7 May 2024

Çərşənbə axşamı, 23:11

YENİ SƏHİFƏ

Azərbaycanla İran intensiv siyasi dialoqu bərpa edir

Müəllif:

15.04.2014

Bu, onun əsrlərdən gələn tarixi, mədəni və dini baxımdan Azərbaycanla bağlı olan qonşu ölkəyə sayca 3-cü rəsmi səfəri idi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qəbulu «Saadabad» sarayında oldu. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzüldü, dövlət himnləri səsləndirildi.  Elə bu sarayda Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhani arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi.

Görüşdə həm beynəlxalq, həm də regional siyasətə dair çoxsaylı məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə olundu. Danışıqların sonunda bir sıra ikitərəfli sənədlər imzalandı: Gənclər nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə İranın Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İranın Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu; «Ordubad» və «Marazad» su-elektrik stansiyalarının tikintisi və istismarı haqqında hökumətlərarası saziş.

Sənədlərin imzalanması mərasimindən sonra KİV üçün brifinq oldu. Prezident İlham Əliyev dedi: «Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaq». BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı Təşkilatında İranla Azərbaycanın birgə fəaliyyətini yüksək qiymətləndirən İ.Əliyev ikitərəfli əməkdaşlığın inkişafına sadiqliyini də ifadə etdi: «Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar var». Azərbaycan prezidenti neft-qaz sahələrində əməkdaşlığı xüsusi vurğulayıb. Onun hərbi sahədə əməkdaşlığa dair dedikləri isə yenilik sayıla bilər. İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinə görə İran tərəfinə minnətdarlıq edib, eyni zamanda İranın dinc xarakterli nüvə proqramını inkişaf etdirmək hüququnu dəstəklədiyini söyləyib.

Çıxışının sonunda Azərbaycan Prezidenti İranın dövlət başçısı Həsən Ruhaniyə səfər dəvətinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, onu Azərbaycana rəsmi səfərə dəvət edib. İran prezidenti öz növbəsində bu dəvəti məmnunluqla qəbul edib. Onun Azərbaycana səfəri yaxın zamanlarda baş  tutacaq.

İran prezidenti H. Ruhani öz növbəsində cavab çıxışında İranla Azərbaycanın 2 yaxın qonşu, qardaş ölkələr olduğunu vurğulayıb: «Dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə heç bir maneə yoxdur». Ruhani çıxışını belə davam etdirib: «Biz iki ölkə arasında neft, neft-kimya, elektroenergetika, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində biz gələcəkdə əlaqələrimizin daha da dərinləşməsi və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq».

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə əməkdaşlıq məsələlərinə də toxunan Həsən Ruhani hər iki tərəf adından, bu sahədə yekun qərarın qəbuluna çox qalmadığını söylədi. Nəzərə alsaq ki, «Xəzər beşliyi» arasında kompromisin əldə olunmasına böyük ölçüdə məhz Bakı ilə Tehran arasındakı fikir ayrılığı mane olur, bunu vacib bəyanat saymaq olar.

Tehranın regional münaqişələrə dair mövqeyini də açıqlayan Ruhani dedi: «Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun».

İlham Əliyev İrana birgünlük, lakin son dərəcə doğlun səfərinin sonunda bu ölkənin dini lideri ayətulla Seyid Əli Xamnei ilə də görüşüb. Görüşdə Xamneyi yalnız iki xalq arasında deyil, hökumətlər arasında da yaxınlaşmanın vacibliyini bildirib. O, dini ekstremizmin güclənməsilə bağlı bəzi tendensiyalardan narahatlığını ifadə edib, bunu islam məsləkdaşlarının müxtəlif məktəbləri arasına səpilən «düşmənçilik toxumu»nun nəticəsi adlandırdı. «Bu cür cəhdlərin məqsədlərinə çatmasına, milli birliyə və dövlətlərin sabitliyinə zərbə vurmasına imkan vermək olmaz», - deyə İranın dini lideri  bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri qısa çəkdi. Amma onun əhəmiyyəti imzalanmış sənədlərin, keçirilmiş görüşlərin sayı və ya bəyanatların sensasiyalığı ilə qiymətləndirilməməlidir. Bu səfər cənub qonşumuz ilə intensiv siyasi dialoqun bərpası baxımından vacib idi. Söhbət həm yüksək səviyyədə, həm də XİN, vacib nazirliklər və qurumlar səviyyəsində dialoqun bərpasından gedir. Xatırladaq ki, bu ilin əvvəlində prezident Əliyev artıq bir dəfə iranlı həmkarı ilə görüşmüşdü. Onun İranın yeni dövlət başçısı ilə ilk görüşü Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuşdu. Martın 14-də isə Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Vyanada bir araya gəlmişdilər. Elə həmin ay İran xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rahimpur Bakıya səfər etmişdi. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İrana ötən ay baş tutmuş rəsmi səfərini də qeyd etmək olar. İndi isə İlham Əliyevin səfərinin ardınca Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehrana səfər edəcəyi məlum olub.

Əslində, qonşu ölkələr,  xüsusilə də tarixi, mədəni və dini baxımdan sıx bağlı olan ölkələr arasında intensiv və müxtəlif istiqamətli dövlətlərarası, hökumətlərarası intensiv əlaqələr normadır. Bunu Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan kimi dövlətlərlə münasibətlərinin nümunəsində görmək mümkündür. İranla isə son illərdə bu dialoq bir qədər pozulmuşdu. Üstəlik, son illərdə Bakı ilə Tehran arasında münasibətləri «isti» adlandırmaq da mümkün deyildi. İranda verilişlərini Azərbaycan dilində yayımlayan «Səhər-2» telekanalı vasitəsilə bizə qarşı ciddi informasiya kampaniyası aparılırdı. Bundan başqa, İran parlamentinin ayrı-ayrı deputatları, din xadimləri, hətta yüksək rütbəli hərbçiləri  tərəfindən Azərbaycanın ünvanına yersiz xəbərdarlıqlar, hətta hədələr belə, səsləndirilirdi. Ticari sahədə durğunluq müşahidə olunurdu, mədəniyyət sahəsində isə bir sıra layihələr ləğv edilmişdi. İranın nüvə proqramı ilə əlaqədar BMT tərəfindən Tehrana tətbiq etdiyi sanksiyalar isə 2 qonşu ölkə arasında münasibətlərin inkişafına əlavə maneələr yaradırdı.

Bu vəziyyət birmənalı olaraq, nə Azərbaycana, nə də İrana sərf edirdi. Həsən Ruhani prezident seçkisi ərəfəsində apardığı kampaniya zamanı xarici siyasi prioritetləri  arasında yaxın qonşularla münasibətlərə yenidən baxılmasını, onların möhkəmləndirilməsini də göstərmiş, ölkəsinin nüvə proqramı ilə əlaqədar, beynəlxalq birlikdə yaranmış gərginliyin aradan qaldırılması üçün kompromislərə hazır olduğunu bildirmişdi. O, seçkidə qələbə qazandıqdan sonra, Tehran «altılıq» (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) ilə dialoqu bərpa etdi, İran hökumətinin atdığı konkret addımlar Qərb ölkələrinin Tehrana tətbiq etdiyi sanksiyaların qismən yumşaldılmasına səbəb oldu. Bu, İranla bank və maliyyə əməliyyatlarının həyata keçirilməsi sahəsində əməkdaşlığa yaranan maneələri aradan qaldırır, enerji, kommunikasiya, müasir texnologiyalar sahələrində vacib layihələrin həyata keçirilməsinə şərait yaradır.

İkitərəfli və çoxtərəfli münasibətlərin inkişafına maraq var. Bu mənada Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq, Şimal-Cənub nəqliyyat dəhlizinin tam miqyasda işə salınması üçün işləri sürətləndirmək olar. Azərbaycanlı mütəxəssislər tükənməkdə olan neft yataqlarının canlanması üzrə böyük təcrübəyə malikdirlər. Son illərdə isə onlar bu işdə Qərb texnologiyasından fəal şəkildə istifadə edirlər. Azərbaycan mütəxəssislərinin bilikləri, coğrafi yaxınlıq, yerli şəraitə asanlıqla uyğunlaşma bu məsələdə  işə yaraya bilər. Tehrana tətbiq olunan sanksiyalar tam aradan qaldırılacağı təqdirdə, İranda qaz hasilatının artması onun SOCAR tərəfindən layihələndirilən TANAP və TAP boru kəmərləriilə Avropa bazarlarına nəqlinə imkan yarada bilər. Bundan başqa, Xəzərin statusuna dair razılıq əldə olunarsa, həmsərhəd offşor yataqlardan neft və qaz hasilatına dair birgə layihələrin icrası mümkün olar, bu da öz növbəsində hər iki ölkəyə fayda verərdi.

Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri regional təhlükəsizliyi də gücləndirər, uzun illərdir Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvan Muxtar Respublikası ilə etibarlı nəqliyyat əlaqəsinin yaradılmasına imkan verərdi. İranla qaz və elektrik enerjisi mübadiləsi nəticəsində Azərbaycanın bu muxtariyyətinin dayanıqlılığının artması az əhəmiyyət daşımır. Bakı-Tehran münasibətlərinin yaxşılaşmasının nəticəsi olaraq, humanitar sahədə də birgə proqramların genişlənəcəyini proqnozlaşdırmaq mümkündür. Bir sözlə, İlham Əliyevin Tehrana səfəri Azərbaycan-İran münasibətlərində yeni səhifə açdı və yüksələn əlaqələrə bütün ölçülərdə yeni dəstək verdi.



MƏSLƏHƏT GÖR:

600