5 May 2024

Bazar, 20:15

MUSİQİÇİ, PUBLİSİST, DRAMATURQ, PEDAQOQ

Sentyabrın 18-də dahi Üzeyir Hacıbəylinin dünyaya gəlməsinin 127-ci ili tamam oldu

Müəllif:

01.10.2012

Ötən ayın sonlarında Bakıda dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin adına təşkil edilən Dördüncü Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı. Misilsiz yaradıcılığa malik bəstəkarın adı və dühasının işığına Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina, İtaliya və digər ölkələrdən musiqiçilər yığışmışdılar. Ötən illərdə olduğu kimi festivalda Almaniyanın Köln kamera orkestri, Signum kvarteti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Simfonik Orkestri, Q. Qarayev adına Dövlət Kamera Orkestri, Zaxar Bronun rəhbərlik etdiyi kamera orkestri, "Moskva virtuozları" orkestri çıxış etdilər. Hamı bir daha şahidi oldu ki, musiqi sərhədi yoxdur, lakin onun adı var. Və biz azərbaycanlılar xoşbəxtik ki, böyük Üzeyir bəyin bütün ömr boyu təbliğ etdiyi bir mədəniyyətin daşıyıcılarıyıq.

Sentyabrın 18-də biz bu istedadlı şəxsiyyətin doğum gününü qeyd edirdik. Bu, əsl bayramdır - Musiqi Bayramı və bu, təkcə musiqisevərlərin deyil, bütün xalqın bayramıdır. Bu səbəbdən xalqımızın tarixində silinməz iz buraxmış dahi şəxsiyyətin həyat səhifələrini yenidən vərəqləmək qərarına gəldik.

 

Dünyaya dahi gəlir

Şuşalı Əbdülhüseyn bəyin günlərinin çoxu Ağcabədidə keçirdi. O, Xan qızı Xurşidbanu Natəvanın həm şəxsi mirzəsi, həm də Ağcabədidəki təsərrüfatının rəhbəri idi. Şirin xanımla evli olan Əbdülhüseyn bəyin o vaxt üç övladı var idi. Dördüncü uşağın gəlişini gözləyirdilər.

Həyat yoldaşına baş çəkmək üçün Ağcabədiyə gedən Şirin xanım yolunu Ağdamdan saldı. Orada yaşayan səkkiz bacısının hərəsi bir neçə gün onu evində qonaq saxladı. Ağcabədiyə nəzərdə tutduğu vaxtdan geç gedib çatan Şirin xanım övladını orada 1885-ci ilin 18 sentyabrında dünyaya gətirdi. Beləcə, şuşalı Əbdülhüseyn bəylə Şirin xanımın beş uşağının - üç oğlunun, iki qızının biri ağcabədili oldu. Həmin uşaq gələcəyin dahi  bəstəkarı, publisisti, dramaturqu, pedaqoqu, mütəfəkkiri, akademiki, ictimai xadimi Üzeyir Hacıbəyli idi... 

Onun uşaqlığı Şuşada keçdi. Evləri şəhərin Çöl Qala deyilən yerindəydi. İlk müəllimi Avropada mükəmməl təhsil almış dayısı Ağalar bəy Əliverdibəyov oldu. Azərbaycan musiqisini gözəl bilən dayısı onda xalq musiqisinə, muğamalara maraq oyatdı. Bir də Üzeyir bəy kiçik yaşlarından Şuşanın musiqi mühitinı öyrənirdi. Qarabağ xanəndələrinin, sazəndələrinin ifalarını dinləyə-dinləyə musiqi sənətinin dərinliklərinə yiyələnirdi. 

Valideynləri Üzeyir bəyin təhsilinə böyük diqqət göstərirdilər. Onların sayəsində 1887-1899-cu illərdə Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbində oxudu. Onun on üç yaşı olanda Şuşada Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və dirijorluğu ilə Cabbar Qaryağdıoğlunun ifasında "Məcnun Leylinin məzarı başında" adlı səhnəcik göstərildi. Üzeyir bəy də qardaşlarıyla birgə xorda oxudu. Yaddaşında silinməz izlər buraxan həmin səhnəciyin təəsüratları illər sonra ona Məhəmməd Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə ilk operanı - "Leyli və Məcnun" operasını yazdırdı. 1908-ci il 12 yanvarında ilk dəfə nümayiş edilən operanın da dirijoru Əbdürrəhim bəy Haqverdiyev oldu. Skripka partiyasını isə Üzeyir bəy ifa etdi.

Qori Müəllimlər Seminariyasına oxumağa gedəndə on dörd yaşı var idi. Seminariyada 1899-1904-cü illərdə keçən təhsil həyatı onun dünyagörüşünün formalaşmasında böyük rol oynadı. Avropa musiqi klassiklərinin əsərlərini, skripka, violonçel və baritonda ifa etməyi öyrəndi, Azərbaycan xalq mahnı nümunələrini nota köçürdü. 1904-cü ilin iyununda seminariyanı bitirdi. 1904-1905-ci illərdə Cəbrayıl qəzasının Hadrut kənd məktəbində dərs dedi.

O vaxt erməni-müsəlman davası gedirdi. Hadrut kəndinin ağsaqqaları ermənilərin Üzeyir bəyə qarşı kinini, nifrətini görüb onu gizlincə kənddən çıxararaq Yevlağa, ordan da Bakıya yola saldılar.

Üzeyir Hacıbəyli Bakıya gələndə 1905-ci il idi. O, rus inqilabının təlatümləri içərisində çırpınan bir şəhərlə qarşılaşdı. Siyasi mübarizələrin kəskinləşdiyi zamanda Azərbaycanın demokratik düşüncəli ziyalıları xalqın inkişaf etməsinə mane olan problemlərin həllinə çalışırdılar. Üzeyir bəy həmfikir olduğu bu ziyalılarla eyni cəbhədə dayandı. 1905-1907-ci illərdə Bibiheybətdə, sonralar "Səadət" məktəbində müəllim işlədi. Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirdi. 

 

Publisist 

Azərbaycan ədəbiyyatında, musiqi tariximizdə önəmli yer tutan Üzeyir Hacıbəyli bunların hamısından öncə peşəkar jurnalist idi. Hələ Hadrut kənd məktəbinin müəllimi ikən "Kaspi" qəzetinə yazılar göndərirdi. "Kaspi"nin 1904-cü il 1 sentyabr sayından "U" imzası ilə Üzeyir Hacıbəylinin yazıları çap edilməyə başladı. 1905-ci ilin sentyabr ayının ilk günlərindən "Həyat"da tərcüməçi  işlədi. İlk ori-jinal yazısı da həmin qəzetin 7 sentyabr 1905-ci il tarixli 59-cu sayında dərc olundu. "Həyat" redaksiyasında 3 ay işləyəndən sonra bu qəzetdən incik düşüb ayrıldı.

1905-ci ilin 17 noyabrında "Irşad" qəzeti nəşrə başladı. Üzeyir Hacıbəyli bu qəzetin ən fəal yazarlarından biri oldu. "Irşad"ın bu günün təbirincə desək, parlament yazarı Üzeyir Hacıbəyli idi. O, öz felyetonlarında, kiçik səhnəciklərində, publisistik məqalələrində Dumanın fəaliyyətini kəskin şəkildə tənqid edirdi. 

1905-1917-ci illərdə jurnalistlik fəaliyyəti ilə daha sıx və ardıcıl məşğul olan Üzeyir bəy "Həyat", "İrşad", "Tərəqqi", "Iqbal", "Həqiqət", "Yeni İqbal" qəzetlərində çalışdı, həm bu qəzetlərdə, həm də "Sovqat", "Azərbaycan", "Molla Nəsrəddin", "Məktəb" və digər mətbuat orqanlarında müxtəlif yazılarla çıxış etdi. O, yazılarını  "Behmənkəs", "Bisavad", "Filankəs", "Musiqar", "Ü", "Üzeyir", "Ü.Hacıbəyov" və başqa imzalarla yazırdı. 

 

Bəstəkar

1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarının  librettosunu yazdı. Onun "Ər və Arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət-ənənələri əks olunurdu. 

1911-ci ildə musiqi təhsilini davam etdirmək üçün Moskvaya gedərək filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxudu. 

O, hələ Qori Müəllimlər Seminariyasında oxuyanda ilk və son sevgisi ilə qarşılaşdı. Tatar qızı Məleykə xanım Üzeyir bəyin tələbə yoldaşı Əli Terequlovun bacısı idi. Tələbə yoldaşları bazar günləri birlikdə teatrlara, Tiflisin gəzməli yerlərinə gedirdilər. Əli Üzeyir bəyi evlərinə aparırdı. Üzeyir bəy Məleykə xanımı o vaxt görüb sevdi. Ailə qurdular. Məleykə xanım bacısı isə Üzeyir bəyin həmyaşıdı, böyük bəstəkar Müslüm Maqomayevlə evləndi. İki dahi şəxsiyyət bacanaq oldular. 

Üzeyir bəylə Məleykə xanım bir müddət Bakıda kirayədə yaşadılar. Hazırda muzey kimi fəaliyyət göstərən mənzil 1915-ci ildə Üzeyir bəyə verildi. 

Birlikdə həyatın çox imtahanlarından keçdilər. Bəlkə də onlara taleyin ən böyük sınağı övladsızlıq oldu. Amma Üzeyir bəy xanımından uşaq üçün belə ayrılmadı. Onlar qarşılıqlı hörmət və sevgi ilə dolu, dillərdə dastan olacaq bir ailə həyatı yaşadılar... 

Artıq Üzeyir bəyin publisist, musiqiçi, millət fədaisi kimi tanındığı vaxtlar idi. Ermənilərin bu təəssübkeş vətənpərvəri görməyə gözləri yox idi. Onu qətlə yetimək istəyirdilər. 1918-ci ildə Nəriman Nərimanov Üzeyir bəyi ermənilərin hücumundan xilas etdi. Mart qırğını zamanı ermənilər Üzeyir Hacıbəylinin evini gülləbaran etdilər. Ancaq hələ hadisələrdən əvvəl  Nəriman Nərimanov bəstəkara teatr truppası ilə İrana qastrol səfərinə getməyi tapşırmışdı. Üzeyir bəy "Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm", - deyəndə Nərimanov "Siz bizə gələcəkdə lazımsınız" deyə təkid etmişdi. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları teatr truppası ilə birlikdə İrana yollanmışdılar. 

Onlar bir neçə ay İranda qalıb müxtəlif şəhərlərdə tamaşalar göstərdilər. Oktyabrda vətənə döndülər. Üzeyir bəyin qayıdışına görə, qəzetlər xalqa gözaydınlığı verirdilər. 

1921-ci ildə Üzeyir bəy Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etdi. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərdi, burada dərs dedi. Konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratdı. 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etdi. Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılan "Koroğlu" operası 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyuldu. 

Üzeyir bəy elə bir istedad sahibi idi ki, onu görməmək, əsərlərini sevməmək mümkünsüz idi. Sovet hakimiyyətinin rəhbəri Stalin də "Koroğlu", "Arşın mal alan" operalarını çox sevirdi. Stalin Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırovdan böyük hörmət bəslədiyi Üzeyir bəyə xüsusi salam göndərirdi. 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə "Koroğlu" operasına Stalin özü şəxsən üç dəfə tamaşa etdi. Tezliklə Üzeyir bəy SSRİ bəstəkarları içərisində ilk dəfə xalq artisti adına layiq görüldü. 

1945-ci ildə, müharibənin getdiyi vaxtda "Arşın mal alan" filmi ekranlara çıxdı. Bundan bir müddət əvvəl Amerikada yaşayan erməni rejissoru film çəkmiş, "Arşın mal alan"ın süjetindən istifadə etmişdi. Üzeyir Hacıbəylinin müəllifliyini "yaddan çıxaran" erməni rejissor yalnız filmin şərq motivləri ilə çəkildiyini qeyd etmişdi. Azərbaycan rəhbərliyi SSRİ rəhbərliyini məsələdən xəbərdar etdi. Sovet hökuməti müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından, Üzeyir bəyin hüquqları müdaifəsiz qaldı. Stalin çıxış yolunu təcili "Arşın mal alan" filmini çəkib bütün dünyaya yaymaqda gördü. Onun tapşırığı ilə Azərbaycanda ekranlaşdırılan "Arşın mal alan" flmi erməni oğurluğuna cavab olmaqla yanaşı, dünyada şöhrət qazandı.

Hələ 1939-cu ilin oktyabrında Stalinin göstərişi ilə Üzeyir bəy Bakıda musiqi festivalı təşkil etdi. Festivalın qalibi ola bilməyən ermənilər Molotova məktub yazaraq Üzeyir bəyi millətçilikdə suçladılar. Həmin məktubu Molotov Üzeyir bəyin özünə yolladı. 

Sovet hakimiyyətinin sərt qadağaları içərisində, erməni şovinistlərinin qəzəbi ilə, türk millətçisi damğasıyla günahlandırılmaq təhlükəsi ilə üzləşə-üzləşə yaşayan dahi şəkər xəstəliyinə mübtəla oldu. Səhhətinə ciddi nəzarət olunsa da, xəstəlik fəsadlarını göstərməyə başladı. 1947-ci ildə vəziyyəti ağırlaşan Üzeyir bəy xəstəxanaya aparıldı. "Leçkomissiya"da onu Osipyan soyadlı erməni həkimin şöbəsinə gətirdilər. Ermənilərin çoxdakı arzularını həyata keçirən Osipyan Üzeyir Hacıbəylinin məhvi üçün əlindən gələni etdi. Onun sayəsində bir ay ərzində 18 kiloqram arıqlayan böyük bəstəkarın səhhəti zəiflədi, ürəktutmaları başladı. Müayinə üçün Yessentukiyə, sonra Stalinin göstərişi ilə Moskvaya, Kreml xəstəxanasına aparıldı. Orada həkimlər təsdiq etdilər ki, Bakıda düzgün müalicə edilməyib. Borvixada yerləşən yüksək dərəcəli hökumət sanatoriyasına keçiririlən bəstəkarı müayinə edən həkimlər də müalicənin səhv aparıldığını təsdiqlədilər, hətta onu Bakıya aparmağın mümkün olmayacağını söylədilər.

1948-ci ilin avqustunda bəstəkar Bakıya gətirildi. Onu Mərdəkandakı 2 saylı istirahət evinə apardılar. Mircəfər Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilərək Üzeyir bəyə ciddi nəzarət olundu. 1948-ci ilin sentyabrında evinə gətirildi. O, noyabrın 23-də saat 2-də evində vəfat etdi. Respublikada matəm elan olundu. Böyük millət övladının tabutu Elmlər Akademiyasının binasından Mir Cəfər Bağırov və digər rəsmilərin çiyinlərində çıxarıldı. İzdiham Fəxri Xiyabanadək piyada getdi. Qırx gün Üzeyir bəyin məzarı başında fəxri qarovul növbə çəkdi.

Üzeyir bəyin ölümünə səbəb olan, bu gün də əsərlərini öz adlarına çıxmaq istəyən ermənilər Şuşa şəhərinin işğalı zamanı onun ev-muzeyini talan etdilər, heykəlini güllə atəşinə tutdular. 

Üzeyir Hacıbəylinin 63 illik həyat yolu mübarizələrdə keçdi. O, xalqının yaddaşında əbədi fəxarətlə, qürurla anılacaq şəxsiyyət kimi qaldı.



MƏSLƏHƏT GÖR:

381