6 May 2024

Bazar ertəsi, 00:12

ASBEST ƏVƏZİNƏ BAZALT

Alimlər Azərbaycanda iqtisadi baxımdan çox sərfəli və ekoloji nöqteyi-nəzərindən daha təhlükəsiz olan xammaldan istifadəni vacib sayırlar

Müəllif:

01.07.2014

Bazalt sürətlə XXI əsrin vacib kompozisiya və tikinti materiallarından birinə çevrilməkdədir. Bunu "R+"a açıqlamasında Azərbaycanın əməkdar geoloqu Vasif Xəlilzadə bildirib. Bu, nə üçün belə vacibdir? Məsələ ondadır ki, bazalt lifi xarakteristikasına görə müəyyən mənada asbest materiallarının analoqudur. Amma asbestlər və asbest tərkibli tozlar fibrogen təsirli kanserogenlər (canlılarda bədxassəli şişlərin yaranmasına səbəb olan kimyəvi maddə) kateqoriyasına aiddir. Bu gün onların sənaye istehsalı və bir sıra ölkələrdə istifadəsi kəskin şəkildə azaldılır, hətta qadağan olunur. Bu üzdən də, zəif asbest tərkibli materialların bazalt lifli elastik və təhlükəsizlik materiallarla əvəzlənməsi məsələsi getdikcə aktuallığını artırır.

 

Asbestin üstünlükləri və çatışmazlıqları

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatı hər kəsi asbestə ehtiyatla yanaşmağa çağırır. "Məsələ o yerə çatıb ki, sənaye ölkələrində - ABŞ-da, Avropada hökumət səviyyəsində nəinki asbest əsaslı məhsulların istehsalını, hətta belə məhsul və ya xammalın xaricdən gətirilməsini də qadağan edən direktivlər qəbul edilib. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, il ərzində bu maddə ilə təmas üzündən dünyasını dəyişən insanların sayı 100-140 min arasındadır. Avropa İttifaqının rəqəmləri daha qorxuludur - ildə, təxminən, 500 min", - deyə V. Xəlilzadə bildirir.

Bəs, bu asbest məhsulu nədir? Alimin sözlərinə görə, asbestin tətbiq olunduğu sahə, həqiqətən də, çox genişdir və insanlar, hətta onunla nə qədər mütəmadi qarşılaşdıqlarının fərqində deyillər, Asbest borular, şifer, üzlük piltələr, metallurqlar və yanğınsöndürənlər üçün geyimlərin parçası. Asbestdə zərərli şüalanma, bakteriya, hətta radiasiya var. Bu materialdan müxtəlif süzgəclərin, pul əsginazlarının hazırlanmasında da istifadə olunur. Asbest onlara lazımi elastiklik və möhkəmlik qazandırır. Göründüyü kimi, asbestdən hazırlanan məmulatlar bir çox texniki xarakteristikasına görə, "vəzifəsinin" öhdəsindən gəlir. Amma onun sağlamlığa vurduğu zərər istənilən üstünlükdən daha çoxdur. Bu səbəbdən də, ABŞ və Avropada ona qadağa qoyulub. Rusiya isə bu məhsulun satışını davam etdirir. Ümumiyyətlə, Rusiya asbest tərkibli məhsulların hasilatı və istehsalına görə, dünyada birinci yerdədir. Müvafiq olaraq, asbestin qadağan edilməsi Rusiya iqtisadiyyatına külli miqdarda ziyan vurardı. Çünki onun istehsal etdiyi bu məhsulun yarıdan çoxu ixrac olunur və onun alıcıları arasında Azərbaycan da var.

Alim bildirir ki, son onillikdə dünyada asbestdən istifadənin azalmasının səbəbləri arasında ekoloji problemlər də var. Çünki asbest yatağının sənaye üsulu ilə işlənməsi və onun emalı, istismarı zamanı ətraf mühitə çox xırda, gözlə görünməyən zərrəciklər şəklində yayılır. O, insanın və digər canlıların ağciyərinə toplanır və tezliklə ölümə səbəb olur. Bu üzdən də, hazırda kövrək asbest tərkibli məhsulların elastik və təhlükəsiz materiallarla əvəzlənməsinin aktuallığı şübhə doğurmur.

Bununla yanaşı, elm və texnikanın yeni mineral xammal növlərinin üzə çıxarılması sahəsində nailiyyətləri də asbest tərkibli məhsulların istehsalında azalmaya səbəb olub. Yeni xammallar texnoloji və ekoloji göstəricilərinə görə nəinki asbesti, həmçinin digər mineral lifli materialları da üstələyir. Asbestin və eyni tərkibli bir sıra digər nazik lifli aşqarların əvəzləyicisi kimi isə adi kaynotipli bazaltdan istifadə olunur. Azərbaycanda ona hazırda Ermənistanın işğalında olan Kəlbəcər rayonu ərazisində və Talış-Lerik-Astara dağlıq ərazisində rast gəlinir.

 

Bazaltın imkanları

"Bazalt lifləri əsasında müxtəlif çeşiddə filtrasiya, tikinti, səsboğucu, istilik buraxmayan materiallar hazırlanır. Bazalt tozundan yüksək keyfiyyətli antikorroziya örtükləri hazırlanır. Bütün bunlarla yanaşı, bazaltdan beton üçün qatqı da hazırlanır və o, turşuyadavamlı tozun istehsalında əsas xammaldır", - deyə alim bildirir.

Bazalt lifinin unikal xassəsi var: yüksək səviyyəli fiziki-mexaniki və kimyəvi xüsusiyyət, aqressiv təsirlərə və titrəmələrə qarşı davamlılıq, uzunömürlülük (ən azı 100 il), müxtəlif şəraitlərdə uzunmüddətli istifadə üçün yararlılıq, yaxşı birləşmə qabiliyyəti və bu, onu öz növbəsində yeni kompozisiya materiallarının - bazalt plastiklərinin və ondan hazırlanan müxtəlif təyinatlı məhsulların əldə olunması üçün perspektivli materiala çevirir. Bazalt lifi ekoloji baxımdan zərərsizdir və havaya, suya insan orqanizmi üçün təhlükəli olan maddələr buraxmır. Üstəlik, o, yanmır və partlamır. Bu məhsul bütün sahələrdə kanserogen asbesti tam əvəz edir, bütün göstəricilərinə görə onu üstələyir. Bazalt istilik izolyasiyasında da asbestdən düz 3 dəfə güclüdür!

Müxtəlif ölkələrdən olan aparıcı alimlər haqlı olaraq bazalt lifini XXI əsrin əsas əmtəəşünaslığı hesab edirlər və texniki sahədə inkişafın gələcəyini onda görürlər. Dünya təcrübəsi göstərir ki, bazalt lifindən hazırlanan və ilkin olaraq aviasiya və raket texnikasında istifadə olunan məhsullar son 15-20 ildə inşaat sənayesi, energetika, kommunal sahə və bir sıra digər təsərrüfat sahələrində geniş tətbiq olunmağa başlayıb.

Məlumdur ki, bu və ya digər monumental, xüsusilə hər hansı təyinatlı çoxmərtəbəli binaların tikintisi zamanı gələcək xərclər haqda ehtimalları yanlış istifadə olunmuş materialların möhkəmliyinə əsasən söyləmək mümkündür. Qeyd etmək lazımdır ki, mineral (bazalt) pambığın möhkəmliyi poladın möhkəmliyindən 200 dəfə, dəmir-betondan 60, kərpicdən 45 dəfə zəifdir. Onun istilik keçirmə əmsalı isə dəmir-betonla müqayisədə iki dəfə, kərpicdən isə bir dəfə azdır. Bir vacib məqam da qeyd olunmalıdır: bazalt pambığı istehsalını praktiki olaraq, tullantısız istehsalata aid etmək olar.

Bütün sadalananlara onu da əlavə edək ki, bazalt lifi bir qayda olaraq, birkomponentli ucuz xammaldan alınır və bu, onun maya dəyərinin şüşə lifilə müqayisədə 15-20%, digər liflərlə müqayisədə dəfələrlə ucuz başa gəlməsinə səbəb olur. Bununla yanaşı, 1 kiloqram xammaldan faktiki olaraq, 1 kiloqram bazalt lifi əldə olunur. 1 vaqon bazalt isə 20 vaqon bazalt pambığı deməkdir. Bazalt lifinin istehsalında istifadə olunan qurğular ekoloji baxımdan zərərsiz, yığcamdır və iş prosesində praktiki olaraq, heç bir sənaye tullantısı əmələ gətirmir.

Vasif Xəlilzadə iddia edir ki, Talış dağlarında bazaltın yerin səthinə çıxmış hissəsində aparılan araşdırma oradan yüksək keyfiyyətli bazaltın hasil oluna biləcəyini göstərir. Söhbət əlavə xəlitə düzəltməsiz istifadəyə yararlı məhsuldan gedir. Talış dağlarında resursların ilkin qiymətləndirilməsi və xammalın keyfiyyətinin müəyyənləşdirilməsi üçün geoloji axtarış işləri davam etdirilir. Bu işlərin uğurla nəticələnəcəyinə heç bir şübhə yoxdur.

Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın adı nəinki bazalt məhsullarının istehsalçıları, hətta onun istehlakçıları siyahısında da yoxdur. Sahibkarları və müvafiq dövlət strukturlarını nəhayət, bitib-tükənməz bazalt resurslarımıza diqqət yetirməyə çağırmaq istərdik. Bu resursların kompleks istifadəsi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun sürətlə inkişafına yol açar, dağ və dağətəyi rayonlarda sənaye istehsalı sahəsində yeni iş yerlərinin yaradılmasına imkan verərdi".



MƏSLƏHƏT GÖR:

788