17 May 2024

Cümə, 17:47

YAXŞILIĞA DOĞRU

Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlərinin ən yaxşı iştirakçıları "Tərəqqi" mükafatına layiq görülüblər

Müəllif:

15.07.2014

Tərəqqi (lat. progressus - irəliyə doğru hərəkət, uğur) - aşağıdan yuxarıya, irəliləyiş, yaxşılığa doğru hərəkətdir.

"Tərəqqi" mükafatının təsisçilərinin mükafat üçün bu qədər tutumlu ad seçmələri təsadüf deyil. O, həm minilliklər ərzində bütünlükdə bəşəriyyətin, həm də ayrı-ayrı ölkələrin, şirkətləri və şəxslərin irəliyə doğru hərəkətini ifadə edir.

2007-ci ildən etibarən təqdim olunan bu mükafatın təsisçilərinin Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin olması isə kifayət qədər rəmzi sayıla bilər. Burada söhbət yalnız cəmiyyətin və şirkətin,  ya da  konkret şəxsiyyətin inkişafının zəruriliyindən yox, Azərbaycanla Rusiya arasında, ümumilikdə, siyasi-iqtisadi və sosial-mədəni əlaqələrin güclənməsindən gedir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də 2013-cü ilin yekunlarına, əsasən, Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlərin ən yaxşı iştirakçılarına "Tərəqqi" mükafatının təqdim olunması mərasimində diqqəti, məhz, bu məqama çəkib. 

Qeyd edək ki, bu dəfəki 15 qalib arasında "Region Plus" həftəlik analitik jurnalı da var. O, mükafata "Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlərin obyektiv işıqlandırılmasına görə" layiq görülüb.

"2013-cü ildə Rusiya-Azərbaycan münasibətləri iqtisadi sahədə irəliyə doğru addım atıb. Biz bu sahədə tarixi maksimuma nail olmuşuq. Rusiya statistikasına əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsi 3,6 milyard dollara çatıb. Artım 5% təşkil edib. Onilliyə nəzər salsaq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4,7 dəfə artdığını görərik. İllik hesablamada bu, 30% artım deməkdir", - deyə səfir qeyd edib.

V.Doroxin ticarət dövriyyəsinin tamamilə qeyri-neft sektorunda formalaşdığını xüsusi vurğulayıb və bunun hər iki tərəfin iqtisadiyyatın şaxələndirilməsinə çalışdığının göstəricisi olduğunu söyləyib. İki ölkə arasındakı strateji hədəf isə 2016-cı ilə qarşılıqlı ticarət dövriyyəsinin 4 milyard dollaradək artırılmasıdır.

Səfirin sözlərinə görə, hazırda kənd təsərrüfatı sahəsində əməkdaşlıq modelinin hazırlanması istiqamətində işlər görülür və bu, aqrar sənaye məhsullarının tədarükünü dəfələrlə artıra bilər : "Azərbaycanda və Rusiyada yüksək səviyyəli suveren investisiya fondları var. Onların səyləri də ölkələrimizə milyonlarla qazanc gətirə bilər".

Doroxin iki ölkə hökumətlərinin uzun illər davam edən danışıqlardan sonra, nəhayət, kapital qoyuluşlarının qarşılıqlı qorunmasına dair razılaşmanın imzalanmasına yaxın olduqlarını da bildirib. Bu isə hələlik mövcud potensialdan çox uzaq olan investisiya qoyuluşlarını aktuallaşdıracaq. Hazırda Azərbaycan iqtisadiyyatına qoyulmuş Rusiya investisiyalarının həcmi 1,8 milyard dollara çatıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına yatırılan investisiya isə 1 milyard dolları ötüb. İnvestisiyaların qorunmasına dair razılaşmanın olmaması qarşılıqlı investisiya qoyuluşlarının artırılmasına əsas əngəldir. Onun imzalanması ilə tərəflər arasında investisiya münasibətlərində sürətli irəliləyiş gözlənilir.

Bu yaxınlarda Qəbələdə keçirilmiş V Azərbaycan-Rusiya regionlararası Forumunda tərəflər konkret qarşılıqlı əməkdaşlıq istiqamətləri və layihələrini müəyyənləşdiriblər. Söhbət  həm də bir sıra logistika mərkəzlərinin yaradılması, birgə dəmir yolu vaqonlarının istehsalı, neft və qaz hasilatı və nəqli üçün avadanlıqların istehsalı kimi layihələrdən gedir. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu və Rusiyanın Milli Rifah Fondunun, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin və Rusiya Birbaşa İnvestisiyalar Fondunun maliyyə imkanlarından istifadə olunması  nəzərdə tutulub.

Bundan başqa, yaxın zamanlarda Azərbaycanın öz potensialını Moskvada daimi şəkildə təqdim etmək imkanı yaranacaq : "Düşünürəm ki, bir neçə aydan sonra biz hökumətlərarası saziş imzalayacağıq və o sazişə əsasən, Azərbaycan simvolik məbləğ qarşılığında - ildə 1 rubl ödəməklə hazırkı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində pavilyon əldə edəcək. Bu, Azərbaycanın iqtisadi imkanlarını, siyasi simalarını və mədəni potensialını təbliğ etməsinə imkan verən mərkəz olacaq", - deyə Rusiyanın Azərbaycandakı səfiri qeyd edib.

Beləliklə, Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığın səviyyəsini mövcud potensiala uyğunlaşdırmaq üçün əllərindən gələni edirlər. "Tərəqqi" mükafatı isə bu potensialın, bir növ, simvoluna çevrilir.

 

 

2013-CÜ İL ÜÇÜN "TƏRƏQQİ" MÜKAFATININ NOMİNANTLARI

 

"Xidmət keyfiyyətinə nəzarət işinə müasir texnologiyaların tətbiqinə görə" (şəxsi mükafat) - "LUKoyl-Azərbaycan"ın baş direktoru Eduard Muxametov

"Kazanda yol infrastrukturunun inkişafına töhfəsinə görə" - Azərbaycanın "Evrascon" şirkəti

"Azərbaycanda dəniz sularının keyfiyyətli təftişinə görə" - Rusiya Dəniz Gəmiçilik Registri

"Rusiya bazarlarında Azərbaycan şərabı növlərini yaydığına görə" - "Fireland Vineyards" şirkəti

"Azərbaycanla Rusiya arasında iqtisadi-ticari münasibətlərin inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfələrə görə" -  "Azərsun holdinq"

"Mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə" - Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti

"Rusiya bazarlarında yüngül sənaye məhsullarının yayılmasına görə" - Embawood ASC

"Azərbaycan bazarlarına tibbi xidmətlərin ixracına görə" - Dobromed Baku Hospital şirkəti

"Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlərini obyektiv işıqlandırdığına görə" - "Region Plus" həftəlik analitik jurnal

"Rusiyanın kənd təsərrüfatı texnikalarının Azərbaycan bazarında yayılmasına görə" - "Rossiyski traktor" şirkəti

"Vahid informasiya məkanının formalaşdırılmasına görə" - "İnterfaks-Azərbaycan" agentliyi

"Biznes-seminarların təşkili və keçirilməsinə görə" - "Park Inn" oteli

"Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfəsinə görə  daha 3 mükafat Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayevaya, Lalə Məmmədovaya və Zaur Əmiraslanova təqdim olunub.

"Tərəqqi" mükafatının baş sponsoru ISR Holding şirkəti, sponsorlar "LUKoyl-Azərbaycan" və "Evrascon" şirkətləridir.



MƏSLƏHƏT GÖR:

460