21 May 2024

Çərşənbə axşamı, 10:03

QƏRBİN VƏ ŞƏRQİN ŞAİRİ

Abbas Səhhət Şərqi Qərblə birləşdirməyə və Azərbaycanı bu yolun kəsişmə nöqtəsinə çevirməyə çalışırdı

Müəllif:

15.07.2014

Şair və pedaqoq peşəsi bir-birindən ayrılmazdır. Üstəlik, sən maarifpərvər şairsənsə və auditoriyanın bir hissəsini uşaqlar təşkil edirsə, bu, vəhdət daha aydın hiss edilir. Bu il hamımızın uşaqlıq illərimizdən tanıdığımız şair Abbas Səhhətin anadan olmasının 140-cı ildönümü tamam olur.

 

Uşaq şairi, tərcüməçi, qərbçi

Gələcək şair 1874-cü ildə Şamaxıda, molla ailəsində doğulub. 1901-ci ildə İranda "Müzəffəriyə" məktəbinin tibb şöbəsini bitirən Səhhət Şamaxıya qayıdır və tibb sahəsində çalışmaqdan imtina edir. Oğlunun təhsilinə xeyli pul xərcləmiş molla atasının gözləntilərinin əksinə olaraq, Abbas həkimlikdən imtina edir, yerli məktəblərdə Azərbaycan dilinin tədrisinə başlayır. Abbas əksər uşaq şeirlərini də məhz həmin dövrdə yazır. Onun "Ana və bala", "Ata və oğul", "Yay", "Quşlar", "Tənbəl" və digər şeirləri bizə hələ uşaqlıq illərimizdən yaxşı tanışdır.

Amma Səhhət hər zaman maarifçiliyə daha çox meyil göstərib. O dövrdə Azərbaycanda məktəblərin əksəriyyəti ruhani məktəbi idi və orada yalnız islam və ərəb dili tədris olunurdu. Məktəblərdə nə humanitar fənlər, nə də təbiət elmləri tədris olunurdu.

Səhhət "yeni məktəblər" uğrunda hərəkatın önəmli nümayəndələrindən biri idi. Həmin dövrdə bu cür məktəblərə artıq İran (Persiya) ərazisində rast gəlinirdi. İran o dövrdə burjua inqilabının astanasında idi və orada maarifçilik tendensiyaları güclü idi. Şair professor A.Hüseynzadənin 1906-1907-ci illərdə "Füyuzat" jurnalını buraxan romantik ədəbi qrupuna qoşulur. Səhhət, demək olar ki, Bakıda çıxan bütün jurnal və qəzetlərdə çap olunurdu; o, tərcüməçi şair kimi, azərbaycanlıları rus şair və yazıçılarının (A.S.Puşkin, M.Y.Lermontov, İ.S.Nikitin, S.Y.Nadson, M.Qorki və s.) yaradıcılığı ilə tanış edir, eyni zamanda fransız (V.Hüqo, A.Myusse, S.Pryudos və s.), alman və erməni dillərindən də tərcümələr edirdi.

Sənətşünas Laçın Səmədzadə "R+"a açıqlamasında bildirib ki, Abbas Səhhət bir maarifpərvər kimi, Şərqlə Qərbin yaxınlaşmasının tərəfdarı olub: "Onun Qərb ədəbiyyatının tərcüməsinə və təbliğinə bu qədər vaxt ayırmasının səbəbi də bu idi. Abbas Səhhət dövrün liberal türk burjuaziyası ideyasının təmsilçisi idi". Onun ideyalarında çoxsaylı islam elementlərinə də rast gəlinirdi və bu, şairin İranda yaşaması ilə bağlı idi: "Amma bilavasitə əsərlərində o, ön plana "ümummüsəlman qərbçiliyi" motivlərini çıxarırdı. Onda müəyyən sintez ideyası, mədəniyyətinin qarşılıqlı şəkildə daha da zənginləşməsi arzusu var idi. Çünki Səhhət istər İran, istər rus ədəbiyyatını çox yaxşı bilirdi".

1905-1911-ci illərdə İranda baş vermiş burjua inqilabı Səhhət tərəfindən çox isti qarşılanıb. Şair ən yaxşı şeirlərini bu hadisələrə həsr edib. Həmin şeirlərdə Abbas Səhhət sosial problemlərin, yoxsulluğun köklərini sərt və real şəkildə göstərir, təhsilin yoxluğundan, doqmatizmdən bəhs edirdi.

 

Maarifpərvər

Şamaxıda Səhhət satirik şair Sabirlə dostlaşır. Onları ümumi maraqlar və baxışlar birləşdirirdi. Bununla yanaşı, Sabir yaşca Abbasdan böyük idi və o, müəllim kimi, Səhhətin biliklərini artırmasına ciddi şəkildə köməklik göstərib. "Ümumiyyətlə, onu Sabirlə çox şey bağlayırdı. Axı, Sabir adi şair yox, həm də müəllim və vaxtilə ölkədə "yeni tipli məktəb"i ilk bitirənlərdən idi. Söhbət satirik şair, məşhur maarifpərvər Seyid Əzim Şirvaninin açdığı məktəbdən gedir", - deyə L.Səmədzadə bildirir. Ənənəvi məktəblərdən fərqli olaraq, bu cür məktəblərdə ümumi təhsil fənləri, o cümlədən Azərbaycan və rus dilləri tədris olunurdu. 1911-ci ildə Sabir özünün kamillik illərində qəflətən dünyasını dəyişdikdə Səhhət dostunun əsərlərini toplayaraq tam həcmdə nəşr etdirir. O, yalnız 1 il sonra özünün şeirlərindən ibarət "Sınıq saz" adlı ilk toplusunu çap edir. Eyni zamanda Abbas Səhhətin rus və Qərbi Avropa şairlərindən tərcümələrin yer aldığı "Qərb günəşi" kitabı da işıq üzü görür. Elə həmin dövrdə onun "Əhmədin qeyrəti" poeması da meydana çıxır. 1916-cı ildə isə Səhhət "Şair, muza və şəhərli" romantik poemasını nəşr etdirir. Sanki Ostrovskinin təqlidi olan "Yoxsulluq eyib deyil" ikipərdəli komediyası, rus şairlərin şeirlərinin tərcüməsindən ibarət "Qərb günəşi" ikicildliyi, "Neft fəvvarəsi" birpərdəli komediyası, "Sınıq saz" şeirlər toplusu Abbas Səhhətin "əl işləri"ndəndir.

Abbas Səhhətin maarifpərvərlik fəaliyyəti çox geniş idi. Onun sağlığında çap olunan kitablarına daxil edilməyən işləri bu gün çoxsaylı jurnallarda, qəzetlərdə, o dövrün dərsliklərində və ayrı-ayrı şəxslərin şəxsi arxivlərində qalmaqdadır. Söhbət əsasən maarifçilik mövzusunda məqalələrdən, Şərq və Qərb nəsrilə, poeziyası və dramaturgiyası ilə bağlı tənqidi oçerklərdən gedir. Hələ 1909-cu ildə Abbas Səhhət M.Mahmudbəyovla birlikdə "Yeni məktəb" və "Türk ədəbiyyatına ilk qədəm" dərsliklərini hazırlayıb.

Avropa, ilk növbədə, rus nəsrini əla bilən Abbas Səhhət eyni zamanda həm də fars poeziyasının ciddi təsiri altında idi. Onun şeirlərinin ədəbi dilinə və metrikasına Hafizin, Sədinin və digər klassiklərin əsərləri öz təsirini göstərmişdi; eyni zamanda Abbas Səhhətin yaradıcılığında türk poeziyasına, onun müasir təmsilçilərinə, Azərbaycan və Türkiyə müəlliflərinə də maraq hiss olunur. A.Səhhətin Şərqlə Qərbi bir-birinə uyğunlaşdırmaq, hər iki mədəni dünyanı birləşdirmək və Azərbaycanı faktiki olaraq, bu yolun kəsişməsinə çevirmək üçün mədəniyyət və biliyi hansı enerji və sözün yaxşı mənasında, fanatizmlə təbliğ etdiyinə heyrətlənməmək mümkün deyil... 

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə dünyasını dəyişib.


MƏSLƏHƏT GÖR:

700