26 Aprel 2024

Cümə, 10:43

DRAMATURQUN HƏYAT PYESİ

Azərbaycan ədəbiyyatının klassiki Əbdürrəhim bəy Haqverdiyevin tale hekayəsi haqqında

Müəllif:

27.05.2014

Həyatı ayrılıqlarla başladı. Atası Əsəd bəyi itirəndə üç yaşındaydı. Qəza idarəsində mütərcimlik edən Əsəd bəyin vaxtsız gedişi ilə Şuşa şəhəri yaxınlığında, Ağbulaq kəndindəki mülkləri matəmə büründü. Anası Hüsnücahan xanım qəfil qopan qasırğa kimi gəlib həyatlarını alt-üst eləyən dərddən çaşıb-qalan, nə olduğunu anlamayan iki kiçik övladını bağrına basaraq göz yaşı tökdü.

Əsəd bəyin böyük qardaşı Əbdülkərim bəyin də sanki beli bükülmüşdü. Yalnız qardaşının ciyərparasına baxanda ovunurdu. 1870-ci ilin 17 mayında dünyaya gələn bu uşağa atalarının - Əbdürrəhim bəyin adını vermişdilər. Elə qardaşının sağlığında da Əbdülkərim bəy onu çox istəyirdi. Öz övladı yox idi. Əbdülkərim bəy qardaşı oğluna doğma balası, ümidi, təsəllisi baxırdı. Çünki Qarabağda tanınan soyadlarını - Haqverdiyev soyadını onlardan sonra Əbdürrəhim bəy davam etdirəcəkdi.

/...Əsəd bəyin ilini verəndən sonra, Hüsnücahan xanım xoşbəxt olmaq arzusu ilə gəlin gəldiyi evi tərk etdi. Körpə qızı Nabat qucağındaydı. Ağlaya-ağlaya gedir, tez-tez ayaq saxlayıb geri boylanırdı. Oğlu Əbdürrəhim bəyi ona verməmişdilər. Əbdülkərim bəy qardaşı oğlu ilə nəfəs alırdı. Onu kimsəyə qıymazdı. Hüsnücahan xanım çox naharat görünürdü. Qaynı arvadının əzazilliyinə bələdiydi. Bilirdi o, Əbdülkərim bəy evdə olmayanda Əbdürrəhim bəyi incidəcək. Ona görə də oğlunu bu evdə qoyub-getmək istəmirdi. Amma qaynına söz keçirə bilmədi.

Anasının gedişindən sonra Əbdürrəhim bəy yetimliyin əsl üzünü gördü. Əmisinin yanında heç kimin ixtiyarı yox idi ona güldən ağır söz desin. Amma Əbdülkərim bəy evdə olmayanda əmisinin arvadı və onun gətirib evində övladı kimi saxladığı qardaşı oğlu uşağı döyür, işgəncə verirdilər. Əmisi evdən çıxanda Əbdürrəhim bəy gözdən yayınır, xəlvət bir guşəyə çəkilirdi ki, onu görməsinlər. Xəyalında bir dünya qururdu Əbdürrəhim bəy. Atasının, anasının surətlərini özündən uydurub xoşbəxt olurdu.

Əmisi evə gələndə hiss edirdi ki, bu dünyada onu da sevən, qoruyan doğması var. Əbdülkərim bəy qardaşı oğlunu əzizləyər, o evdə olmayanda incidilib-incidilmədiyini xəbər alardı. Əbdürrəhim bəy susardı. Çünki bilirdi, həqiqəti söyləsə, əmisi evdən gedən kimi ona daha çox zülm eləyəcəklər.

Elə o zaman anladı, həyat nə qədər əzablı olursa-olsun ümid varsa dözmək, tab gətirmək daha asandır. Bütün günü gözlərini qorxa-qorxa qapıya dikib, dəqiqələri sayar, əmisinin - ən böyük havadarının gəlişini gözləyərdi. Bir gün ondan da məhrum oldu. Əmisinin əvəzinə, onun qara xəbəri gəldi. Əbdülkərim bəyi qonşu bəylər qətlə yetirmişdilər.

Gözlərinə qaranlıq çökmüşdü elə bil. Bundan sonra əmisinin evi onun üçün cəhənnəmə çevrildi. Əmisi arvadı ilə onun qardaşı oğlunun artıq qorxub-çəkinəcəkləri kimsə yox idi. Uşağı hər gün döyürdülər. Bir gün onların əllərindən qurtulub ayaqyalın evdən qaçdı. Özünü yetirdiyi evin qarşısında ayaq saxladı. Əbdürrəhim bəy ilk dəfə idi bura gəlirdi. Bu evdə anası Hüsnücahan xanım yaşayırdı. O, Əsəd bəyin vəfatından bir neçə il sonra Həsənəli bəy Sadıqbəyovla ailə qurmuşdu.

Hüsnücahan xanım neçə il həsrətini çəkdiyi balasını görəndə ona sarı yüyürdü. Ana-bala bir-birlərinə sarılıb ağladılar. Hüsnücahan xanım onlara baxa-baxa ağlayan qızını yanına çağırdı: "Nabat, qızım, gəl, qardaşındır, üzündən öp". Nabat qardaşını qucaqladı.

Atalığı da Əbdürrəhim bəyi yaxşı qarşıladı. O, savadlı adam idi. Yeddiyaşlı Əbdürrəhim bəyin tərbiyəsi və təhsili ilə özü məşğul olmağa başladı. Ona rus dilində yazıb-oxumağı, danışmağı öyrədirdi.

Əbdürrəhim bəyin gəlişi ilə Hüsnücahan xanımın ürəyi rahatlıq tapdı. Özündən iki yaş böyük qardaşının onlarla birlikdə yaşaması Nabatı çox sevndirirdi. Bacı-qardaş ilk gündən dostlaşmışdılar.

Hər il yay aylarında Həsənəli bəy ailəsi ilə birlikdə Şuşa yaxınlığındakı yaylağa köçərdi. 1878-ci ilin yayında yenə yaylağa qalxdılar. Nabat hamıdan şən görünürdü. Qardaşı ilə birlikdə səhərdən-axşamadək qonşu uşaqlarla oynayır, çayda çimirdi.

...O gün yenə xeyli qaçdı-tutdu oynadıqdan sonra, özlərini çayın sularına vurdular. Oynayır, gülür, əylənirdilər. Qəflətən çayın suları bulanmağa, iti axmağa başladı. Uşaqlar hələ də qorxu hiss eləmir, şənlənirdilər. Amma vəziyyətin çox ciddi olduğunu getdikcə anlamağa başladılar. Çay amansız burulğana dönür, uşaqları oyuncaq kimi atıb-tuturdu. İndicə sevinc içərisində oynadıqları yoldaşları gözlərinin önündə sel-suları ilə çarpışa-çarpışa axıb-gedirdilər.

Sahilə haray düşdü: "Uşaqları sel aparır". Üzməyi bacaran da, bacarmayan da sahilə doğru qaçır, suları qırmızıya boyanmış çaya çatanda ayaq saxlayırdılar. Onunla əlbəyaxa olmaq ölümü gözə almaq idi. Həyat şirindir. Ancaq uşaqların ürək yandıran nalələrinə davam gətirmək çətiniydi. Üzməyi bacaranların bir neçəsi uşaqları ölümün pəncəsindən almaq üçün çaya atıldı. Amma onların hamısını xilas eləyə bilmədilər. Altıyaşlı Nabatı  tapıb sahilə çıxaranda artıq gec idi...

Nabatın ölümü ailəni sarsıtdı. Sevinclə başladıqları yay faciəyə döndü. Nabatın yoxluğunda anladılar ki, dünyalarını şənliyə çevirən o balaca qızın varlığıymış. Hüsnücahan xanım Əsəd bəyin yadigarını qoruya bilmədiyini düşündükcə daha çox əzab çəkirdi. Əbdürrəhim bəyin acınacaqlı, pərişan halı da bir tərəfdən ananın ürəyini göynədirdi. O, yalnız bacısını deyil, qısa müddətdə isinişdiyi yoldaşını, dostunu itirmişdi.

Yaylaqdan döndükdən sonra nə əvvəlki kimi üzü güldü, nə də uşaqlara qoşulub oynadı. Hara baxırdısa, Nabatı görürdü. Yalnız Həsənəli bəy ona yazıb-oxumağı öyrədəndə dərdini müvəqqəti də olsa unudurdu.

İki il sonra, 1980-ci ilin yayında Həsənəli bəy onu Şuşaya aparıb oradakı müvəqqəi yay məktəbinə qoydu. Sonralar böyük minnətdarlıqla xatırladığı Yusif bəy Məlik-Haqnəzərovu da həmin məktəbdə tanıdı. Sentyabrda imtahan verib yenicə açılmış Realnı Məktəbə daxil oldu. İlk müəllimini unutmur, tez-tez onun görüşünə gedirdi. Yusif bəy teatr həvəskarı idi. Yay aylarında Şuşaya toplaşan kənd müəllimlərinin iştirakı ilə hazırlanan tamaşalar əvvəlcə onun evində, sonra şəhər klubunda göstərilirdi. Başqa səhnə əsərləri olmadığından, yalnız Mirzə Fətəli Axundovun pyesləri oyanılırdı.

Əbdürrəhim bəyin teatr sevgisi müəllimi Yusif bəyin sayəsində yarandı. Xəyallarında yeni bir aləm qurdu. Amma hələ ki, duyğularını ifadə etməyin yolunu bilmirdi. 1884-cü ildə səhnələşdirilən Mirzə Fətəli Axundovun "Hekayəti xırs-quldurbasan"a baxdı. Tamaşa çox xoşuna gəldi. Mirzə Fətəli Axundovun əsərlərini tapıb oxudu. Yazıçının "Hekayəti-mərdi-xəsis, yaxud Hacı Qara" adlı pyesinin təsiri ilə həmin məzmunda "Hacı Daşdəmir" adlı komediya yazdı. Onu müəlliminə verib, oxumasını xahiş etdi. Bu, ədiblik eşqinə düşən gəncin ilk qələm təcrübəsi idi. Yusif bəy Əbdürrəhim bəyin yazdıqlarını oxuyub özünə qaytaranda zəif cəhətlərini elə dedi ki, onun yazmaq həvəsi bir az da gücləndi. Ancaq hələ axtarışdaydı. 

Mirzə Fətəli Axundovun komediyalarının təsiri ilə bədii cəhətdən "Hacı Daşdəmir"dən fərqlənməyən bir neçə "əsər" də yazdı.

1890-cı ildə Şuşa Realnı Məktəbini bitirdi, təhsilini davam etdirmək üçün Tiflis şəhərinə yollandı. Tiflis Realnı Məktəbinin yeddinci sinfinə daxil oldu. Bu şəhər Əbdürrəhim bəyin gözlərinin qarşısında bambaşqa bir dünya kimi açıldı. Tiflisin teatr həyatına heyran oldu. Ədəbiyyatla ciddi məşğul olmağa başladı. İllər sonra o günləri belə xatırlayırdı: "Mənim ədəbiyyata ciddi surətdə girişməm 1890-cı illərdəndir ki, Tiflis Realnı Məktəbində olan vaxt rus ədiblərindən Qoqolu, Ostrovskini, Avropa ədiblərindən Şekspir, Molyer, Şiller və başqalarını tanımağa başladım və müntəzəm olaraq, Tiflisin teatrlarına gedib, həqiqi səhnənin nə olduğunu anladım".

1891-ci ildə Tiflis Realnı Məktəbinin dilplomunu aldı. Elə həmin il ali təhsil almaq üçün Peterburq şəhərinə getdi. Yol Nəqliyyat Mühəndisləri İnstitutuna daxil oldu. Təqaüdə çıxmış generalın evində yaşayırdı. Generalın həyat yoldaşı Əbdürrəhim bəyə fransız dilini və musiqi alətlərində çalmağı öyrədirdi.

  ...Peterburqda səkkiz il yaşadı. Həmin illərdə həm də azad müdavim kimi universitetin şərq fakültəsində tanınmış müəllimlərin məruzələrini dinlədi, şəhərin ədəbi-mədəni, teatr mühiti ilə maraqlandı. Peterburqun Marınski və Mixaylovski kimi teatrlarının zəngin repertuarları, peşəkar aktyor heyətləri var idi. Amma Əbdürrəhim bəyin fikrincə, onların heç biri Aleksandrisk Teatrı ilə müqayisə oluna bilməzdi. O, Yusif bəydən sonra bu teatrı özünün ikinci müəllimi hesab edirdi.

Böyük həvəslə dünya klassiklərinin əsərlərini oxuyurdu. Düşündüklərini qələmlə anlatmaq arzusu getdikcə güclənirdi. 1892-ci ildə "Yeyərsən qaz ətini, görərsən ləzzətini", 26 yaşında - 1896-cı ildə "Dağılan tifaq" faciəsini yazdı. Hər iki əsər Peterburqda yaşadığı illərdə nəşr edildi.

"Dağılan tifaq" əsəri 1896-cı ildə müəllifinin rejissorluğu ilə Şuşa şəhərində səhnələşdirildi. Şuşa teatr həvəskarlarının iştirakı ilə keçirilən tamaşada Nəcəf bəy rolunu Əbdürrəhim bəyin sevimli müəllimi Yusif bəy Məlik-Haqnəzərov oynayırdı.

Şuşa teatr həvəskarları 1897-ci ilin avqustunda Əbdürrəhim bəyin rejissorluğu ilə "Məcnun Leylinin qəbri üstündə" adlı səhnəcik hazırladılar. Bu səhnəcik uzun illər Şuşa teatrsevərlərinin yaddaşından silinmədi. O tamaşanın şahidlərindən biri - bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə "Leyli və Məcnun" operasını yazdı.

Əbdürrəhim bəy 1899-cu ildə Şuşaya qayıdıb iki il orada yaşadı. 1900-cü ildə yaradıcılığının şah əsəri sayılan "Bəxtsiz cavan" pyesini qələmə aldı. Əsərin qəhrəmanının - Fərhadın çəkdiyi əzablar ona tanış idi. Bu gənc Əbdürrəhim bəyə elə bənzəyirdi ki...

Şuşaya gəldiyi gündən qohumları təkidlə "Daha bəsdir, ailə qur" deyir və ona Mamo bəyin qızı Tükəzban xanımla evlənməyi məsləhət görürdülər.

Mamo bəy Mamayi ilə qohumluqları var idi. O, Əbdürrəhim bəyin bacısının həyat yoldaşı idi. Bu onların hər ikisinn ikinci evlilikləriydi. Əbdürrəhim bəyin bacısının birinci evliliyindən iki övladı, Mamo bəyin isə Tükəzban adlı yetkin bir qızı var idi.

Əbdürrəhim bəy Tükəzban xanımla məsləhətlə evlənmədi. Qızı gördü, sevdi. Aralarında xeyli yaş fərqi var idi. Amma Mamo bəy çoxdan tanıdığı, böyük hörmət bəslədiyi Əbdürrəhim bəylə qızının ailə qurmasına etiraz etmədi.

Tükəzban təhsil almasa da, dünyagörüşlü idi. Güclü hafizəsi vardı. Nənəsindən, anasından eşitdiyi xalq nağıllarını, dastanları şirin dillə Əbdürrəhim bəyə danışırdı. Tükəzban xanımın nağıllara yaratdığı həvəs yazıçının yaradıcılığına da təsir göstərdi. Həyat yoldaşından eşitdiyi "Qızıl don" xalq nağılı ona "Pəri cadu" pyesini yazdırdı.

Bakıya köçdü. Bu şəhərin ədəbi mühiti Əbdürrəhim bəyi doğmalıqla qarşıladı. O da fəal işə başladı.

1904-cü il Şuşa Şəhər İdarəsinə üzv seçildiyindən, doğma şəhərinə qayıtdı. 1906-cı ildə Gəncə quberniyasından Dövlət Dumasına nümayəndə göndərildi. Duma dağıldıqdan sonar, dörd ay Peterburqda qaldı. O zaman "Ağa Məhəmməd şah Qacar" pyesini yazırdı.

Peterburqdan Tiflisə yollandı. Orada Cəlil Məmmədquluzadə ilə tanış oldu. Onun təklifi ilə "Molla Nəsrəddin" jurnalına felyetonlar yazmağa başladı. Həmin il səyahətə çıxdı. Müxtəlif ölkələri gəzdi. Bir müddət İranın Mazandaran şəhərində qalıb, "Ağa Məhəmməd Şah Qacar" pyesi üçün topladığı materialları zənginləşdirdi.

1913-cü ildə Ağdama köçüb, üç il orada yaşadı. 1916-cı ildə Tiflisə getdi. Tiflisdə Şəhərlər İttifaqının Qafqaz şöbəsində işə düzəldi. 1918-ci ildə Borçalı qəzasına komissar göndərildi. Üç ay Şülaverdə qaldı. İdarələr milliləşdirildiyindən, Tiflisə qayıdan Əbdürrəhim bəy Gürcüstan türklərinin Milli Şurası tərəfindən Gürcüstan parlamentinə üzv seçildi.

1918-ci ilin fevralında Bakıya göndərildi. Azərbaycan Xalq Cümhuiyyətinin nümayəndəsi sifəti ilə əvvəlcə Dağıstana, bir müddət sonra Ermənistana getdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulanda, 1920-ci ildə onu hökumət teatrosuna komissar, sonra isə sənaye şöbəsinin müdiri təyin etdilər. Əbdürrəhim bəy həm də gözəl pedaqoq idi. Odur ki, Azərbaycan Dövlət Darülfünuna dəvəti məmnuniyyətlə qəbul edib, müəllimliklə məşğul oldu.

...Tükəzban xanımla Əbdürrəhim bəyin övladı olmadı. Əbdürrəhim bəy bacısının beşyaşlı qızı Fatiməni evinə gətirib doğma balası kimi saxlayırdı. Tükəzban xanım xiffət edir, özünü günahkar bilirdi. Bir gün nə qədər ağır olsa da, qərarını verdi. Əbdürrəhim bəydən ayrıldı ki, o, yenidən ailə qurub uşaq sahibi olsun. Tükəzban xanım uzun illər yaşadı, Əbdürrəhim bəydən sonra ailə qurmadı.

Əbdürrəhim bəy isə tatar qızı Yevgeniya Osipovna ilə evləndi. "Ceyran" deyə çağırdığı bu qadın həyatının son anlarınadək onun yanında oldu. Amma ikinci evlilikdən də Əbdürrəhim bəyin övladı olmadı.

...O, əsilzadəydi. Səliqə-sahmanı, yaraşıqlı görkəmi ilə diqqət çəkirdi. Həyat ona çox ayrılıqlar, çox əzablar yaşatdı. Çətinlikləri, acıları çox oldu. Amma Əbdürrəhim bəyi sındıra bilmədi. Altmış üç yaşında stenokardiya xəstəliyinin verdiyi əziyyətlərə də eyni mətanətlə dözdü. 1933-cü ilin 10 dekabrında axşam saat 10-da Əbdürrəhim bəyin ürək ağrıları şiddətləndi. Həkim çağırdılar. Müalicələr təsirini göstərdi. Amma dekabrın 11-də ürək ağrıları yenidən gücləndi. 1933-cü ilin 11 dekabrında Əbdürrəhim bəy dünyasını dəyişdi.



MƏSLƏHƏT GÖR:

858