəsindən istefa verib. Bunu mətbuata hakim Respublika Partiyası idarə heyətinin toplantısından sonra partiyanın mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov açıqlayıb.

Qeyd edək ki, Ermənistanda baş nazirin istefa verəcəyini çoxları  proqnozlaşdırırdı. Bununla yanaşı, artıq sabiq hökumət başçısı Facebook sosial şəbəkəsindəki səhifəsində istefa qərarını hələ fevralda qəbul etdiyini, lakin o zaman "bir sıra vacib iqtisadi hadisələr"lə əlaqədar olaraq, qərarının qəbul olunmadığını  yazıb. Eduard Şarmazanov isə deyir ki, söhbət ölkənin Gömrük İttifaqına üzvlüyülə bağlı işlərdən gedir və prezident Serj Sarqsyan məhz bu səbəbdən baş nazirdən daha 1 ay müddətinə vəzifəsində qalmasını istəyibmiş.

Ermənistan KİV-də Tiqran Sarqsyanın istefası ilə bağlı çoxlu sayda versiyalara rast gəlmək mümkündür. Əksər müşahidəçilər əmindirlər ki, bu qərarın qəbulunda ölkədə həyata keçirilən pensiya islahatları ilə əlaqədar, əhali arasında narazılığın sürətlə artmasının da rolu var. Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən Ermənistanda məcburi sığorta pensiya sistemi tətbiq olunur. Yenilik 1974-cü il yanvarın 1-dən sonra dünyaya gəlmiş bütün vətəndaşlara şamil olunur. Yeni qanuna əsasən, işləyən vətəndaşlar hər ay əməkhaqqlarının 5%-ni sığorta hesablarına ödəmək məcburiyyətindədir. Bununla yanaşı, o, əməkhaqqından daha 5%, amma 25 min dramdan çox olmayaraq (hazırki məzənnə ilə 60 dollar) dövlətə keçirməlidir. Pensiya sistemindəki bu yenilik Ermənistanda geniş etiraz dalğasına səbəb olub. Nümayişlərə çıxan insanlar pensiya yaşına çatdıqda həmin pulları geri ala biləcəklərinə əmin olmadıqlarını  bildirirlər. Bu üzdən də onlar pullarını "elə-belə paylamaq" istəmirlər.

Etirazlar kifayət qədər geniş miqyas alıb və bu günlərdə Ermənistanın Konstitusiya Məhkəməsi pensiyaya dair yeni qanunun bir sıra müddəalarını ləğv edib. Bütün bunları nəzərə aldıqda, belə qənaətə gəlmək olar ki, hakimiyyət baş nazirin istefası ilə narazılığı bir qədər yatırmağa çalışır.

Amma bu istefanın "qabaqlama oyunu" olması da mümkündür. Belə ki, Ermənistan parlamentinin 4 müxalifət fraksiyası qurumun aprelin 28-də keçiriləcək iclasında hökumətə etimadsızlıq elan edəcəklərini əvvəlcədən açıqlamışdılar. Onlar ölkənin iqtisadi siyasətinin iflasında məhz baş naziri günahlandıraraq, aprelin 28-də onun istefasını tələb etməyə hazırlaşırdılar. Müxalifət fraksiyaları yeni pensiya sisteminə də etiraz edirlər. Burada Ermənistan prezidentinin "mənəvi uduşu" kifayət qədər cüzi olsa da, hər halda, bu, istisna edilmir.

Gözlənildiyi kimi, baş verənlər İrəvanda son zamanlarda yaşanmış ən səs-küylü siyasi atışmanı da yada salıb: ötən ilin sonlarında Ermənistanın ikinci prezidenti Robert Koçaryan Tiqran Sarqsyanı kəskin tənqid atəşinə tutmuşdu. Hökumət başçısı, ilk növbədə, ölkə iqtisadiyyatının faciəvi durumda olmasında günahlandırılırdı. İttihamlar o qədər ciddi, baş nazirin sabiq prezidentə cavabı isə o qədər əsassız idi ki, artıq onda çoxları yaşananların Tiqran Sarqsyanın istefası ilə nəticələnəcəyini proqnozlaşdırırdı. Üstəlik, Ermənistan prezidenti də baş nazirini "qorumağa" çalışmırdı.

Baş nazirin adı ilə bağlı səs-küylü "offşor qalmaqalı" da ermənilərin diqqətindən kənarda qalmamışdı. Ölkədə Tiqran Sarqsyanın istefaya göndərilməsinə Ermənistanın Nəzarət Palatasının rəhbəri İşxan Zakaryanın əl qoyduğu söylənilirdi. Amma T.Sarqsyanın istefasında xarici, daha dəqiqi Rusiya izi axtaranlar da az deyil. Düzdür, baş nazirin istefasından sonrakı ilk günlərdəcə Ermənistan hökumətinin nümayəndələri səsləndirilən versiyaları təkzib etməyə, bunun xarici qüvvələrlə əlaqəli olmadığını iddia etməyə başlayıb. Bununla yanaşı, Tiqran Sarqsyan bir çox ekspertlər tərəfindən Ermənistan hakimiyyətindəki "qərbpərəst qüvvələr"in lideri sayılırdı və bu, heç də əsassız deyildi. Onlar baş nazirin Ermənistanın Gömrük İttifaqına qoşulmasını "mənasız" adlandırdığını yaxşı xatırlayırdılar. T.Sarqsyan bu fikrini ölkəsinin yeni ittifaqa üzv dövlətlərlə ümumi sərhədlərə malik olmaması ilə əsaslandırmışdı. Amma Ermənistanda bu versiya da təkzib olunur. "Əlbəttə ki, əlaqəsi yoxdur. Çünki Ermənistanın Gömrük İttifaqına qoşulması siyasi qərardır və biz hesab edirik ki, Ermənistan nəzərdə tutulmuş müddətə bu quruma üzv olacaq", - deyə hakim partiyanın mətbuat katibi E.Şarmazanov bildirib. Amma bu cür fikirlərin yayılması faktının özü Ermənistanın kadr məsələlərində də müstəqilliyini itirdiyini təsdiqləyir.

Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti baş nazir postunu tutacaq şəxsin namizədliyini 10 gün müddətində irəli sürməlidir, amma İrəvanda tələsmirlər. Çoxları bunu ölkədə siyasi al-verin qızışdığının göstəricisi sayır. Bundan başqa, yeni baş nazirin adının aprelin 10-da açıqlanacağına dair proqnozlar da özünü doğrultmadı. Əvvəlcədən deyildiyi kimi, prezident Serj Sarqsyan partiya liderləri ilə görüş də keçirdi, Respublika Partiyasının rəhbərliyi ilə toplantı da oldu. Amma gözləntilərin əksinə olaraq, yeni hökumət başçısının adı yenə də açıqlanmadı.

İntriqa isə son dərəcə süstdür. Baş nazir postunu parlamentin spikeri Ovik Abramyanın tutacağı deyilirdi. Ondan əvvəl isə bu posta vaxtilə hökumətə başçılıq etmiş sabiq prezident Robert Koçaryanın təyin olunacağı deyilirdi. Namizəd kimi, digər adlar da çəkilir.

Bütün bunların fonunda "Joxovurd" qəzetinin məlumatını kifayət qədər sensasion saymaq olar. Qəzetin yazdığına görə, parlamentin spikeri Ovik Abramyan ətrafını yeni vəzifəyə keçidə hazırlayır, digər tərəfdən isə "qiymətini artırmağa çalışır". "Əldə etdiyimiz məlumata görə, bu günlərdə baş nahir postunu tutmaq istəyib-istəmədiyinə dair suala Abramyan kifayət qədər narazı tonla belə cavab verib: "Büdcədə əməkhaqlarının verilməsi üçün qalmış pullar ayyarıma gücnən yetər. Bu vəziyyətdə hökumətə necə başçılıq edim?"" - deyə qəzet yazır: "Ermənistan parlamentinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Qoar Poqosyan isə deyilənləri təkzib edir".

Amma razılaşın ki, mətbuata sızma çox maraqlıdır. Ovik Abramyan baş nazir postunu tutmadan, artıq Ermənistanın siyasi vəziyyətini kifayət qədər aydın qiymət verib. O, hətta guya vəziyyətdən çıxmaq üçün möcüzəvi reseptə malik olduğunu söyləməyə cəhd belə, etməyib. İndi yeni baş nazirin dövründə Ermənistanın köhnə hökumət başçısının dövründəkindən daha yaxşı olacağına ümidlərin olmadığını açıq söyləyirlər. Şübhəsiz ki, ölkənin böhrandan çıxarılması üçün, ilk növbədə, Ermənistanın yaxın qonşuları ilə münasibətlərini normallaşdırmasına yönəlmiş siyasi qərarlar lazımdır. Amma İrəvanda bunun üçün həmişə olduğu kimi, siyasi iradə yoxdur. Belə olan təqdirdə, bir müddət əvvələdək prezidentlik üçün ən yaxşı "tramplin" sayılan baş nazir postu siyasi intihar yolunda addım kimi qiymətləndirilir.



MƏSLƏHƏT GÖR:

561