26 Aprel 2024

Cümə, 21:09

HİV ƏLEYHİNƏ PEYVƏND?

Rusiyalı alimlər onun yaradılması istiqamətində ilk mərhələni ilin sonunadək başa vuracaqlarını vəd edirlər

Müəllif:

27.05.2014

Moskvada keçirilən Şərqi Avropada və Mərkəzi Asiyada HİV/ QİÇS məsələləri üzrə IV konfransın iştirakçıları QİÇS-lə mübarizə sahəsində regional strategiyanı müzakirə ediblər. Dünyanın Azərbaycan da daxil olmaqla, 44 ölkəsinin təmsilçiləri regionda QİÇS-in qarşısının alınması işində ən aktual məsələlərdən danışıblar. Konfransın gedişində kifayət qədər intriqa yaradan bəyanatlar da səsləndirilib. Mütəxəssislərin nikbin proqnozlarına aydınlıq gəğtirmək üçün QİÇS-lə mübarizə və profilaktika üzrə Rusiya Federal elmi-metodika mərkəzinin rəhbəri, Rusiya Tibb Elmləri Akademiyasının  akademiki, tibb elmləri doktoru, professor Vadim POKROVSKİYƏ müraciət etdik.

- Rusiya baş nazirinin köməkçisi Gennadi Onişşenko rusiyalı alimlərin ilin sonunadək HİV/ QİÇS-ə qarşı peyvəndin hazırlanması prosesində  birinci mərhələni başa vuracaqlarını bildirib. Yəni, artıq peyvənd vasitəsilə QİÇS-in yayılmasının qarşısını  almaq mümkün olacaq. Lap 70-ci illərdə çiçək xəstəliyində olduğu  kimi...

- HİV-ə qarşı peyvənd hələ ki, klinikayaqədərki sınaq səviyyəsindədir. Bu ilin sonuna onun yaradılması istiqamətində ilk mərhələ  başa çatacaq.  Bu preparatın geniş şəkildə istifadəsinə hələ illər var. Onun həssaslığının yoxlanılmasına daha çox vaxt gedəcək.  Adətən, peyvəndlərin sınaq müddəti 10 ilədək çəkir. Onun, hətta geniş istifadəyə verilməsindən sonra belə, sınaqlar davam  etdiriləcək. Bəzən sınaqlar peyvəndin effektiv olmadığını da üzə çıxarır.

- Konfransda HİV-ə qarşı profilaktikanın Rusiyada və digər ölkələrdəki miqrantlara qarşı daha güclü aparılmasının vacibliyi  vurğulandı. Azərbaycana da HİV-in daxil olmasının yollarından biri miqrasiyadır: söhbət Rusiyada və Ukraynada işləyən şəxslərdən gedir. Rusiyada əmək miqrantları arasında HİV-ə qarşı profilaktikanın aparılmasına dair proqram varmı?

- Bəli, buna ehtiyac var. Rusiya dünyada əmək miqrantlarının ən çox üz tutduğu ölkələr sırasında 2-ci yerdədir. Moskvaya gəlib burada infeksiyaya yoluxanlar da var, xəstə gəlib buradakıları yoluxduranlar da. Vaxtilə miqrantlar arasında HİV epidemiyası ilə mübarizəyə görə məsuliyyəti ölkələr bir-birlərinin üzərinə atırdılar. Vətəndaşları Rusiyaya gedən ölkələr bildirirdilər ki, bu işlə Moskva məşğul olmalıdır, çünki oraya hamı gedib-gəlir. Rusiya isə HİV problemi ilə miqrantların vətənlərində məşğul olunmasını təklif  edirdi. Çünki bir sıra hallarda insanlar Rusiyaya vətənlərində bu xəstəliyə tutularaq gəlirlər. İstənilən halda, bu işdə səyləri birləşdirmək lazımdır. Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə miqrantların toplaşdığı yerlər var: aeroportlar, vağzallar, müxtəlif idarələr və s. Həmin yerlərdə HİV-ə qarşı profilaktika, onun yayılması və digər məsələlərlə bağlı söhbətlər aparılmalıdır.  Hələlik belə iş aparılmır. Uzun illərdir bu problemlə məşğulam və düşünürəm ki, miqrantlar arasında HİV-ə qarşı profilaktikanı QİÇS, Malyariya və Vərəmlə  Mübarizə üzrə Qlobal Fondun maliyyəsi  hesabına həyata keçirmək olar. Amma bunun üçün 3-4 ölkənin komitə yaratmasına və Qlobal Fonda müvafiq ərizə ilə müraciət etməsinə ehtiyac var. Bu halda fond maliyyələşməni öz üzərinə götürə bilər, bizim işimiz isə miqrantlar arasında HİV-ə qarşı profilaktikanı həyata keçirəcək komanda yaratmaq olar. Təəssüf ki, qloballaşma şəraitində epidemiya çox sürətlə yayılır və qorxuram ki, biz miqrantlarla iş məsələsində gecikək. Rusiyada Voloqoda kimi şəhərlər var ki, oradan Moskvaya işləmək üçün çoxlu sayda insan üz tutur. Biz daxili miqrantlarla da işləməliyik. Bunun üçün dövlət yanaşması və səylərin birləşdirilməsi lazımdır. MDB çərçivəsində HİV-QİÇS-lə mübarizə üzrə bir neçə komitə var. Onların bir neçə iclasında iştirak etmişəm. Hələlik bu komitələrin işi effektiv deyil. Bu məsələdə ilkin işlərə, informasiya mübadiləsinə ehtiyac var. Üstəlik, həmin komitələrin büdcələri də olmalıdır.

- İnsanın ağız suyundan  HİV-ə qarşı yeni ekspress-testə necə yanaşırsınız? İndiyədək test qanda aparılırdı və bu, tamamilə başadüşülən  idi. Amma artıq testi ağız suyunda aparan ölkələrin də sayı getdikcə artır. Halbuki, ÜST hələ bu testin tüpürcəkdə aparılması ilə bağlı mövqeyini müəyyənləşdirməyib...

- Bu cür testə biz də çox etibar etmirik. Ağız suyunun testi çox asandır, onu istənilən vəziyyətdə əldə etmək olur. Məsələn, hansısa mobil qruplar  narkomanlar, seks biznesində çalışanlar arasında yoxlama aparırsa, yaxud insan sadəcə bir neçə dəqiqəliyə poliklinikaya gəlibsə və s. Bu, analiz üçün qan götürülməsindən asandır. Amma tam diaqnozun qoyulması  üçün tüpürcəkdən analiz qəbuledilməzdir. Hələ bu üsulun effektivliyini  tam sübuta yetirmək lazımdır. 

- UNAIDS kimi beynəlxalq təşkilatlar 2015-ci ilə kimi  QİÇS-dən ölüm hallarının tam aradan qaldırılmasına çağırış edirlər...

- Bu, hədəfdir və ona doğru hərəkət etmək lazımdır. Amma HİV-in müasir müalicəsi, yəni antiretroviruslu terapiya halında belə, ölüm hallarına rast gəlinir. Hələlik insanda orqanizmi müdafiə edən çoxlu sayda hüceyrənin olduğu bir şəraitdə qəflətən opportunist (immunitetin aşağı düşməsi nəticəsində yaranan xəstəlik - red.) infeksiyanın inkişafa başlamasının səbəbi məlum deyil. Hələ ki, belə hallardan sığortalanmamışıq.

- Bəs  başqa bir iddialı  hədəf - 2030-cu ilə dünyada QİÇS epidemiyasına tam qalib gəlinməsi haqqında deyilənlərə  fikriniz necədir?

- Qeyd etmək lazımdır ki, HİV artıq insan üçün öldürücü təhlükə deyil.  Hələlik bu sahədə dönüş anı baş verməyib, amma epidemiya ciddi müqavimətlə qarşı-qarşıyadır. QİÇS-lə mübarizədə müəyyən uğurlar əldə  olunub. 2030-cu ilə HİV-ə qalib gəlinməsi mümkündür və buna çalışmaq lazımdır. 


MƏSLƏHƏT GÖR:

854