21 May 2024

Çərşənbə axşamı, 21:50

YENİ BAŞ NAZİR ÜÇÜN KÖHNƏ PROBLEMLƏR

Abramyanın Ermənistan hökumətinin başçısı təyin olunması ekspertlərdə ölkə iqtisadiyyatının dirçələcəyinə ümid yaratmayıb

Müəllif:

22.04.2014

Ermənistanın yeni baş nazirinin adı yerli qanunvericilikdə nəzərdə tutulduğundan daha gec bəlli oldu.  Beləliklə, İrəvanda və ondan kənarda çoxlarının proqnozlaşdırdığı kimi, Ermənistan prezidenti Serj Sarqsyan bu posta ölkə parlamentinin artıq sabiq spikeri Ovik Abramyanı namizəd göstərdi.

Onun hökumət başçısı təyin olunmasından dərhal sonra aydın oldu ki, müdafiə və xarici işlər nazirləri Seyran Ohanyanla Edvard Nalbandyan vəzifələrini qoruyub saxlayacaqlar. "İqtisadi blok"la bağlı isə vəziyyət, hələ ki, aydın deyil. İrəvan ekspertləri yeni hökumətdə ciddi kadr dəyişikliklərinin olacağını proqnozlaşdırırdılar. Məsələn, News.am saytının məlumatına görə, maliyyə naziri səlahiyyətlərini icra edən David Sarqsyan, hökumət aparatının rəhbəri səlahiyyətlərinin icraçısı Vaçe Qabrielyan, iqtisadiyyat naziri səlahiyyətlərini həyata keçirən Vaqram Avanesyan, əmək və sosial məsələlər naziri səlahiyyətlərini icra edən Artyom Asatryan vəzifələrini itirməlidirlər. Deyilənə görə, vəzifədən kənarlaşdırılacaq şəxslər arasında ekologiya naziri səlahiyyətlərini həyata keçirən Aram Arutyunyan, energetika və təbii sərvətlər naziri səlahiyyətlərinin icraçısı Armen Movsisyan, mədəniyyət naziri səlahiyyətlərini icra edən Asmik Poqosyan da var. Yəni yeni baş nazir sabiq hökumət başçısının komandası hesab olunan bütün nazirləri vəzifədən kənarlaşdırmaq niyyətindədir.  Amma onların yerini kimlərin tutacağı aydın  deyil. Hökumət koalisiyasının tərkibində dəyişikliyin olub-olmayacağı da bilinmir. Xatırladaq ki, Serj Sarqsyanın lideri olduğu Respublika Partiyası parlamentdə hökuməti təkbaşına formalaşdırmağa imkan verəcək sayda mandata sahib deyil.

Ovik Abramyanın baş nazir təyin olunması haqda xəbər yayıldıqdan sonra erməni ekspertlər mümkün daxili siyasi dəyişikliklər haqda danışmağa başlayıblar. Məsələn, siyasi texnoloq Karen Koçaryan deyir: "Baş nazir postunu Ovik Abramyan tutarsa, demək, "Çiçəklənən Ermənistan"la Respublika Partiyası arasında konsensus əldə edilib. Onun namizədliyinin paket  halında olduğu aydındır". Onun fikrincə, "Daşnaksütyun"la da zaman keçdikcə üzə çıxa biləcək ümumi mövzu var".

Ekspertlər "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın qızının Ovik Abramyanın oğlunda ərdə olduğunu xatırladırlar.

Ermənistanın Strateji və Milli Araşdırmalar Mərkəzinin eksperti Edqar Vardanyan isə Ovik Abramyanın siyasi elitanın müxtəlif seqmentlərilə, müxtəlif klanlarla ümumi dil tapa biləcəyini düşünür: "Düşünürəm ki, bu gün üçün bu, vacib məqamdır. Üstəlik, Rusiyaya Ermənistanın Gömrük İttifaqına üzv olacağı zaman problemlər yaşamamaq üçün yekcins, münaqişədən uzaq siyasi elita lazımdır".

Çoxlarının düşündüyü kimi, Ovik Abramyan xüsusilə Ermənistanda hazırkı qüvvələr nisbəti fonunda, həqiqətən də, kompromis fiqur roluna iddia edə bilər. Onun Qaqik Sarukyanla qohumluğu burada yeganə və ola bilsin ki, əsas amil deyil. O. Abramyan Tiqran Sarqsyan qədər Qərbpərəst deyil. Amma onu "Armrosqazprom"un sabiq rəhbəri, "Qazprombank"ın vitse-prezidenti, baş nazir postunu tutmağa daha bir namizəd sayılan Karen Karapetyan kimi qatı Moskvapərəst də saymaq olmaz. Abramyan bu gün İrəvanın, Gümrünün və Vanadzorun əksər əhalisinin sevmədiyi Qarabağ klanına da aid deyil.

Baş nazir vəzifəsinə iddialarını ehtiyatla da olsa, Seyran Ohanyan da ifadə edirdi. Nəhayət, "Qarabağ dairələri" hakimiyyəti və nüfuz dairəsini daha çox "Liska" kriminal təxəllüsü ilə tanınan Suren Xaçatryanın simasında Zəngəzur klanı ilə də bölmək istəmədi. Serj Sarqsyanın atası əslən Zəngəzurdan olub və görünür, "qarabağlılar" bunu unutmayıblar. Bütün bunların fonunda nə "qarabağlılar"a, nə "zəngəzurlular"a aidiyyəti olan Ovik Abramyan ən yaxşı namizəd idi.

Nəhayət, Ovik Abramyanın müəyyən mənada "milli birlik baş naziri" olduğunu heç kim Serj Sarqsyan kimi ifadə etməyib. Yeni hökumət başçısının təqdim olunması zamanı prezident deyib: "Son günlər biz cənab Abramyanla bu gün haqqında, gələcəyə dair proqramlar haqqında çox danışdıq. Mən açıq şəkildə onun nəzərinə çatdırdım ki, hətta bizim komanda üzvlərində də daxili birlik, digər siyasi qüvvələrlə əməkdaşlıq və ya cəmiyyətin müxtəlif təbəqələrindəki əhvali-ruhiyyə ilə bağlı bir inamsızlıq var. Hər şey haqqında açıq və səmimi danışdıq. Mən cənab Abramyandan aydın təminat aldım".

Bununla yanaşı, S.Sarqsyan elə həmin çıxışında Ermənistanın "effektiv baş nazirinin" olacağını bildirib. 

Amma deyəsən, İrəvanda onun bu vədinə inananların sayı o qədər də çox deyil. Bu yaxınlaradək Ermənistanda iqtisadi vəziyyətlə bağlı səslənən istənilən neqativ qiymət, az qala, "düşmən təbliğatı" kimi dəyərləndirilirdi. Amma indi İrəvanda bir şeyi etiraf edirlər: sabiq baş nazirdən Ovik Abramyana heç də yaxşı miras qalmayıb. İrəvanın özündəki qiymətləndirməyə görə, hazırda Ermənistan iqtisadiyyatının, təxminən, 40%-i kölgə iqtisadiyyatıdır. Ölkənin xarici borcu 4,5 milyard dollardır və bu, ÜDM-in 51%-i deməkdir. İxracın şaxələndiriləcəyinə dair səs-küylü vədlər elə vəd olaraq qalır: bu sahədə üstünlük filizdə, miss konsentratında, ferroərintidə və... konyakdadır.

Bu yerdə müəyyən dəqiqləşdirməyə ehtiyac var. Konyak Ermənistan üçün ənənəvi ixrac məhsuludur. Amma ixrac olunan məhsullar arasında konyakın adı miss konsentratı və ferroərinti ilə yanaşı çəkilirsə, bu, erməni şərabçılarının uğuru yox, sovet illərində Ermənistan sənayesinin əsasını təşkil etmiş filiz-mədən sahəsindəki ciddi tənəzzülü göstərir. Bundan başqa, Ermənistanın kimya sənayesinin məhsulları ixrac potensialına görə, hətta konyakla rəqabət aparmaq iqtidarında deyilsə, bu, iqtisadiyyat üçün daha təhlükəli simptomdur. Üstəlik, Ermənistan iqtisadiyyatının daha təsirli statistikası yoxsulluq və işsizlik göstəricilərilə bağlıdır.

Ermənistan parlamentinin müxalifətçi Erməni Milli Konqresindən olan deputatı Aram Manukyan müxalif "dördlü"ünün iqtisadi forumunda bəzi məlumatlar açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin Gürcüstana yatırdıqları investisiyanın həcmi bütünlükdə Ermənistana yatırılan investisiyaların həcmindən dəfələrlə çoxdur. O, bildirib ki, regional miqyasda Ermənistan, bir iqtisadi faktor kimi, sadəcə, mövcud deyil. "Azərbaycanla Gürcüstanın qaz və neft nəqlilə bağlı investisiya proqramları 35-40 milyard dollara çatır", - deyə Manukyan qeyd edib. O, eyni vəziyyətin digər sahələrdə də müşahidə olunduğunu söyləyib. Deputat Ermənistanın heç bir inkişaf perspektivinin olmadığını bildirib.

Bu gün Ermənistanda heç kim yeni baş nazirin gəlişi ilə iqtisadi vəziyyətin düzələcəyinə ümid etmir. Üstəlik, Tiqran Sarqsyandan fərqli olaraq, Ovik Abramyan parlaq maliyyəçi və iqtisadçıların sırasına daxil deyil.

Demək, Ermənistanın sürünməkdə olan iqtisadiyyatının yaxşılaşmasına ümid yoxdur.



MƏSLƏHƏT GÖR:

462