27 Aprel 2024

Şənbə, 07:43

SARANIN SƏSİ VƏ ARZUSU

Hər kəsin sevimlisi olan muğam ifaçısının Ağdamda "Qarabağ şikəstəsi" oxumaq arzusu gerçəkləşmədi

Müəllif:

24.06.2014

1922-ci ilin 31 mayında Bakıda dünyaya gəlsə də, onu hər kəs qarabağlı kimi tanıyırdı. Atası Bəbiş kişi Ağdamın Gülablı kəndindən idi. Gənc yaşlarında Bakıya gəlib, bu şəhərdə yaşamağa başlayan Bəbiş kişinin ürəyi doğma kəndindən ayrılmamışdı. Övladlarına da Qarabağı, Gülablı kəndini çox sevdirmişdi.

 

Erkən bitən uşaqlıq

O yerlərə hər gedişi Bəbiş kişinin böyük qızı Sara üçün də toy-bayrama çevrilərdi. Uşaqlıq illəri o kənddə keçdi. Səslərinə valeh olduğu xanəndələrin - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orda dinlədi. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparırdı. O məclislədə xanəndələr yalnız muğamlar, xalq mahnıları oxumurdular, həm də musiqidən danışırdılar. 

Əslən şəhərli olan anası da musiqini çox sevir, balaca qızına muğamların, mahnıların sözlərini öyrədirdi.

...Ata-ana sarıdan bəxti gətirmişdi. Ancaq tale ona bu xoşbəxtliyi çox gördü. Əvvəlcə anasını, iki il sonra da atasını itirdi. Dörd bacı, iki qardaş qaldılar taleyin ümidinə... 

Uşaqların ən böyüyü idi. Hələ on altı yaşı olsa da, bacı-qardaşlarının qayğısına qalmalıydı. Həyat onu çətin sınağa çəkmişdi. Tez-tez atalı-analı günlərini yada salırdı. Xatirələr ovutmaq yerinə onu daha da kədərləndirirdi. Təkcə musiqi ilə təsəlli tapırdı. Qarabağda eşitdiyi xanəndələrin ifasını xatırlayırdı. Bir də özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində iştirak etdiyi günü tez-tez yada salırdı.

...1938-ci il idi. Özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. İlk dəfə böyük sənətkarlar qarşısında çıxış edirdi. Çox həyəcanlanlıydı. "Qatar" muğamını oxumağa başladı. Artıq həyəcan hissi yoxa çıxmışdı. Gözləri nə səhnəni görürdü, nə də münsiflər heyətini. İfası başa çatanda yenidən aparıcı onun "Gəlmə-gəlmə" xalq mahnısını oxuyacağını elan etdi. Musiqinin ecazkar dünyası yenidən gənc qızı öz ağuşuna aldı. Mahnı bitər-bitməz alqış səsləri salonu bürüdü. Hər şey ona yuxu kimi görünürdü. Münsiflər heyəti ifasını bəyənmişdi...

Sevinclə səhnədən enmək istəyirdi ki, münsiflər heyətindən onu səslədilər. Heyrətdən donub qaldı. Üzeyir bəy idi. Saranı Hüseynqulu Sarabski ilə tanış etmək istəyirdi. Ona "Sənin gözəl səsin var", - deyirdi: "Kim bilir, bəlkə operamıza gələcəyin Leylisi gəlir. Səni Hüseynqulu Sarabskiyə tapşırıram. Məşğələsində iştirak etməyin vacibdir. Yaxşı-yaxşı çalış". O vaxt Sara Qədimova Tibb Məktəbinin mamalıq sinfində oxuyurdu. Ancaq ürəyi musiqi sənətindəydi. Üzeyir bəyin sözləri arzusuna qol-qanad verirdi. 

 

Musiqi eşqi və zəhmətsevərlik

Tibb Məktəbini 1940-cı ildə bitirdi. 1941-ci ildə Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olundu. Hüseynqulu Sarabskidən musiqi sənətinin sirlərini öyrəndi. 1943-cü ildə Musiqi Texnikumunu bitirdi.

...Uğurlar qarşıdaydı. Ortaboylu, gözəgəlimli bu qız böyük cəsarətlə peşəkar səhnəyə gəlirdi. Musiqi sənətinə sevgisi, zəhmətsevərliyi onu şöhrətə doğru aparırdı.  

Sənətdə ilk addımlarını atan gənc həm də böyük bir ailənin yükünü öz üzərinə götürmüşdü. Bacı-qardaşlarına ata-anasını əvəz etməli, ev qayğıları çəkməliydi. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə başlayanda çox sevinirdi, həm peşəkar səhnəyə çıxacaqdı, həm də evə qazanc gətirəcəkdi.

İstedadı onu tezliklə müğənni kimi musiqisevərlərə tanıtdı. İkinci Dünya müharibəsi illərində həmkarları ilə birlikdə cəhbə bölgələrinə gedirdi, səngərlərdə, hospitallarda konsertlər verirdilər. Sara Qədimovanın ifa etdiyi Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısı o illərdə çox məşhur idi.

...İyirmi iki yaşında növbəti konsertlərinin birindən sonra edilən təklif həyatının axarını dəyişdi. Sonralar Sara Qədimova xatırlayırdı: "Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm", - dedi". Texnikumda oxuyanda bu ciddi, zəhmli adamdan çəkinirdilər. Ancaq Sara Qədimovanın tərəddüdünün başqa səbəbi də var idi. Qədir İslamzadə Sara xanımdan iyirmi dörd yaş böyük idi. Özündən kiçik bacı-qardaşlarını düşünən müğənni Qədir İslamzadə ilə ailə qurdu. Övladları dünyaya gəldi. Bir müddət səadətdolu günlər yaşadılar. Ancaq ailədaxili çəkişmələr böyüdükcə birlikdə yaşamaqdan yoruldular. Səkkiz il sürən evlilikləri bitdi.

 

Hər kəsin sevimlisi

1950-ci illərdə Sara Qədimova artıq ölkənin ən çox sevilən müğənnilərindən biri idi. İfa etdiyi "Nə vaxta qaldı", "Ay işığında", "Pıçıldaşan ləpələr", "Ürəkdir sevən səni" və daha neçə-neçə mahnı dillər əzbəriydi. 1954-cü ildə Əməkdar artist adına da layiq görüldü.

Şöhrət Sara Qədimovanın sənətə qarşı məsuliyyətini azaltmadı. O, yenə də öz üzərində yorulmadan çalışırdı. Üzeyir bəyin dəvəti ilə gəldiyi Opera Teatrının səhnəsinə "Leyli və Məcnun" operasında Leylini ifa etmək çoxdankı arzusu idi. Ancaq belə böyük rolu oynamağın məsuliyyətini dərk etdiyindən qərar verməyə tələsmirdi. Nəhayət, 1957-ci ilin 22 fevralında ilk dəfə opera səhnəsinə Leyli kimi çıxdı. Sara Qədimova Leyli kimi də sevildi, ünvanına təriflər söylənildi. Daha sonra "Əsli və Kərəm" operasında Əslini oynadı. Bu rol da ona uğur gətirdi.  

Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnəsində çalışdığı 1957-1962-ci illərdə Sara Qədimovanın yaradıcılığına yeni səhifələr yazıldı. Amma rəhbərliyin istəyincə olmasa da o, bu teatrı tərk etdi. Çünki konsertləri çox olurdu. Onu yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də tanıyır, ifa etdiyi mahnıları, muğamları sevə-sevə dinləyirdilər.

Sara Qədimovanın əcnəbi dillərdə oxuduğu "Xəyalımın nuru", "Yamayilə", "Leyla", "Sili", farsca səslənən "Rəftəm ki rəftəm", "Peşiman şodəm", "Bahori mən", İndoneziya mahnısı "Vurğunam", tacikcə ifa olunan "Məhəbbət" və başqa mahnılar da çox sevilirdi. Azərbaycan musiqisini 22 ölkədə təmsil edən müğənni İran, Efiopiya, Özbəkistan və İndoneziyanın dövlət mükafatlarına layiq görüldü. 1963-cü ildə İndoneziyada sovet nümayəndə heyətinin tərkibində Sara Qədimova ilə birgə kosmonavt Valentina Tereşkova var idi. Onlar üçaylıq səfər müddətində dostlaşdılar.

Həmin ildə - 1963-cü ildə Sara Qədimova Azərbaycanın Xalq artisti adı ilə mükafatlandırıldı.

1965-ci ildə pərəstişkarları eşitdikləri xəbərdən qüssələndilər. Sara Qədimova avtomobil qəzasına düşərək ağır xəsarət almışdı. Sabunçu xəstəxanasına yerləşdirilən müğənnini tanınmış travmatoloq Lev Frankenberq müalicə edirdi. Rəfiqəsi Valentina Tereşkova müğənnin qəzaya uğraması xəbərini eşidən kimi, Moskvanın məşhur travmatoloqu Trapeznikovu Bakıya göndərdi.

Müalicə uğurlu oldu. Ancaq müğənninin aldığı yaralar sağalsa da, dedi-qodular bitmədi. Sara Qədimovanın bir qıçının kəsilib, protez qoyulduğunu söyləyirdilər. Şayiələr onu üzür, konsertlərdə çıxış etmək fikrindən daşındırırdı.

 

Nəğməkar

Sara Qədimovanın səsini, ifasını çox sevən Azərbaycanın ozamankı rəhbərlərindən biri - Şıxəli Qurbanov xanəndəni yanına çağırdı. Onunla xeyli söhbət etdi. Şıxəli Qurbanov Sara Qədimovanı yenidən səhnəyə çıxmağa razı sala bildi. O, radio və televiziya komitəsinin sədri Teymur Əliyevə tezliklə Sara xanımın televiziyada konsertini verməyi tapşırdı. Teymur Əliyev "Nə qədər dəvət edirik, Sara xanım gəlmir", - dedi.

Şıxəli Qurbanovun növbəti tapşırığı ilə filarmoniyada Sara Qədimovanın üçgünlük konserti təşkil olunmalı idi. Hər yerə ayın sonuncu günü Maestro Niyazinin dirijorluğu ilə simfonik orkestrin konsertinin veriləcəyini bildirən afişalar vurulmuşdu. Şıxəli Qurbanov orkestrin konsertini başqa vaxta keçirmək barədə göstəriş verdi. Maestro bu dəfə razılaşaraq güzəştə getməli oldu. Həkim Lev Frankenberqin təklifi ilə Sara Qədimova ilk konsertdə səhnəyə qısa paltarda çıxdı. Bununla da şayiələrə son qoyuldu. 

Konsert üç gün davam etdi. Filarmoniyanın salonunda boş yer tapmaq mümkün deyildi. Pərəstişkarlar Sara Qədimovanı yenidən səhnədə gördüklərinə sevinirdilər.

Sara Qədimova 1978-ci ilədək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Həmin ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti işlədi.

Altmış ildən çox davam edən yaradıcılıq dövründə Sara xanım hansı mahnını, hansı muğamı oxudusa, alqışlarla qarşılandı. Onun ifasında Azərbaycan xalq mahnıları, "Şur", "Segah", "Qatar", "Bayatı-Şiraz", "Şahnaz", "Xaric segah", "Mahur-hindi", "Rast" "Çahargah" muğamları yeni ömür qazandı. Musiqisevərlər bir çox bəstəkar mahnılarını ilk dəfə Sara Qədimovanın ifasında dinləyib bəyəndilər. Onun oxuduğu xarici ölkə mahnıları da eyni dərəcədə sevildi. Sara Qədimovanın ifa etdiyi muğamların, mahnıların çoxu lentə alınaraq, musiqi xəzinəmizə daxil edildi.

Sara xanımın iki oğlundan biri - Faiq İslamzadə musiqi sənətini seçmədi. O, Azərbaycan Dövlət Tibb Universitetinin "Biokimya" kafedrasının müəllimi oldu. Digər oğlu - Akif İslamzadə isə sevilən müğənni kimi tanındı. Uğursuz bir əməliyyatdan sonra çox erkən səsini itirən müğənninin bənzərsiz, könüloxşayan ifası hələ də yaddaşlardadır.

Sara Qədimovanın ömrünün son illəri nisgil içərisində keçdi. Tanınmış yazıçı-dramaturq İlyas Əfəndiyev onun haqqında yazırdı: "Sara Qədimova oxuyanda özümü qırmızı laləli dağ yollarında hiss edirəm. Sanki Şuşaya və Kirs, Ziyarət, Salvartı dağlarına qalxıram. Qarabağ təbiətinin bütün gözəlliyi ruhuma dolur, Şuşanın, İsa bulağının, Şəkili bulağın nəfəsini hiss edirəm. Sara oxuyanda onun səsi məni İsa bulağına, Qırxqız yaylağına çağırır...". O səs yağıların yağmaladığı doğma Qarabağdan ayrı düşmüşdü. 83 yaşlı müğənni Ağdama, Gülablı kəndinə gedəcəyi günün həsrəti ilə yaşayırdı. "Qarabağ şikəstəsi"ni orada oxuyacağam" - deyirdi.

Lakin 2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra    Sara Qədimova vəfat etdi. O, son arzusuna çatmadı...



MƏSLƏHƏT GÖR:

914