21 May 2024

Çərşənbə axşamı, 14:58

TƏKQAPIYA OYUN

NATO ilə münasibətlərdə Azərbaycanın verdiyi töhfə qazandıqlarından çoxdur

Müəllif:

22.04.2014

Bu il Azərbaycanla NATO arasında «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində  tərəfdaş münasibətlərinin qurulmasının 20-ci ili tamam olur. Brüssel tərəfindən strateji tərəfdaşlıq kimi qiymətləndirilən  möhkəm münasibətlərin qurulması üçün 2 onillik kifayət qədər ciddi müddətdir. Xüsusilə təhlükəsizlik sahəsində münasibətlərin bu cür xarakteri tərəflər üçün ən ciddi əhəmiyyət daşıyan məsələlərdə yüksək səviyyəli qarşılıqlı dəstəklə  müəyyənləşir. Amma təəssüflə qeyd etməliyik ki, bu münasibətlərdə Azərbaycanın qarşı tərəfə verdikləri qazandıqlarından xeyli çoxdur.

Ümumilikdə ən önəmlisi NATO olan Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Ölkə rəhbərliyi də bunu dəfələrlə bəyan edib. Bu günlərdə hökumətin Prezident İlham Əliyevin sədrliyilə keçirilən geniş iclasında da dövlət başçısı ilin əvvəlində NATO-nun mənzil-qərargahına etdiyi səfəri son 3 ayın ən vacib xarici səfərlərindən biri adlandırıb. “Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır”, - deyə İ.Əliyev qeyd edib. Bir müddət əvvəl eyni fikirləri NATO baş katibinin müavini Sorin Dukaru da səsləndirmişdi. “Azərbaycan NATO-nun ən etibarlı və fəal tərəfdaşlarından biridir. Bu gün Bakı ilə Brüssel arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsindədir”, - deyə o, Bakıda Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakının 20 illiyinə həsr olunmuş konfransda bildirib.

Alyans nümayəndəsinin sözlərinə görə, Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təminində istər sülhməramlı fəaliyyəti, istərsə də tranzit imkanlarından alyans qüvvələrinin istifadəsinə imkan yaratmaqla, vacib rol oynayır. S.Dukaru bildirib ki, tərəflər arasında ikitərəfli münasibətlər enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, “Sülh və təhlükəsizlik naminə elm” proqramının da əhəmiyyətini qeyd edib, Azərbaycanla NATO-nun bu proqram çərçivəsində onlarla layihə həyata keçirdiklərini xatırladıb. Dukaru ölkələr arasında münasibətlərin dinamik inkişafı və perspektivli gələcəyi üçün bu proqramın yaxşı əsas olduğunu söyləyib.

S.Dukaru eyni fikirləri Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlərində də dilə gətirib.

Amma Azərbaycan Avro-Atlantik məkanda təhlükəsizliyə verdiyi dəstəyi azaltmadan, NATO-nun yalnız regional deyil, həm də beynəlxalq miqyaslı təhlükələrin mövcud olduğu Cənubi Qafqaz regionuna daha fəal cəlb edilməsinə nail olmalıdır. Söhbət, əlbəttə ki, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzündən və onun nəticələrindən gedir.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov S.Dukaru ilə birlikdə Bakı-Brüssel münasibətlərinin 2-ci yubileyi münasibətilə təşkil olunmuş konfransda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında Avro-Atlantik məkanın təhlükəsizliyinə təsir göstərən məsələlər kontekstində müzakirə olunduğunu söyləyib. A. Əzimov bildirib ki, NATO Qarabağ münaqişəsi haqqında məlumatlandırılıb, “lakin bir sıra səbəblərdən bu strukturun müəyyən proseslərdə iştirakı və ona töhfə vermək imkanları məhduddur”.

Nazir müavininin sözlərinə görə, Şimali Atlantika Alyansı siyasi səviyyədə, o cümlədən sammitlər çərçivəsində müxtəlif ölkələrin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib və bu, öz-özlüyündə “kifayət qədər vacib məqamdır”.

Amma Azərbaycanın ərazi bütövlüyünün sadəcə olaraq deklarativ təsdiqi, üstəlik, onun ümumilikdə postsovet məkanındakı vəziyyət kontekstində edilməsi, çətin ki, Bakını razı salsın. Azərbaycan alyansın missiyalarına sözdə deyil, əməldə verdiyi töhfələrin qarşılığında strateji tərəfdaşından da də eyni səviyyəli praktiki yardım gözləyir. Üstəlik, NATO onun missiyalarında o qədər də fəallıq göstərməyən bir sıra digər ölkələrə münasibətdə daha prinsipial mövqe nümayiş etdirir. Məsələn, alyansın rəsmi saytında Moskvanın Rusiya ilə münasibətlərə dair tezislərinə cavablar yerləşdirilib.  NATO bu cavabları ilə bu ilin martında Ukraynanın Krım Muxtariyyətində keçirilmiş referendumun qeyri-legitim olduğunu birmənalı şəkildə bəyan edir. Bu gün bəzi azərbaycanlı analitiklər düşünürlər ki, “Krım və Qaradağdakı durum oxşardır və demək, NATO Qarabağ separatçılarının keçirdikləri referendumu da tanımır”. Amma razılaşın ki, bu, sadəcə, ehtimaldır. Acı həqiqət ondan ibarətdir ki, tərəflər arasında 20 illik tərəfdaşlıq dövründə Azərbaycan vətəndaşlarının, hərbçilərinin, NATO ilə əməkdaşlığa sadiqlik nümayiş etdirərək həyatlarını Azərbaycandan uzaq regionlarda təhlükəyə atmalarının, bəzən isə hətta həyatlarını itirmələrinin (3 il əvvəl “Silk Way” şirkətinə məxsus nəqliyyat təyyarəsinin Əfqanıstanda qəzaya uğramasını yada salın) qarşılığında alyans ölkələri Qarabağ separatçılarının keçirdikləri “referendum”la bağlı bir dəfə də analoji həmrəyliyi nümayiş etdirməyiblər.

Ukraynada yaşananlar NATO-nun bu məsələdəki rolunu yenidən qiymətləndirməsinə yol açmalıdır. Bundan başqa, bu hadisələr fonunda NATO-nun qüvvələrini Əfqanıstandan çıxaracağı marşrutla bağlı məsələ daha kəskin xarakter alıb. Alyans hərbçilərini yaxın zamanlarda Əfqanıstandan  çıxarmağa başlamalıdır. Bu kontekstdə müzakirə olunan marşrutlardan biri Rusiya ərazisindən keçirdi. Lakin Moskva ilə Qərbin münasibətlərində gərginliyin yaranması bu variantı istisna edir. Bununla da, Azərbaycan ərazisindən keçən marşrut daha böyük aktuallıq qazanır.

Bu mənada diplomatik protokol çərçivəsindən çıxan və açıq danışan ekspertlərin fikirləri maraqlıdır. “Mən NATO-nun müxtəlif regionlarda, o cümlədən Azərbaycanın yerləşdiyi regionda daha fəal olmasını, təcavüzə qarşı daha sərt mövqe ortaya qoymasını gözləyirəm”, - deyə Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Zahid Oruc “R+”a açıqlamasında bildirib. Parlamentarinin sözlərinə görə, bu gün NATO, nəinki Azərbaycanın Dağlıq Qarabağ regionunda mümkün antiterror əməliyyatlarından kənarda durmağa çalışır,  hətta açıq şəkildə bu münaqişədə kimin kim olduğunu bəyan etməkdən də ehtiyatlanır. Halbuki Azərbaycan “Taliban”, “Əl-Qaidə” və digər radikal qrupların hədələrinə rəğmən, qorxmadan NATO missiyasına dəstək vermək riskinə gedib. “Amma bunun əvəzini görmürük. Çox istərdim ki, NATO-nun beyin mərkəzlərindəki insanlar, həmçinin alyansın mənzil-qərargahında əyləşən, qərarların qəbuluna məsul olan şəxslər vəziyyəti daha düzgün qiymətlərdirməyi  bacarsınlar”, - deyə Z.Oruc qeyd edib.

Beləliklə, artıq Qərb üçün ikimənalılıq və üstüörtülüyə yer yoxdur. Əlbəttə ki, Şimali Atlantika Alyansının Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasında, orduda NATO standartlarına uyğun islahatların aparılmasındakı vacib rolunu da inkar etmək olmaz. Bununla yanaşı, alyans özünü yalnız hərbi deyil, hərbi-siyasi qurum kimi göstərir. NATO sübut edib ki, ona üzv dövlətlərin xeyrinə olan məsələlərdə blok siyasi problemlərə tam həmrəy münasibət  bildirir. Odur ki, alyans postsovet məkanını, həqiqətən, özünün strateji maraqlarının olduğu zona sayırsa, yaxın tərəfdaşlarının arzularını dinləməli, onların, demək, həm də ümumi maraqlarını müdafiə etməlidir. Qərbdə bunu, nəhayət, anlamağa başlayıblarsa, onda konkret addımlar atılmalıdır. Bu mənada İlham Əliyevin hökumətin iclasında səsləndirdiyi mesajlara diqqətlə qulaq asmaq məsləhətdir: “Nə üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin”.

Dağlıq Qarabağ separatçılarının Ukraynadan müstəqilliyini elan etmiş Krımın  nümayəndələrilə birlikdə “qara siyahı”ya salınması Qərb tərəfindən atılmış əhəmiyyətli addım olardı. Bununla da, Qərb Azərbaycanla NATO arasında təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın təkqapıya oyun deyil, hər iki tərəfin maraqlarına uyğun olduğunu  sübut edərdi.



MƏSLƏHƏT GÖR:

657