21 May 2024

Çərşənbə axşamı, 17:46

SAĞLAMLIĞA NƏZARƏT

Azərbaycanda sağlam həyat tərzinin təbliğinə yönəlmiş siyasət hazırlanmalıdır

Müəllif:

22.04.2014

Həyat və ölümlə bağlı suallar əsrlərdir insanları düşündürür və hər birimiz bu suallarla mütləq qarşılaşırıq. Əsrlərdir insan özünə sual verir: mümkün qədər uzun və yaxşı yaşamaq, arzuolunmaz finaldan xilas olmaq üçün nə etməli? Hər bir şəxsin başına gələ biləcək mümkün bədbəxt hadisəni nəzərə almasaq, onun ömrünün uzunluğu və yaşamının keyfiyyəti, əsasən, səhhətinin durumundan asılıdır. Sağlamlığı genişməzmunlu postulat kimi qəbul etsək, demək olar ki, ümumilikdə, xalqın sağlamlığı onun uğurunun strateji göstəricisidir.

 

Sağlam bədəndə...

Xalqın sağlamlığı çoxmənalı anlayışdır. O, yalnız xalqı əmələ gətirən ayrı-ayrı fərdlərin sağlamlığını nəzərdə tutmur. Burada söhbət həm də öz sağlamlığını təmin etməyə imkan verən müxtəlif meyarlardan; yalnız fiziki deyil, həm də psixoloji amillərdən gedir. Bununla yanaşı, xalqın sağlamlığının göstəricilərindən biri yalnız səhhətin qayğısına qalmaq deyil, həm də pis vərdişlərdən, həyatımıza  mənfi təsir göstərən digər mənfi amillərdən (ekologiya, ağır və ziyanlı iş və s.) xilas olmaq, sağlam həyat tərzinin təbliğidir. Hər halda, son nəticədə, xalqın sağlamlığı ölkə üçün potensial resursdur. Yəni sağlamlığın, ümumilikdə, ölkədə yaşayışın keyfiyyət göstəricilərindən biri olduğunu söyləmək mümkündür.

Birbaşa deyək ki, sağlam həyat tərzi həmvətənlərimizin heç də güclü tərəfi deyil. Son illər hər sahədə rast gəlinən stresslər, inanılmaz dərəcədə yüksək həyat ritmi, ekologiya, qidalanma da insanların sağlamlığına mənfi təsirini göstərir. Ötən 3 ildə Azərbaycanda əsəb sistemindəki pozuntulardan ölüm halları 2 dəfə çoxalıb. Bu sahədə ilk yerdə isə bütün dünyada olduğu kimi, ürək-damar problemləridir. Ölüm səbəbləri siyahısında 2-ci yerdə onkoloji xəstəliklərdir.

Bununla yanaşı, son 10 ildə Azərbaycanda orta ömür həddi 72,3-dən 73,8-ə yüksəlib və bu, sevindirici haldır. Eyni zamanda infeksion və parazitar xəstəliklər, endokrin, nəfəs və həzm sisteminin xəstəlikləri kimi bir sıra xəstəliklərdən ölüm hallarını aradan qaldırmaq və ya azaltmaq mümkün olub.

Orta ömür həddinin dünyada ən yüksək olduğu (82 yaş) dözümlü yaponlardan fərqli olaraq, Azərbaycan əhalisi (əlbəttə ki, əsas stresslərə, digər destruktiv urbanizm amillərilə daha çox qarşılaşan şəhər əhalisi) nə sağlam həyat tərzinə, nə də məsələn, amerikalılar kimi, mütəmadi olaraq həkim müayinəsindən keçməyə həvəslidirlər. Uzun illərdən gələn ənənələr ölkədə xüsusi qidalanma mədəniyyətinin formalaşmasına səbəb olub - bütünlükdə uzun iş gününə kifayət edəcək ət və yağlı yeməklər. Əsrlər keçdikcə həyat dəyişsə də, qidalanma ənənələrində dəyişiklik olmayıb və qüvvətli, əzələli insanlar şişman ofis işçilərinə çevriliblər. Eyni səbəbdən - ənənənin olmaması üzündən - məsələn, Qərb ölkələrinin insanlarından fərqli olaraq, bizdə gözəl bədən quruluşu üçün yox, sağlamlıq məqsədilə idmanla məşğul olanlar da azdır.

Hələlik Azərbaycanda vaxtında həkim müayinəsindən keçmək ənənəsi də formalaşmayıb - insanlar hər il könüllü şəkildə həkim müayinəsindən keçməyi lazım bilmirlər. Bunun bir neçə səbəbi var və onlardan biri tibb mərkəzlərində analiz və xidmətlərin bahalığıdır.

Müntəzəm şəkildə həkim müayinəsindən keçən insanların sayı azdır. Onlar, əsasən, tibbi müayinənin qayda olduğu dövlət strukturlarında və xarici şirkətlərdə  çalışanlardır. Şirkətlərdə tibbi sığortanın olması da işçilər üçün bonusdur və onlar bundan tez-tez istifadə edirlər. Məsələn, neft şirkətində tərcüməçi işləyən Ellada Kiryakulova deyir: "Mən müntəzəm olaraq həkimə gedir, analizlər verir, müayinədən keçirəm. Əlbəttə ki, bu zaman sığortadan istifadə edirəm. Əks təqdirdə, tam müayinə üçün pulum çatmazdı".

Daha bir önəmli və son dərəcə acınacaqlı amil əhalinin yerli tibbə inanmamasıdır. Məsələn, bankda çalışan 28 yaşlı Amid Rəhimov kimi: "Ürəyimdəki ağrılar məni narahat edirdi və bu üzdən düz 1 il həkimlərin yanına ayaq döydüm. Yoxlayırdılar, ürəyimin sağlam olduğunu deyir və narahatlığın mövsümi dəyişikliklərlə bağlı olduğunu söyləyirdilər. Sonda özüm internetdə tapdım ki, problemim mədə xorasıdır. Onların simptomları çox bənzərdir". Həqiqətən də, tibbi təhsili olmayan insanların müalicəsini internetdə axtardığı bir ölkədə xalqın sağlamlığından danışmaq çətindir.

Psixoloq-konsultant Aliyə Allahyarova deyir: "Əlbəttə ki, həqiqətən də, sağlamlıqlarına diqqət edən, düzgün qidalanan, müntəzəm şəkildə həkimlərə baş çəkən, idmanla məşğul olan insanlar var. Amma təəssüf ki, onların sayı azdır. Başqa qrup insanlar da var: onlar həkimə getməyə, özlərində xəstəlik axtarmağa az qala paranok kimi tələbat hiss edirlər. Bu, fobiyanın bir növü, ölüm qorxusudur. İnsanlarda bu cür halların yaranmasına ailədəki problemlər də yol aça bilər: bəzi insanlar ailələrindən öz xəstəliklərilə, bəzən də uydurma xəstəliklərlə, sanki, gizlənməyə çalışırlar". Bununla yanaşı, sağlamlıqlarına qarşı təəccüblü dərəcədə səhlənkarlıq  nümayiş etdirən, son anadək həkimə müraciət etməyən insanlar da var. "Mən həkimdən nəsə pis bir şey eşidəcəyimdən qorxduğum üçün müayinəyə getmirəm", - deyə 40 yaşlı müəllim Mustafa Rzayev etiraf edir.

Psixoloq deyir ki, sağlamlığına ciddi nəzarət etmək bizim xalq üçün xarakterik hal deyil. Bu, etnik yox, daha çox sosial amildir. Əhalinin əksəriyyəti Qərb ölkələrində təbii sayılan ən elementar vacib normalardan xəbərsizdirlər. Ekspertin fikrincə, sağlam həyat tərzinin təbliği dövlət strategiyasının istiqamətlərindən biri olmalıdır. O, hesab edir ki, insanlarda müntəzəm şəkildə idmanla məşğul olmağa meyilliliyi uşaq yaşlarından yaratmaq lazımdır.

 

Dövlət siyasəti

Azərbaycanda artıq əhalinin sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması, xəstəliklərin vaxtında üzə çıxarılması istiqamətində bir sıra tədbirlər görülüb. Bu məqsədlə səhiyyənin prioritet sahələrilə bağlı 9 dövlət proqramı qəbul olunub.

Əhalinin aztəminatlı hissəsinə aid olan ağır xəstəliklərdən əziyyət çəkən insanlara pulsuz dərmanların verilməsi, onların müalicəsinin pulsuz aparılması diqqət mərkəzindədir. Analara və uşaqlara tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Hazırda ölkədə 6 perinatal mərkəz var. Ümumilikdə, son 10 ildə, təxminən, 500 tibb ocağında təmir və tikinti işləri aparılıb. Onların, təxminən, 70%-i regionların payına düşür. Bununla yanaşı, regionlarda nəhəng diaqnostika mərkəzləri tikilib və ən müasir avadanlıqlarla təchiz olunub. Belə mərkəzlərdə, demək olar ki, bütün növ xəstəliklərin müalicəsi mümkündür. Artıq həmin bölgənin insanları müalicə üçün paytaxta üz tutmaq məcburiyyətində deyillər. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sisteminə ayrılan vəsaitin getdikcə artırılmasını, bu vəsaitlərdən rasional istifadəni təmin edəcək mexanizmlərin yaradılması da nəzərdə tutulur və bu, təsadüf deyil.

Bundan başqa, Bakının iri tibb mərkəzlərinin həkimləri tez-tez bölgələrə gedərək, orada müayinələr təşkil edirlər.

Ölkədə onkologiya sahəsi üzrə proqram var. Bu proqram çərçivəsində  lazımi avadanlıqlarla və onkoloq mütəxəssislərlə təmin edilmiş xüsusi mobillər var; onların əsas fəaliyyəti klinikaların və lazımi tibbi inventarın olmadığı bölgələrə yönəlib. Bu işlər döş vəzində getdikcə artan xərçənglə mübarizə çərçivəsində  aparılır.

2014-cü ilin martında Bakı poliklinikalarında "Sağlamlıq ayı" proqramına uyğun olaraq, məcburi tibbi müayinələr həyata keçirilib. Proqram çərçivəsində insanlar pulsuz olaraq analizlər vermək, həkimlərin qəbulunda olmaq imkanı qazanıblar. Bu yaxınlarda isə uşaqların məcburi dispanserləşdirilməsi haqqında qanun qəbul olunub. Proses dövlət tibb ocaqlarında həyata keçiriləcək. Hazırda düzgün qidalanma və sağlam həyat tərzini təbliğ edən ümumi strategiya ilə lazımi normativlərin, idman proqramlarının  işlənib hazırlanması  millətin sağlamlığının təmininə əsaslı şərait yarada bilər.


MƏSLƏHƏT GÖR:

552