17 May 2024

Cümə, 19:01

DƏYİŞİKLİKLƏR DÖVRÜNÜN SİYASƏTÇİSİ

Eduard Şevardnadze regional və beynəlxalq arenada böyük iz qoydu

Müəllif:

15.07.2014

O, Sovet İttifaqının qürub çağının əsas siyasi fiqurlarından biri idi. Daha sonra o, adını  Vətəninin müstəqil dövlətçiliyi tarixinə də yazdırdı.  Onun Gürcüstanın regionun lider dövləti olan Azərbaycanla strateji ittifaqa girməsi və bununla da, Cənubi Qafqazın yeni simasının formalaşdırılmasındakı rolu da şübhə doğurmur.

Tarixçilər Eduard Şevardnadzenin siyasi portretini, 2014-cü il iyulun 7-də bitən həyat yolunu hələ uzun müddət hərtərəfli, ən xırda detalınadək araşdıracaqlar.

 

İslahatçı,  yoxsa dağıdıcı? 

Eduard Şevardnadze hələ SSRİ dövründə özünə fenomenal siyasi karyera qura bilib. Onun karyerasında əhəmiyyətli mərhələlər yüksək rütbəli kommunist funksioneri kimi, Gürcüstan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi və Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postlarını tutduğu dövrlər olub. Amma o, həm də DTK məktəbinin yetirməsi idi və Şevardnadzenin bir siyasətçi kimi inkişafında bu amilin rolu az olmayıb. Məhz, bu üzdən o, nəinki lider keyfiyyətlərinə malik idi, həm də inanılmaz siyasi hesablamaları bacaran, ağır vəziyyətlərdə siyasi məqsədəuyğunluq kontekstində çıxış yollarını tapa bilən, zirək, yeni siyasi reallıqlara uğurla uyğunlaşmağı bacaran siyasətçi idi. Bu keyfiyyətlər xüsusilə 1980-ci illərin ikinci yarısında, Qorbaçovun dünyanın super fövqəldövlətlərindən birinin süqutuna səbəb olmuş "yenidənqurma"sının başladığı illərdə özünü daha aydın göstərib.

Şevardnadzenin imperiya siyasətinin zirvəsinə ucalması, məhz, "yenidənqurma" illərinə təsadüf edib. Mixail Qorbaçovun tərəfdarlarından biri olan Şevardnadze SSRİ-nin xarici işlər naziri postunu tuturdu. Sovet İttifaqının sürətlə dağılması beynəlxalq münasibətlərin aydınlaşması, "soyuq müharibə"nin başa çatması ilə nəticələndi. ABŞ-la SSRİ arasında strateji hücum silahlarının ixtisarı, orta və yaxın mənzilli raketlərin məhvi, iki ölkə arasında silahlanma yarışına son qoyulması haqda razılaşmalar, məhz, Şevardnadzenin dövründə imzalanıb. Nəhayət, Berlin səddinin dağılması, Almaniyanın birləşməsi, həmçinin sovet qoşunlarının Əfqanıstandan çıxarılmasında Şevardnadzenin böyük rol oynadığı hər kəs tərəfindən qəbul olunur.

Şevardnadzenin bilavasitə iştirakı ilə baş vermiş bütün bu hadisələr ona birmənalı olmayan şöhrət qazandırmışdı: bəziləri onu görkəmli islahatçı, sovet totalitarizminin aradan qalxmasına töhfə vermiş şəxs, digərləri isə böyük fövqəldövlətin dağıdıcısı, satqın, beynəlxalq arenada Sovet İttifaqının maraqlarını satmış siyasətçi hesab edirlər. İstənilən halda, XX əsrin sonlarında planetin 1/6 hissəsinin və ümumilikdə, dünyanın simasının köklü şəkildə dəyişilməsində Şevardnadzenin rolu danılmazdır.

SSRİ-nin dağılması Şevardnadzenin gələcək karyerasına da öz təsirini göstərdi. Tezliklə həmin dövrdə müstəqilliyə nail olmuş digər keçmiş sovet respublikaları kimi, kor-koranə demokratiyaya doğru qaçan və ondan doğan anarxiya və siyasi özbaşınalıq təhlükəsilə üz-üzə qalan vətəni Gürcüstana qayıdan siyasətçi Zviad Qamsaxurdiya hakimiyyətinin silahlı yolla devrilməsindən sonra müvəqqəti dövlət idarəçiliyi orqanı olan Dövlət Şurasına rəhbərliyə başladı. Bir müddət sonra o, Gürcüstanın prezidenti seçildi və bununla da, Şevardnadzenin siyasi fəaliyyətində yeni dövr başladı. Artıq o, kiçik, lakin öz azad həyatını qurmağa, dünya ictimaiyyətində layiqli yerini tutmağa çalışan qürurlu Gürcüstanın lideri idi.

 

Müstəqil Gürcüstanın prezidenti

Eduard Şevardnadze Gürcüstanda sabitliyə nail olunmasında, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin qurulmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, ölkənin ağır iqtisadi böhrandan çıxarılmasında (əsas ərzaq məhsulları, su, işıq, istilik çatışmazlığını başqa cür adlandırmaq mümkün deyil) son dərəcə böyük rol oynayıb. O, ölkədə müxtəlif hərbiləşmiş qruplaşmaların özbaşınalığına son qoydu, Qamsaxurdiyanın devrilməsində iştirak etmiş "Mxedrioni" təşkilatının tərk-silah edilməsinə nail oldu.

Lakin əsas problemin - Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi - həllində Şevardnadze nəticə əldə edə bilmədi. Doğrudur, onun dövründə Abxaziya və Cənubi Osetiyada hərbi əməliyyatlar, demək olar ki, dayandırıldı. Amma Tiflisin bu muxtar bölgələrdə suverenliyini nəzərdə tutan uzunmüddətli sülhə nail olunmadı. Üstəlik, Yeltsin Rusiyasının dəstəklədiyi separatçıların nəzarətinə keçən rayonları tərk etmiş yüz minlərlə gürcü qaçqın ölkədə ciddi humanitar problemlərə səbəb olmuşdular.

Şevardnadzenin sosial-iqtisadi siyasətinə də münasibət birmənalı deyil. Sosialist təsərrüfatından bazar iqtisadiyyatına keçid bir qrup insanın son dərəcə zənginləşməsi fonunda Gürcüstan əhalisinin böyük bir hissəsinin yoxsullaşmasına səbəb oldu. Ölkədə korrupsiya miqyaslı hal aldı. Şevardnadzeni milli valyuta - larinin qiymətdən düşməyə başladığı dövrdə onun dollara nisbətdə dəyərini saxlamasına nail olmaq üçün ölkənin valyuta ehtiyatlarını dağıtmaqda da günahlandırırlar. Bəlkə də, o, bu tələsik addımı Qərbin maliyyə mərkəzlərinin və Beynəlxalq Valyuta Fondunun israrı ilə atmışdı.

2003-cü ildə Gürcüstanda "qızılgül inqilabı" baş verdi. Eduard Şevardnadze könüllü şəkildə dövlət başçısı postunu tərk etdi və onun Mixail Saakaşviliyə keçməsinə imkan yaratdı. Şevardnadze siyasi karyerasının ABŞ və Avropa İttifaqının mövqeyi ucbatından başa çatdığını ürəkağrısı ilə anlayırdı. Bu dövlətlər Sovet İttifaqının dağılmasında Qərbə kömək etmiş siyasətçiyə dəstək verməkdən imtina etmişdilər.

Şevardnadze istefa verdikdən sonra artıq eks-prezident kimi, tez-tez Saakaşvilinin siyasətini tənqid edirdi. Saakaşvilinin hakimiyyətə gəlişindən, təxminən, 10 il sonra Şevardnadze milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi, ölkənin yeni iqtidarı olan "Gürcü arzusu" partiyasını dəstəkləmək qərarı verdi. Eduard Ambrosiyeviçin reytinqi onun ömrünün sonunadək sarsılmaz qaldı. Gürcüstanda siyasətin patriarxı ilə fikir ayrılıqlarının olmasına rəğmən, Saakaşvili belə, Şevardnadzenin "sovet dövrünün və Gürcüstanın postsovet dönəminin vacib siyasi xadimi olduğunu, onun rolunun qiymətləndirilməsi üçün tarixin və tarixçilərin hələ çox işləməli olacaqlarını" etiraf  etmişdi.

Şübhəsiz ki, o, yalnız sovet rəhbərliyinin görkəmli nümayəndələrindən, müasir Gürcüstan dövlətinin memarlarından biri yox, həm də Cənubi Qafqazda yeni siyasi-iqtisadi mənzərənin, qüvvələr konfiqurasiyasının formalaşmasına son dərəcə böyük töhfələr vermiş siyasətçi idi. Son məqsədə nail olunmasında Şevardnadze qonşu Azərbaycanın və onun lideri Heydər Əliyevin dəstəyinə arxalanırdı.

 

Azərbaycanın  müttəfiqi

Əliyevlə Şevardnadzenin taleyində ümumi məqamlar çox idi. Onların hər ikisi DTK məktəbini keçmiş, Azərbaycan və Gürcüstan sovet respublikalarının liderləri, SovİKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdular. Heydər Əliyev SSRİ rəhbərliyində Şevardnadzedən əvvəl təmsil olunmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutmuşdu. İttifaqın dağılmasından sonra Eduard Şevardnadze müstəqil Gürcüstanın, Heydər Əliyev isə müstəqil Azərbaycanın prezidenti oldu. Onların hər ikisi ölkələrinin müasir tarixində xilaskar rolu oynayıb, faktiki olaraq, ölkələrini parçalanmadan qurtarıblar. Amma onların iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasına töhfələri də digər xidmətlərindən az deyil. Regional siyasətin əsas amillərindən olan Azərbaycanla Gürcüstan arasında strateji müttəfiqliyin möhkəmlənməsi və məhz, bu iki siyasətçinin adı ilə bağlıdır.

Yeni geosiyasi şəraitdə Heydər Əliyev və Eduard Şevardnadze birlikdə, fəaliyyətlərini koordinasiya etməklə, problemləri bir-birinin ardınca çözürdülər. Onlar, məhz, bu yolla Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsinə, iki qonşu respublikanın Xəzər və Qara dəniz regionlarındakı inteqrasiya proseslərinə töhfələrinin genişlənməsinə nail olublar. Şevardnadze Heydər Əliyevin yalnız Azərbaycanın deyil, Gürcüstanın da müstəqilliyinin möhkəmlənməsinə verdiyi töhfələri anlayır və yüksək qiymətləndirirdi. O, azərbaycanlı həmkarını "dostu" və "əsas məsləhətçisi" adlandırırdı. Həqiqətən də, Gürcüstan, məhz, yeni "Böyük İpək yolu"nun ilhamvericisi olan Azərbaycan liderinin hesabına Xəzərin enerji resurslarının dünya bazarlarına nəqlində aparıcı tranzit ölkələrdən birinə çevrilmək imkanı qazandı.

1998-ci ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi haqda tarixi razılaşma əldə olundu. Bu, ilk növbədə, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəlin birgə səyləri nəticəsində baş verdi. 2001-ci ildə isə Şevardnadzenin Bakıya səfəri zamanı daha bir iddialı regional layihə - Bakı-Tiflis-Ərzurum qaz kəmərinin inşasına start verildi.

Azərbaycan neftinin və neft məhsullarının Gürcüstana tədarükü, o cümlədən onların Qərbə, məhz, Gürcüstan ərazisilə nəqli bu ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasına, onun regional siyasətdə və iqtisadiyyatda çəkisinin artmasına kömək etdi.

Heydər Əliyev və Eduard Şevardnadze Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətləri o qədər möhkəmləndirmişdilər ki, onların 2003-cü ildə prezident postunu tərk etmələri belə (daha bir qəribə oxşarlıq: eyni ildə onların biri dünyasını dəyişir, digəri isə "qızılgül inqilabı" nəticəsində prezidentlikdən məhrum olur), Bakı ilə Tiflis arasında dialoqun yüksələn xətlə inkişafına təsir göstərmədi.

İndi Azərbaycanla Gürcüstan arasında strateji ittifaq daha da möhkəmlənir, ona yeni ştrixlər, layihələr (Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini qeyd etmək kifayətdir) əlavə olunur. Ekspertlər və adi vətəndaşlar bu regional fenomen haqda danışarkən, Eduard Şevardnadzeni hər zaman xoş sözlərlə xatırlayacaqlar - dünya miqyaslı siyasətçi...

 

 

E. ŞEVARDNADZENİN "R+" JURNALINA MÜSAHİBƏSİNDƏN (15 FEVRAL 2007-ci il) 

 

"Ermənilər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmalı olduğunu gec-tez anlayacaqlar. Əks təqdirdə, onlar müstəqilliklərini itirə bilərlər. Çünki Azərbaycan Azərbaycandır. Azərbaycan regionun ən güclü dövlətidir və onunla hesablaşmaq lazımdır".

"Bizdə 400 mindən artıq azərbaycanlı yaşayır. Amma onlar indiyədək bizə heç bir problem yaratmayıblar. Mən Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, daha sonra isə prezident olarkən daim onların maraqlarını nəzərə almağa çalışmışam. İndi də buna çalışıram".



MƏSLƏHƏT GÖR:

557