10 May 2024

Cümə, 12:46

KÖMƏK LAZIMDIR?

Azərbaycanda insanların təmənnasız yardımı və dəstəyi haqqında

Müəllif:

15.12.2012

Hər bir xalqın daha çox özünə məxsus olan hansısa cəhətləri var. Azərbaycanlıların belə cəhətlərindən biri onları hər cür hörmətə layiq edir - bu, onların köməyə çatmağa, qarşılıqlı dəstəyə, dinc qonşuluğa meyilli olmalarıdır. Əgər siz hansısa çətin vəziyyətə düşmüsünüzsə və yaxud özünüz həll edə bilmədiyiniz problem yaranıbsa, tam əminliklə azərbaycanlı dostlarınıza zəng edə bilərsiniz. Azərbaycanlılar, hətta başqa ölkələrə köçdükdə belə bu cəhətlərini itirmirlər. Sutkanın istənilən vaxtında dostunuz sizin və ya barəsində xahiş etdiyiniz tanışınızın köməyinə gələcək. Dostunuza gecənin ortasında zəng edib deyə bilərsininz: "Bilirsən, mənim filan yerdə problemim var ("filan yer" iki yüz kilometr aralıda da olar bilər!), mənə  sən, yaxud sənin əlaqələrin, ya da maşının lazımdır". Və dostunuz hər şeyini ataraq köməyə gələcək! Moskvada isə mən dəfələrlə tamam başqa bəhanələr eşitmişəm: "Bağışla, işim var!". Ən yaxşı halda benzinin pulunu ödəmək şərtilə kömək etməyə razılaşarlar. 

Lakin əgər siz Bakıda dostunuza benzinpulu ödəməyə çalışarsınızsa, onu bir də özünüzə dost saymaya bilərsiniz. Daha doğrusu, o sizi özünə dost saymayacaq. Axı dost xahişi müqəddəs şeydir. Ümumiyyətlə, azərbaycanlılar yalnız dostlarına deyil, başqalarına da yardım etməyə hazırdırlar. Bir dəfə Moskvadan Bakıya bilet alarkən mən növbədə yanımda dayanmış qadınla söhbət etməyə başladım. Biləndə ki mən moskvalıyam və Bakıya gedirəm, öz vizit kartını uzatdı və dedi: "Mən bakılıyam, bir probleminiz olsa, yardım etməyə hazıram".  Başqa dəfə, kafedə qonşu masada oturmuş bakılı danışığımda "Abşeron", "Bakı", "İçərişəhər" sözlərini eşidərək, nəzakətlə bizim masaya yaxınlaşıb üzr istədi ki, tanış sözlər onu cəlb edib və bir kağız çıxararaq öz telefonunu yazdı. Sən demə, Bakı teatrlarının birinin direktor müavini imiş. Dedi: "Əgər Bakıda teatra getmək istəsəniz - buyurun gəlin, istənilən teatrda istənilən tamaşaya apara bilərəm". Bir də üzr istəyib aralandı. Moskvalı rəfiqələrim məəttəl qalmışdılar, mən isə buna artıq alışmışdım və təbii qarşıladım. 

Azərbaycanlıların qarşılıqlı yardıma meyilli olmasını əks etdirən ən güclü səhnələrdən biri mənim kinoçəkiliş ekspedisiyası ilə Azərbaycana ilk səfərim zamanı baş verdi. Qış vaxtı idi və günün uzunluğu qısa idi. Buna görə də biz qaranlıqda yuxudan durub çəkilişə gedirdik, səhər yeməyini yolüstü müxtəlif  çayxanalarda yeyirdik. Günlərin birində biz səssiz səhər alatoranında sakit dayanmış bir neçə kişiyə rast gəldik. Belə kişiləri biz tez-tez görürdük: onlar qəribə şəkildə yolumuzun üstündə peyda olurdular və hiss etdirmədən itirdilər. Bu dəfə biz maraqlandıq: "Günün bu vaxtında bu insanlar burda nə edir? Niyə sakitcə dururlar və nə istəyirlər?". Bələdçimiz suala təəccübləndi. "Necə yəni nə edirlər? Gözləyirlər. Birdən nəsə kömək lazım olar deyə. Bax, o, qoruğun  direktorudur, o birisi muzeyin direktorudur, üçüncüsü isə rayon icra hakimiyyətinin başçısıdır". "Onları siz çağırmısınız?" - deyə sual verdk. "Əlbəttə yox. Özləri gəliblər. Yerin də qulağı var. Moskvadan çəkiliş qrupu gəldiyini eşidib, özləri gəliblər". 

Bakıda yaşamağa başlayandan sonra, daim bu cür qayğı və yardım etmək istəyi ilə rastlaşırdım. Şəhəri yaxşı tanımırdım və hansısa küçəyə necə getməyi adamlardan soruşurdum. Belə nəticəyə gəldim ki, Bakı çox mehriban şəhərdir. Orada azmaq mümkün deyil. Yoldan keçən istənilən adama yaxınlaşsan, çox həvəslə lazım olan küçəyə necə getməyi izah edəcək, əgər üzündə azacıq anlaşılmazlıq hiss etsə, istədiyin yerə səninlə gedə bilməsə də,  sonuncu düz yola çıxarana qədər səni müşayiət edəcək. Öz maşınları ilə aparanlar da olur - dəfələrlə başıma belə iş gəlib. Əgər rus dilini pis başa düşən adama müraciət edərsənsə, o, mütləq rus dilini yaxşı bilən bir adam tapar, belələri isə Bakıda çoxdur. 

Yardım etmək istəyi ticarətdə də özünü göstərir. Hər yerdə iyirmi dəfə üzünə güləcəklər, hər şeyi özləri torbaya qoyacaqlar, çıxışa qədər aparacaqlar, əgər mağaza zirzəmidədirsə, pilləkənlə küçəyə qədər çıxaracaqlar. Pulun qalığını qaytara bilməyəndə, özləri qonşu mağazaya qaçaraq pulu xırdalayacaqlar. Əgər lazımi  mal olmayanda onlara sadəcə bunu demək lazımdır - ya sabah, ya da elə həmin gün axşam çeşiddə həmin maldan olacaq. Olmayanda isə qonşu mağazaya gedirlər, oradan alırlar və həmin qiymətə sənə satırlar. İlk gün bu təəccübləndirir, heyran edir və ləzzət verir. İkinci gün alışırsan, hər şeyi təbii qarşılayırsan. Başqa cür necə ola bilər ki? Yaxşı şeylər axı təbiidir, məhz qeyri-təbii şeylər pisdir. 

Amma Moskvada isə çətinliklər başlayır. Bakıdan gəlirəm, mağazaya gedirəm, ərzaqları götürürəm, pulunu verirəm və dayanıram.  Gözləyirəm. Piştaxtanın o üzündə dayanan isə sakitcə, təbəssümsüz şəkildə üzümə baxır: yəni ki, nə durmusan?  Mənsə gözləyirəm ki, hər şeyi qablaşdıracaq və mənə vercəçək. Bu, Bakı alışqanlığıdır! Gözləyirəm, bəs necə olmalıdır ki? Sən demə, onun torbası yox imiş və necə aparacağım da onun problemi deyil. Qonşu bölmədən torba almağa və hər şeyi özüm qablaşdırmağa məcbur oldum. Azərbaycanda bu mümkün olan iş deyildi! Yadımdadır, Bakıda bir butılka şərab və bir qutu konfet almaq istəyirdim. Aldım da. Malları xışıldayan vərəq torbaya deyil, rəngli, rəsmləri olan həcmli torbaya qoydular. "Nə qədər verəcəm?" - deyə soruşuram. Cavabda şərab və konfetin qiymətini eşidirəm.  Mən deyirəm: "Siz torbanın pulunu hesablamadınız". Satıcı mənə qeyri-normal adama baxan kimi baxırdı; özümü doğrultmağa çalışıram: "Sadə torbalar, əlbəttə, pulsuzdur. Bəs siz niyə mənə beləsini verdiniz?". O isə deyir: "Siz ki qonaq gedirsiniz?". Həm də sual verirmiş kimi gülümsəyir, yəni  burada qəribə nə var ki? Öz kütlüyümə görə utandım və oranı tez tərk elədim. 

Daha sonra, mənə elə gəlir ki, Azərbaycanın bu gözəl cəhətinin - yardım etmək istəyinin köklərini öyrənə bildim. Mən Bakıda yaşadığımdan bu şəhərin adətlərini daha yaxşı bilirəm. Köhnə Bakı həyət sistemi ilə qurulub - bir-iki mərtəbəli kiçik evlər qaranquş yuvası kimi bir-birinə bitişik tikilib. Mənim yaxın dostum, tanınmış Moskva jurnalisti, kinossenarist və yazıçı, çox təəssüf ki, bu yaxınlarda dünyasını dəyişmiş Fərhad Ağamalıyev öz kitablarının birində Bakı həyətlərini "italyan neorealizmi" adlandırıb. Bəli, bu evlərin çoxunda adi elementar məişət rahatlığı yoxdur, amma "yaxın qonşu, uzaq qohumdan yaxşıdır" ruhunu daşıyan həyat tərzi var. 

Mən özüm də indi belə bir "italyan"  həyətində yaşayıram və beş ailə ilə qonşuyam. Amma mənə elə gəlir ki, bunlar beş deyil, bir ailədirlər. Bilirlər ki, mən evi kirələmişəm və nəyəsə ehtiyacım olar bilər, məni tez-tez qonaq edirlər, evlərinə qonaq çağırırlar, bəzən zibilimi də atırlar. Kimlərsə deyə bilər: "Nə olsun ki, zibili atıblar. Xırda şeydir!". Yox, bu, xırda məsələ deyil! Bu diqqətdir, yardım etmək istəyidir, əvəzsiz, sadəcə. Qonşu kimi, qardaş kimi. Yaxşı qonşunun nə demək olduğunu məhz burada anladım. Hər bir adamın öz qınında yaşadığı və divar qonşusunu tanımadığı Moskvada bunu anlamaq olmur! 90-cı illərdə  Moskvanın "Sfera" teatrında ədəbi hissə rəhbəri idim. Bir dəfə teatrımızı çox dəhşətli xəbər sarsıtdı:  bizim aktrisa öz binalarının blok girişində ürək tutmasından dünyasını dəyişib. Amma aktrisa ürək tutmasından deyil, soyuqdan donmadan ölmüşdü və heç kim ona yaxınlaşıb maraqlanmamışdı ki, bu gənc, gözəl geyinmiş, sərxoş və evsiz adamlara bənzəməyən qadın niyə qarın üzərinə uzanıb. Bakıda belə şey mümkün deyil. Allah göstərməsin, əgər bir adam küçədə yıxılarsa, heç kim laqeyd nəzərlərlə yanından keçməz, yaxınlıqda olan hər kəs yardıma qaçar, biri "təcili yardım" çağırar, o birisi su dalınca, yaxud aptekə  qaçar,  başqa birisi mobil telefonla həkim dostlarına zəng edər. Yıxılan adam "bomj", yəni evsiz-eşiksiz olsa belə, fərq etməz. Bütün bunları dəfələrlə görmüşəm. Ola bilər, hər şey mentalitetdədir, bəlkə də ritmi daha yavaş olan şəhər daha insanpərvərdir və insanları başqasının bədbəxtliyinə laqeyd və uzaq duran robotlara çevirmir. 

Başqa əhvalat. Mən ərzaq almışdım, ağır çantamı şöbələrin birinin qarşısında qoyaraq, başqa çantamın ardınca getmişdim.  Geri döndüm - çantam yoxdur. Sən demə, satıcının oğlu onu mən yaşadığım evin həyətinə aparıb və küçə girişinin qarşısına qoyub. Dərhal yadıma Moskva düşdü. Birincisi, Moskvada nəyisə piştaxtanın qarşısında qoysan, dərhal onu "yox edəcəklər". İkincisi, heç bir satıcı oğlu mənim çantamı evimə qədər gətirməzdi. Üçüncüsü isə sualdır: Moskvada başqasının çantası giriş qapısının ağzında nə qədər qala bilər? Cavab: altı saniyə. 

Bakı həyətlərinə gəldikdə isə, orada hər şeyi birlikdə edirlər. Nəyisə təmir etmək lazımdırsa, bütün həyət birlikdə edir. Hansısa mənzildə təmir etməyə bütün həyət yardım edir. Bizim həyətdə tənha səksənyaşlı bir qadın yaşayır. Keçən payız  səhər-səhər səs-küyə oyandım: nənə küçədə stulda oturmuşdu, qonşular isə onun mənzilində idilər - ağardırlar, rəngləyirlər, yeni oboylar yapışdırırlar. Onlar əslində bu nənənin qohumu deyillər. Sadəcə qərara alıblar ki, təmir tənha və yaşlı qadının bacardığı iş deyil. Bir yerdə pul yığıb nə lazımdırsa alıblar və başlayıblar. Yeri gəlmişkən, nənə özü demək olar ki, yemək bişirmir, ona hər gün qonşular nəsə gətirirlər. Onun üçün mağazaya da gedirlər, döşəməsini də yuyurlar. Axı yaşlı insandır!

Azərbaycanda yaşlılara qarşı münasibət məni hətta heyran etmir. Çünki "heyran etmək" sözü bu ifadəni tam əks etdirə bilməz. Pərt oluram ki, vətənim Rusiyada belə deyil. Əlbəttə, demirəm ki, Rusiyanın hər yerində vəziyyət acınacaqlıdır.  Şəksiz ki, yaxşı insanlar hər yerdə var. Amma doğma ölkəmdən fərqli olaraq, Azərbaycanın hər yerində yaşlı adamlara münasibət bayaq bəhs etdiyim nənəyə olan münasibət kimidir. 

Qonşulara münasibətin məğzi bir Azərbaycan atalar sözündə çox yaxşı əks etdirilib: "Qonşunun iki inəkli olmasını istə ki, bir inək də sənin olsun". Heç bir müqayisə  aparmaq istəməzdim, amma istər-istəməz bir rus atalar sözü də yada düşür: "Allahım, mənim bir gözümü çıxar, amma elə et ki, qonşunun inəyi ölsün!".

Bakıda yayda bütün həyət birlikdə xalça təmizləyir, yun yuyub qurudur, döşəklərə və ya yorğanlara doldururlar. Birlikdə qışa turşu bağlayırlar (əlbəttə ki, hər kəs özü üçün istədiyi tərəvəzi alır). Kənd yerində isə birlikdə təndirə çörək yapırlar. Hər bir ev xanımı öz xəmirini gətirir, amma çörəyi birlikdə bişirirlər. Kənd yerində əgər toy edirlərsə, bunu restoranda yox, həyətdə edirlər. Belə olan halda, qonaqlıq üçün yeməyi bütün kəndin qadınları hazırlayırlar. Çünki ən bacarıqlı qadın belə, təkbaşına iki yüz adam üçün plov hazırlamaq qabiliyyətində deyil. 

Əgər kimsə evində dadlı və ətirli nəsə hazırlayırsa, qonşuları qonaq etməmək tərbiyəsizlik sayılır. Axı onlar yeməyin iyini hiss ediblər, onları necə qonaq etməmək olar? Ayıbdır! Xatırlayıram ki, ilk dəfə mənə boşqab gətirmişdilər və geri qaytarmaq lazım idi. Yaxşı ki, rəfiqəm bizdə idi. Əlimdə boş qabı görəndə soruşdu ki, onu hara aparıram? Başa saldım ki, qonşu məni  bişirdiyinə qonaq eləmişdi. Rəfiqəm izah elədi: "Qabı boş qaytarmaq yaxşı düşməz. Heç olmasa, bir neçə konfet qoy". Bu adətdir - hətta adət də deyil, həyat normasıdır. 

Hansısa uşağın ad gününü bütün həyətlə birlikdə qeyd edirlər. Yeri gəlmişkən, hətta bir dəqiqəliyinə olsa belə, hədiyyəsiz girib təbrik eləmək yaxşı sayılmır. Özü də oyuncaqla yola vermək olmaz, nəsə lazımlı şey hədiyyə vermək gərəkdir:  geyim, bələk, pampers, bəzən hətta beşik - imkan nəyə çatır. 

Yadıma köhnə mahnı - "Şəhərcik" düşür: "Necə də şəhərciyimizə dönmək istəyirəm! Soruşmadan qonaq getməyin mümkün olduğu, həsədsiz və pisniyyətsiz şəhərciyə. Doğma evimə! Orada doğulanı bütün həyət anır, öləni axirətə də bütün həyət yola salır". Axı əvvəllər Rusiyada da belə idi. Niyə mənim doğma ölkəm bunu itirib?..



MƏSLƏHƏT GÖR:

500