4 May 2024

Şənbə, 08:06

RZA TƏHMASİBİN "EMALATXANA"sı

Azərbaycan teartı və kinosunun formalaşmasında böyük rol oynamış insanın həyatı haqqında

Müəllif:

22.04.2014

Bu günlərdə milli kinematoqrafiyanın korifeyi, görkəmli kinorejissor, pedaqoq və aktyor Rza Abbasqulu oğlu Təhmasibin anadan olmasının 120-ci ildönümü tamam olub.  O, milli kino sənəti tarixinə şöhrəti, təəssüf ki, rejissorun digər istedadlarının və elə özünün də yolunu kəsmiş dahi filmlə düşüb.

 

Uşaqlığı

Rza Naxçıvanın ən hörmətli, varlı, dindar adamlarından sayılan tacir Hacı Ələkbərin 16 yaşında evləndirdiyi yeganə oğlu Abbasqulunun böyük oğlu idi. 1894-cü ilin 20 aprelində dünyaya göz açmışdı. Naz-nemət içində böyüdülürdü. Rzadan sonra bir-birinin ardınca dünyaya gələn uşaqların çoxu körpəykən vəfat etmişdilər. Odur ki, sağ qalan dörd uşağın - Rzanın, Məmmədhüseynin, Əkbərin və Cəmilənin başına pərvanə kimi dolanırdılar. Doğmalarının ciddi diqqətini üzərində hiss edən Rza bundan istifadə edir, yaxınları tez-tez onun zarafatlarının, uşaq şıltaqlıqlarının hədəfinə çevrilirdilər.

Günlərin birində Rza böyük bağlarındakı irigövdəli, qollu-budaqlı tut ağacına çıxmışdı. Meyvədən doyunca yedikdən sonra qara tutdan paltarına, üz-gözünə sürtüb ağacın budaqlarından tuta-tuta ehtiyatla aşağı düşmüş, yerə uzanıb qışqırmağa başlamışdı. Bunu görən xidmətçisi başına döyə-döyə evə qaçmışdı: "Ağa tut ağacından yıxıldı, üst-başı qan içindədi".

Bağda Rzanın "qan içində" yerdə çapaladığını görən nənəsi, bibisi, qonum-qonşu dizlərinə döyüb ağlamağa başlamışdılar. Onların hərəkətlərini gözücu izləyən Rza doyunca əyləndikdən sonra ayağa qalxıb gülə-gülə: "Mənə heç nə olmayıb" demişdi.

...Evlərinə tez-tez qonaqlar gəlirdi. Yeniyetmə yaşlarından kişi qonaqları qarşılamaq Rzaya  tapşırılırdı. Birdən onun səsi gəlirdi: "Xoş gəlmisiniz, buyurun, keçin yuxarı başa!" Sonra qonaqların Rzaya təşəkkürlərini, onunla söhbətlərini eşidirdilər. Bir azdan məlum olurdu ki, hələ gələn yoxdur, Rza anasıgili aldatmaq üçün qonaqları yamsılayır.

Hamı onun bu cür oyunlarına gülürdülər. Bilmirdilər ki, bunlar, əslində, bir yeniyetmənin arzularında, xəyallarında yaşatdıqlarıdır. Onun aktyor olacağı kimin ağlına gələrdi ki?!  Rzanı başqa arzularla böyüdürdülər.

Hacı Ələkbər Rzanı ağa-bəy məclislərinə aparırdı. İstəkli nəvəsini kiçik yaşlarından bu məclislərdə tanıdırdı. Onun təhsilinə xüsusi diqqət yetirilirdi. 1901-ci ildə Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"yə daxil oldu və beş il orada rus, ərəb, fars dillərini, tarix və coğrafiya fənlərini öyrəndi. Sonra üçsinifli Naxçıvan şəhər məktəbinə qəbul edildi. 1909-cu ildə həmin məktəbdə təhsilini başa vurdu. Tiflis şəhərində oxumaq istədikdə atası buna etiraz etdi. Çünki babası da, atası da onu həm tacir, həm də tikdirəcəkləri pambıqtəmizləmə zavodunun müdiri görmək fikrindəydilər. Rzanın arzusu isə ədəbiyyatçı olmaq, kitab dükanı açmaq idi. Səhnənin sirli aləmini isə hələ 1907-ci ildə görmüşdü. On üç yaşında məktəblərində rus dilində hazırlanan Qoqolun "Ölü canlar" pyesində oynadığı Çiçikov obrazını aktyorluq fəaliyyətinin başlanğıcı sayırdı. Amma istedadlı aktyor Hüseyn Ərəblinskinin Naxçıvana qastrol səfərinə gəlişindən sonra bu sənəti seçmək arzusuna düşən Rza gizli-gizli Naxçıvanın həvəskar aktyorlarının məşqlərinə getməyə başladı. Oğlunun yalnız ticarət sahəsində təhsil ala biləcəyini düşünən Abbasqulu 1910-cu ildə onun Tiflisə oxumağa getməsinə razılıq verdi. Rzanı həmin şəhərə apardı, səkkizillik kommersiya məktəbinə qəbul etdirdi. Rza isə elə tələbəliyinin birinci ilində Tiflisdə, məşhur Şeytanbazarda fəaliyyət göstərən Azərbaycanın həvəskar artistlərinin dərnəyinə üzv yazıldı.

 

Təhsil,  iş,  sevgi

Tez-tez yanına gələn atası bir gün düşdüyü mehmanxanada tamaşaya bilet satıldığını görüb, ikisini aldı. Biletlər Rzaya göstərib: "Axşam tamaşaya gedərik", - deyəndə oğlu etiraz etdi: "Mən getmək istəmirəm". Atası təəccübləndi: "Axı, sənin teatra getməkdən xoşun gəlir". Rza yenə: "Yox, getmirəm", - dedi. Abbasqulu tamaşaya tək getdi. Həmin gün Rza səhnəyə atasını onu qrimdə tanımayacağı ümidiylə çıxdı. Amma belə olmadı. Onlar mehmanxanaya birlikdə qayıtdılar. Atası ondan nə izahat tələb etdi, nə də məsləhət verdi. Məzəmmətlə oğluna baxdı. Ona qəti söz demədən Naxçıvana döndü. 

Rzanın teatrdan əl çəkməyəcəyini görən babası oğluna: "Rzayla işin olmasın, qoy necə bilir, elə də yaşasın", - dedi. Hacı Ələkbər böyük nəvəsinin istəklərinə qarşı çıxa bilmirdi. Baba nəvəsinin Təhmasibbəyov soyadını Təhmasib kimi yazdırmaq istəyinə də qarşı çıxmadı. Artıq 1916-cı ildə afişalarda Rza Təhmasib soyadı ilə yazılırdı.

1917-ci ilin qışında Rza Naxçıvana qayıtdı. Dram dərnəklərində çıxış edən Rza Təhmasib gərgin siyasi-ictimai hadisələrdən də kənarda qalmırdı. Həmin ilin yazında və yayında o, Andranikin başçılığıyla hücuma keçən erməni işğalçılarına qarşı mübarizədə də iştirak edib.

Rza Bakıya 1918-ci ildə gəldi və seminariyada dərs deməyə başladı. Görüb-sevdiyi osetin qızı, gözəl Leyla ilə də həmin il ailə qurdu. Azərbaycan Opera və Balet Teatrında aktrisa işləyən Leyla Təhmasib soyadını götürdü. Rzanın aktyor kimi teatra qəbul edilmək üçün verdiyi ərizəsinin üstünə isə bu dərkənar yazıldı: "Aktyorluq istedadı olmadığı üçün qəbul edilməsin". Nəhayət, iki il sonra Rzanı teatra işə götürdülər. 1921-ci ildə gözlənilmədən Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alan Rza 1922-ci ilin avqustunda Türkiyədən qayıtdıqdan sonra yenidən teatrda işləməyə başladı. 1930-cu ildə Rza Leyla ilə ayrıldı. Onda onların oğulları Özdəmirin 7-8 yaşı var idi.

1934-cü ildə Rza Təhmasib orta məktəbdə ibtidai sinif müəllimi işləyən, əslən şamaxılı Gülsümlə tanış oldu. O da evli olmuşdu və kiçik qızı Sahibə ilə yaşayırdı. Aralarında xeyli yaş fərqi olsa da, Gülsüm Rza ilə evlənməyə razılıq verdi. Təhmasibin həyatı yeni-yeni rahat məcraya düşürdü ki, Naxçıvandan bəd xəbər gəldi: atası həbs olunmuşdu.

Bu, gözlənilən idi. Abbasqulunun var-dövləti əlindən alındı, həyat yoldaşı və kiçik qızı Cəmilə evdən çıxarıldı. Baş verənlərdən xəbər tutan oğlanları dərhal gedib onları Bakıya gətirdilər. Soyadlarını dəyişmələri onların köməyinə çatırdı. Amma bu çıxış yolu deyildi. Bakıda qalmaq qorxulu idi. Həmin vaxt məşhur rejissor Eyzenşteyn Rzanı Moskvaya oxumağa çağırdı və o, dəvəti düşünmədən qəbul etdi. Təhmasib ailəsiylə birlikdə Moskvaya Kinematoqrafiya İnstitutuna oxumağa getdi. Qardaşı Məmmədhüseyn isə anasıyla bacısını götürüb rayonlara işləməyə yollandı. Amma iş Bakıdan qaçmaqla da bitmirdi. Məmmədhüseyn tez-tez işini, yaşayış yerini dəyişirdi.   Siyasətdən  uzaq olan, yalnız varlı olduğuna görə beş il müddətinə azadlıqdan məhrum edilmiş Abbasqulunu azadlığa 2 il tez buraxdılar.

 

Kino

Rza 1937-ci ildə institutu bitirdi. Eyzenşteyn Rzaya Moskvada qalıb bir yerdə "Mosfilm"də işləməyi təklif etdi.  Amma Gülsüm qürbətdə yaşamaq istəmədi və onlar Bakıya qayıtdılar. Amma sonralar Eyzenşteynin təklifinə razı olmadıqlarına görə çox peşman olacaqdılar...

Həmin il Rza ağır xəbər aldı: anasıyla Volqaboyuna səyahətə çıxan Özdəmir Volqa çayında boğulmuşdu.

Bir müddət sonra onun anası və atası Naxçıvandan Bakıya köçdülər. Onlar hələ də repressiyanın dəhşətlərini yaşayır, günlərini səksəkə içərisində keçirirdilər. 1942-ci ildə orduda olan Ələkbərdən məktub gəldi. Cəbhəyə yollandıqlarını yazırdı. Bu, Ələkbərin son məktubu oldu. Anası onun dərdinə dözməyərək, 1942-ci ilin martında vəfat etdi. Oğlunun, həyat yoldaşının dərdindən Abbasqulu da xəstəliyə tutuldu və 7 ay sonra o da dünyasını dəyişdi...

Rza Təhmasib artıq qüdrətli aktyor kimi tanınırdı. Bir vaxtlar verdiyi ərizəsinin üstünə "istedadı yoxdur" yazanlar "Rza müəllim, xahiş edirik, peşəkar məsləhətlərinizi əsirgəməyəsiniz", - deyə onun ardınca düşürdülər. O, misilsiz rejissor, əvəzsiz müəllim idi. Bütün istedadlı adamlar kimi Rza Təhmasibin də pərəstişkarları kimi, paxıllığını çəkənlər də var idi.

Bir vaxtlar "Mosfilm"ə dəvət olunması Rzanın kino yaradıcılığında böyük rol oynadı. 1941-ci ildə o,  "Səbuhi" filmini çəkdi, 1943-cü ildə isə "Arşın mal alan" üzərində işə başladı. Ancaq Moskva Leşşenkonun da onunla yanaşı filmə rejissorluq etməsinə sərəncam verdi. Bu filmin yolunda Rzanın başı çox bəlalar çəkməli oldu. Əvvəlcə Bədii Şura baş rolun Rəşid Behbudova tapşırılmasına razılıq vermədi. Amma Rza müğənninin Əsgər obrazına çəkilməsinə çətinliklə icazə ala bildi.

Əsgər bəyin evini çəkmək üçün natura seçildi. Yemelyanovun (DTK-nın sədri - Z.F.) Şüvəlandakı bağını münasib görən rejissor ona müraciət etdi. Rza Təhmasibi qəbul edib xahişini dinləyən Yemelyanov bağında çəkiliş aparılmasına icazə verdi. Amma Rza qapıdan çıxmaq istəyəndə Yemelyanov barmağını silkələdi: "Film yaranmasa, özündən küs". Bu hədə çəkiliş başa çatanadək Rza Təhmasibin qulaqlarından çəkilmədi.

Filmə ilk baxış da çətin keçdi. Rza deyilənləri həyəcanla dinləyirdi: "Film həqiqətə uyğun deyil", "Bu film burjuaziyanı idealizə edir"... Bu dəfə də köməyə Eyzenşteyn çatdı. Uzun mübahisələrdən sonra qəbul edilən film Rza Təhmasibə də, yaradıcı heyətin bir qrupuna da Dövlət mükafatı qazandırdı.

1949-cu ildə çəkdiyi "Bakının işıqları" filmində Rza həm də birinci katibin obrazını ifa edirdi. Filmə baxış keçiriləndə Bağırov narazılıq etdi: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam". Çətin illər idi, 37-nin nəfəsi hələ də duyulurdu. Rza Təhmasibin Bağırovun qəzəbindən qurtulması çox təəccüblü məsələydi. Deyilənə görə, Bağırov Təhmasibə Stalinin Bakıda bu filmin çəkildiyindən xəbərdar olduğu üçün toxuna bilməyib. Ona "Bakının işıqları"nda obrazının çox gözəl ifa olunduğunu söyləmişdilər: "Mircəfər Bağırov rolunu isə Rza Təhmasib oynayıb. O, Təhmasibin oyunundan narazıdır".  Stalin gülüb və deyib: "Lap yaxşı, əsərə yüksək qiymət verin". Film ekrana buraxıldı. Ancaq Moskvadan razılıq gələnədək, filmin çox hissəsi artıq kəsilmişdi.

Rzanın 10 il sonra qardaşı Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında çəkdiyi "Onu bağışlamaq olarmı?" filmi də az tənqid olunmadı. Deyirdilər ki, film real həyata uyğun deyil.

 

Müəllim Təhmasib

Bu gün Rza Təhmasibi müəllim kimi xatırlayacaq şəxslərdən, demək olar ki, heç biri sağ deyil. O, 40-cı illərdən başlayaraq, M.Əliyev adına Azərbaycan Teatr İnstitutunda rejissorluq və aktyorluq sənətindən dərs deyirdi. Həmin dövrdə Rza Təhmasib teatr sənətinə dair bir neçə işi Azərbaycan dilinə tərcümə də edib. Onların arasında ən vacibi Stanislavskinin "Mənim incəsənətdəki həyatım" kitabı sayıla bilər.

Tanınmış aktyor Ağaxan Salmanlı uzaq 1959-cu ildə Təhmasiblə ilk dəfə necə qarşılaşdıqlarını "R+"a danışıb: "Teatr İnstitutuna qəbul olunmaq fikrinə düşmüşdüm. Amma birinci il tarixdən kəsildim və aktyor kimi çalışmaq üçün kukla teatrına getdim. İkinci il instituta qəbul oluna bildim və Rza Təhmasib mənim müəllimim oldu. O, artıq əfsanəvi şəxsiyyət, böyük insan, pedaqoq və kino aktyoru idi". Təhmasib öz işinə o qədər məsuliyyətlə yanaşırdı ki, oxuyan zaman tələbələrinə kinoya çəkilmək, teatrda çıxış etmək icazəsi vermirdi. "Deyirdi ki, yalnız 4 illik təhsildən sonra diplomu əldə etdikdə, hara istəsəniz gedin. Çiy halda sizi heç yana buraxmayacağam", - deyə Salmanlı danışır: "Beləliklə, 1959-cu il sentyabrın 1-dən bu günədək aktyoram".

Təhmasibin "emalatxanası"ndan çox aktyorlar çıxıb. Onlardan biri də hamının sevimlisi olan Yaşar Nuri idi. "İncəsənət İnstitutunda imtahan verdikdə müəllimim məşhur aktyor və rejissor Rza Təhmasib idi", - deyə aktyor xatırlayırdı: "Onda sənədlərimi rejissorluq fakültəsinə vermək istəyirdim. Amma Təhmasib buna mane oldu və mənim rejissor olacağım təqdirdə, sənətin yaxşı bir aktyoru itirəcəyini söylədi".

Rzanın ömür yolu çətin olub. Uzun illər o, repressiya qorxusu ilə yaşayıb, 3 dəfə zəngin kitabxanasını, sənədlərini, şəkillərini yandırmalı olub.  Ancaq bu qədər əzablar, iztirablar içində həm teatrda, həm kinoda misilsiz rollar yaradıb, filmlər çəkib, uzun illər pedaqoqluq edib.

 

Həyatın  gözlənilməzlikləri

İkinci evliliyində bəxt Rzanın üzünə gülsə də, taleyi yenə onu ağır sınaqlara çəkdi. 1971-ci ildə kiçik qızı Aybəniz elmi işinin müdafiəsinə bir gün qalmış qəflətən vəfat etdi. Digər qızı Tamella universitetin jurnalistika fakültəsini bitirmişdi. Elmi işlə məşğul olan Tamella ailə qursa da, övlad sahibi ola bilmədi. Oğlu Araz Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti - Z.F.) oxuyurdu. Düçar olduğu xəstəlik onun da bütün arzularını yarımçıq qoydu. Rza bu dərdlərin ağrısını canında dolaşan ağır xəstəliyin əzablarına qoşaraq çəkirdi. 5 ildə 2 dəfə çətin cərrahiyyə əməliyyatı keçirmişdi. 1979-cu ilin payızında cəmi bir neçə dəfə məktəbə gedə bildi. Yatağa düşdü və daha qalxa bilmədi. 1980-ci il fevralın 14-də 86 yaşında dünyasını dəyişdi.

Rza Təhmasib milli kino sənətinin görkəmli nümayəndələrindən biri idi. O, ciddi insan idi. Az çəkirdi. Özünütənqidi güclü olduğundan baş rolları, demək olar ki, ifa etmirdi. Həyatının böyük hissəsini teatr pedaqoqu və pedaqogikanın nəzəriyyəsinə həsr etdi.

 

 

"ARŞIN MAL ALAN" HAQQINDA

Bu film haqda çox yazılıb, çox danışılıb. Amma hamı, demək olar ki, hazır məhsul baxımından - ya film haqda, ya aktyor işi, ya da musiqi haqda danışır və ya yazır. O dövrün rejissorluğu çox az xatırlanır. Bəs, o zamanın kinematoqrafiyası necə idi?  Ümumilikdə isə, müasir incəsənət tarixçiləri Stalin dövrünü kütləvi mədəni deqradasiya dövrü adlandırırlar. Onda yaradıcılığın hər bir məhsulu şəxsən baş katibə ünvanlanırdı. Qaranlıq, ümidsiz bir vaxt idi. Bu qaranlıq, ümidsiz dövrdə Azərbaycanda parlaq, isti, ümid və mərhəmətlə dolu film peyda oldu.

Şübhəsiz ki, bunda ən böyük xidməti olan şəxs, məhz, rejissor Rza Təhmasibdir. Film 1945-ci ildə, Qələbə günü təqdim olundu. Amma onun ərsəyə gətirilməsinə 2 il vaxt sərf edilmişdi. Bu, ölkə üçün ağır dövr, total yoxsulluğun, ölüm kağızlarının və bitmək bilməyən müharibə illəri idi. Təhmasibin xidməti yalnız parlaq, ümidlə dolu nəsə yaratmasında deyildi. O dövrdə həm də kino musiqisi, müzikl təcrübəsi yox idi. Dünya təcrübəsi də son dərəcə kasıb idi. Yalnız ABŞ-da və müharibəyəqədərki Almaniyada cüzi sayda qismən musiqili filmlər var idi. Kinomüzikllər isə ABŞ-da yalnız 50-ci illərdə məşhur "Vestsayd hadisələri" meydana çıxacaqdı.  Sovet kinematoqrafiyasında yeganə belə presedent ( o da qismən) əfsanəvi "Şən uşaqlar" filmi idi. Beləliklə, rejissor öz şedevrini yaradarkən, əsasən, qeyri-şüuri olaraq çalışırdı.

Bu gün dünya müzikllərilə bağlı bütün məqalələrdə Brodvey, fransız müzikllərilə yanaşı, Azərbaycan müzikli də xatırlanır. Üstəlik, o, tam kinematoqrafiya müzikli kimi, yəni teatrda ifa olunmuş deyil, plyonkaya çəkilmiş müzikl kimi yada salınır. Bu, çox ağır və miqyaslı iş idi. O dövrədək onun analoqu yox idi. Əsas qəhrəmanların hər birinin roluna 20-30 aktyor iddia edirdi. Gülçöhrə roluna 50 qadın iddiaçı idi. Rəşid Behbudovun Əsgər roluna təsdiqi isə son anda baş tutmuşdu.

Proses boyu bir çox kadrları dəfələrlə yenidən oynamaq, yenidən çəkmək lazım gəlib. Operatorlar Dadaşov və Atakişiyev, ssenari müəllifi Sabit Rəhman, bəstəkar Üzeyir Hacıbəyovdan ibarət yaradıcı qrup uzun və yorucu işlə məşğul olurdular. Problem onda idi ki, film, eyni zamanda 2 dildə çəkilirdi - Azərbaycan və rus. Əlbəttə ki, əsas məsuliyyət rejissorlar Rza Təhmasiblə Nikolay Leşşenkonun üzərində idi. Onların əməyinin nəticəsi kimi hələ də sevilən, təkrar-təkrar izlənilən əla bir film alındı. "R+"un artıq yazdığı kimi, filmin nümayiş olunduğu ilk 45 gündə onu 16 milyon insan izləmişdi - sonradan hesablamadan əl çəkdilər. Yalnız daxili prokatda (xaricdən külli miqdarda pul köçürmələr nəzərə alınmadan) film çəkilişlərə xərclənən məbləğdən 1000 dəfə artıq qazanc gətirdi.



MƏSLƏHƏT GÖR:

687