17 May 2024

Cümə, 22:43

DÖRDÜNCÜ KUBOK

Futbol üzrə Almaniya millisi dünya çempionu oldu

Müəllif:

15.07.2014

Braziliyada keçirilən futbol üzrə XX-ci Dünya Çempionatı 1 ay ərzində bütün planeti intizarda saxladı. Dünya bir-birindən maraqlı qarşılaşmalar, sürpriz nəticələr, məşqçi istefalarıyla yanaşı yeni parlayan ulduz futbolçuların oyununu izlədi. Futbol bayramı Almaniya və Argentinanın ifasında möhtəşəm final görüşüylə yekunlaşdı. Bu oyunda Bundestim 1-0 hesabı ilə qələbə qazanaraq, tarixində 4-cü dəfə Dünya Kubokuna sahib çıxdı. Argentina gümüş, Hollandiya bürünc medal qazandı. Hollandlar üçüncü yer uğrunda görüşdə meydan sahibi Braziliyanın qapısından üç cavabsız top keçiriblər.

 

Alman maşını

Əfsanəvi Harri Lineker vaxtilə deyib ki, "Futbol elə bir oyundur ki, 22 nəfər 90, bəzən isə 120 dəqiqə ərzində bütün gücünü meydanda qoysa da, oyunda yenə də  almanlar qalib gəlir".

Almaniya və Argentina buna qədər iki dəfə mundialın həlledici matçında bir-birinə rəqib olmuşdu. Əfsanəvi Diego Maradonanın oynadığı Argentina 1986-cı ildə dünya çempionu olanda məhz Almaniyanı, almanlar isə 1990-cı ildə mundialı qazananda məhz Argentinanı məğlub etmişdi. 

2014-cü ilin finalı, sözün əsl mənasında, möhtəşəm alındı. Argentinanın lideri və döyünən ürəyi Lionel Messi almanların qapıçısı Noyerə qol vurmaq üçün hər şeyə hazırdı. İlk 45 dəqiqədə 2 dəfə qola yaxın olan Messi istəyinə çatmadı. Qonsalo İquain də təhlükəli zərbələriylə komandasına kömək edə bilmədi. İkinci hissədə Messinin 2 zərbəsi yandan keçdi. Bundestim də 90 dəqiqə müdafiədə oturmadı. Şürle, Kloze daha sonra isə Özillə Argentinaya həyəcan yaşadan Yoaxim Lövün komandası əsas gücünü sona saxladı. 90 dəqiqə çempion müəyyənləşmədiyindən Almaniya və Argentina əlavə 30 dəqiqədə mübarizə aparmalı oldu. 97-ci dəqiqədə təcrübəli Rodriqo Palasio alman qapıçı Noyerlə üzbəüz qalanda finalın və Argentinanın qəhrəmanı ola bilərdi. Amma təcrübəli Palasio tarixi şansı qaçırdı. Vurmayana vurarlar prinsipi özünü yenə doğrultdu. Meydana Miroslav Klozenin yerinə daxil olan Mario Götze 117-ci dəqiqədə Almaniyanı çempion edən qolu vurdu. Almaniya Amerika qitəsində keçirilən Dünya Çempionatında qələbə qazanan ilk Avropa komandası oldu. 

Əksəriyyət Lionel Messinin karyerasında olmayan yeganə titulu qazanmasını arzulayırdı. Amma Messi Maradona deyil ki, təkbaşına Argentinanı çempion etsin. Cari mövsüm "Barselona"da o qədərdə yaxşı təsir bağışlamayan Messi mundialda əla forma göstərdi. 4 qol vurdu, 1 məhsuldar ötürmə etdi. Üstəlik, Argentina üçün vacib qollara imza atdı. Bununla belə, Messi alman "qol maşını"yla bacarmadı. Əgər Almaniya qazanmasaydı, onda ədalət zəfər çalmayacaqdı. Dünya Çempionatını yüksək səviyyədə keçirən, bundestim çempionluğa layiq tək komanda oldu. Bu "qızıl komanda"nın təməlini 2004-cü ildə Yurgen Klinsmanın qoyub. O, başçılıq etdiyi milliyə indiki ulduzlar Lam, Kloze, Şvaynştayger və digərləri cəlb olundu. O vaxt Klinsmanın köməkçisi olan Yoaxim Lövə bu komandanın gücünü artıra bilib. Almaniya mundialda "qırıcı maşın" kimi işə düşdü. Portuqaliyanın qapısından 4 cavabsız qol keçirən almanlar Braziliyaya rəhm etmədi. Sambaçılar 1-7 hesabıyla uduzmaqla rüsvay oldu. 

Növbəti 4 ildə Almaniya dünya çempionu titulunu daşıyacaq. Argentina isə sentyabrda revanş almaq imkanına malikdir. 2 ay sonra bu komandalar arasında yoldaşlıq görüşü keçiriləcək. 

 

Messi mundialın ən yaxşısıdır?

FİFA 6 rəsmi nominasiyada ən yaxşıların adını açıqlayıb. Həlledici oyunda uduzan cənubi amerikalıların kapitanı Lionel Messi mundialın ən yaxşısı seçilib və ona "Qızıl top" mükafatı verilib. Bu nominasiyada Tomas Müller (Almaniya) ikinci, Aryen Robben (Hollandiya) üçüncü olub.

Kolumbiyalı Xames Rodriges rəqiblərin qapısında 6 qol vuraraq turnirin ən yaxşı bombardiri oldu və "Qızıl buts" mükafatını qazandı. Bu nominasiyada T.Müller 5 qolla ikinci, braziliyalı Neymar isə 4 qolla üçüncü olub.

"Qızıl əlcək" mükafatına Almaniya ilə dünya çempionu olan qapıçı Manuel Noyer layiq görülüb, Mario Götze isə finalın ən yaxşı oyunçusu seçilib. Fransanın şərəfini qoruyan Pol Poqba mundialın ən yaxşı gənc oyunçusu oldu. Qaydaları ən az pozan Kolumbiya yığması isə "Fair-Play" mükafatını aldı.

Dünya Çempionatının ən yaxşı futbolçusu kimi Lioner Messinin mükafatlandırılması FİFA tərəfindən ulduz futbolçuya verilən təsəlli oldu. 1 ay davam edən mundialda Hames Rodriges kimi ulduz parladı. Dünya Çempionatında Aryen Robbenın sürətli driblinqləri, əla keçidləri diqqətdən kənarda qaldı.Təcrübəli Robben komandasına bürünc medal qazandırdığına görə ən yaxşı futbolçu seçilməyə layiq idi. Lakin ali futbol qurumu Messinın könlünü almağı lazım bildi. Dünya mətbuatı da bu seçimin düzgün olmadığını bəyan edib.

 

Braziliya mundialı bayrama çevirdi

Təşkilatçılıqla bağlı problemlərin olmasına rəğmən Dünya Çempionatı əsl futbol bayramına çevrildi.Yerli əhalinin etirazı, üstəlik, 1 stadionda işlərin yekunlaşmaması ucbatından oyunun başqa arenaya keçirilməsini unutsaq mundiala qənaətbəxş qiymət vermək olar.

Futbolun Vətəni İngiltərə sayılırsa, onun böyüyüb inkişaf etdiyi məkan Braziliyadır. Məhz, bu amilə görə Pelenin diyarındakı Dünya Çempionatı digərlərindən fərqləndi. İlk öncə mundialın əksər oyunlarının maraqlı olması, məhsuldar keçməsi vurğulanmalıdır. 64 oyunda 171 qol vurulub, bu da Dünya Çempionatlarında 1998-ci ilda Fransada qeyd olunan rekordun təkrarıdır.

İlk oyunlarda komandalar açıq oyun nümayiş etdirməklə çoxlu sayda qol vurdu. Futbolun baxımlılığı artdı. Dünya Çempionatı sensassiyalardan da bol oldu. İspaniya, Portuqaliya, İngiltərə, İtaliya kimi komandaların zəif çıxışının səbəbi hələ də araşdırılır. Üstəlik, meydan sahibi Braziliyanın 1-7 hesablı məğlubiyyəti yerli komandanın tarixinə qara hərflərlə yazıldı.

 

Skolarinin "qara günü"

Heç bir azarkeş Braziliyanın yarımfinalda 1-7 hesablı məğlubiyyətini proqnozlaşdıra bilməzdi. Almaniya komandası əlinə düşər hər fürsəti qola çevirməklə sambaçılara cəhənnəm yaşatdı.Bu Braziliya yığmasının tarixində ən böyük hesablı məğlubiyyət oldu. Səbəblər çoxdur. Baş məşqçi Luis Felipe Skolarinin heyəti düzgün müəyyənləşdirməməsi, futbolçuların fiziki hazırlığının zəif olması xüsusi qeyd olunmalıdır. Braziliya kimi komanda 30 dəqiqəyə 5 qol buraxırsa, deməli, millidə ciddi problemlər var. Müdafiə xəttinin zəifliyi mundialdakı uğursuzluğun əsas səbəblərindən biri oldu. Almaniya ilə oyunda ilk 2 qol vurulan zaman dayaq yarımmüdafiəçilərin düzgün mövqe seçməməsi, cinah müdafiəçilərinin rəqibi irəli buraxması sambaçıların adına yaraşan səhv olmadı. Nəticədə, 1 gün sonra Braziliyada bütün qəzetlər qara rəngdə nəşr olundu. Mundialdan dərhal sonra isə Braziliya Futbol Federasiyası baş məşqçi Luis Felipe Skolariylə iş birliyinə son qoydu. 

 

Sabiq çempionun uğursuzluğu

4 il əvvəl dünya çempionu olan İspaniya millisi pley-offa adlaya bilmədi. Hollandiyaya 1-5, Çiliyə 0-2 hesabıyla uduzan Visente Del Boskenin komandası mundialın ilk sürprizi oldu. Bununla belə, İspaniyaya dünya çempionluğu qazandıran Del Boskeylə yeni 2 illik müqavilə imzalandı.

 

Mundialın kəşfləri

Kosta-Rika millisini Dünya Çempionatının kəşfi adlandırmaq olar.Bu komanda əzmkar futbol oynamaqla yanaşı, rəqiblərinə başağrısı oldu və Uruqvay, İtaliya, İngiltərə kimi komandalarla bir qrupda mübarizədə birinci oldu.

Uruqvay, Çili, Əlcəzair, Meksika yığmalarına sonadək mübarizə apardıqları üçün alqış düşür. Kolumbiyanın 23 yaşlı futbolçusu Xames Rodriges 6 qol vurmaqla Avropanın aparıcı klublarının diqqətini cəlb etdi.Uruqvay millisindən Luis Suares komandasının liderinə çevrildi.cə Gözəl oyundan sonra "Barselona" Suaresə yüksək qazanclı müqavilə təklif etdi.

 

Ən sərt cəza

Suares İtaliya millisiylə matçda rəqib futbolçu Corco Kellinini dişləməklə gündəmi zəbt etdi. Məlum oldu ki, futbolçu indiyə qədər 5 futbolçuya analoji xəsarət yetirib. Nəticədə, FİFA onu yığmanın növbəti 10 oyunundan kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına qadağan etdi. Üstəlik, Suares 82 min avro cərimələndi.

 

Braziliyanı "sındıran" zədə

Dünya Çempionatının zədəsi Braziliya-Kolumbiya görüşündə qeydə alındı. Suniqa Neymarın onurğa sümüyünü zədələməklə onu sıradan çıxardı. Buna görə Almaniya ilə yarımfinal matçını buraxan sambaçıların lideri komandasına kömək olmadı. Neymar zədəsinin düzəlməsi üçün ay yarım vaxt lazım olduğunu bildirməklə yanaşı, bəxtinin gətirdiyini söyləyib: "Bəxtim gətirdi. Sunyiqa 2 santimetr aşağı dəysəydi, həyatımın qalan hissəsini əlil arabasında keçirərdim", - Neymar belə deyib.

Hər bir halda Suniqanı da bağışladığını bildirən oyunçu "O, mənə zəng elədi və üzr istədi, mən ona qəzəbli deyiləm", deməklə mövzuya qayıtmaq istəmədiyini vurğuladı.

 

Mundialda hakim səhvləri

Dünya çempionatı eyni zamanda hakim səhvləriylə yadda qaldı. Oyundankənar vəziyyətdə qollar qeydə alındı, "təmiz" qollar isə hesaba alınmadı, qayda pozuntusu olmadan penaltilər təyin olundu, cərimə meydançasında isə açıq-aşkar qayda pozulanda isə hakimin fiti susurdu. FİFA Hakimlər Komitəsinin sədri Massimo Buzakka mundialda qəbul edilən 1756 qərardan 200-nün yanlış olduğunu etiraf etdi. İlk dəfə olaraq Dünya Çempionatında topun qapı xəttini keçməsini müəyyənləşdirən texnologiyadan istifadə olundu. Hakimlər cərimə zərbələrində topun və oyunçulardan qurulan "divarın" yerinin dəyişməməsi üçün süni köpükdən yararlandı. AVRO-2016-da da bu texnologiyalardan istifadə olunacaq.Üstəlik, məşqçi və hakimlərə oyun ərzində 2 dəfə videotəkrara baxmağa icazə veriləcək.

Beləliklə, futbol bayramı başa çatdı. Dünya Çempionatının görüşləri Bakı vaxtıyla gecə yarı başladığı üçün yuxusuz gecələrimizə son qoyuldu. Braziliyaya möhtəşəm yarışa görə təşəkkür düşür. Mundialda iştirak edən hər bir komanda 30 gün ərzində azarkeşlərini sevindirməyə çalışdı. Bir ay ərzində doğmalaşan Braziliya ilə vidalaşmaq məcburiyyətindəyik. Növbəti mundial 4 il sonra Rusiyada keçiriləcək.

 

 

DÇ-nin QALMAQALLARI 

Hər zaman olduğu kimi bu dəfə də qalmaqalsız ötüşmədi. İspaniya mətbuatı Hollandiyaya 1-5 hesablı məğlubiyyətdən sonra rəqib futbolçularının qadağan olunan preparatlardan istifadə etdiyini açıqladı. FİFA faktlar tələb edən zaman isə ispan həmkarlarımız tutarlı dəlillər göstərə bilmədi. İngiltərə mətbuatı FİFA-nın Braziliyanın dünya çempionu olmasına kömək edəcəyini iddia etdi. Bu fikirlər də özünü doğrultmadı.

 

İLK MƏNBƏDƏN

"Heyətimiz hələ 10 il bundan qabaq qurulub.Yurgen Klinsmanın baş məşqçiliyi dövründə Filip Lam, Bastian Şvaynştayger, Miraslav Kloze, Lukas Padolski kimi futbolçular milliyə cəlb olunub.Uzun müddətdir ki, həmin futbolçularla uğura doğru addımlayırıq. Nəhayət, bu gün istəyimizə nail olduq.  Bu futbolçulara təşəkkür edirəm ki, onların sayəsində Cənubi Amerikada keçirilən mundiallarda çempion olan ilk Avropa komandası olduq. Təbii ki,   Braziliyada, "Marakana"da çempion olmaq qürurvericidir".

Yoahim Lev, Almaniya milli komandasının baş məşqçisi



MƏSLƏHƏT GÖR:

612