7 May 2024

Çərşənbə axşamı, 11:41

KNYAZ, MAESTRO və SADİQ DOST

Böyük Niyazinin 100 illiyinə həsr olunur

Müəllif:

01.09.2012

1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəyov ailəsini Bakıdan Tiflisə apardı. Başçılıq etdiyi Azərbaycan opera truppası ilə həmin şəhərdə tez-tez qastrol səfərlərində olduğundan, doğmalarının orada da yanında olmasını istəmişdi. 1912-ci ilin 20 avqustunda Tiflisdə Zülfüqar bəyin oğlu dünyaya gəldi. Körpəni Niyazi adlandırdılar. Əmisi Üzeyir Hacıbəyli uşağı ilk dəfə görəndə onun üzünün ifadəsinə baxıb "Knyaz" dedi. O vaxtdan körpəni evdə həm də Knyaz deyə çağırdılar. 

   Sonralar Bakıya döndülər. Zülfüqar bəyin bu şəhərdəki evinə yenə Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla və başqa görkəmli sənətklar tez-tez gəlir, sənət haqqında danışır, məşhur xanəndələr Cabbar Qaryağdının, Seyid Şuşinskinin, Hüseyn Sarabskinin ifalarını, Qurban Pirimovun tarının həzin sədalarını dinləyirdilər. 

   Niyazinin uşaqlıq illəri belə bir mühitdə keçirdi. Musiqiyə sevgi onun da ruhuna hopmuşdu. Uşaqlıqdan skripka çalmağı öyrənirdi. Amma ilk arzusu hərbçi olmaq idi. Sonralar idmançı olmaq fikrinə düşdü. Ağırlıqqaldırma idman növü üzrə "Dinamo" cəmiyyətinin birinciliklərində dəfələrlə Azərbaycan rekordçusu oldu. Sonunda musiqi sənəti onu da öz aləminə çəkdi. Sonralar deyirdi: "Təbiətimdə sərt nə varsa, hərbçi olduğum o uşaqlıq çağlarımdan, xasiyyətimdə yumşaq, həlim nə varsa, 12-13 yaşımda Şefferlinqdən aldığım skripka dərslərimdən qalıb". 

   1926-cı ildə atasının və əmisinin məsləhəti ilə Moskvaya gedib görkəmli musiqiçi M.Qnesinin bəstəkarlıq sinfinə daxil oldu. Paytaxtda baxdığı  opera tamaşaları, simfonik musiqi və kamera musiqisi konsertləri ona böyük təsir göstərdi. Bəstəkarlıq sənətini daha dərindən öyrənmək üçün 1929-1930-cu illərdə Leninqradda Q.Popovun və P.Ryazanovun apardığı məşğələlərdə iştirak etdi.

1931-ci ilin axırlarında səhhətinə görə Leninqradda təhsilini yarımçıq qoydu. İrəvana getdi. İrəvan Dövlət Konservatoriyasına imtahan verib Stepanyanın bəstəkarlıq sinfinə daxil oldu. Tezliklə Dağıstan MSSR Xalq Maarif Komissarlığı elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin edildiyindən dərsləri yarımçıq qaldı. Anası Böyükxanım onu yalqız buraxmadı. Oğlu ilə Dağıstana yollandı, həkim kimi uşaq bağçasında işə düzəldi. 

1932-ci ildə Bakıya döndükdən sonra, musiqi sahəsində daha fəal çalışmağa başladı. 23 yaşında Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildi. Kino və teatr musiqisi sahəsində fəaliyyət göstərdi. Atası Zülfüqar bəylə birlikdə ilk səsli bədii film - "Almas" filmi üçün musiqi yazdı. 

1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında dirijor vəzifəsinə dəvət olundu. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq etdi.  

O, milli dirijorluq məktəbinin inkişafında böyük xidmətlər göstərdi. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri oldu. 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota saldı. 1934-cü ildə "Zaqatala süitası"nı, 1942-ci ildə "Xosrov və Şirin" operasını, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyasını, "Konsert valsı" simfonik əsərlərini yazdı. 

1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işlədi. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görüldü. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olundu. Orada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletini tamaşaya hazırladı. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alanda Türkiyəni seç-di. P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluş verdi. 

   Azərbaycana qayıtdıqdan sonra Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edildi. Sonralar Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru işlədi. O, Ü.Hacıbəylinin "Koroğlu", Q.Qarayevin və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil" operalarına, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərinə, A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarına, A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarına dirijorluq etdi. "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarını yazdı. "Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və digər xalq mahnılarını simfonik orkestr üçün işlədi. Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, "Kəndlilər", "Fətəli xan" və digər kinofilmlərin musiqilsini yazdı. Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir sıra məqalələrin müəllifi oldu. 

1974-cü ildə R.Taqorun eyniadlı əsəri əsasında yazdığı "Çitra" baletinin musiqisinə görə, C.Nehru adına mükafata layiq görüldü. 1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olundu. 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını aldı. İki dəfə Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kiril və Mefodi ordeni, Macarıstanın B.Bartok adına medalı ilə mükafatlandırıldı. 

Maestro pult arxasına keçəndə "məni yaşadan budur" deyirdi. Onu yaşadan bir varlıq da var idi. Bu, Niyazinin heç zaman bitməyən Həcər sevgisi idi. Tale onları 1931-ci ildə Dağıstanda qarşılaşdırdı. Bir gün anası Böyükxanım oğlanları ilə birlikdə İran səfarətxanasının təmsilçiləri Əlisgəndər və Rəşid adlı ziyalıların evinə qonaq getdi. Niyazi Həcəri o zaman gördü. O gündən tez-tez getdiyi evdə əvvəl mehribanlıqla qarşılansa da, sonra soyuqluq gördü. Qızın qardaşları bu gəlişin səbəbini anlamışdılar. Gənclər gizli-gizli məktublaşırdılar. Bir gün Həcər məktubunda qardaşlarının xidməti işi ilə bağlı İrana köçəcəklərini yazanda Niyazi qaçıb gizlin evlənmək qərarını verdi. Maneələr çox idi. Qardaşları qızın hər hərəkətinə göz qoyurdular. Gənclər hara qaçacaqlarını bilmirdilər. Niyazi qıza ehtiyac içində yaşadıqlarını söyləmişdi. Amma qərarlarından dönmədilər. 1932-ci ilin 31 iyulunda evləndilər.

Zülfüqar bəyin Bakıdakı ikiotaqlı mənzili darısqal olduğundan onlar bir müddət kirayədə qaldılar. Yoxsulluq içində yaşadılar. Həcər xanım sonralar Niyazi barəsində xatirələrində yazırdı: "Maddi durumumuz da ağır idi. Niyazi Konservatoriyadan 70 manat təqaüd alırdı. Bunun 15 manatı ev kirayəsinə gedirdi. Rəfiqələrimin qardaşlarımın gözündən yayındırıb gətirdikləri paltarlar məni yola verirdi, amma Niyaziyə geyim almağa pulumuz, təbii ki, yox idi. Onun olası-qalası bircə kostyumunu hər mövsümə uyğun boyayırdıq. Kostyumun astarı elə gündəydi ki, hər gün yamamaq lazım gəlirdi. Suyu az buraxsın deyə, Niyazinin qaloşlarına qat-qat qəzet qoyardıq. Bununla belə, onunla xoşbəxt idik. Gəncdik axı, hər necə olsa da, sığındığımız bir otaq və gələcəyimiz vardı". Bu gələcəyin içərisində Həcər xanım Niyazinin parlaq istedadını görə bildi: "Niyazi hər səhər ya dərsə, ya da məşqlərə yollanırdı. Heç yadımdan çıxmaz, bir dəfə Konservatoriyanın müəllimlərindən alman professor Ştrasser mənə yanaşıb dedi: "Madam, çox xahiş edirəm sizdən, mənim dirijorluq sinfimə keçməsi üçün ərinizi dilə tutun. Onun qeyri-adi əlləri var, çalışsa, çox-çox məşhur olacaq". Bu söhbəti Niyaziyə çatdıranda, o gülərək, "Ştrasser şişirdir", - dedi. Ancaq həmin söhbətdən sonra ərimə daha diqqətlə göz qoymağa başladım. Axı həmin dönəmlər mən də çox ağır durumdaydım, həmişə bolluq içində yaşamış bir adam nəyin naminə yoxsulluq içində çapalamalıydı?".  

Niyazinin işin çoxluğundan, yorğunluq və qayğılar üzündən vərəmdən əziyyət çəkdiyi günlərdə Həcər onun dərdlərinə, ağrılarına şərik oldu. Həyat yoldaşının sənət dostları Qara Qarayevlə, Fikrət Əmirovla sərinləşən münasibətlərini yoluna qoymağa çalışdı. 

Həcər xanım xatırlayırdı: "Üzeyir bəyin övladı olmadığından o, bütün məhəbbətini Niyaziyə həsr etmişdi. Onun istedadına inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi. Ancaq hər ikisinin ətrafında olan bəzi insanlar onların münasibətlərini gərginləşdirməyə cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər də uzun çəkməyib. Məsələn, Niyazi "Arşın mal alan"ı işləyərək əsərdə müxtəlif dəyişikliklər etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi naxələf adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir bəy, bu biabırçılıqdır. O, hətta özündə cəsarət tapıb "Arşın mal alan"ı da təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına inciklik toxumu səpirdilər. Niyazi bunu çox ağır yaşayırdı. Hərdən də uşaq kimi kövrələrək məndən soruşurdu: "Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi bilirəm?". Niyazi "Arşın mal alan"ın ictimai baxışına getmək istəmirdi. Deyirdi ki, Həcər, əgər musiqi barədə bəd danışsalar, özümü saxlaya bilməyəcəyəm. Onu güclə yola gətirdim.

Film başa çatandan sonra Üzeyir bəy Niyazini bağrına basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu sözləri dedi: "Ay səni, qoçaq oğlan. Çox sağ ol, hər şey yerində idi". Niyaziyə elə bil dünyanı bağışladılar".

Sonralar indi muzeyə çevrilən 5 otaqlı mənzilə sahib oldular. Hər gecə qonaqları olan bu mənzil Niyazili günlərdə əsl sənət ocağına çevrildi. Maestronun evinin qapısı istedadlı gənclərin üzünə də açıq idi. 

Niyazinin yumor hissi güclü idi. Həcər xanım xatırlayırdı: "Niyaziylə mənim barəmdə məzəli əhvalatlar, ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı. Bir dəfə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb "Madam, viski istəyirsiz?" - deyə soruşdu. İstəmədiyimi söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab da təklif etdi. Mən yenə istəmədiyimi bildirəndə, Niyazi hamının eşidəcəyi səslə "Mənim xanımım mənim qanımdan başqa heç nə içmir!" - dedi. Hamı ürəkdən gülməyə başladı". 

Niyazi səbirsiz adam idi. Həcər xanım yazır: "Niyazi xəstələnərkən lap əsəbiləşər, sevdiyi bu sözləri dilə gətirərdi: "Həcər, düşünəndə ki, ölərəm, sən başqasına ərə gedərsən, cin başıma vurur!".  Yadımdadır, vərəmə, özü də ağır formasına tutulanda, şıltaqlığa başlar, hətta mənim ondan iyrənib-iyrənmədiyimi də yoxlardı. Qəfildən hər hansı xörəkdən dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax, onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı". 

Tündxasiyyətli olsa da, kinli deyildi. Onu hər yerdə sevirdilər. 1984-cü ilin 2 avqustunda o, dünyadan köçdü. Lakin Niyazidən Azərbaycan musiqisinə əbədiyaşar əsərlər, bir də əsl sənətkar haqqında bitib-tükənməyən söhbətlər qaldı...



MƏSLƏHƏT GÖR:

562